"İrsi və dəyərləri ilə Heydər Əliyev"

“ Tarix səhifəsində dastan yazan lider”

      İsmayılova Fatihə

247 nömrəli məktəbin 10a`sinif şagirdi

    1993-cü ilin iyununda Azərbaycan siyasi böhranın məngənəsində boğulurdu. Qarabağda işğal davam edir, hər gün minlərlə insan doğma yuvasından didərgin düşürdü. Məhz belə bir zamanda 1993-cü ilin iyun ayının 9-da Heydər Əliyev xalqın tələbi ilə Naxçıvandan Bakıya gəldi. İnsanlar onu “Heydər baba, xalqı bu bəladan qurtar”, “Xəstə Azərbaycan sənin əllərinlə şəfa tapacaq” kimi şüarlarla qarşıladılar.

      1993-cü ildə Heydər Əliyev Azərbaycanın dövlət müstəqlliyini qorudu və 15 iyun Azərbaycan tarixinə "Qurtuluş günü" kimi düşdü. Məncə, Azərbaycanın müstəqilliyi Heydər Əliyevin ən böyük mirası, bu müstəqilliyi möhkəmləndirmək üçün atdığı addımların hər biri onun əvəzolunmaz irsidir. 1993-cü ilin oktyabrında Azərbaycan xalqı Heydər Əliyevə yekdilliklə etimad göstərərək onu Prezident seçdi. “Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” deyən Heydər Əliyev 1993-cü ildən 2003-cü ilə kimi hər günü əsrə bərabər bir tarix yazdı.

      Heydər Əliyevin ən böyük irsi 1994-cü ildə atəşkəsə nail olduqdan sonra həmin ilin sentyabrının 20-də Gülüstan sarayında dünyanın 8 ölkəsindən olan 13 şirkətin iştirakı ilə imzaladığı “Əsrin müqaviləsi”dir. Bu mahir siyasi addımla ulu öndər Azərbaycanın müstəqilliyinin inkişafı üçün güclü siyasi-iqtisadi baza yaratdı.

      Heydər Əliyevin digər böyük nailiyyəti isə 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi oldu. Müstəqil Azərbaycan vətəndaşının yetişdirilməsi, Azərbaycan gəncliyinə verilən dəyər Heydər Əliyev irsinin ən önəmli parçasıdır. Hər il fevralın 2-ni biz Azərbaycan Gəncləri günü kimi qeyd edirik. Bu da ulu öndərin biz gənclərə töhfəsidir.

   Ulu öndər Azərbaycan Respublikasının müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin olunması üçün lazım olan bütün strateji addımları atdı, güclü zəmin hazırladı. Ulu öndərin siyasətini uğurla davam etdirən Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə Azərbaycan xalqı 44 günlük müharibəni zəfərlə başa vurdu, Qarabağ işğalçılardan azad olundu. 2023-cü ilin sentyabrında antiterror əməliyyatı nəticəsində Azərbaycanın Respublikasının dövlət suverenliyi təmin olundu. 2024-cü ildə İlham Əliyevin sərəncamı ilə 20 sentyabr Suverenlik günü kimi elan olundu. Bu tarixi hadisə antiterror əməliyyatının bir illiyinə, “Əsrin müqaviləsi”nin imzalanmasının 30 illiyinə təsadüf edirdi. 2024-cü ilə kimi biz hər il bu günü Neftçilər günü kimi qeyd edirdik. 2024-cü ildə isə Neftçilər gününü Suverenlik günü əvəz etdi. Niyə? Çünki Azərbaycan tarixi hədəfinə nail olmuşdu. Çünki ulu öndərin neft strategiyasının əsas məqsədi ölkənin suverenliyinə nail olmaq, onun müstəqilliyini əbədi etmək idi. Bu hadisə Heydər Əliyev irsinin və dəyərlərinin təntənəsidir. 2025-ci il ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Konstitusiya və Suverenlik ili kimi qeyd olunur. Bu il ulu öndərin arzularının həyat keçdiyi ildir. Mən müstəqil dövlətimi sevir, ulu öndərin ruhuna dərin ehtiramla demək istəyirəm ki, "fəxr edirəm ki, azərbaycanlıyam". Və bunu həyatımın ən böyük dəyəri hesab edirəm.

 

 

<< Geri