“Xocalının səsi” adlı tədbir keçirildi
Fevralın 26 - da F.Köçərli adına Respublika Uşaq Kitabxanası və 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin 290 nömrəli tam orta məktəbdə fəaliyyət göstərən “Nitq mədəniyyəti” dərnəynin üzvləri ilə birgə Xocalı Soyqırımının 28-ci ildönümünə həsr olunmuş “Xocalının səsi” adlı tədbir keçirildi. Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya üzrə fəlsəfə doktoru Fəridə Ləman, şairə Xalidə İlyasqızı Turanlı, müəllimlər, valideynlər, oxucular vəqonaqlar iştirak edirdilər. Tədbirin keçirilməsində əsas məqsəd - gənc nəslin Vətənə məhəbbət, xalqa, elinə və obasına hörmət, soykökünə, öz ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunması, onlarda inam hisslərinin gücləndirilməsi idi. Tədbir çərçivəsində uşaqların ifasında Z.Yaqubun “Sizi Qınamıram”, M.Dilbazinin “Xocalı Fəryadı”, F.Ləmanın “Təəssüb” əsərləri əsasında bədii kompozisiya təqdim edildi. Yüksək vətənpərvərlik ruhunda çıxış edən uşaqlar hər kəs tərəfindən qürur hissi ilə qarşılandı. Tədbirdə çıxış edən Fəridə Ləman Xocalı faciəsindən geniş söhbət açdı. Bildirdi ki, gün gələcək biz işğal olunmuş əzəli torpaqlarımızı düşmən tapdağından azad edəcəyik. Çıxış üçün söz alan şairə Xalidə İlyasqızı Turanlı erməni daşnaklarının dinc insanlarımınızın başına gətirdikləri vəhşilikləri ürək ağrısı ilə danışdı. Tədbirin sonunda kitabxananın elmi işlər üzrə direktor müavini ulu öndərimiz Heydər Əliyevin vətənpərvərlik tərbiyəsinə, uşaq və gənclərin vətənpərvər ruhda böyüməsinə xüsusi əhəmiyyət verdiyi vurğuladı və qeyd etdi ki, O müəllimlərə, ailələrə belə tövsiyə edirdi: "Bizim gənclər, təhsil alan nəslimiz gərək məktəblərdə ilk addımlarından vətənpərvərlik əhvali-ruhiyyəsi ilə tərbiyə olunsun. Bütün dərslər, xüsusən də humanitar fənlər gərək gənclərimizə Vətənə sədaqət, vətənpərvərlik ruhu aşılasın, tərbiyə etsin". Zahirə Dadaşova uşaqları gözəl çıxışları üçün təbrik etdi. Uşaqlara kitabxana tərəfindən təsis edilən ”Göy Qurşağı” uşaq jurnalı hədiyyə olundu.






