E   L   E   K   T   R   O   N    M   Ə   L   U   M   A   T    B   A   Z   A   S   I

 


Abbas Səhhətin bir çox uşaq şeirləri bu gün də təzə səslənir və həvəslə oxunur. Bunun səbəbi nədir?! Çünki onun şeirlərində böyük səmimiyyət, təbiilik və təzəlik vardır. O, məhəbbətlə, ilhamla yazdığı, sadəliyə, konkretliyə meyl etdiyi, uşaq ruhunu məharətlə tuta bildiyi üçün bu şeirlər güclü çıxmış və unudulmaz olmuşdur.


Əhməd Cavadın ilk şeirlərindən başlayıb son şeirlərinə qədər yavaş-yavaş irəlilədikcə şimal və cənub qütbü kimi bir-birindən kəskin surətdə fərqli iki qütb görmək olar. Qışdan bahara birdən-birə gözlənilmədən köçmək mümkün olmadığı kimi, bu iki qütbün yaranması da yavaş- yavaş tədriclə baş vermişdir. Əlbəttə belə yolu izləmək, müqayisə və təhlil etmək, araşdırmaq, elmi nəticələrə gəlmək böyük tədqiqatın işidir.


Mikayıl Rzaquluzadə ədəbiyyatımızda yaş nəslin tərbiyəsi uğrunda çalışan xadimlərdən biridir. Cilddəki əsərlərdə janrlardan asılı olmayaraq, mühüm, aparıcı məsələ yüksək tərbiyə məsələsidir. Yazıçı həyatın bu uca, bu yüksək məsələsini əsas götürmüş, imkanları daxilində çalışmış, uşaqların və gənclərin həyata, dünyagörüşünə təsir edə biləcək əsərlər yaratmışdır. M.Rzaquluzadənin bütün əsərlərində yüksək insani keyfiyyətlər- nəciblik, qəhrəmanlıq, xeyirxahlıq motivləri, vətənpərvərlik duyğuları əsasdır. O, təkcə tərbiyəvi əsərlər yazmaqla kifayətlənməmiş, ədəbiyyatımızda bu məsələ ilə əlaqədar olaraq ədəbi-tənqidi məqalələrlə çıxış etmiş, bir sıra mühüm, ciddi məsələlər də qaldırmışdır.


Mehdi Seyidzadə ədəbiyyatımızda uşaq şairi kimi tanınmışdır və bu sahədə onun xidmətləri çoxdur. Azərnəşr tərəfindən bu il çapdan buraxılmış iki cildlik seçilmiş əsərləri göstərir ki, o yaradıcılığını təkcə uşaqlara və yeniyetmələrə həsr etməmiş, bununla paralel olaraq başqa mövzularda da yazıb yaratmışdır. İkicildlik şeirin keçib getdiyi yol haqqında, ədəbi fəaliyyətinin əsas istiqaməti, xətti haqqında, eyni zamanda yaradıcılıq müvəffəqiyyətləri, zəif cəhətləri haqqında tam təsəvvür verir. Küll halında götürdükdə janrından, mövzusundan asılı olmayaraq Mehdi Seyidzadənin bütün əsərlərində yeni nəslin tərbiyəsi, onların yüksək əxlaq ruhunda tərbiyəsi məsələsi ən aparıcı, ən əsas motivdir.


Əhməd Cəmil mənim üçün həmişə doğma bir şair olub. Onun ədəbi irsi o qədər zəngin deyil, amma bu sənətin elə müsbət cəhətləri, xüsusiyyətləri, sehrləri, sirləri var ki, bunlara laqeyd qalmaq olmur. Bütün ömrü boyu özünə, ədəbi üslubuna, yaradıcılığına böyük sədaqətlə yanaşıb, özünü ilk qələm təcrübələrindən belə tanıdıb, son misralarını yazana qədər də belə qalıb.


