E   L   E   K   T   R   O   N    M   Ə   L   U   M   A   T    B   A   Z   A   S   I

 


Mən həmişə uşaq şeiri yazanda sənin jurnalın, ən əsası, vacibi isə sənin müdrik, xeyirxah, uşaq sifəti qədər təmiz siman yadıma düşür. Açığını deyim ki, bəlkə də sənin nəcibliyin, həssaslığın və diqqətçiliyin olmasaydı mən bu son illərin uşaq şeirlərini yazmazdım. Yazsam da onları mütəmadi “Göyərçin” jurnalına təqdim etməzdim. Bu yaxşı işlərin günahkarı sənsən...

Cabir Novruz,

Xalq şairi


Tofiq Mahmud Azərbaycan torpağını çılğın bir ehtirasla sevən şair, nasir və publisist idi, böyük mərifət sahibi, qayğıkeş insan nümunəsi idi. Bütün bu keyfiyyətlərin bünövrəsində onun səmimiliyi və təvazökarlığı dururdu.

 Sən bu altmış illik ömrünün təxminən 40 ilini qibləgah bildiyimiz sənətə həsr eləmisən! Böyük qürürla, böyük zəhmətlə, böyük ehtiramla, böyük həvəslə. Sənin rəngarəng yaradıcılığının çox böyük hissəsini Azərbaycan uşaq ədəbiyyatının təbliği, onun müxtəlif dillərdə tərcüməsinin təşkili məsələləri tutur. Səni müxtəlif ədəbi görüşlər zamanı müşahidə etmişəm: uşaqlarla görüş zamanı əsil mənada dönüb uşaq olursan. Onlara qarışıb oynamaq, gülmək, uşaq kimi əl çalmaq, atılıb-düşmək istəyirsən.

Məmməd Araz,
Xalq şairi


Şəxsiyyəti şeirdir, nə yazırsan şeir, əsər?! Məncə fərqi yoxdur, təkcə janr müxtəlifliyi var.

  Yaşar Qarayev,,

professor


Ədəbiyyata öz nəfəsi, öz sözü ilə gəlmək-səadətdir. Bu cəhət, adətən, hər bir həqiqi şairin hələ ilk qələm təcrübələrindən özünü göstərir. Gənc şair Tofiq Mehdiyev də belə müəlliflərdəndir.

Mən sənin səmimiyyətinə, qəlbinin təmizliyinə çoxdan inanmışam. Mən ona da inanmışam ki, sənin daxilinlə xaricində kəskin fərq var. Sənin zahirin zəif, ifrat sadə, utancaq, dağınıq və bir qədər də şulumdur. Daxilin isə çox odlu, alovlu, mənalı və olduqca zəngindir.

Qulu Xəlilov,

professor


Tofiq Mahmud təbiəti duyan, onu vurğunluqla tərənnüm edən, hər otu, hər çiçəyi xarakterik cizgilər vasitəsi ilə təqdim edən şairlərimizdəndir.

Biri var idi, biri yox idi, yer üzündə nağıllar dünyasından doğulan, nağıllar dünyasında yaşayan, ömrü bir az şirin, bir az ağrılı-acılı nağıla çevrilən bir insan, bir şair var idi... Üzündən, gözündən, qar kimi dümağ saçından nur yağırdı... Tofiq Mahmud həyatını, ömrünü uşaq ədəbiyyatına, uşaq mətbuatına həsr eləmişdi. “Göyərçin” jurnalının redaksiyasında göyərçin xislətli bir ömür yaşayırdı. Özündən sonra göyərçin xislətli bir xatirə qoyub getdi. Nağılları, şeirləri, poemaları “Göyərçin”in səhifələrində gələcək nəsillərə yadigar qaldı.

Rafiq Yusifoğlu,

professor


Tofiq Mahmud Azərbaycan tarixinin ən gözəl səhifələrində özünə layiqli yer tutmuş gözəl insan, vətəndaş və şəxsiyyət idi. O, öz həyatını cəmiyyətin gələcəyinə, uşaqlara həsr etmişdi. Təsadüfi deyil ki, 1988-ci ildə Azərbaycan Uşaq Fondu yarananda Bakı ictimaiyyəti ən layiqli ziyalı Tofiq Mahmudu Uşaq Fondunun şəhər şöbəsinin sədri seçmişdi. Eyni zamanda ömrünün axırıncı dəqiqələrinədək Azərbaycan Uşaq Fondu rəyasət heyətinin tərkibində fəal iştirak edirdi.

İsmayıl İbrahimov,

akademik


Gözəl şair, gözəl insan Tofiq Mahmud bu gün ulduz ömrü yaşayır və hələ də ətrafına işıq saçır. Bu işıqlı insanın sözü kimi özü də unudulmazdır. Uşaq ədəbiyyatının göyərçini Tofiq Mahmud uzun illər “Göyərçin” jurnalının əvəzsiz redaktoru olmuşdur. Əməlləri də şeirləri kimi saf, özünəməxsus idi. Mən onu düzlük, xeyirxahlıq timsalı bilirdim.

Ələviyyə Babayeva,,

yazıçı


Tofiq Mahmud xeyirxahlıq təcəssümü, yüksək mədəniyyət nümunəsi idi. Gözəl təşkilatçılıq qabiliyyəti, hədsiz zəhmətkeşliyi ilə hər vaxt başqalarından seçilirdi. Son dərəcədə etibarlı, etiqadlı insan idi. Dünyasını dəyişən qələm dostlarını unudulmağa qoymaz, onlar haqqında bir-birindən mənalı yazılar dərc etdirər, xatirə günləri keçirərdi.

