Azərbaycanın
çoxəsrlik zəngin keçmişə malik şəhərlərindən Şəkinin qədim
hissəsini əhatə edən “Yuxarı Baş” Dövlət tarix-memarlıq
qoruğu ərazisində hazırda çox sayda məscid və minarələr,
karvansara və sənətkarlıq emalatxanaları, muzeylər və tarixi
əhəmiyyətli digər tikililər vardır. Onlarla sənətkarlıq
sahəsinin toplu halında mövcud olduğu şəhərdə tarixi-mədəni
irs bu gün layiqincə yaşadılır. Sosial-iqtisadi irəliləyişin
geniş vüsət alması regionun turizm potensialını daha da
artırmış, eyni zamanda yeni üslublu tikililərin şəhərin
simasını dəyişməsi və onun özünəməxsus memarlığını korlaması
səbəbindən qoruq ərazisində aparılan işlərə xüsusi
həssaslıqla yanaşılması zərurəti meydana çıxmışdır.
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu mad dəsinin 32-ci
bəndini rəhbər tutaraq, Azərbaycan mədəniyyəti üçün mühüm
əhəmiyyətli Şəki şəhərinin tarixi görünüşünü və memarlıq
üslubunu qoruyub saxlamaq, onu gələcək nəsillərə çatdırmaq,
eləcə də Azərbaycan xalqının mədəni nailiy yətlərinin geniş
miqyasda təbliğini təmin etmək məqsədi ilə qərara alıram:
1.Azərbaycan
Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Şəki Şəhər
İcra Hakimiyyəti ilə birlikdə:
1.1.“Yuxarı
Baş” Dövlət tarix-memarlıq qoruğunun küçə şəbəkələrini və
plan konfiqurasiyasını pozan, memarlıq dəyərinə və üslubuna
xələl gətirən tikililərin uyğunlaşdırılması, mühəndis
kommunikasiya xətlərinin təmiri və ya yenidən qurulması,
tarix və mədəniyyət abidələrinin bərpası və ya
konservasiyası, yolların təmiri ilə bağlı təkliflərini iki
ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə təqdim etsin;
1.2.“Yuxarı
Baş” Dövlət tarix-memarlıq qoruğu üçün inzibati binanın
ayrılmasına və ya həmin binanın tikintisi üçün tələb olunan
maliyyə vəsaitinə dair təkliflərini bir ay müddətində
hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə
təqdim etsin.
2.Azərbaycan
Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan
Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi,
Azərbaycan Milli Elmlər Akademiyası və Şəki Şəhər İcra
Hakimiyyəti ilə birlikdə Şəki şəhərinin təbii landşaftının
qorunması və yaşıllaşdırılmasına dair təkliflərini iki ay
müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə təqdim etsin.
3.Azərbaycan
Respublikasının Nazirlər Kabineti:
3.1.Şəki
şəhərinin tarixi hissəsinin inkişafı və qorunub saxlanılması
ilə bağlı tədbirlər planını üç ay müddətində təsdiq etsin;
3.2.“Yuxarı
Baş” Dövlət tarix-memarlıq qoruğunun xəritəsini bir ay
müddətində təsdiq etsin;
3.3.“Yuxarı
Baş” Dövlət tarix-memarlıq qoruğuna milli qoruq statusunun
verilməsini təmin etsin;
3.4.“Yuxarı
Baş” Dövlət tarix-memarlıq qoruğunun maliyyələşməsinin
dövlət büdcəsinin yerli xərclərindən dövlət büdcəsində
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi
üzrə mərkəzləşdirilmiş xərclərə keçməsini təmin etsin;
3.5.“Yuxarı
Baş” Dövlət tarix-memarlıq qoruğunun maddi-texniki bazasının
gücləndirilməsi ilə bağlı zəruri tədbirləri həyata keçirsin;
3.6.Bu
Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 19 yanvar
2016-cı il.
|