Mirmehdi Seyidzadə 1907-ci il noyabr ayının 11-də Türkmənistanın Aşqabad şəhərində dənizçi
ailəsində anadan olmuşdur. İbtidai təhsilini İranda Məşhəd
şəhərində almışdır. 1920-ci ildə ailəliklə Bakıya köçmüş,
burada 1921-1925-ci illərdə Pedaqoji texnikumda təhsil almışdır.
Ədəbi yaradıcılığa 1925-ci ildə "Şərq qadını" jurnalında çap etdirdiyi
"Kənd qızı" adlı ilk şerilə başlamışdır. 1926-1930-cu illərdə Qubadlı və
Şəmkir rayon komsomol komitələrində bir il işlədikdən sonra
Bakıda kitabxana müdiri olmuşdur. 1930-1932-ci illərdə isə
Maarif işçiləri kitabxanasına rəhbərlik etmişdir.
1932-ci ildə ayrıca kitabça şəklində nəşr edilən və mükafata layiq görülən "Şanlı gün"
poeması məktəblilər üçün sevimli əsər olmuşdur. Sonra Bakıda onun bir sıra başqa kitabları,
o cümlədən "Balaca təyyarəçi", "Ceyran", "Neft haqqında", "Kim güclüdür", "And" kitabları çıxmışdır.
O, müasir mövzuda uşaq şeirləri və nəğmələri, "Zirək Səməd" mənzum nağılını yazmışdır. Onun "Nərgiz",
"Ayaz", "Qızılquş", "Elsevər" və sairə mənzum pyesləri tamaşaya qoyulmuş, bir neçə şeirlərinə isə mahnılar bəstələnmişdir.
Azərbaycan Pedaqoji İnstitutunun qiyabi şöbəsində təhsil almış yazıçı 1932-1939-cu illərdə Azərnəşrdə redaktor, şöbə müdiri
işləmişdir. 1938-1939-cu illərdə yenidən təşkil olunmuş Uşaqgəncnəşrdə bədii ədəbiyyat şöbəsinə rəhbərlik etmişdir.
1941-ci ildə Sovet ordusunun tərkibində İranda "Qızıl əsgər" qəzeti redaksiyasında xüsusi müxbir işləmişdir. Xəstəliyinə
görə ordudan tərxis olunmuş, Azərbaycan Radio Verilişləri Komitəsində məsul redaktor, bir ildən sonra Azərnəşrdə şöbə
müdiri təyin olunmuşdur (1944). Əmək veteranı medalı (1966),Şərəf nişanı ordeni, Lenin komsomolu mükafatı (1958), Azərbaycan Ali
Soveti Rəyasət heyətinin Fəxri Fərmanı, Lenin ordeni (1975) ilə təltif edilmişdir.
Yazıçının Ömər Xəyyam, A.S. Puşkin, Jukovski, Krılov və başqa şairlərdən tərcümələri
indi də oxucular tərəfindən sevilə-sevilə oxunur.
Mirmehdi Seyidzadə 1976-cı il avqust ayının 30-da vəfat etmişdir.
|