“Unutmuruq, unutdurmuruq” adlı tədbir keçirildi
Dekabrın 26-da, Sabunçu rayonunda yerləşən 215 nömrəli tam orta məktəbin 3-cü sinif şagirdləri F.Köçərli adına Respublika Uşaq Kitabxanasında, milli qəhrəmanlarımıza həsr olunmuş “Unutmuruq, unutdurmuruq” adlı tədbir keçirdi. Tədbirin keçirilməsində əsas məqsəd, uşaqlarda vətənpərvərlik hisslərini gücləndirmək, milli qəhrəmanlarımızı tanıtmaq və onlara Vətən üçün yaşayıram fikrini təlqin etmək idi. Milli-mənəvi dəyərlərimizin öyrənilməsində, qorunub saxlanılmasında və inkişaf etdirilməsində kitabxanada şagirdlərə aşılanan vətənpərvərlik tərbiyəsi mühüm rol oynayır. Tədbirdə, kitabxananın əməkdaşı 26 dekabr- Xankəndinin işğal olunması günü ilə bağlı ətraflı məlumat verdi və bildirdi ki, cəmiyyəti inkişaf etdirən, irəli aparan vətəndaşlar - müstəqil vətənimizin keşikçiləri vətənə sevgi ruhunda tərbiyə alır və formalaşır. Azərbaycan xalqı bütün zamanlarda gələcəyimiz olan gənc nəslin öz vətəninə, xalqına, soykökünə, ata-babalarımızın bizə miras qoyduğu adət- ənənələrimizə sədaqət və hörmət ruhunda tərbiyə olunmasına böyük məsuliyyətlə yanaşmışdır. Kitabxanamızda keçirilən tədbirlərin əsas məqsədi təkcə savadlı, intellektli gənclər yetişdirmək deyil, həm də yüksək mənəviyyatlı, Azərbaycan xalqının milli dəyərlərinə sadiq vətənpərvər gənclər yetişdirməkdir. Tədbir çərçivəsində, məktəblilərin ifasında Azərbaycanın bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərin keçdiyi şərəfli döyüş yollarını əks etdirən vətənpərvər ruhlu “Əsgər marşı”, “Vətən mahnısı”, Can Qarabağ”, “Azərbaycan Əsgəri”, “Xəbər gətir”, “Cənab leytenant” , “Şəhidin arzuları” və. s şeirlər və mahnılar təqdim edildi.






