Abdulla Şaiq
(1881-1959)
Abdulla Şaiq Talıbzadə Azərbaycan ictimai ədəbi və mədəni
fikri tarixində görkəmli romantik şair, nasir, dramaturq,
ədəbiyyatşünas-alim, tərcüməçi və müəllim kimi özgün yer
tutur. Yaradıcılığının çoxşaxəliliyi onun əsərlərinin
ideya-bədii keyfiyyətlərinə səmərəli təsir göstərmiş,
bütövlükdə A.Şaiq yaradıcılığının yüksək sənət nümunəsi kimi
ümumxalq məhəbbəti qazanıb əbədiyaşarlığına səbəb
olmuşdur. Bu işdə ədibin ailəsi, böyüyüb boya-başa çatdığı
elitar ziyalı mühitinin də rolu danılmazdır. Yazıçının oğlu
akademik Kamal Talıbzadənin yazdığına görə, onların
soyadları XVII əsrdən məlumdur. Həmin əsrdə ulu babaları
Molla Talıb qardaşları ilə bərabər Şəmsəddindən Sarvana
köçərək burada məskunlaşmışlar. Hazırda Gürcüstan
Respublikasının
Marneuli adlanan həmin bölgəsində bu nəslin törəmələri
yaşamaqdadırlar.
Abdulla Axund Mustafa oğlu Talıbzadə – Abdulla Şaiq 1881-ci
il fevralın 21-də Tiflisin Şeytanbazar məhəlləsində anadan
olmuşdur. Onun valideynləri – Axund Mustafa və Mehri xanım
bir neçə il idi ki, Tiflisə köçərək orada məskunlaşmışdılar.
Abdulla böyük qardaşı Yusifdən sonra ailənin ikinci övladı
idi. Onun əkiztayı olan qız uşağı doğulandan az sonra tələf
olmuşdu. Sonralar Abdulla Şaiq kimi məşhurlaşıb Azərbaycan
ictimai-mədəni fikrinin inkişafına və ədəbiyyatına böyük
xidmətlər göstərən Abdullanın uşaqlıq və gənclik illəri
mədəni bir muhitdə, qabaqcıl fikirli, dərin bilikli
ziyalıların əhatəsində və nəzarəti, himayəsi altında
keçmişdir. Atası Axund Mustafa Süleyman oğlu dövrünün
seçilən bir ruhani ziyalısı idi. O, 1881-ci ilədək Tiflis
şəhəri üzrə qazinin müavini, sonra isə Qafqaz
şeyxülislamının müavini işləmişdi. Oğlanları Yusiflə Abdulla
da ilk təhsillərini Tiflisdə müsəlman uşaqları üçün nəzərdə
tutulan altısinifli ruhani məktəbində almışdılar. Bu məktəb
təkcə dini təhsil ocağı deyildi. Onun tədris proqramı o
zamankı rus-tatar (Azərbaycan) məktəblərinin layihəsinə
uyğun idi. Odur ki, bu məktəbdə Abdullanın atası Axund
Mustafa ilə yanaşı, Qori müəllimlər seminariyasının
məzunlarından Baxşəli bəy və Paşa bəy də dərs deyirdilər.
Ölkədə XIX əsrin ortalarından başlayıb getdikcə inkişaf edən
maarifçilik hərəkatının ideyaları ilə silahlanan bu ziyalı
cavanlar gənc nəslin qabaqcılgörüşlü və vətəndaşlıq
duyğuları ilə nəfəs alan fədailər kimi yetişdirilməsi üçün
əllərindən gələni edirdilər. A.Şaiq 1889-93-cü illərdə bu
məktəbdə ilk təhsilini aldıqdan sonra Xorasana
ziyarətə gedən anası qardaşı Yusiflə birlikdə onu da özü ilə
aparır. Yusiflə Abdulla təhsillərini Xorasanda davam
etdirirlər. Burada dövrun qabaqcıl fikirli gənclərindən
olan, Urmiyədən köçüb gəlmiş Yusif Ziya adlı bir
müəllim də dərs deyirdi. Hər iki qardaşın fikri inkişafında,
ədəbiyyata, yaradıcılığa və azad düşüncəyə olan sonsuz
həvəs və yanğının qüvvətlənməsində xüsusi rolu və təsiri
olmuşdur. Təkcə bir faktı qeyd edək ki, böyük qardaş Axund
Yusif müəlliminə bəslədiyi sonsuz ehtirama əsasən özünə
“Ziya” təxəllüsü götürmüşdür.
