"İrsi və dəyərləri ilə Heydər Əliyev"

“Bir ölkənin tarixini dəyişən lider”

      Ləman Mikayıllı

İlyas Əfəndiyev adına Elitar gimnaziyanın 8a sinif şagirdi

      Elə şəxsiyyətlər var ki, onların adları tarix səhifələrində həkk olunur. Əsrlər keçsə də, nəsillərin qəlbində əbədi qalır. Belə şəxsiyyətlər nadir tapılan inci kimidir, dəyəri ölçülməzdir. Qibtə ediləcək, örnək olan belə insanlar heç vaxt unudulmur.

     Mənim pərəstiş etdiyim, ağlının gücünə heyran olduğum bir insan olub. O insan ki, haqq işi uğrunda, xalqının rifahı naminə çalışıb. Bu adını fəxrlə andığım Heydər Əliyevdir. O, ölümsüzdür, yüz minlərin içində təkdir. Dara düşən vətənimin ağır günündə yükü çiyninə götürənimdir mənim.

     Milli adət-ənənələrimizin kök salıb unudulmasına, milli dəyərlərimizin itməsinə, az sözlə, amma dərin mənalı sözlə çatdıran əvəzsizimizdir bizim.

     O, təkcə siyasətçi deyildi, həm də xalqının ürəyini duyan, onun dərdinə dərman olmağa çalışan bir ata idi. Hər çıxışında millətinə olan sevgisini hiss etdirərdi, hər qərarında vətənin gələcəyini düşünərdi. Onun danışığında bir məğrurluq, bir əminlik vardı, sanki xalqın səsini danışırdı, onunla nəfəs alırdı.

     Heydər Əliyev təkcə tarix dərsliklərində adları keçən şəxsiyyətlərdən biri deyil. Ulu öndər bizim gündəlik həyatımızda bu gün yaşadığımız sabitliyin, güvənin, rifahın səbəbidir. Onun siyasi iradəsi, uzaqgörənliyi sayəsində Azərbaycan dövlətçiliyi yenidən doğuldu, şəxsiyyət kimi əzəməti ilə xalqın yaddaşına həkk olundu.

     Ümumilli lider millətinə sevgini tək sözlərlə yox, əməli ilə sübut etdi. Gənclərə inanırdı, onları gələcəyin daşıyıcısı görürdü. Elmə, mədəniyyətə, təhsilə verdiyi önəm bu gün də öz bəhrəsini verir. Heydər Əliyevin yaratdığı dəyərlər, qoyduğu miras yalnız bu gün üçün deyil, gələcək nəsillərin yoluna işıq salacaq bir çıraqdır.

      Dəyərlər, bir məktub kimi yazılır, amma yalnız sətirlərin arxasında gizlənən mənanı görmək lazımdır. Heydər Əliyev bu məktubu yazarkən, hər sözün arxasında dərin bir insanlıq, böyük bir məsuliyyət hissi və sevgi ilə dolu bir iz qoydu. Bu irs gəncləri yalnız Azərbaycanı sevməyə deyil, həm də öz iç dünyalarını tapmağa, insanlıq dəyərlərini qəlblərində daşımağa çağırır. Hər bir gənc, bu irsin içində özünə bir yer tapmalı, bu yolda irəliləməli və ən başlıcası, Heydər Əliyevin hər bir sözündə tapdığı sadə, lakin sonsuz dəyəri öz həyatına daşımalıdır. Ulu öndər sanki hər bir insana, həyatın eniş-yoxuşlarında qarşılaşdığı çətinliklərə baxmayaraq, ən böyük gücün, insanın özündə olduğunu və bu gücün yalnız dəyərlərdən qaynaqlandığını öyrədirdi.

      Mən onun haqqında düşünəndə gözümün önünə bir böyük çinar gəlir – kölgəsində minlərlə insan dincəlir, budaqları ilə gələcəyi qucaqlayır, kökləri ilə tarixə sıx-sıx bağlanır. Elə bir çinar ki, heç vaxt solmur, heç vaxt sınmır... Çünki o, Heydər Əliyevdir. Və mən əminəm – böyük şəxsiyyətin adı təkcə tarixdə deyil, hər bir azərbaycanlının ürəyində yaşayacaq. Çünki Heydər Əliyev yalnız bir siyasətçi deyil, bir millətin ümididir, qürurudur.

 

 

<< Geri