"İrsi və dəyərləri ilə Heydər Əliyev"

“LİDER”

      Bəhruzlu Əzizə

XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi, 7R sinif şagirdi

    Hər gün dərslərimi hazırlamaq üçün dərsliyimi açanda ilk səhifədə nəzərlərim Heydər Əliyevin işıqlı simasına dikilir. Ulu öndər mehriban baxışları ilə sanki mənə uğur arzulayır, tapşırıqların öhdəsindən asanlıqla gəlmək üçün mənə inam verir. Hər gün belə olur: bir neçə saniyə Ulu öndərin portretinə baxıb sonra dərslərimi hazırlamağa başlayıram. Aşağı siniflərdə oxuyanda portretin altındakı sözlər məni çox düşündürürdü: “Azərbaycan xalqının ümummilli lideri”. Bu sözlərin mənasını tam anlaya bilmirdim.

     Bir dəfə bu haqda atamdan soruşdum. Atam mənə Heydər Əliyevdən, onun xalqı üçün fədakarlıq göstərməsindən, öz ömrünü Azərbaycanın çiçəklənməsinə həsr etməsindən danışdı. Sonra dedi ki, Heydər Əliyevin bizim üçün etdiklərini bir neçə kəlmə ilə təsvir etmək mümkün deyil.

      Aradan bir neçə ay keçdi. Bir gün atam evə əlində bir kitabla gəldi. Kitabı mənə uzadıb dedi:

- Heydər Əliyev haqqında mənə sual vermişdin, yadındadır? İnanıram ki, bu kitabda sualına daha geniş cavab tapa biləcəksən.

    Mən kitabı götürüb baxdım. Üstündə Heydər Əliyevin əzəmətli portreti vardı. Kitabın adı isə “LİDER” idi. Atam dedi ki, bu kitabın ideyasını özüm də bilmədən mən vermişəm. Sualımı eşidəndə atam düşünüb ki, ola bilər bu sual çox uşağı maraqlandırır və onların hamısına cavab verən bir kitab yaratmaq yaxşı olar. Nəşriyyatda işlədiyi üçün bunu etmək atama çətin deyildi. Beləliklə, nəşriyyatda rəssamlar, redaktorlar və başqa əməkdaşlar birlikdə “LİDER” kitabını hazırlayıblar. Sonra kitab mətbəəyə göndərilib və çap olunub. Bunu öyrənəndə çox sevindim. Kitabı bir gündə oxudum. Orada mənim bütün suallarıma cavab vardı. Mən Heydər Əliyevin nə üçün Ümummilli lider adlandırılmasının səbəbini yaxşı anladım. Öyrəndim ki, Heydər Əliyev Azərbaycan üçün çox işlər görüb. Ən başlıcası, ölkəmizi parçalanmaqdan, dövlətimizi yox olmaqdan qoruyub. Biz bu gün Azərbaycan dövlətinin gücü ilə fəxr ediriksə, buna görə Heydər Əliyevə borcluyuq.

       Heydər Əliyev bu gün aramızda olmasa da, onun işıqlı ideyaları həmişə bizimlədir. O, indi öz mənəvi ömrünü yaşayır. Nə qədər ki, Azərbaycan var, nə qədər ki, xalqımız var, bu ömür bitməyəcək.

 

 

<< Geri