SAÇI QAR, RUHU BAHAR ŞAİRƏ

 

 

Sən şeirlə ömr edib,

Başı qarlı dağ oldun.

İlhamın dağ döşündə

Qaynayan bulaq oldu.

Dinlədik körpəlikdən,

Qəlbə tanış səsini

O səsdəki sədaqət,

Dostluq təranəsini.

Fəqət sanma biz bunu

Yalnız sənin yazında,

Yalnız sözündə gördük

Şeirinə qüvvət verən

Sədaqəti, dostluğu

Sənin özündə gördük.

 

Hər qıza, hər oğlana

Bu diyarı sev dedin

Çiçəkləri, quşları

İlk baharı sev dedin

Harayladın onları

Mətanətə, mərdliyə,

Gözəlliyə, düzlüyə

Cəsarətə, cəldliyə....

 

Demirəm ki, bu nəcib,

Bu saf xasiyyətləri

Təkcə sözündə gördük,

Doğma ələ, sənətə,

Bahara məhəbbəti

Həm də özündə gördük.

Hələ şair təbinin

Atəşi var, közü var,

Hələ dolu gönlünün

Yüz kitablıq sözü var.

Hələ neçə arzunun

Açılmamış qönçəsi

Hələ neçə baharın

Yazılmamış nəğməsi,

Diləyimiz budur ki,

Sənin söz gülşənindən

Yeni güllər dərək biz,

Qəlbinin tükənməyən

Sözünü-söhbətini

Əsərlərdə görək biz.

 

Ələkbər Ziyatay

şair

 

 

<< Geri