Mirzəliyeva Asya
Hədəf Steam Liseyi 6-cı sinif şagirdi
Bu gün biz azad və müstəqil bir ölkədə yaşayırıq. Azərbaycanın inkişaf etməsi, sülh içində olması və güclü bir dövlətə çevrilməsi üçün uzun illər böyük mübarizə aparılıb. Bu yolda xalqımıza rəhbərlik edən, onu çətinliklərdən çıxaran böyük şəxsiyyət ümummilli liderimiz Heydər Əliyev olmuşdur.
Dahi rəhbər xalqımızın tarixində əvəzolunmaz iz qoymuş, ölkəmizin müstəqilliyinə, təhlükəsizliyinə və inkişafına böyük töhfələr vermişdir.
Heydər Əliyev 1923-cü ildə Naxçıvanda sadə və zəhmətkeş bir ailədə dünyaya gəlmişdir. Uşaqlıqdan oxumağa, elmə və biliyə böyük maraq göstərmişdir. Onun ən böyük arzusu vətəninə faydalı bir insan olmaq idi. Bu məqsədlə çox çalışmış və nəhayət, yüksək vəzifələrdə işləməyə başlamışdır.
Ulu öndər həm Sovet dövründə, həm də müstəqillik illərində Azərbaycan xalqına xidmət etmişdir.
Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başladıqdan sonra ölkədə bir çox mühüm dəyişikliklər baş verdi. Yeni məktəblər və xəstəxanalar tikildi, yollar çəkildi, zavodlar və fabriklər quruldu. İnsanların yaşayış səviyyəsi getdikcə yaxşılaşmağa başladı.
Ümumilli lider daim xalqı ilə bir yerdə olurdu, onların problemlərini dinləyir və həll etməyə çalışırdı. Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyada tanınmağa başladı.
Ulu öndər xalqımızın birliyini, gücünü və mədəniyyətini hər yerdə təbliğ edirdi. Onun dediyi “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” sözləri bu gün də hər bir azərbaycanlının qürurla yad etdiyi ifadəyə çevrilmişdir. Bu sözlər onun vətəninə olan sevgisinin nə qədər böyük olduğunu göstərir.
2003-cü ildə Heydər Əliyev səhhəti ilə bağlı müalicə üçün Amerikaya getdi. Lakin təəssüf ki, həmin ilin dekabr ayında vəfat etdi. Onun ölümü bütün Azərbaycan xalqını dərindən kədərləndirdi. Lakin xalqımız yaxşı bilirdi ki, onun qoyub getdiyi yol davam etdiriləcək. İlham Əliyev atasının yolunu uğurla davam etdirdi və ölkəmizi daha da gücləndirdi. Xüsusilə də 2020-ci ildə Qarabağın azad olunması Heydər Əliyevin arzusunun həyata keçməsi demək idi. Prezident İlham Əliyev dedi: “Mən çox xoşbəxtəm, çünki ata vəsiyyətini yerinə yetirdim.”
Heydər Əliyev xalqımızın qəlbində əbədi yaşayacaq.
Ulu öndər Azərbaycan tarixində ən böyük liderlərdən biri kimi yadda qalacaq. Biz gənclər də onun qoyduğu yolu davam etdirməli,
vətənimizi sevməli və qorumağa çalışmalıyıq.
|