Azərbaycan ədəbiyyatının parlaq nümayəndəsi, görkəmli uşaq şairi və dramaturqu Xanımana Sabir qızı Əlibəyli 20 aprel 1920-ci ildə Bakı şəhərində zəngin mədəni ənənələrə malik zadəgan ailəsində dünyaya göz açmışdır. Babası general Ağasəlim bəy Əlibəyov və nənəsi -Xanımana o zamanın yüksək təhsil görmüş ziyalılarından olmuşlar. Bədii istedada malik olan Xanımana nənə hərdən şeir də yazarmış. Atası Sabir bəy Əlibəyov Sankt-Peterburq Universitetini bitirmişdi və ölkəmizin xaricdə ixtisaslaşmış ilk ali təhsilli peşəkar hüqüqşünaslarından biri kimi tanınırdı.
Anası Məsumə xanım Qarayeva H.Z.Tağıyevin məşhur «Qızlar gimnaziyası»nı və Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmiş Əli Bayramov adına qadınlar klubunun fəallarından olmuş, uzun illər Bakının orta məktəblərində dərs demiş, məktəb direktoru, rayon xalq maarif şöbəsinin müdiri vəzifələrində çalışmış, bu sahədə səmərəli fəaliyyətinə görə «Əməkdar müəllim» fəxri adına layiq görülmüşdür.
Xanımana dörd qızın və üç oğulun böyüdüyü bu ailənin ilk uşağı idi və təbii ki, valideynləri onun təlim-tərbiyəsi ilə ciddi məşğul olurdular. Onların səyləri və şəxsi numunələri zəminində qızcığaz mütaliyəyə aludə olur. Azərbaycan və rus dillərində əvvəlcə xırda həcmli uşaq ədəbiyyatı nümunələrinin, sonra isə sanballı poeziya əsərlərinin, povest və romanların ardıcıl və potensial oxucusuna çevrilir.
Gənc şairə Bakıdakı 13 nömrəli orta məktəbdə təhsil almış, həmişə yaxşı oxumuş, müəllimlərinin sevimlisi olmuşdur. Onlardan biri, sonralar görkəmli yazıçı kimi tanınan Məhərrəm Əlizadə Xanımananın istedadını görüb onunla məşğul olmuş, ilk şeirlərinin kütləvi informasiya vasitələrinə yol açmasına, özəlliklə də balaca şairənin Azərbaycan radiosu ilə çıxışlarına məsləhətçi və köməkçi olmuşdur.
1954-ci ildə Bakıda keçirilən gənc istedadların yekun konsertində öz şeirini oxuyan Xanımana Respublikanın o zamankı rəhbəri M.C.Bağırovun diqqətini cəlb etmiş birinci yerə layiq görülmüşdür.
Xanımana Əlibəyli şeir təcrübəsinə ibtidai məktəbdə oxuyanda başlamış on yaşında ikən anasına səmimi misralar həsr etmiş, ilk şeirləri 1938-ci ildən etibarən dövri mətbuatda dərc olunmağa başlamış, «Balaca həkim» adlı birinci kitabı isə 1955-ci ildə «Uşaqnəşr» tərəfindən 30.000 min nüsxə tirajla çap olunmuşdur.
16 yaşında ikən Xanımana Əlibəyli Bakıda Tibb İnstitutuna daxil olmuşdu. 1942-ci ildə İnstitutu uğurla bitirən gənc həkim təyinatla vətənimizin dilbər guşələrindən olan Masallıya göndərilmiş, orada Qızılavar kəndində həkim kimi fəaliyyətə başlamışdır. Kənd sovetinin ayırdığı atla Xanımana Əlibəyli müntəzəm olaraq bölgənin Kolatan, Əliabad, Dəmirçilər, Mahmudlar və s. kəndlərinə gedərək öz şəfqətli əlləri ilə xəstə uşaqları, qocaları sağaltmış, kənd sakinləri arasında profilaktik tibb tədbirləri həyata keçirməklə məşğul olmuşdur. O zaman bölgədə tüğyan edən tropik qızdırma və səpgili yatalaq kimi ağır xəstəliklərə qarşı mübarizədə Xanımana həkimın xidmətlərindən Masallının qocaman sakinləri böyük razılıq hissi ilə danışırlar.
Sevimli həkimlik peşəsi ilə məşğul olduğu illərdə də qəlbi poeziya ilə döyünən Xanımana Əlibəyli bədii kitablardan ayrılmamış, şeir yazmaqda davam etmişdir.
Bədii yaradıcılıq sahəsində yeni, ciddi uğurlar qazanan məhsuldar şairəmiz 1953-cü ildə o zamankı uşaq ədəbiyyatımızın görkəmli simalarından olan Mirvarid Dilbazi və Mikayıl Rzaquluzadənin zəma¬nətləri ilə SSRİ Yazıçılar İttifaqına üzv qəbul edilmişdir.
Xanımana Əlibəyli uşaqlar üçün yazılmış yüzlərlə şeirin, onlarla poema və səhnə əsərinin, 30-dan artıq kitabın müəllifidir. Onun sənətkar əməyi həmişə tənqidin və ədəbi ictimaiyyətin diqqət mərkəzində olmuş, yüksək qiymətləndirilmişdir. «Aycan» pyesinin uğurlu tamaşası münasibətilə yaradıcı heyətin üzvləri, rejissor Ulduz Rəfili, bəstəkar Şəfiqə Aundova və baletmeyster Nailə Nəzirova ilə birlikdə Xanımana Əlibəyli 1985-ci ildə Azərbaycan SSRİ-nin Dövlət mükafatına layiq görülmüşdür. 1991-ci ildə ona Əməkdar İncəsənət xadimi adı verilmişdir. 1998-ci ildə Xanımana «İlin qadını» adını almaq şərəfinə nail oluşdur. 1999-cu ildə ümummilli liderimiz Heydər Əliyev şairəyə Prezident təqaüdü təyin etmişdir.
Azərbaycan uşaq ədəbiyyatının inkişafında böyük xidmətləri olmuş
Xanımana Əlibəyli 7 may 2007-ci ildə dünyasını dəyişmiş, Bakı şəhərində dəfn edilmişdir.