Uca dağların döşündən təmiz, coşğun və gözəl bir çeşmə axır. Onun suyu heç zaman kəsilmir. Azərbaycanın görkəmli xalq yazıçısı Süleyman Rəhimovun böyük və zəngin yaradıcılığı bu çeşməyə bənzəyir.

Süleyman Rəhimov uşaqları unutmamış, onlar üçün də bir sıra maraqlı əsərlər yaratmışdır. “Ata və oğul” povestində uşaqların həyatından gözəl və maraqlı lövhələr vardır. Uşaq mətbuatında müntəzəm surətdə çapdan çıxan hekayələri səmimi, ibrətli və mənalıdır.


Yazıçı Əbülhəsən! Mən onun özünə, yaradıcılığına hörmətlə yanaşırdım. Burda isə özünü sevdim, ürəkdən sevdim. Onda uşaq sadəlövhlüyü vardı. Mehribandı.


Hikmət Ziya ürəyi açıq, geniş, təmiz bir adamdır. Hikmət Ziya əvəzsizdir. Hikmətdə satirik istedad çox güclüdür. Hikmət Ziya mənəvi təmizliyi, saflığı, sədaqəti, möhkəm dostluğu, nəcibliyi ilə fərqlənən xeyirxah bir insan idi. Təəssüf ki, ədəbiyyat meydanında onun bu gücü hələ lazımınca qiymətləndirilmir.


Mikayıl Müşfiqin ürəyi odla dolu idi. Bu od heç zaman sönmürdü. Onun özü indi həyatda yoxsa da, ancaq ürəyinin odu yenə vardır və o, bugün də sönməmişdir. Sabah da sönməyəcəkdir. Bu odun şöləsini görmək mümkün deyildir. Onu duymaq və ürəkdə hiss etmək olar. Bunun üçün şairin əsərlərini diqqətlə oxumaq lazımdır. Bu sönməz od onun əsərlərində qalmışdır. Şairin hər sözü bir qığılcım idi, bu qığılcımların birləşməsindən yaranan şeirlər illər keçməsinə baxmayaraq öz təravət və parlaqlığını hələ də itirməmişdir.


İnstitut yoldaşlarımdan Bəkir Nəbiyev çox çalışqan, şən, zarafatı sevən, bir an belə sakit durmayan, uşaqlar arasında hörmət qazanan və mənim sevdiyim istedadlı gənclərdən idi.


Məmməd Arazla ani görüş! Necə üstümə gəldi, necə dayandı. Mənim ona bəslədiyim böyük məhəbbətimə sanki məhəbbətlə cavab vermək istəyirdi. Bütün günü ondan qəlbimdə yandırdığı işıqla yaşadım. Məndən çox-çox üstün olmasına baxmayaraq, öz üstünlüyünü göstərmədən, sadə mehriban rəftarı gözəldir!


İsa Hüseynovun “Quru budaq” povesti! İsanın yaradıcılığı haqqında yüksək fikirdəyəm. Bu təzə əsərində də yaxşı yerlər, sənətkarlıqla yazılmış parçalar çoxdu.


Əli Kərimlinin ölümündən iki il keçir. Qəribədir ki, ölümündən iki il əvvəl yaşayır yaradır, yazıb tökürdü. Ancaq elə bil ki, yox idi. Gözə dəymir, nəzərə çarpmırdı. Ölümündən sonra iki il nə yaşamış, nə də yaratmışdı. Fəqət mətbuatda tez-tez görünmüş, nəzərə çarpmış sağ bir adam kimi yeni şeirlərlə çıxış etmişdir.

Təpədən dırnağa qədər poetik hisslərlə yaşayan bir insanın özünəməxsus müqəddəs və sehrli cəhətləri çoxdu. Bir insan kimi o qədər yüksəkdə dayanırdı ki, ulduzlar kimi əlçatmaz olurdu. Onu həyata, sənətə, poeziyaya bağlayan tellər möhkəm və güclü olduğu üçün gözəl əsərlər yazır, bu əsərlər ona şöhrət gətirirdi. Elə bil bu şöhrəti görmürdü, bu şöhrətlə yox, yeni sənət eşqi ilə yaşayırdı.

