"İrsi və dəyərləri ilə Heydər Əliyev"

“Heydər Əliyev – Müstəqil Azərbaycanın memarı və siyasi irsin qurucusu”

      Cəfərli Hüseynxan

Suraxanı rayonu 85 nömrəli tam orta məktəb, 8 Ç sinif şagirdi.

    Heydər Əliyev Azərbaycan Respublikasının tarixində əvəzsiz xidmətləri olan dövlət xadimi kimi yadda qalıb. Ulu öndərin irsi və qoyduğu dəyərlər bu gün dövlətçiliyin, siyasi sabitliyin və inkişaf strategiyasının əsasını təşkil edir. 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev qısa müddət ərzində ölkəni dərin siyasi və iqtisadi böhrandan çıxardı. 1995-ci ildə qəbul edilən konstitusiya məhz onun rəhbərliyi ilə hazırlanaraq müstəqil dövlətin hüquqi əsaslarını müəyyənləşdirdi.

       Ulu öndərin rəhbərliyi ilə “Əsrin müqaviləsi” kimi tanınan neft sazişi 1994-cü ildə imzalandı. Bu müqavilə Azərbaycanın enerji resurslarının dünya bazarına çıxarılmasını təmin etməklə yanaşı, ölkəyə böyük həcmdə investisiya axını yaratdı. Bu, həm iqtisadi dirçəlişin, həm də Azərbaycanın beynəlxalq nüfuzunun artmasının əsas səbəblərindən biri oldu. Heydər Əliyevin siyasi irsi "müstəqil və güclü Azərbaycan" anlayışına əsaslanırdı. Ulu öndər deyirdi: “Müstəqillik bizim ən böyük sərvətimizdir və onu qorumaq hər bir azərbaycanlının borcudur”. Bu ideya bu gün də dövlətin daxili və xarici siyasətində öz əksini tapmaqdadır. Heydər Əliyevin hakimiyyəti dövründə ictimai-siyasi sabitlik bərqərar edildi, ordu quruculuğu sahəsində mühüm addımlar atıldı. 1994-cü ildə atəşkəs rejiminin əldə olunması nəticəsində Qarabağ münaqişəsinin aktiv fazası dayandırıldı və danışıqlar üçün zəmin yaradıldı.

      Bu gün Azərbaycanın dövlətçilik ənənələrinin, siyasi sabitliyinin və beynəlxalq nüfuzunun möhkəm təməlində məhz Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti dayanır.

 

 

<< Geri