Xanımana Əlibəyli Azərbaycan uşaq ədəbiyyatının klassiki və uşaq dramaturgiyasının banisidir.
Anar,
Xalq şairi
Xanımana Əlibəyli oxucularla görüşəndə şeirlərini uşaqlara məxsus avaz, hərarət və təbiiliklə, həm də məlahətlə oxuyur. Onun şeir oxumasında səmimiyyət çox güclüdür və bu səmimiyyətdə işıqlı bir sehr vardır.
Xanımana Əlibəylini məktəblərə, bağçalara, kitabxanalara tez-tez görüşə dəvət edirlər. Hər dəfə bu görüşlər onun müvəffəqiyyəti ilə keçir. Uşaqlarla ünsiyyət tapmaqda, onların hüsni-rəğbətini və məhəbbətini qazanmaqda şairin müstəsna qabiliyyəti özünü bütün parlaqlığı ilə göstərir. O, şeirlərini uşaqlara məxsus sadəliklə, intonasiya ilə, hərarətlə, hətta mən deyərdim ki, incə yumor qarışıq bir məlahətlə oxuyur. Şairin təbiətində bir uşaq sadəliyi, mehribanlığı hərəkətləri özünü tez-tez büruzə verir. Eyni zamanda, analara məxsus bir nəvaziş, qayğıkeşlik, narahatlıq duyğuları da onun qəlbində yuva tapmışdır. Xanımanada həssaslığın, incəliyin olduğunu da əlavə etsək, onun təbiətinin rəngarəngliyini və bu rəngarəngliyin poeziyasında əks olunduğunu təsəvvürə gətirmək çətin deyildir.
Tofiq Mahmud,
şairi
Peşəkar uşaq ədəbiyyatımızın banisi Abdulla Şaiqdən sonra bu sahədə çalışanlardan üçünün Azərbaycan uşaq ədəbiyyatında özünəməxsus yeri var: Xanımana Əlibəyli, Teymur Elçin və İlyas Tapdıq. Göründüyü kimi, bu müxtəsər siyahının başında Xanımananın adı gedir. Əlbəttə, bu da səbəbsiz deyil. Xanımana öz əsərlərini Azərbaycan uşaq ədəbiyyatının qiymətli ənənələrinə söykənərək yazır.
Xanımananın əsərləri uşaqlarda vətənə məhəbbət, insan əməyinə və istedadına ehtiram, təbiət gözəlliklərinə vurğunluq, ataya, anaya, müəllimə, ümumiyyətlə, böyüklərə hörmət, özündən kiçiklərə şəfqət, mehribanlıq, dostluqda dəyanət, kamil insan üçün yabançı olub onun şəninə, ləyaqətinə kəsir gətirən eybəcər hallara nifrət kimi çox gərəkli duyğular aşılayır, şair bütün bunları öz kiçik sevimlilərinin qavrayış tərzinə uyğun, əlvan bədii təsvir və ifadə vasitələri ilə təqdim edirdi.
Bəkir Nəbiyev,
akademik
Xanımana Əlibəyli poeziyası üçün bir sıra çox mühüm, xarakterik cəhətlər vardır. Onun şeirləri uşağa birinci növbədə həyatın, təbiətin sirlərini öyrədir. Bu, uşaq ədəbiyyatının başlıca keyfiyyətidir.
Zahid Xəlil,
professor
Uşaq dünyasına yaxşı bələd olan şairin mövzu dairəsi geniş və zəngindir: təbiətin rəngarəng möcüzələri, bitkilər və heyvanlar aləmi, balaların məktəbdə və evdə qayğıları, dostluq və yoldaşlıqda uşaqların xasiyyət və rəftarı, xeyirxah və nəcib işləri,nadinc və dəcəl hərəkətləri onun əsərlərində əksini tapmışdır.
Qara Namazov,
professor
Xanımana Əlibəylinin uşaq psixologiyasına yaxından bələdliyi, predmeti uşaq gözü ilə görmək bacarığı onun uşaq şeirlərinin təravətini, həyatiliyini artıran başlıca amillərindəndir.
Rafiq Yusifoğlu,
uşaq yazıçısı
Bədii yaradıcılığa uşaq şeirləri ilə başlayan Xanımana Əlibəyli illər keçdikcə poetik təfəkkürünü genişləndirmiş, iri həcmli poemalar da yazmışdır. Poemalarında müasirlərimizin həyatı, uşaqlarımızı maraqlandıran hadisələr diqqəti daha çox cəlb edir.
Xanım Mustafayeva,
filologiya üzrə fəlsəfə doktoru
Xanımana Əlibəylinin dolğun, məzmunlu və maraqlı bədii əsərlərində uşaq təxəyyülünə uyğun şəkildə qələmə aldığı həyat hadisələri kiçik yaşlı oxucunun dünyagörüşünə faydalı təsir göstərir, onlarda gözəl hisslər, səmimi duyğular, vətənpərvərlik hissləri aşılayır.
Aydın Hacıyev,
professor
Onun irsi ülviyyət aləminin poeziyasıdır. Məncə, onu çox yaşadan, göydə hər şeyə qadir Allah, yerdə uşaqlar oldu. Onun qəlbi uşaq gözündən sevgi nuru alaraq cavanlaşdı.
Nizaməddin Şəmsizadə,
professor
Xanımana Əlibəyli ömrünü uşaqlara həsr edən, dəyərli əsərləri ilə uşaq ədəbiyyatımızı zənginləşdirmiş sənətkardır. Ədibin “Cunquş”, “Dovşanın ad günü”, “Aycan”, “Durnalar lələk salır” əsərlərində həyat lövhələri, gənc nəslin ideya-mənəvi tərbiyəsi baxımından əhəmiyyətli olan mətləblər öz əksini tapmışdır.
Bilal Həsənli,
ədəbiyyatşünas
Xanımana Əlibəylinin şeirləri çox sadə və anlaşıqlı idi, başqa cür mümkün deyil, çünki uşaqlarla elə dildə danışmaq lazımdır ki, o, səni başa düşsün. Hətta o dərəcədə sadə və anlaşıqlı ki, yazılan şeirləri əzbərləmək çətinlik törətməsin.
Xanımana Əlibəyli uşaqlara təbiəti sevməyi, ata-anaya hörmət etməyi, vətənə vurulmağı təbliğ edirdi. Əgər onun uşaq şeirlərinin hamısını bir vurğuya gətirsək, yəni bu şeirlərin məna və mahiyyəti nədədir sualını vermiş olsaq, cavabı belə olar: sevgi və vətənpərvərlik: təbiətə, ataya, anaya, müəllimə, məktəbə, vətənə sevgi.
Vaqif Yusifli,
filologiya elmləri doktoru
|