Əli Kərimin ən yaxşı şeirlərində daxili bir emosiya, qüvvə, hərarət, inersiya, obrazlılıq, yığcamlıq, ifadəlilik və bunların birləşməsindən doğan sehrli bir işıq yanmaqdadır. Bu işıq göz qamaşdırıcı deyildir, dərhal parlayıb gözə girmir. Get-gedə təsirini göstərir, yandırır, yandırdıqca da həmişəlik ürəkdə qalır.

Ə. Kərim şöhrət pilləsini asan yolla fəth etmək istəyənlərdən, müxtəlif vasitələrlə, münasibətlərlə cığır açanlardan deyildi. O, elə saf, təmiz idi ki, “orijinal poemadan tutmuş kiçik bir şeirin tərcüməsinə qədər”(Qabil) sənətə böyük sədaqət göstərir və bu sədaqətlə yaşayırdı. Çiçək kimi təravətli əsərləri çiçək kimi müvəqqəti deyildir, əbədidir və heç zaman solmayacaqdır.


Yuxu kimi, nağıl kimi keçən mənalı günlər! Bu günlərin əvəzsiz şahı Rəsul Həmzətov! Həmişə yeni-yeni fikir qığılcımları ilə parlayırdı. Bizimlə elə qaynayıb qarışırdı ki, onun böyüklüyü gözə görünmürdü. Bu, hər addımda müdrik, hər addımda qeyri-adi idi.


Hüseyn Abbaszadə bütün əsərlərində müasirliyə meyl edən yazıçı kimi tanınmışdır. Müharibə mövzusu ona heç zaman rahatlıq vermir, amma bu mövzunu bugünkü hadisələrlə, əhvalatlarla, duyğularla bağlaya bilir, əsərlərinin ruhuna, canına təzə motivlər gətirir. “Uzaqdan gələn qonaq”, yaxud “Dörd bazar günü” povestlərini təkcə müharibədən danışan əsər kimi qəbul etmək düz olmaz. Çünki müharibə xatirələri ilə bugünkü həyat hadisələri bir-biri ilə vəhdətdə verilir.

H.Abbaszadə povestlərin təsvirində uydurmaların, təmtəraqlı, qeyri-adi hadisə və əhvalatların dalınca getmir. Halbuki, bunlar üçün istənilən qədər imkan olur. O gördüyü, duyduğu, yaşadığı, mükəmməl öyrəndiyi bir həyatdan yazır. Buna görə də, bu yeni əsərlərdə sünilik, qondarmaçılıq yox dərəcəsindədir. Yazıçı geniş və yersiz təfərrüatlardan, qarışıq, mürəkkəb hadisələr burulğanından qaçmağa səy edərək sadəliyə, konkretliyə, yığcamlığa daha çox fikir vermişdir.


Əliağa Kürçaylının poeziyası mərdliklə, işıqla, sevgi ilə dolu poeziyadır. Oxuculara aşıladığı duyğular müqəddəs, təmiz, nəcib, gözəl duyğulardır, o dəqiqə əks-səda verir, günəş şüası kimi hərarəti ürəkdə qalır. Öz kökləri ilə, şeirimizin ənənələri ilə sıx bağlı olan bu poeziyanın müasir ruhu güclüdür, öz orijinallığı, bitkinliyi ilə həmişə seçilmiş, fərqlənmişdir.

Vətənə, həyata, insana məhəbbət hissi Ə.Kürçaylının poeziyasında güclüdür, bir-birini təkrar etmədən müxtəlif variasiyalarda, motivlərdə bulaq kimi qaynayıb üzə çıxır. Bu şeirləri dalbadal oxuduqca onların dalğalar kimi bir-birinə bənzəmədiyini aydın duymaq olar. Çünki hər şeirdə bir hissin, bir duyğunun tərənnümü vardır.


