"İrsi və dəyərləri ilə Heydər Əliyev"

“Ümidin və Qurtuluşun Adı”

      Məmmədova Bahar

Suraxanı rayonu, Süleyman Sani Axundov adına Bakı şəhəri 172 nömrəli tam orta məktəbin 9b sinif şagirdi

         Hər bir lider öz xalqının yetirməsi, hər bir ölkə isə öz liderinin əsəridir. Bütün dövrlərdə hər bir xalqın tarixində onun xilaskarı kimi dərin izlər qoyan və xalqın fəxrinə çevrilən dahi şəxsiyyətlər olmuşdur. O cümlədən, Azərbaycan xalqının da tarixində böyük fəxrlə yad etdiyimiz dahi şəxsiyyət ulu öndərimiz Heydər Əlirza oğlu Əliyevdir. Hazırda bütün dünya azərbaycanlıları müstəqil Azərbaycan Respublikasının yaradıcısı və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 102-ci ilini böyük həyəcanla qarşılamağa hazırlaşır. Azərbaycanın müasir tarixi ümummilli lider Heydər Əliyevdən ayrılıqda təsəvvür edilmir. Onun adı ölkəmizin həm dünəni, həm bu günü, həm də gələcəyi ilə birlikdə çəkilir. Ümumilli lider fəaliyyəti  ilə hər kəsin yaddaşında unudulmaz iz buraxmışdır. 

       Azərbaycan dövlətinin banisi Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi qarşısındakı misilsiz xidmətləri Azərbaycan tarixinin ən şanlı səhifələrini təşkil edir. Ulu öndər xalqını, dövlətini bütün varlığı ilə sevirdi. Öz ömrünü xalqına, xalqının inkişafına həsr etmişdir. Bütün ömrü boyu fədakarcasına çalışan dövlət xadimi, əvəzolunmaz lider olmuşdur.

      Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir şəxsiyyətdir. Unudulmaz şəxsiyyət tarixin yaddaşında əbədi iz qoyan bənzərsiz liderdir. Heydər Əliyevin xalq qarşısındakı xidməti misilsizdir. Xalqımızın yaddaşında yaradıcı, qurucu obrazını daim yaşadıb. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr yaddaşlarda təkcə iqtisadi yüksəliş dövrü kimi deyil, həm də mədəniyyətin, təhsilin, elmin misilsiz tərəqqisi illəri kimi qalıb. Həmin illərdə gələcək müstəqilliyimizin təməl daşları hörülüb.

    Heydər Əliyevin ölkə rəhbərliyinə gəlişi Azərbaycanda həyat ritmini dəyişdi. Ölkədə canlanma başladı. Ulu öndərimizin fəaliyyəti nəticəsində ölkədə təhsil, mədəniyyət, iqtisadiyyat sahəsində böyük uğurlar əldə edilmişdir. Məhz bu illərdə müstəqilliyimizin təməli qoyuldu. Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən biridir. Onun nə qədər böyük istedada, yüksək liderlik keyfiyyətinə malik olduğunu göstərir.

    Ümummili lider Heydər Əliyevin bizlərə ərmağan etdiyi zəngin dövlətçilik irsi illərlə yaşayacaqdır. Onun irsini daim öyrənmək, gələcək nəsillərə ötürmək, qorumaq bizim qarşımızda duran ən əsas məsələdir. Heydər Əliyev daim öz üstünə düşən vəzifəni maksimum səviyyədə uğurla yerinə yetirmişdir. Ulu öndər hər zaman məşğul olduğu işləri dərindən mənimsəyirdi. Buna hər kəs heyrətlənirdi.

