E   L   E   K   T   R   O   N    M   Ə   L   U   M   A   T    B   A   Z   A   S   I

 


Azərbaycan uşaq poeziyası və nəsr yaradıcılığında öz orijinal dəst-xətti olan, ömrünün çox hissəsini uşaqların bir şəxsiyyət kimi formalaşmasına sərf edən, onlara vətən sevgisi aşılayan, kiçikyaşlı oxucuları arxasınca aparmağı bacaran Tofiq Mahmudun bədii yaradıcılığı bu gün də aktuallığını saxlamışdır.

1948-ci ildə “Şirindir” adlı ilk şeiri “Azərbaycan pioneri” qəzetində dərc olunanda o, hələ tələbə idi. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirəndən sonra Mədəniyyət Nazirliyində fəaliyyətə başlayan T.Mahmud daha sonrakı illərdə “Azərbaycan müəllimi” qəzeti redaksiyasında xüsusi müxbir və “Göyərçin” uşaq jurnalında ədəbi işçi kimi çalışmış, 1976-cı ildən ömrünün sonuna qədər isə “Göyərçin” uşaq jurnalının baş redaktoru vəzifəsində fəaliyyət göstərmişdir. Çoxillik jurnalistlik fəaliyyəti onu mövcud həyatla, müxtəlif xarakterli insanlarla yaxından ünsiyyət bağlamağa öyrətmiş, bir uşaq şair və yazıçısı kimi formalaşmasına da öz müsbət təsirini göstərmişdir.

Zaman keçdikcə S.Vurğun, R.Rza, S.Rəhimov, M.Hüseyn, Ə.Vəliyev, Ə.Əlibəyli, İ.Səfərli və sair görkəmli sənətkarlarla yaxından təmasda olan, onlardan məsləhətlər alan, poeziya və nəsrin möcüzəli sirlərinə daha dərindən bələd olan T.Mahmud ilahi vergili bir qələm sahibi kimi ədəbi ictimaiyyətdə tanınmağa başladı. Milli uşaq ədəbiyyatına güclü yaradıcılıq meyli onu kiçikyaşlı uşaqlara sevdirdi. “Yola çıxıram” adlı ilk kitabını 1959-cu ildə nəşr etdirən sənətkarın ondan sonra xeyli sayda şeir və nəsr əsərləri işıq üzü gördü.“Dibçək” (1962), “Utancaq oğlan” (1964), “Meşədə səs” (1969), “Ana qucağı” (1971), “Dalğalar” (1976), “Pəncərəyə toxunan budaq” (1978), “Kəpənək gözəlliyi” (1980), “Yerə dağılan muncuqlar” (1983) və sair bədii kitablar sənətkarı oxucular arasında daha yaxından tanıtdı. “Meşədə səs”, “Qızımın sualları” və “Kəpənək gözəlliyi” adlı kitablarında toplanmış şeir və poemaları kiçikyaşlı oxucular arasında daha geniş yayıldı. Onun uşaq poeziyası Moskvada nəşr olunan “Murzilka”, “Pioner” və “Vesyolıye kartinki” adlı jurnallarda dərc olundu.

Uşaqların mənəvi zənginliyinin qayğısına qalan şair, onlarda incəlik, həssaslıq tərbiyə etmək, biliyə məhəbbət hissləri aşılamaq arzusu ilə rəngarəng mövzulara müraciət etmişdir. Gənc nəslin dünyaya baxışına, dərketmə qabiliyyətinə, xarakter və psixo-logiyasına daha yaxından bələd olan şair, yaradıcılığında poetik məzmuna, uşaq nitqinə məxsus olan spesifik ifadələrin poetik düzümünə, obrazlılıq effektinə xüsusi diqqət yetirmiş, nəticədə, uşaqlar üçün uğurlu şeirlər yarada bilmişdir. Onun “Apar məni”, “Ehey, durnalar”, “Şeir sevən qız”, “Hirslənən oğlan”, “Uzun-burun” və digər şeirləri olduqca maraq doğurur.

Epik əsərlərində müxtəlif xarakterli uşaq obrazlarının zahiri və mənəvi portretini məharətlə yaradan şair, düzümlü misraların poetik məzmununa da diqqət yetirmişdir.