1889-cu ilin payızında Mehri xanım oğlu Yusiflə birgə
Tiflisə qayıdır. Abdulla isə təhsilini tamamlamaq üçün
1900-cu ilin payızınadək Xorasanda bir tanışlarının
evində qalaraq burada bakılı Mirzə Abdulladan və gəncəli
Mirzə Bağırdan məntiq və poetika, habelə ərəb şeirinin
tarixinə dair dərs alır. Payızda anası Mehri xanım gedib
Abdullanı da Tiflisə gətirir. Bir neçə ay burada qaldıqdan
sonra əvvəlcə Yusif, sonra isə Abdulla Bakıya köçür.
O, gənc yazıçı Nəriman Nərimanovun və Qori Müəllimlər
Seminariyasının məzunu, qabaqcıl maarif xadimi Abbas bəy
Minasazovun köməyi ilə müəllimlik hüququ almağa
hazırlaşır və az sonra Bakıdakı Aleksandriyski gimnaziyada
xüsusi komissiya qarşısında imtahan verərək 25 aprel 1901-ci
il tarixli müəllimlik şəhadətnaməsi alır.
Bakıda 5-ci şəhər məktəbində ehtiyatda olan müəllim kimi
pedaqoji fəaliyyətə başlayan Mirzə Abdulla 1903-cü ildən
Sabunçudakı altısinifli məktəbdə ana dili və şəriətdən dərs
deyir. Bu illərdə o, görkəmli ədib və maarif xadimləri
Ə.Haqverdiyev, H.Zərdabi, N.Vəzirov, H.Mahmudbəyov,
S.S.Axundov, S.Hüseyn, habelə Ə.Hüseynzadə, M.Ə.Sabir,
M.Hadi, A.Səhhət, H.Cavid və başqaları ilə yaxından tanış
olub dostlaşır. A.Şaiqin milli-mənəvi inkişafında, onda
milli ideal və türkçülük düşüncəsinin formalaşmasında böyük
qardaşı Yusif Ziya ilə yanaşı, qovuşduğu bu qaynar
ədəbi-mədəni mühit də mühüm rol oynamışdır.
A.Şaiq həm bədii əsərləri, həm elmi-pedaqoji, həm də
müəllimlik fəaliyyəti ilə bütün ömrünü gənc nəslin
təlim-tərbiyəsinə, əsl vətəndaş, layiqli övlad kimi
yetişdirilməsinə həsr etmişdir. Tezliklə ədəbi aləmdə və
mədəni-maarif mühitində tanınan Abdulla 1905-ci ildə Qafqaz
Təhsil Dairəsi tərəfindən Bakı progimnaziyasına sənət və ana
dili müəllimi təyin edilir. Azərbaycan müəllimlərinin Bakıda
keçirilən birinci (1906) və ikinci (1907) qurultaylarında
fəal iştirakı onun həmin qurultayların qərarlarına uyğun
olaraq “Uşaq çeşməyi” (1906),
“İkinci il” (1907, M.Mahmudbəyov, S.Əbdürrəhmanbəyzadə,
S.S.Axundov, F.Ağazadə, A.Əfəndizadə ilə birgə), “Uşaq
gözlüyü” (1910), “Gülşəni-ədəbiyyat” (1910), “Gülzar” (1912)
adlı dərslikləri hazırlayıb çap etdirməsi və uşaqlar üçün
bir-birindən maraqlı bədii əsərlər qələmə alması ilə
nəticələnir. Sonrakı illərdə H.Cavid və M.Mahmudbəyovla
birgə çalışaraq o, “Türk çələngi”, “Milli qiraət kitabı”,
“Ədəbiyyat dərsləri” və s. dərs kitablarını nəşr etdirir.