Tofiq Mahmudun işıqlı ürəyində hamıya yer vardı. Gözəl dost, etibarlı həyat yoldaşı, məhəbbətli ata idi Tofiq Mahmud. Onun şeirləri, poemaları, hekayə və povestləri neçə-neçə gənc nəslin tərbiyəsində əhəmiyyətli rol oynamış, ürəklərdə vətən-pərvərlik duyğuları oyatmışdır. Tofiq Mahmudun yeri həmişə görünür.

Əzizə Əhmədova,

filologiya elmləri doktoru


Onun nəciblik, xeyirxahlıq hopmuş sözləri qulağımda, dərin-duru baxışları gözlərimdə, gümrah oturuşu-duruşu nəzərimdə ikən ...mən Tofiqi necə tarixə çevrilmiş ömür kimi xatırlayım?. O nadir şəxsiyyətlərdən idi. Şeirləri də, nəsri də, hətta məqalələri də özünəməxsus idi. Zamanın acı küləyindən ziyanlıq çəkməmişdi. Kövrək, səmimi, ulular ruhundaydı. “Göyərçin” xislətli idi.

Cəmil Əlibəyov,

yazıçı


Tofiq Mahmud əsl mətbuat cəfakeşi, gözəl insan idi. Olduqca mehriban, ürəyiaçıq, gülərüz. Həmişə yaxşılıq eləməyə çalışan bir kişiydi. Biz də elə bu keyfiyyətlərinə görə onun xətrini uca tutur, böyük kimi hörmətini saxlayırdıq.

Vasif Quliyev,

publisist-tərcüməçi


Tofiq Mahmud uşaq kimi təmiz, saf, günahsız, hər cür hiylə, böhtan və iftiradan uzaq idi. Mən Tofiqi 25-26 il tanısam da, onun hansı ali məktəb bitirdiyini, hansı ixtisas sahibi olduğunu bilmirdim. Bəlkə buna heç ehtiyac da yox idi. Ona görə ki, Tofiq Mahmud yüksək tərbiyəyə, mədəniyyətə malik şəxsiyyət, ədəb-ərkan sahibi idi. Mübaliğəsiz deyə bilərəm ki, o, dünyanın ən hörmətli, ən şöhrətli mədəniyyət universitetini bitirmişdi.

Hacı Ağəddin Mansurzadə,

jurnalist


Tofiq Mahmud işıqlı bir insan idi. Sanki o, bu işıqları öz dostlarına, tanışlarına paylayırdı. Həmin işıqların bir damlası da mənim ürəyimdə parlayır. Ürəyim döyündükcə bu işıq daim şəfəq saçacaqdır. Tofiq Mahmudun nurlu çöhrəsi həmişə gözümün qabağında canlanacaqdır.

Mir Sabir,

şair
 


Azərbaycan uşaq nəsrində məktəb həyatından yazılan əsərlər o qədər də çox deyildir. Məktəb həyatına dərindən bələd olmaq, şagirdlərin bir- birinə bənzəməyən xarakter və psixologiyasını, dünyaya baxışını araşdırmaq hər uşaq yazıçısına nəsib olmur. Lakin Tofiq Mahmud araşdırmalar apararaq bu sirli, olduqca mürəkkəb olan məktəb həyatına nüfuz edə bilmiş, oxunaqlı sənət əsəri yaratmağa nail olmuşdur.

Tofiq Mahmud həm şair, həm nasir, həm də publisist, həm də tərcüməçi kimi fəaliyyət göstərmişdir. Gözəl əsərlər müəllifi olan sənətkarın bir çox əsərləri dünya xalqlarının dillərinə tərcümə olunmuşdur.

Füzuli Əsgərli,

professor


Təsəvvür edək ki, biz şəffaf bir bulağın yanında dayanmışıq. Bu hələlik coşğun deyildir, böyük çəmənlikləri, zəmiləri, tarlaları suvara bilmir. Lakin bununla belə onun açdığı balaca məcranın kənarındakı çiçəklər təravətli və könül açandır. Bu çiçəklər öz hüsnü, öz ətri, öz rəngilə başqalarından seçilir. Oxucuların yaxşı tanıdığı gənc şair Tofiq Mehdiyev belə bir poeziya bulağına malikdir.

Tofiq istedadlı, həssas bir şairdir. Onun lirikası Vətən, sevgi, uşaqlıq, gənclik, ailə, məişət, ana, dostluq, yoldaşlıq və sairə bu kimi ən sadə, lakin ən gözəl mövzuları əhatə edən bir lirikadır.

.... Tofiq gözəl lirik şeirlər yazmaqda davam edir. Bulaq axır, ətrafındakı çiçəklərə həyat və gözəllik verir. O, özünün az, lakin şəffaf sularını böyük poeziya ümmanının coşğun dalğalarına qatmaq üçün açdığı kiçik məcrada həzin-həzin çağlayır, irəli can atır.

Xəlil Xəlilov,

ədəbiyyatşünas


Tofiqin alovlu, mənalı, məzmunlu şeirləri onu tələbələrin sevimlisi etmişdi. “Sənətə söz deyə bilən istedad gəlir” – bu kəlam Tofiqə ünvanlanmışdı. Bu sözləri o vaxt bizə dərs deyən görkəmli alimlərimiz, ədəbiyyat korifeyləri - Ə.Sultanlı, C.Xəndan, M.Cəlal, M.Rəfili, F.M.Qasımzadə, A.Zamanov dönə- dönə söyləyirdilər.

Tanrının bizə bəxş etdiyi nemətlərdən ən şəffafı, ən safı sudur. Tofiq də təbiətən suya bənzəyirdi....

Tahirə İsgəndərova,

jurnalist


<< Geri

Elektron məlumat bazası F.Köçərli adına Respublika Uşaq Kitabxanası tərəfindən hazırlanmışdır.