“Günəşdən gələn pay”: Uşaqların sevimli yazarı Gülzar İbrahimova
Övladlarımızın hərtərəfli şəxsiyyət kimi formalaşmasında mütaliə vacibdir. Bu baxımdan uşaq ədəbiyyatının rolu böyükdür. Ədəbiyyatın bu janrı uşaqların düşüncə tərzinin formalaşmasında, dünyanı kəşf etməsi baxımından çox güclü təsirə malikdir. Uşaq ədəbiyyatının əsas əhəmiyyətlərindən biri də uşaqların fikirlərini daha dəqiq, səlis və düzgün ifadə etmələrinə təsir edir.
Bütün bunları nəzərə alaraq, Respublika Uşaq Kitabxanası uşaq və yeniyetmələrin hərtərəfli inkişafını təmin edəcək səmərəli layihələr əsasında silsilə mövzular təqdim etməyə davam edir.
F.Köçərli adına Respublika Uşaq Kitabxanası “Günəşdən gələn pay” adlı layihəyənin budəfəki mövzusunu uşaqların sevimli yazarı Gülzar İbrahimovanın yaradıcılığına həsr edib.
Layihənin əsas məqsədi, oxucuları sevilən şair və yazıçıların həyat və yaradıcılıqları ilə sosial şəbəkələr vasitəsi ilə yaxından tanış etməkdir.
Mövzu çərçivəsində, yazıçının yaradıcılığı haqqında ətraflı məlumat verildi, kitabları sərgiləndi və müəllifi olduğu tapmacalar səsləndirildi.
Eləcə də, oxuculara uşaq yazarı Gülzar İbrahimavanın ürək sözlərini və kitabların necə yaranmasından bəhs edən videoçarxlar təqdim edildi.
Yazıçı Gülzar İbrahimova bu günə qədər 62 kitab və 47 elektron kitabın müəllifidir.
Qeyd edək ki, oxucular Respublika Uşaq Kitabxanasının internet ünvanında yerləşdirilən Gülzar İbrahimovanın kitablarını mütaliyə edə və səsli nağıllarını dinləyə bilərlər.