Cabir Novruz şeirləri üçün konkret mövzular götürsə də, onları təkcə bu mövzu ətrafında saxlamır, ricətlər, düşüncələr, xəyallar vasitəsilə genişləndirməyə, şaxələndirməyə çalışır. Bu onun qol-qanad açmasına, bir tempdən, başqa bir tempə keçməsinə, daha yüksəyə qalxmasına səbəb olur. Bu vaxt şair güclü, mənalı, yaxşı misralara geniş meydan verməyə imkan tapır.


Teymur Elçin uşaqların ruhunu tutmaqda mahirdir. Maraqlı, əhəmiyyətli, lazımlı mövzular axtarıb tapır, müasir, gözəl formalar seçir. O, bütün əsərlərinin tərbiyəvi cəhətdən yüksək səviyyədə olmasına xüsusi diqqət yetirir. Məhz bu mənada şairin bir çox şeirləri maraqlı və cəzbedicidir. Onun uşaqların dilində əzbər olan “Tənbəl”, “Dindan”, “Sərçəcik” kimi şeirləri həm məzmun, həm də formaca yaxşıdır, oynaqdır, xoş təsir buraxır.


Xanımana (Xanımana Əlibəyli) görüşlərdə əvəzsiz olur. Mən onun yaradıcılığını çox sevirəm və böyük bir məqalə də həsr etmişəm.

 Xanımana Əlibəylini məktəblərə, bağçalara, kitabxanalara tez-tez görüşə dəvət edirlər. Hər dəfə bu görüşlər onun müvəffəqiyyəti ilə keçir. Uşaqlarla ünsiyyət tapmaqda, onların hüsni-rəğbətini və məhəbbətini qazanmaqda şairin müstəsna qabiliyyəti özünü bütün parlaqlığı ilə göstərir. O, şeirlərini uşaqlara məxsus sadəliklə, intonasiya ilə, hərarətlə, hətta mən deyərdim ki, incə yumor qarışıq bir məlahətlə oxuyur. Şairin təbiətində bir uşaq sadəliyi, mehribanlığı, hərəkətləri özünü tez-tez büruzə verir. Eyni zamanda, analara məxsus bir nəvaziş, qayğıkeşlik, narahatlıq duyğuları da onun qəlbində yuva tapmışdır. Xanımanada həssaslığın, incəliyin olduğunu da əlavə etsək, onun təbiətinin rəngarəngliyini və bu rəngarəngliyin poeziyasında əks olunduğunu təsəvvürə gətirmək çətin deyildir.


İlyas Tapdığın “Çimnaz oynayır” adlı yeni kitabı şən əhval- ruhiyyəsi, incə, xoş yumoru, sadəliyi, aydınlığı, uşaqlarda özünü göstərən qəribə, qeyri-adi cəhətlərin verilməsi nöqteyi-nəzərindən maraqlıdır. Müəllif təkcə yumor yaratmaqla, fikrini sadə və aydın verməklə vəzifəsini bitmiş hesab etməmişdir. O, şeirlərində balaca oxucuları düşündürən mənaya, tərbiyəvi cəhətə və dərinliyə xüsusi əhəmiyyət vermiş, dəfələrlə təkrar olunmuş, mənasız, boş situasiyalardan uzaq qaçmış, Azərbaycan xalq folklorundan istifadə edib, yeni xüsusiyyətlər tapıb aşkara çıxarmağa, onları poeziyaya gətirməyə çalışmışdır.


Adi daş, çiçək, yağış, ağac, bulaq, quş, şəlalə Rafiq Yusifоğlunun pоeziyasında sehrli bir dоna bürünür, adilikdən çıxıb mənalanır, canlanır, görünür, dil açıb danışır.


Emin (Emin Mahmudov) mənim böyük məhəbbətimi qazandı, onun dərin elmi biliyi məndə heyrət doğurdu. Ən çətin suallara cavab verirdi. Onun gülüşləri- duzlu, mənalı, əvəzsiz idi. Emində yaxşı insanlara məxsus bütün keyfiyyətlər vardı. Və məhz bu keyfiyyətlər məni ona daha çox bağladı. Niyə belə təmiz, yaxşı insanların qiyməti azdır? Ondan ayrılıb şəhərə gələndə yol boyu Emin Mahmudov haqqında düşünmüşəm. O, mənə elə qiymətli, elə gözəl bir hədiyyə verib ki, bunun dəyəri pulla ölçülməz.


