Azərbaycanın şimal-qərb zonasına, Şəki-Zaqatala iqtisadi
rayonuna aid olan Şəkinin ərazisi 2,43 kvadratkilometr,
əhalisi 168 min nəfərə yaxındır. Bir şəhər, iki qəsəbə və 68
kənddən ibarət olan qədim Şəkinin sənayesinin əsasını
ipəkçilik, yeyinti məhsulları, toxuculuq, tikinti
materialları, kənd təsərrüfatını isə taxılçılıq, üzümçülük,
tütünçülük, heyvandarlıq, meyvə və giləmeyvə istehsalı
təşkil edir. Ölkəmizin şimal-qərbində, Böyük Qafqaz
dağlarının cənub yamacında, dəniz səviyyəsindən 632 metr
yüksəklikdə yerləşən Şəkinin ərazisindən 3 əsas çay keçir:
Kiş, Şin, Daşağıl çayları. Bol su ehtiyatı, normal rütubət
balansı, məhsuldar torpaqları, zəngin meşə örtüyü var.
Füsunkar təbiəti, nadir tarix-memarlıq abidələri ilə Şəki
Azərbaycanın mühüm turizm regionu sayılır.
Şəki ərazisində çoxsaylı tarix memarlıq ab idələri
mövcuddur. Buranı haqlı olaraq respublikanın memarlıq qoruğu
adlandırırlar.Coxsaylı arxoloji abidələr Şəkinin çoxəsirlik
tarixə malik olduğunu sübut edir. Şəkinin adı eramızdan
əvvəl VII əsrdə Azərbaycana gəlmiş “sak”, “şaka”
tayfalarının adı ilə əlaqələndirilir.Azərbaycan dilinin
qanunauyğunluqlarına müvafiq olaraq “Şaka” adı tədricən
“Şəkə”,”Şaki” “Şəki” formasını almışdır.1772-ci ildə Kiş
çayı daşaraq şəhəri tam dağıtmış və şəhər dağlıq hissəyə,
Nuxa kəndinin yaxınlığına köçürülmüşdür. Ona görə də şəhər
uzun müddət Nuxa adlandırılmışdır.Yalnız 1968-ci ildə
şəhərin qədim adı bərpa edilmışdir.Şəkinin tarixinin
2500-2600 il olduğu güman edilir. Şəhər Çələbi xanlarının
sülaləsi dövründə Şəki xanlığının mərkəzi olmuşdur. Şəkinin
keşməkeşli tarixini rayon ərazisindəki çoxsaylı müdafiə
qurğularının qalıqları sübut edir.Dövrümüzə gəlib çatmış
qalalardan Aydınbulaq qalası, Həzrət Əli qalası, Gələrsən-
Görərsən qalası, Şəki şəhərinin özündəki qala dil açsa, çox
şeylər danışa bilər.Qalanın yaxınlığındakı Yuxarıbaş
məhəlləsi orjinal şəhərsalma nümunəsi kimi Xan sarayı ilə
birgə YUNESKO tərəfindən dünyanın nadir abidələr siyahısına
daxil edilmişdir.
Şəkinin ən qiymətli möcüzəsi Şəki xanlarının sarayıdır.Həmin
saray 1761- 62-ci illərdə memar Hacı Zeynalabdin Şirazi
tərəfindən Şəki xanlığının bünövrəsini qoymuş Hacı Çələbi
xanın nəvəsi Hüseyn xanın sifarişi ilə tikilmişdir. Saray
xalq memarlığı ilə saray arxitekturası ənənələrini
birləşdirən nadir nümunədir.Hüseyn xan Müşviq təxəllüsü ilə
gözəl şeirlər yazırmış.Saray ikimərtəbəli olmaqla 6 otaqdan,
4 dəhlizdən və 2 güzgülü eyvandan ibarətdir. Binanın baş
fasadı dünyada analoqu olmayan ən xırda, həndəsi fiqurlara
bölünmüş, ağac parçalarının arasına müxtəlif rəngli şüşələr
geydirilmiş şəbəkə və qapılardan ibarətdir. Saray divarının
ornamentliliyi, piştağlar, naxışlı şəbəkələr, dağlamalar,
müxtəlif naxışlar, gəc üzərində oymalar adamı valeh
edir.Binanın daxilində nəbati rəsmlərə, süjetli və quş
rəsmlərinə, döyüş səhnələrinə daha geniş yer verilmişdir.
Şəkinin bənzərsiz təbiəti, abidələrlə birgə buraya
Azərbaycanın hər yerindən və xarici ölkələrdən turistləri
cəlb edir. Şəki şəhərinin özündə yeni “Saray” oteli, Yuxarı
karvansara mehmanxanası, şəhərin lap yaxınlığında Kiş çayı
boyunca isə “Marxal”, “Məkan”, “Ümid”, “Cənnət bağı”,
“Gələrsən- Görərsən” istirahət zonaları qərar tutur.Burada
qonaqların dincəlməsi və gözəl vaxt keçirməsi üçün hər bir
şərait vardır.