“Ehey, durnalar” əsərində şair məsum qəlbə malik uşağın qərib, köçəri quşa məhəbbətini poetik dillə təsvir edir, körpə anlamına xas olan söz və ifadələrdən məharətlə istifadə edərək qüvvətli təkrirlər (“Ehey... ehey... durnalar”), bədii xitablarla vəhdətdə poetik obrazlılıq yaradır.

T.Mahmudun şeirlərində təbiət gözəlliyi öz əsrarəngiz poetik ifadəsini tapır, uşaq anlamına uyğun konkret orijinal təsvirlərin incə çalarları ilə poetik hisslər yaradılır. “Meşəyə yağış yağır” şeirində şair poetikanın zəngin palitrasından bəhrələnərək təbiətin ecazkar mənzərəsini oxucuya təqdim edir:

Səs salıb, ağır-ağır

Meşəyə yağış yağır,

Yarpaqlardan süzülür,

Budaqlardan süzülür.

Meşənin hər yanında

İnci kimi düzülür.

Seyr et hər bir damlanı,

Heyran qoyur adamı.

T.Mahmudun təbiət mövzusunda qələmə aldığı şeirləri az deyildir. “Qışda dağ meşəsi”, “Qar tökülür”, “Qırov”, “Lirik damcılar” və sair şeirlərində təsvirlər öz gözəlliyi ilə oxucunun könlünü oxşayır. “Poeziya mənim üçün möcüzədir... yenə də möcüzə olaraq qalır” deyən şair əsl sənətkar icadı ilə öz əsərlərini yaratmışdır. Azərbaycanın təkrarsız mənzərələrinə dəlicəsinə vurğunluq, onun meşələrini, büllur bulaqlarını, coşqun çaylarını poetik misralarla təsvir etmək T.Mahmud yaradıcılığının əsas səciyyəvi xüsusiyyətlərindən biridir.

Şair “Sehrli meşəbəyi” poemasında yurdumuzun ecazkar gö-zəlliyindən zövq alan, bu gözəlliyin pozulmaması üçün canını qurban verməyə belə hazır olan, yaşıllığın qoynunda yaşayan canlı varlıqları göz bəbəyi kimi qoruyan meşəbəyi obrazını yaratmaqla bütün bəşər övladını ondan nümunə götürməyə çağırır.

Azərbaycan təbiətinin əsrarəngiz gözəlliyi ilə yanaşı, onun bərəkətli, bol məhsul gətirən müqəddəs torpaqları, Vətənimizin hər bir dilbər guşəsi T.Mahmud poeziyasında öz əksini tapmışdır. Xalqımızın qəhrəman mərd oğullarının ölməz obrazlarını yaradan şair, onları yeni nəslə nümunə göstərir, vətənimizə göz dikmiş mənfur düşmənə qarşı mübariz olmağa haraylayır.

T.Mahmud poeziyaya böyük dəyər verirdi. “Bütün dünyada ən ülvi nemət poeziyadır, onsuz həyat solğun və mənasız görünərdi” deyən şair poetik axtarışlara çıxmış, gözəl şeir nümu-nələri yaratmışdır.

“İki bulaq” adlı lakonik şeirində bunları görə bilirik:

 Öz gözümlə görmüşəm,

 Dağda iki bulaq var.

Biri buz kimi soyuq,

Biri od kimi qaynar.

 

Biri – içmək istəsən –

Dodağını yandırar,

O biri – əl uzatsan –

Barmağını dondurar

T.Mahmudun nəsr əsərləri də rəngarəng mövzulara həsr edilmişdir. “İgid təyyarəçinin qardaşı”, “Adada hadisə”, “Səlim haqqında iki hekayə”, “Meşədə qız” və sair hekayələrdə insan amili önə çəkilmiş, onun həyat problemlərinin müsbət həlli yol¬ları reallıqla göstərilmişdir. O cümlədən, “Yerə dağılan muncuq¬lar”, “Gecə qapı döyülür”, “Hil-hil meşəsinin payızı” və sair po¬vestləri gənclər tərəfindən maraqla oxunur.