A.Şaiq 1921-ci ildə Bakıda Ali Pedaqoji İnstitutun (hazırkı
ADPU) yaradılmasında fəallıq göstərmiş və burada Şərq
ədəbiyyatından dərs demişdir. 1923-cü ildə ədəbi-pedaqoji
fəaliyyətinin 20 illiyi təntənə ilə qeyd edilən A.Şaiq
1931-32-ci illərdə Şuşa pedaqoji texnikumunda, 1933-34-cü
illərdə isə Azərbaycan Sənaye İnstitutunda müəllim
işləmişdir. 1936-cı ildə APİ-də yenidən Şərq ədəbiyyatı üzrə
dərs deyir. Lakin əsas gücünü bədii və ictimai fəaliyyətə
sərf edir: “Xasay”, “Araz”, “Qoçpolad”, “Ovçu Məstan”,
“Nüşabə”, “Vətən”, “Bir saat xəlifəlik” və başqa povest,
roman və pyeslərini, çoxlu hekayə və şeir yazıb çap etdirir.
Əsərləri bir neçə dəfə kitab şəklində çapdan çıxır.
1939-cu ildə Gənc Tamaşaçılar Teatrında ədəbi hissə müdiri,
1949-cu ildə isə Azərbaycan Mədəni Əlaqələr Cəmiyyətində baş
məsləhətçi işləmişdir. A.Şaiq 1946 və 1956-cı il
çağırışlarında SSRİ Ali Sovetinə deputat seçilmiş, xalq
elçisi kimi şöhrətlənmişdir.
1921-ci ildə Şahzadə xanım Mirzəbəyova ilə ailə qurmuş, üç
oğul, bir qız atası olmuşdur.
Abdulla Şaiq Talıbzadə 24 iyul 1959-cu ilədək şərəfli və
səmərəli bir ömür sürdü. Xalqını həyat fırtınalarından
keçirib tərəqqiyə çatdırmaq üçün şair, nasir, dramaturq,
tənqidçi və ədəbiyyatşünas, pedaqoq, tərcüməçi və
ictimai xadim kimi çalışdı, vətən övladlarının xoşbəxt
sabaha gedən yoluna zəka və mədəniyyət nuru saçdı.
- 2 -
Uşaqlığından Tiflisin və Borçalı dağlarının ecazkar təbiəti
qoynunda və Azərbaycan folklorunun sirli-sehrli əfsanə və
nağıllar aləmində saf uşaq xəyallarının nəhayətsiz
qanadlarında vətəninə və xalqına, onun təbii və mənəvi
sərvətlərinə sonsuz məhəbbət duyğusu ilə bağlanan Abdulla
Şaiq Xorasanda və Bakıda xalqın ağır, dözülməz güzəranını
gördükcə qəlbi vətəndaşlıq kədəri ilə sıxılırdı. Bu sıxıntı
və əzabların nəticəsi “Vətən” şeirindəki aşağıdakı
misralarda belə ifadə olunurdu:
Ey çeşmimin önündə mücəssəm vətən, vətən!
Qəlbim kimi ələmlərə həmdəm vətən, vətən!
Fikrim sarayını dolaşırsan zaman-zaman,
Qanlı kəfənlə,
dərd ilə toəm vətən,
vətən!
Baxdıqca həsrət ilə o solğun camalına,
Çeşmimdə tar görsənir aləm,
vətən,
vətən!
Şair vətənin gül ləçəklərinə qonan şəbnəmini də dərddən axan
göz yaşlarına bənzədir. Düçar olduğu faciənin təsiri ilə
sanki donub qalan vətənin bu ağlar vəziyyəti vətəndaş şairin
canını üzüb, cismini əridərək zəiflədir. Vətəni canı kimi
sevən şairin ilham pərisi “gözəl mələk” də qüssə-qəm
içindədir:
Gördükcə dərdini əriyir cismi-natəvan.
Ney tək sızıldayır dili-pürqəm, vətən, vətən!
Qarşımda dərd, matəmə batmış gözəl mələk
Səslər həzin səda ilə hərdəm: vətən, vətən!
A.Şaiq vətənin bu möhnətinin tarixi-ictimai səbəblərini
axtarırkən yadına “övladi-naxələf” düşür. Vətən
övladının naxələf çıxması fikri ona sonsuz dərd gətirir.