Belə deyirlər ki, şəkililərin mehribanlığı və şən əhvalı
onların şirniyyatı çox sevməsi ilə bağlıdır. Şəkiyə gələnlər
qırmabadam, zilviyyə, qoz və düyü unundan hazırlanmış
paxlava, nabat, adamın ağzında əriyən pəşvəng halvası və
başqa məşhur Şəki şirniyyatı növlərinə heyran qalırlar. Şəki
mətbəxi yalnız Şəki pitisi ilə deyil, özünəməxsus Şəki
resepti ilə bişirilən digər milli xörəklərimiz ilə
fərqlənir.
Şəki sənətkarları şəbəkə işləri, dulusçuluq nümunələri,
metal və ağac suvenirlər, ipək parçalar və xalçalarla
məşhurdurlar.
Şəkidən söz düşəndə bu şəhərin daha bir əlamətdar cəhəti-
Şəki yumoru barədə danışmasan olmur. Şəhərdə hər il “Gülüş
günü” keçirilir. Şəkidə xalq sənətkarlığını inkişaf etdirmək
məqsədi ilə Yuxarı karvansara binasında 25 otaq ayrılmışdır.
Dünya Bankının dəstəyi ilə həyata keçirilən “Mədəni irsin
Qorunması” lahiyəsi əsasında Şəki qalasının ərazisində
yerləşən keçmiş kazarma binası əsaslı təmir olunmuş, burada
18 emalatxanadan və sərgi salonundan ibarət Sənətkarlıq
Mərkəzi yaradılmışdır.
Azərbaycan mədəniyyətinin bir sıra görkəmli nümayəndələri
Şəkidə yaşayıb-yaratmışlar. Azərbaycan dramaturgiyasının
banısı Mirzə Fətəli Axundov, şair Mirzə Şəfi Vazeh, Rəşid
bəy Əfəndiyevv, ədəbiyyatşünas Salman Mümtaz, şair Bəxtiyat
Vahabzadə, dramaturq Sabit Rəhman, məşhur müğənni Ələsgər
Abdullayev, bəstəkar Emin Sabitoğlu, heykəltaraş Fuad
Əbdürrəhmanov, aktyor İsmayıl Osmanlı,Lütvəli Adullayev,
kinorejissor Rasim Ocaqov, bəstəkar Şəfiqə xanım Axundova
dünyaya Şəkidə göz açmışlar. Azərbaycan Demokratik
Respublikasının banilərindən olan məşhur dövlət xadimi
Fətəli xan Xoyski də şəkilidir.
Öz əsrarəngiz gözəlliyi və qədimliyi ilə nə qədər diqqət
çəkən olsa da, "Şəki" sözünü eşidən kimi, ilk öncə göz önünə
onun mehriban, gülərüz, qonaqpərvər insanları gəlir. Bu
insanlar ilk ünsiyyətdəncə həmsöhbətlərinin qəlbində yer
almağı bacarırlar. Şəkidə və şəkililər arasında insan heç
vaxt darıxmır, özünü yad kimi hiss etmir. Bu keyfiyyət də
bir çox dəyərlər kimi, ulu Yaradanın şəkililərə bəxşişidir.
Məhz bunun nəticəsidir ki, Şəkinin elə bir günü yoxdur ki,
qonaq-qarasız olsun. Qonaqlar da yaxın-uzaq ellərdən gəlir,
daha doğrusu, dünyanın hər yerindən bura üz tutanlar olur.
Təsadüfi deyildir ki, bir çox beynəlxalq tədbirlər üçün də
məkan kimi Şəki seçilir. Sözsüz ki, qonaqpərvərlikdən, ürək
genişliyindən əlavə, Şəkinin son dövrlər sosial-iqtisadi və
tikinti-quruculuq işləri baxımından xeyli inkişaf etməsi,
yeni iş yerlərinin açılması, insanların gün-güzəranının
yaxşılaşdırılması da əsas amillərdəndir.
Bölgəyə səfəri çərçivəsində Şəkidə olarkən ölkə Prezidenti
İlham Əliyev demişdir: "Şəkidə çox böyük quruculuq işləri
aparılır. Şəhər gözəlləşir, öz tarixi simasını saxlamaqla
müasirləşir, abadlaşır, yeni məktəblər tikilir, mədəniyyət
ocaqları, küçələr abadlaşır. Yəni Şəki belə yaxşı inkişaf
edir. Mən buna çox sevinirəm. Amma istəyirəm ki, bu inkişaf
daha da sürətlə getsin və insanları narahat edən bütün
məsələlər öz həllini tapsın".