Azərbaycan uşaq nəsrində məktəb həyatından yazılan əsərlər o qədər də çox deyildir. Gənclərin həyatına dərindən bələd olmaq, şagirdlərin bir-birinə bənzəməyən xarakter və psixologiyasını, dünyaya baxışını araşdırmaq hər uşaq yazıçısına nəsib olmur. Lakin T.Mahmud ciddi müşahidələr apararaq, bu sirli, olduqca mürəkkəb məktəb həyatına nüfuz edə bilmiş, oxunaqlı nəsr əsəri yaratmağa nail olmuşdur.

Povestdə müxtəlif xarakterə malik olan yuxarı sinif şagirdləri qarşı-qarşıya dayanırlar. Öz biliyi ilə “Elektron” ləqəbi qazanmış Şənər, ədəbi yaradıcılıq məharəti ilə şagird yoldaşlarından seçilən Yusif, qəribə hərəkətləri ilə həmişə gülüş doğuran Bikə, xudbin təbiətli, özündən başqa heç kimi sevməyən Gülbəniz, incə qəlbə malik, Şənərin vurğununa çevrilmiş Şəfəq, çətin islah olunan, həbsdən yenicə çıxmış Seyidin təsirinə düşən Neman və sair obrazların fəaliyyəti elə real, təsirli təsvir edilmişdir ki, bu əsər oxşar həyat tərzi keçirən hər bir yeniyetmənin stolüstü kitabına çevrilir. Əsərdə yuxarı sinif şagirdlərinin dünyaya baxışı, sevib-sevilmək arzuları, mənəvi paklığı önə çəkilmiş, yeniyetməlik dövründəki mənəvi həyat problemlərinin həlli yolları əsas gö-türülmüşdür. Əsərdəki obrazların ətraf gerçəkliyə şəxsi müna-sibətləri, əxlaq paklığı, mənəvi nəcibliyi, onlar arasındakı müna-sibətlərin reallığı təsvir olunduqca, əsərin bədii dəyəri üzə çıxır.

T.Mahmud yazırdı: “Uşaq ədəbiyyatına, nəsr yaradıcılığına güclü meyl göstərməyim poeziyadan soyumağım, ondan uzaqlaşmağım demək deyildi. Daxili, mənəvi böhranlar, tərəd-düdlər, əzablar çəksəm də, hətta bəzən poeziyadan uzaqlaşmaq fikrinə düşsəm də, müvəqqəti fasilə versəm də, ondan uzaqlaşa bilmədim”.

T.Mahmud olduqca sadə, təvazökar, incə qəlbə malik, xeyirxah bir şəxsiyyət idi. Onu daha yaxından tanıyan və onunla yaxın dost olan görkəmli şair Zahid Xəlil ona xas olan bütün xarakterini açır:

Bir şair dostum vardı,

Tofiq Mahmud adında.

Sevgisi oxunardı

Gözlərinin odunda.

 

Sadəydi Tofiq Mahmud,

Şagird imlası kimi.

Təmizdi Tofiq Mahmud,

Bulaq damlası kimi...

Mənim də T.Mahmudla yaxın münasibətim vardı. Mən Moldova uşaq yazıçısı Filip Mironovun “Bizi unutmayın, insanlar” adlı kitabının tərcüməsi üzərində işləyirdim. Bu kitabın içindən “Balaca çoban Dumitraş” hekayəsini “Azərbaycan pioneri” qəzetinə təqdim etmişdim və orada dərc olunmuşdu. Bir gün “Azərbaycan” nəşriyyatında rastlaşdıq və o mənim bu tərcüməmi səmimi şəkildə, sevinc içində təriflədi, gördüm ki, mənim uğuruma o da sevinir. Sonra qəzeti Filip Mironova göndərdiyini də bildirdi. Çünki o, bu yazıçını yaxından tanıyır və onunla dostluq münasibətləri vardı.

Bəli, T.Mahmud olduqca sadə, səmimi və təvazökar bir şəxsiyyət idi. Bu xarakteri də ona böyük nüfuz qazandırmışdı.

T.Mahmud həm şair, həm nasir, həm publisist, həm də tərcüməçi kimi fəaliyyət göstərmişdir. Gözəl əsərlər müəllifi olan sənətkarın bir çox əsərləri dünya xalqlarının dilinə tərcümə edilmişdir.

Füzuli Əsgərli,
filologiya üzrə fəlsəfə doktoru, dosent


<< Geri

Elektron məlumat bazası F.Köçərli adına Respublika Uşaq Kitabxanası tərəfindən hazırlanmışdır.