Şairin romantik duyğularının şeir mələyi az sonra göz
önündə “Bir quş” poetik obrazında canlanır. Həmin quş
dərdli, ələmli və düşüncəlidir. Çünki incə və həssas qəlbə,
zərif duyğuya malikdir. Öz nəğmələri ilə şairin, ümumən
“məhəbbət əhlinin rəhbəri, irşadı”, yolgöstərəni
mərtəbəsinə yüksələn bu quşun sədası vicdanları oyadır,
vətəndaşları işıqlı gələcəyə səsləyir. Çünki bu çağırışlar,
dərdli düşüncə və fəryadlar bir heçlikdən, əfsanədən yox,
həyatın özündən, mövcud gerçəklikdən doğur:
Sədası pək dərin təsir edər əfkarə, vicdanə,
Duyurmaqda pək incə duyğular bir şair insanə.
Deyil əfsanə fəryadı,
cəfadən gəlmiş əfqanə,
Lisani-hal
ilə əyyami-vəsli
yad edər bir quş!
Bu quşun dövrün cövr-cəfasından gələn fəqanı övladlarına
onların əcdadlarının qəhrəmanlıq və xoşbəxtlik əyyamından
şirin və həsrətli nağıllar, tarixi həqiqətlər söyləyir.
Tarixi həqiqətləri qəlbin atəşli, romantik qanadlı
hissiyyatı ilə qovuşuq şəkildə, “hissiyyati-qəlbiyyə ilə”
(A.Səhhət) söyləyən bu quş əslində elə şairin (A.Şaiqin) özü
kimi məhəbbət qanadlı hissiyyata malikdir. İlham pərisi ilə
bu fikri və hissi qovuşmanı A.Şaiq belə ifadə edir:
Bu quş da mən kimi dünyada hissiyyata malikdir,
Məhəbbətdən vurar dəm,
şahrahi-eşqə
salikdir.
Cahanda eşq rahı,
Şaiqa,
neməlməsalikdir!
Mənim fəryadi-məhzunanəmi
bünyad edər bir quş.
Beləliklə, Abdulla Şaiqin ədəbiyyata gəlişi romantik bir
məzmun və üslubda baş verir. Özü də onun şeir rübabı daim
ülviyyət, hürriyyət, mübarizə, işıqlı, xoşbəxt gələcək
nəğmələri üstə köklənir. Bu rübabın çalıb oxuduğu nəğmələr
vətən övladını ta cocuqluqdan başlayaraq tərəqqiyə,
fəaliyyətə, layiqli vətəndaş olmağa səsləyir və bu ruhda da
tərbiyələndirməyə çalışır. Həmin məqsədə çatmağın yolunu
A.Şaiq də, əksər məsləkdaşları və yaradıcı dostları kimi,
maarif və məktəblərin inkişaf etdirilməsində görür. Odur ki,
vətən övladlarının zamanın inkişaf sürəti ilə ayaqlaşa
bilən, yeni tipli proqram və dərsliklərlə təchiz edilmiş
təhsil ocaqlarında oxumalarını təmin etmək uğrunda fəal və
ardıcıl mübarizəyə qoşularaq, Azərbaycan müəllimlərinin
1906-cı və 1907-ci ildə Bakıda olan I və II qurultaylarının
hazırlanması, keçirilməsi və onların qərarlarının həyata
keçirilməsində xüsusi fəallıq və pedaqoji ustalıq nümayiş
etdirir. Daha doğrusu, o, əməli pedaqoji fəaliyyətini
elmi-metodiki işlə – proqram və dərsliklər tərtibi, həm də
paralel olaraq bədii yaradıcılıqla davam etdirib
tamamlayır. A.Şaiq zamanın tələbinə və maarifçilik
hərəkatına uyğun olaraq, Azərbaycan müəllimlərinin I və II
qurultaylarında Ana dili və əlifba dərsliklərinə (və
dərslərinə) qoyulan tələblərə qurultaylardan az sonra
bir-birinin ardınca çap etdirdiyi dərsliklərdən uzun illər
Azərbaycan gəncliyinin bir neçə nəsli istifadə etmiş,
faydalanmışdır. Bu işi A.Şaiq təkcə müəllim və pedaqoq,