Tədbirdə çıxış edən TÜRKSOY-un baş katibi Düsen Kaseinov
bildirib ki, türk dünyasının UNESCO-su hesab edilən qurum 20
ildən artıqdır türk xalqları arasında dostluq və qardaşlıq
əlaqələrini möhkəmləndirmək, ortaq türk mədəniyyətini
gələcək nəsillərə çatdırmaq və dünyaya tanıtmaq üçün
səmərəli iş aparır. Vurğulanıb ki, TÜRKSOY-un ən uğurlu
təşəbbüslərindən biri 2012-ci ildən həyata keçirilən “Türk
dünyasının mədəniyyət paytaxtı” layihəsidir.
Şəki Xan sarayı Azərbaycan xalqının tarixindən soraq verən
möhtəşəm bir abidədir. İllər, onilliklər, yüzilliklər keçir,
amma tarixin bu parlaqnişanəsinə maraq azalmır.
Səbəb isə budur ki, Xan sarayı bənzərsiz memarlıq nümunəsi
olmaqla yanaşı, həm də xalq sənətini nümayiş etdirən əbədi
bir sərgidir. Burada otaqdan-otağa keçdikcə tavanda,
divarlarda əks olunmuş mənzərələr insanı valeh edir.
Min cür çiçək təsviri, naxışlar, rəsmlər, bəzəklər, ov və
döyüş səhnələri sanki dil açıb nağıl danışır. Əslində isə
bunlar nağıl deyil, həqiqətdir. Xalqımızın mədəniyyətindən
və mənəviyyatından, zövq və istedadından, təfəkküründən və
təxəyyülündən söhbət açan bir həqiqət...
Elə buna görə də Xan sarayı həmişə qonaqlı-qaralı olur.
2006-cı il aprel ayının 13-də Prezident İlham Əliyevin
Şəkiyə səfəri zamanı uzun illər ərzində əsaslı təmir
edilməyən və yararsız vəziyyətə düşmüş "Şəki Xanlarının
evi"nin təmir edilməsi barədə dövlət başçısının tapşırığına
əsasən XVIII əsrə aid bu tikili yenidən qurulmuşdur.
Dövlət başçısı binanın, Heydər Əliyev və M.F.Axundzadə
prospektlərinin bərpadan əvvəlki və sonrakı görüntülərini
əks etdirən stendlərə baxdı.
Bina ilə tanış olan Prezident İlham Əliyevə məlumat verildi
ki, "Şəki Xanlarının evi" nin bərpası işlərinə 2012-ci ilin
noyabrında başlanılmışdır. Altı otaqdan, dörd dəhlizdən və
iki eyvandan ibarət bina çiy kərpicdən tikilmiş, pəncərələri
şəbəkə üsulu ilə düzəldilmişdir. Ərazisi 700 kvadratmetr
olan binanın yenidən qurulması Mədəniyyət və Turizm
Nazirliyinin sifarişi əsasında aparılmışdır. Otaqlardan biri
xüsusi rəsmlərlə bəzədilib və qonaq otağı kimi nəzərdə
tutulmuşdur.
Diqqətə çatdırıldı ki, XVIII əsrə aid tarixi abidə olan
"Şəki Xanlarının evi" ilk dəfədir təmir edilir. Bərpa işləri
həyata keçirilərkən binanın tarixi görkəmi saxlanılmışdır.
İkimərtəbəli binanın əsas otağında milli ornamentlərə uyğun
olaraq Azərbaycan tarixini əks etdirən şəkillər və tarixən
buərazilərdə yaşayan xalqların nümayəndələrinin portretləri
əks olunmuşdur. Mədəniyyət və Turizm Nazirliyinin əmrinə
əsasən "Şəki Xanlarının evi" abidə-muzey kimi fəaliyyət
göstərəcəkdir. Sonra abidənin hər bir otağı öz təyinatına
uyğun olaraq eksponatlarla təmin ediləcəkdir. Ümumilikdə,
Şəkidə 84 dünya və yerli əhəmiyyətli memarlıq abidəsi
vardır. "Şəki Xanlarının evi" isə Yuxarı Baş Dövlət
Tarix-Memarlıq Qoruğunun tərkibində fəaliyyət göstərir.
Həmin qoruqda "Şəki Xanlarının evi" ilə yanaşı, qeydiyyatdan
keçən 25 abidə vardır.
Şəki Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olub,
bu gün də həmin ənənəni qoruyub saxlayır. Burada Şərq
memarlıq sənətinin incisi sayılan Xan sarayı, möhtəşəm Aşağı
Karvansaray və Yuxarı Karvansaray binaları, Kiş kəndindəki
qədim alban məbədi və digər tarixi abidələr bərpa edilərək
qorunub saxlanılır.
Şəkiyə gələn turistlərin ziyarətgahına çevrilmiş həmin
abidələr görənləri heyran edir. Şəki həmçinin qədim
sənətkarlıq mərkəzidir. Xalq sənətkarlığının bütün növləri
burada yüksək səviyyədə inkişaf etdirilmişdir.
Nəsildən-nəsilə keçən sənətkarlıq nümunələri turistlərin
böyük marağına səbəb olur, onlar tərəfindən bu əl işləri
həvəslə alınır.
|