Fikrət Qoca - 90: Adında müdriklik, sözündə əbədiyyət

Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri olan, Dövlət mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Xalq şairi Fikrət Qoca müasir poeziyamızda özünəməxsus dəsti-xətti, dərin mənalı şeirləri və humanist dünyagörüşü ilə seçilir.

Fikrət Qoca 25 avqust 1935-ci ildə Ağdaş rayonunun Kotanarx kəndində anadan olmuşdur. O, erkən yaşlarından ədəbiyyata böyük maraq göstərmiş, əsərləri 1956-cı ildən mətbuatda çap edilmişdir. Fikrət Qoca həm yaradıcı, həm də ictimai fəaliyyət sahəsində fəallığı ilə tanınmışdır. 1964-cü ildə Moskvanın Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirmiş, daha sonra müxtəlif illərdə ayrı-ayrı vəzifələrdə - Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Komitəsində redaktor, “Azərbaycan gəncləri” qəzeti redaksiyasında ədəbi işçi, Azərbaycan Yazıçılar İttifaqında məsul katib, “Azərbaycan” jurnalında şöbə müdiri və “Qobustan” incəsənət toplusunun baş redaktoru vəzifələrində çalışmışdır. O, 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin katibi, 2004-cü ildən isə birinci katibi olmuşdur.