     Keçən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın dövlət müstəqilliyinin bərpası, ölkəmizin erməni təcavüzünə məruz qalması, 20% torpaqlarımızın işğalı tariximizə həkk olunub. 1990-cı ilin yanvarında misli görünməmiş qanlı faciədən bir gün sonra ulu öndər Heydər Əliyevin sovet hakimiyyətinin ölkəmizdə həyata keçirdiyi qanlı aksiyanı ifşa etməsi o dönəmdə xalqımıza dayaq, təsəlli oldu. Bu zaman Heydər Əliyev Naxçıvana getdi və orada Ali Məclisin sədri seçildi. Həmin illərdə Heydər Əliyev tərəfindən mühüm addımlar atıldı, bayrağımız ilk dəfə Naxçıvanda dövlət bayrağı kimi qəbul olundu. İyunun 15-də ulu öndər Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi, həmin gün tariximizə Qurtuluş Günü kimi yazıldı. Tarixdə yeni mərhələ başlandı, insanları narahat edən problemlər aradan qalxdı, təhlükələr dəf edildi. 1993-cü il oktyabr ayının 3-də keçirilən prezident seçkilərinin nəticəsində Azərbaycanın Prezidenti seçilən Heydər Əliyev qısa müddətdə ölkədə bütövlüyü, milli həmrəyliyi təmin etdi. Ümumilli lider ümidləri doğrultdu. Ulu öndər hər zaman işini peşəkarlıqla icra edirdi. Dahi rəhbər nəinki Azərbaycanda daxili sabitliyi təmin etdi, eyni zamanda ölkəmizin beynəlxalq müstəvidə nüfuzunu da artırdı. Bu səbəbdən Heydər Əliyev haqqında dünyanın məhşur simalarının necə heyranlıqla danışdıqlarının şahidiyik.

      Hər xalqın öz adət-ənənəsi var, öz milli dəyərləri var. Biz öz milli-mənəvi dəyərlərimizlə, dini dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik. Bu hər zaman belə qalacaq. Heydər Əliyev həmişə xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, inkişafına diqqət göstərmişdir. Bu baxımdan ulu öndər demişdir: "Biz öz milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətdə qoruyub saxlamalı və gənc nəsli əsrlər boyu böyük sınaqlardan keçmiş bu mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik".

       Azərbaycan xalqı ən çətin dövrlərdə belə, öz milli-mənəvi irsini və adət-ənənələrini qoruyub, saxlamışdır. Ölkəmiz müstəqillik əldə etdikdən sonra xalqımızın dini bayramları dövlət səviyyəsində qeyd olunmağa, milli-mənəvi dəyərlərimizin qorunmasına, saxlanılmasına dövlət daha da diqqət göstərmişdir. Respublikamızda ikinci dəfə hakimiyyətə gələn ulu öndər Heydər Əliyev ilk gündən Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə, adət-ənənələrinə sadiq olmuşdur. Çünki ulu öndər Azərbaycanı dünyada milli dəyərləri olan mədəniyyət özəyi kimi tanıdırdı.

    Təbiətcə musiqinin vurğunu olan, bədii nümunələri həvəslə dinləyən, ailəsini belə musiqidən ayırmayan, daim musiqiçilərlə dostluq edən Heydər Əliyevi musiqi mədəniyyətindən ayrı təsəvvür etmək mümkün deyil. Ulu öndər musiqiyə dərindən bağlı idi.

       Ölkəyə rəhbərlik etdiyi dövrdə millətin gələcəyinə, təhsilin, iqtisadiyyatın inkişafına qayğı ilə yanaşan ümummilli lider Heydər Əliyev ailənin cəmiyyətdəki roluna da çox önəm verirdi. Dahi rəhbər heç bir zaman ailəsinin taleyinə laqeyd qalmamışdır. Ulu öndər Azərbaycanda ailə adətimizin ləyaqətlə davam etdirilməsi üçün hər cür imkan yaradırdı. O, hər zaman çoxuşaqlı, gəliri az olan ailələrdən öz yardımını əsirgəməmişdir. Çünki ailə münasibətlərinə olduqca dəyər verir, yüksək qiymətləndirirdi. Ailə olmasa cəmiyyət inkişaf edə bilməz. Onun bu yerlərə gəlib çıxmasında ailəsinin rolu böyükdür, çünki nəhəng şəxsiyyətlərin arxasında böyük qadınlar dayanır. Eyni zamanda onun öz nümunəvi ailə tarixçəsi - Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva cəmiyyətimizə böyük örnəkdir. Ulu öndərin əsasını qoyduğu siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi hər kəsə məlumdur. Bu gün Azərbaycan beynəlxalq müstəvidə güclü və nüfuzlu dövlət kimi tanınır.

       Azərbaycan xalqı xoşbəxt xalqdır ki, onun Heydər Əliyev kimi ulu öndəri, milli lideri var. Azərbaycan dövləti bütün həyatı tariximizə qızıl hərflərlə həkk olunmuş Heydər Əliyevin şah əsəridir.

 

 

<< Geri