Onun bütün əsərlərində qoçaq, mərd, igid və qorxmaz uşaqlardan məhəbbətlə söhbət açılırdı. İnqilab illərində, vətəndaş müharibəsində, arxa cəbhədə, Böyük Vətən müharibəsi günlərində, yaxud bugünkü həyatımızın müxtəlif sahələrində onların fəaliyyəti həmişə yazıçının diqqətində olmuşdur. Eynulla Ağayev daha çox inqilab illərindən yazmağı sevirdi. Bu mövzudakı əsərlərdə həm uşaqlar, həm də onların sıx əlaqə saxladıqları inqilabçılar igid və mərd göstərilirdi.


Vaqif Bəhmənli sevəndə, seviləndə, qəzəblənəndə, nifrət edəndə məhz elə bu günəş eşqi ilə, poetik hisslərlə yaşayır, odur ki, özünü dünyada tək hesab eləmir. Şehli şəhərin mənzərəsində şeiriyyət axtarır, ulu əcdadlarına arxalanır, babasına, nənəsinə güvənir, sınıb atılmış kuklanı görəndə kövrəlir. Ana torpağın nəfəsi ilə nəfəs alır. Doğma Araza, Xüdafərin körpüsünə, ayrılığa, vətən həsrətinə həsr etdiyi ayrı-ayrı şeir parçaları kitabın ümumi ruhu ilə səsləşir. Bir tərəfdən ata həsrəti, o biri tərəfdən ata olmaq xoşbəxtliyi onun şeirlərində vəhdətdə verilir. Həsrət nə qədər kədərlidirsə, xoşbəxtlik o qədər fərəhlidir.


Müasir bir insanın fikir və düşüncələrinə həsr edilən şeirlərin əksəriyyəti müvəffəqiyyətlidir. Bunları oxuduqca, nəcib, xeyirxah hisslərlə, duyğularla yaşayan, həyat, ölüm, zaman, dövran, insan haqqında düşünən bir insanı görmək olar. Hər şeydən əvvəl, bu insan narahatdır, gecə azan yolçulara, uçulmuş evini qura bilməyənlərə, ümidsiz gəzənlərə yoldaş, qardaş olmağa hazırdır. Bu insan (Azər Abdulla) keçmişdə yaşamış, mərd, qorxmaz ərənləri ilə, babaların qeyrəti ilə, ana yurdun tarixi ilə, gözəllikləri ilə fəxr edir, sevir, sevilir eyni zamanda dünyanın dərdləri, sevincləri, kədərləri ilə nəfəs alır.


Hüseyn Razinin elə kitabı yoxdur ki, orda vətən haqqında şeir olmasın. Bütün bu şeirlər, bir silsilə, bir poema kimidir. Hamısı vəhdət halında bir yerə toplansa, Naxçıvan haqqında bir kitab yaranar. Şair yaşa dolsa da, başqa mövzulara müraciət etsə də, yenə Naxçıvan torpağını tərənnüm etməkdən doymur, bu müqəddəs mövzusundan uzaqlaşmır, həmişə yeni-yeni şeirlər yaradır. Çünki Naxçıvanın hər guşəsi onun üçün əziz və doğmadır.


İlk illərdən sənətin çətin yolunu seçmək, heç kimin getmədiyi bir yolla getmək, əlbəttə hamıya nəsib olmur. Ələkbər Salahzadə belə çətin yolla gedərkən, büdrədi də, azdı da, ciddi təhqirlər də gördü, bunlara baxmayaraq ruhdan düşmədi, inadcıl, iradəli bir inamla yaradıcılıq axtarışlarını apardı və özünəməxsus orijinal bir yol tapa bildi.