metodist kimi yox, həm də klassik uşaq ədəbiyyatımızın
poeziya, nəsr və dram janrında bir çox yaddaqalan
nümunələrini yaratmaqla görmüşdür. O, bir tərəfdən məktəb
şagirdləri üçün dərsliklər hazırlayır, digər tərəfdən həm
həmin dərsliklərdə, həm də “Dəbistan”, “Rəhbər”, “Məktəb”
jurnallarında çap edilmək üçün orijinal əsərlər yazır, bədii
tərcümələr edirdi. Onun müəllimliyi, elmi-pedaqoji
fəaliyyəti ilə bədii yaradıcılığının vəhdət təşkil etməsini,
bu yaradıcılıq sahəsinin birinin digərini tamamlamasını
nəzərdə tutan professor Yaşar Qarayev yazırdı: “Abdulla Şaiq
şair ikən də müəllim, müəllim ikən də şairdir… Şeirdə də,
tərbiyədə də məqsədi gəncliyin mənəvi çırağını alışdırmaq
idi. Şaiq öz şeirlərini ilk əvvəl dərsliklər üçün yazır,
pyes və hekayələrini ən əvvəl tərbiyəvi-əxlaqi bir niyyət
və qayə naminə qələmə alırdı. Odur ki, “şaiqlik” sözünün
ifadə etdiyi mənəvi-əxlaqi mənanı onun həm müəllimlik, həm
də şairlik fəaliyyətində eyni səviyyədə görmək olar. Müəllim
Şaiq də, nasir və şair Şaiq də ilk gündən bir ata qayğısı
ilə “cocuqluğa” ana dili öyrədirdi. İndi bu nəcib xidmətin
ən yaxşı yadigarı yaradılmasında və inkişafında Şaiqin
canla-başla iştirak etdiyi böyük uşaq ədəbiyyatıdır”.
A.Şaiq XX əsr uşaq ədəbiyyatımızın yaradılması və inkişaf
etdirilməsində ardıcıl və məqsədyönlü şəkildə çalışmış, öz
fəaliyyəti ilə bu sahədə bir məktəb yaratmışdır. “…O,
müntəzəm və ardıcıl şəkildə həmişə uşaq ədəbiyyatı ilə
yaşamış, nəfəs almışdır. Azərbaycan uşaq şeiri və nəsri,
dramaturgiyası bütöv və müstəqil bir klassik məktəb
səviyyəsində məhz onun yaradıcılığında kamala çatmışdır”.
Abdulla Şaiqin ilk mətbu şeiri də uşaqlar üçün yazılmışdır.
“Ananın öz oğluna lay-lay deməsi” başlıqlı bu şeirdə Ana öz
övladına onun ulu və şöhrətli soykökə, gözəl və zəngin,
əsrarəngiz təbiətli vətənə bağlı olduğunu belə başa salır:
Lay-lay
mələkim,
sevdicigim,
yavrucuğum,
yat!
Bir də ələ düşməz bu cocuqluq dəmi,
heyhat!
Türk oğlusan,
əcdadın ulu,
şanlı,
sərəfraz,
İştə vətənindir,
a quzum,
şanlı bu Qafqaz.
Həyata qədəm qoyuduğu ilk anlardan ana öz övladının
mənəvi-əxlaqi tərbiyəsi ilə yanaşı, həm onun fiziki
sağlamlığı qayğısına qalır, həm də yavrusuna parlaq günəşli
bir səhər arzulayır.
A.Şaiq uşaq psixologiyasına, onun maraq dairəsi və anlaq
səviyyəsinə bələd olan incə zövqlü, həssas duyğulu
sənətkar idi. Uşaqların nağıl və əfsanə qanadlı
fantaziyası, gördükləri, müşahidələri qarşısında duyduğu
heyrət və təəccüb onun şeir və hekayələrində romantik bir
vüsətlə əks etdirilmişdir. Bu əsərlərdə romantizmə xas
zahiri sadəlövhlük, ilkinlikdən doğan saflıq, heyrət və
varlığı dərk etmək cəhdləri sanki uşaq dünyasının
sirli-sehrli aləmindən güc alır. Uşağın ilkin olaraq ətraf
aləmə, təbiətə, canlılara göstərdiyi diqqət və maraq
şairin “Xoruz”, “Keçi”, “Uşaq və dovşan”, “Yetim cücə” və s.
