Bizim həm təbiətimiz bir-birinə uyğun olmuş, həm də seçdiymiz sənət.

***

  Uşaq ədəbiyyatı və bu sahədəki müvəffəqiyyətilə yavaş-yavaş oxucuların, ictimaiyyətin nəzərini cəlb etməyə başladı. Çox çəkmədi ki, uşaqlar Mir Mehdi Seyidzadənin “Nərgiz”, “Ayaz” kimi pyeslərinə tamaşa etdilər. Mən Gənc Tamaşaçılar Teatrında çalışdığım zaman həmin pyeslərin tamaşaçılar tərəfindən necə hərarətlə qarşılanmasının, alqışlanmasının şahidi olmuşam. Bu əsərləri cavan şair Gənc Tamaşaçılar Teatrının repertuarında orijinal əsərlərin olmadığı, yaxud çox az olduğu dövrdə yazmışdı. Seyidzadə Azərbaycan Sovet uşaq dramaturgiyasının ilk pionerlərindəndir.

Abdulla Şaiq,

şair-dramaturq


  Mirmehdi Seyidzadə - bizim Ağa başdan-ayağa mənəviyyat mücəssiməsidir.

Süleyman Rəhimov,

xalq yazıçısı


  Mirmehdi Seyidzadənin əsərlərində gənc oxucularda qoçaqlıq, yoldaşlıq, sədaqət, insanpərvərlik kimi yüksək mənəvi keyfiyyətlər tərbiyə olunur.

Əbdül Əzizov,

ədəbiyyatşünas


  Mirmehdi Seyidzadənin uşaqlar üçün yazdığı əsərlərin tərbiyəvi əhəmiyyətinə dair hər bir oxucunun, şübhəsiz ki, bu cür çoxlu unudulmaz xatirələri vardır. Onun yarım əsrə yaxın bir dövrü əhatə edən qırxa qədər kitabında toplanmış yaradıcılıq irsinin neçə-neçə nəslin nəcib əməllərə yiyələnməsində, yüksək əxlaqi keyfiyyətlər əxz etməsində az rolu olmamışdır.

Qasım Qasımzadə,

ədəbiyyatşünas


Seyidzadənin ustalığı orasındadır ki, o uşaq zövqünə və uşaq psixologiyasına uyğun bir şəkildə zalım və məzlumları, bunlar arasındakı sinfi ziddiyyəti bacarıqla, sadə və bədii bir dildə oxucusuna çatdırır.

Kamran Məmmədov,

professor


Mirmehdi Seyidzadə bütün şüurlu həyatını və iti qələmini balalarımızın təlim və tərbiyə işlərinə həsr etmişdir. O müasir həyatın qaynar sahələrindən götürdüyü mövzuları real və rəngarəng boyalarla uşaq və gənclərin başa düşəcəyi bir tərzdə təsvir etməyə qabil olmuşdur. Şairin əsərlərini diqqətlə oxuyan uşaq, həyatda mübariz olmağa, yaşamağa, yaratmağa, xalqa, vətənə sədaqətli olmağa, xoşbəxt həyatımızın qədrini bilməyə çalışır.

Aydın Hacıyev,

filologiya üzrə elmlər doktoru


Mirmehdi Seyidzadənin mənzum nağıllarında xalq nağıllarına xas olan çoxlu sehirli qüvvələr, tilsimli məkanlar, quşların və heyvanların insan kimi danışdırılması və s. məsələlər təsvir olunur. Bu həmin əsərlərin məzmun və ideyasının dolğunlaşmasına bədii cəhətdən gözəlləşməsinə və maraqla oxunmasına səbəb olur.

Əli Mirzəyev,

ədəbiyyatşünas

 


Mirmehdi Seyidzadə Azərbaycan uşaq dramaturgiyasının yaradıcılarından biridir. O xalq nağıllarından və klassik irsdən istifadə yolu ilə bir sıra səhnə əsərləri yaratmışdır. Onun müasir mövzuda yazdığı uşaq pyesləri də vardır. Bu əsərlərin bir çoxu uzun müddət Gənc Tamaşaçılar Teatrının repertuarından düşməmişdir.

 

Qara Namazov,

professor


Abdulla Şaiqdən sonra Azərbaycan uşaq ədəbiyyatının əsasını qoyanlardan biri Mirmehdi Seyidzadə olmuşdur.

 

Zahid Xəlil,

professor


Mirmehdi Seyidzadə bir şair kimi daha çox məşhur olmuşdur. Onun şeirlərində Azərbaycan təbiətinin gözəllikləri məhəbbətlə tərənnüm olunmuşdur. Şair yurdumuzun baharını, payızını, qışını, yayını poetik lövhələrlə balaca oxucuların gözləri qarşısında canlandırmağa nail olmuşdur.

 

Rafiq Yusifoğlu,

professor


Mirmehdi Seyidzadə zəngin bir ədəbi irs qoyub getmişdir. Bunların böyük bir qismi uşaq ədəbiyyatı nümunələridir. Etiraf edək ki, o, XX əsr Azərbaycan ədəbiyyatı tarixində bir uşaq şairi kimi daha çox xatırlanacaq. Onun istənilən şeirini ya mənzum nağılını oxuyanda dərhal hiss edirsən ki, bunları ancaq uşaq dünyasının incəliklərini, psixologiyasını duyan, onları sevən bir şair qələmə ala bilər.

 

Vaqif Yusifli,

filologiya elmləri doktoru


Gözəllər eşqinə yazdığı qəzəlləri ilə qəlbləri riqqətə gətirən, “Bir gözəl sevdim” deyib ahu tək könül cananını ram edən, şənlikdə, təravətdə bahar ilə əkiz olan bir şairimiz vardı - Mir Mehdi Seyidzadə.

Qafar Əsgərzadə,

pedaqogika üzrə fəlsəfə doktoru


Mirmehdi Seyidzadə Azərbaycan uşaq ədəbiyyatını yaradanların ön cərgəsindədir. Onun əsərlərində tərbiyəvi məsələlər daha çox diqqəti cəlb edir. Xalq yaradıcılığından –tapmaca və nağıllardan, hikmətli sözlərdən yerində istifadə etməklə əsərlərinin tərbiyəvi əhəmiyyətini həmişə yüksəltməyə çalışmış, uşaq və yeniyetmələri mənəvi cəhətdən təmiz olmağa çağırmışdır.

Xanım Mustafayeva,

filologiya üzrə fəlsəfə doktoru


Uşaqlar üçün yazmaq çətin, məsuliyyətli, həm də şərəflidir. Uşaq psixologiyasının incəliklərini duymaq, uşaqlara həqiqəti deməyi bacarmaq və onları razı sala bilmək üçün xüsusi istedad lazımdır. Mirmehdi Seyidzadədə də bu xüsusiyyət vardır.

 

Xalidə Hasilova,

əməkdar mədəniyyət işçisi


Mirmehdi Seyidzadə mənim ən çox dəyər verdiyim ustad sənətkarlardandır. Mirmehdi qəlb şairi, nəğməkar şairdir. Onun mahnılarını sevə-sevə oxuyuram. Mirmehdi Seyidzadə yaradıcılığı Azərbaycan ədəbi mühitində bir mərhələdir.

Zeynəb Xanlarоva,

SSRİ xalq artisti

 

<< Geri