Ələkbər Salahzadə hətta şeirimizin formalarına belə biganə deyildir, onlara yaradıcı kimi yanaşmağı bacarmışdır. Bütün bunlar orijinallıq etmək xatirinə deyildir, bizim poeziyamızda yeni cığır açmaq, yeni söz demək, yeni nəfəs gətirmək məqsədini güdür. Onun şeirlərində elə təzə qafiyələr, təzə ifadələr, dönüşlər, formalar, üsullar, bədii təsvir vasitələri vardır ki, bunlar gözlənilməzdir, eyni zamanda şairin özünə məxsusdur. Xüsusilə bədii obrazların zənginliyi, onların ifadə tərzi Ələkbər Salahzadənin poeziyasını qiymətli edir.


Müzəffər Şükür Azərbaycan şeirinin, xalq ədəbiyyatının ənənələrinə bağlı olan şairlərdən biridir. Bu cəhət onun “Bu torpağın nəğmələri” adlı ilk kitabından özünü göstərmişdi. Sonra bu ənənələrə sadiq qala-qala kitabdan kitaba inkişaf etməyə, özünəməxsus yolu, dəstxətti qazanmağa başladı.


Aleksandr Blok rus xalqının böyük şairlərindən biridir. Onun özünəməxsus qəribə, keşməkeşli, həyat və yaradıcılıq yolu vardır. Mənəviyyatca zəngin bir insan olan A.Blok az yaşamasına baxmayaraq zəngin ədəbi irs qoyub getmişdir. Həm şeirlərini, həm pyeslərini, həm poemalarını, həm gündəliklərini, həm də məktublarını vərəqləsək, bunların arxasında dövrü ilə, xalqı ilə, onun istək və arzuları ilə yaşayan müdrik, ağıllı və zəkalı bir insanın surətini aydın görə bilərik. O, heç kimə bənzəmirdi, tamam orijinal bir şəxsiyyət idi. Həyatda olduğu kimi, yaradıcılığında da heç kimə bənzəmirdi. Əsərlərinin elə müsbət cəhətləri vardı ki, bunlar onu rus poeziyasının tarixində yüksək bir zirvəyə qaldırmışdı. Blok öz sağlığında hamının böyük məhəbbətini qazanmışdı, özü həyatda olmayanda da bu məhəbbət soyumadı, onun həyatına, yaradıcılığına maraq daha da gücləndi.


Görkəmli rus yazıçısı Nikolay Tixonov bizim Azərbaycan ədəbiyyatının ən yaxın dostlarından biridir. O, həmişə respublikamızla əlaqə saxlayır. Klassiklərimizin yubileylərində fəal iştirak edir, yeni yaranan əsərlərimiz haqqında fikir və mülahizələrini söyləyir. Hələ ilk gənclik illərindən Qafqaza böyük məhəbbət bəsləyən sənətkar şeirlərinin birində yazırdı: Bu ölkədə hər şey mənə tanışdı, Sanki bu torpaqda doğulmuşam mən.


Poeziya mənim üçün həmişə möcüzədir. Uşaqlıq illərində bu möcüzə elə bir qüvvəyə malik idi ki, məni ahənrüba kimi özünə çəkirdi. O vaxt müasir şairlərin hamısını acgözlüklə, birnəfəsə oxuyurdum. Eyni zamanda həm Azərbaycanın, həm də rus və Avropa ədəbiyyatının klassiklərini dönə-dönə mütaliə edirdim. Beləliklə, mütaliə özüm hiss etmədən, hava, su kimi həyatıma daxil oldu. Onsuz bir günümü təsəvvürümə gətirə bilmirəm. Onda ən çox Henrix Heyneni oxuyurdum, böyük alman şairi qəlbimə elə yol tapmışdı ki, onun hər şeiri mənə möcüzə kimi gəlirdi.

 

<< Geri

Elektron məlumat bazası F.Köçərli adına Respublika Uşaq Kitabxanası tərəfindən hazırlanmışdır.