şeirlərində öz əksini həyatdan doğan romantik heyrətin
poetik ifadəsi şəklində tapmışdır.
Xoruzun hərəkət və əlamətlərindən təəccüblənib bütün
bunların sirrini anlamağa çalışan uşaq ona deyir:
Ay pipiyi qan xoruz,
Gözləri mərcan xoruz!
Sən nə tezdən durursan,
Qışqırıb banlayırsan.
Qoymayırsan yatmağa
Ay canım, məstan xoruz!
Hər birimizin uşaqlıqdan əzbər bildiyimiz bu kiçik şeirdə
ifadə olunan heyrət və saflıq dolu məna və məzmun
dərinliyi, bütün bu cəhətlərin böyük ustalıqla uşaq marağına
uyğun ifadəsinin nəticəsidir ki, o, uşaq poeziyamızın
klassik nümunələri sırasına daxil olmuşdur. Yaxud “Keçi”
şeirində keçinin hərəkətləri ilə yanaşı, onu gözləyən
təhlükədən narahat olan uşağın hiss və həyəcanlarını
görürüksə, başqa bir şeirdə “Uşaq və dovşan”ın (III, s. 7)
dialoqu vasitəsilə digər canlılarla insanın ünsiyyət
yaratmaq cəhdinin şahidi oluruq. Dovşanın ondan qaçmasını
istəməyən uşaq onu özü ilə dostluğa çağırır:
Dovşan,
dovşan,
a dovşan:
Qaçma,
dayan,
a dovşan!
Qaçma səni sevəndən,
Can kimi bəsləyəndən.
Dovşan isə uşaqdan qaçmasının səbəbini belə izah edir:
Dura bilmərəm,
dadaş,
Yanında var Alabaş.
Xəbərdaram işindən,
Qurtarmaram dişindən.
Bu izahatın özündə insan qayğı və həssaslığından doğan
məhrəmanə bir münasibət var.
A.Şaiqin
uşaq şeirləri həm də uşaqları müxtəlif canlılar,
eyni zamanda təbiət hadisələri,
çiçəklər,
bitkilərlə yaxından tanış etmək,
onların xüsusiyyətləri və ətraf aləmdəki yeri barədə anlayış,
məlumat və bilik vermək məqsədi daşıyır.
Yuxarıda haqqında söz açdığımız şeirlərdən başqa
“Quzu”,
“Bülbül”,
“Yetim
cücə”,
“Arı”,
“Kəpənək”,
“Qızılgül”,
“Bənövşə”,
“Zanbaq”,
“Qərənfil”
və s.
şeirlər deyilənlərə misaldır.
“Səhər”,
“Payız
gecəsi”,
“Bahar”,
“Ülkər”,
“Tonqal”
və s.
şeirlər balaca oxucularda həm də təbiətə,
onun gözəlliklərinə məhəbbət hissi aşılamaq məqsədi daşıyır.
Məsələn,
dillər əzbəri olan
“Bənövşəyəm,
bənövşə,
düşmüşəm dilə,
dişə”
misraları ilə başlayan şeirdə bu bahar çiçəyinin xüsusiyyəti
barədə
–
nə vaxt açıb,
solması haqda deyilir:
Bahar oldu açaram,
Qar,
borandan qaçaram;
Başqa güllər açanda
Mən quş olub uçaram (III, s. 27).
Burada bənövşə çiçəyinin digər çiçəklərdən tez açıb az ömür
sürməsi bilərəkdən solub getmək yox, “quş olub uçmaq” kimi
ifadə olunur. Bununla şair bənövşənin əbədiyaşarlığı,
sadəcə olaraq uçub harayasa getməyi və nə vaxtsa qayıdacağı
haqda oxucuda təsəvvür yaradır. Balaca oxucu intizarla
bənövşənin “qayıdacağı” günü gözləyir.
Qərənfiləm mən,
Gözəl güləm mən;
Yaşıl saplaqlı
Bir sünbüləm mən (III, s. 26).
Yaxud “Zanbaq” şeirində oxuyuruq:
Zanbağam mən, Zanbağam,
Ay işığından ağam,
Açdığım hər ağ çətir
Ətrafa yayır ətir.
Ağ atlazdan donum var.
Gümüş kimi parıldar.
Mən də gözəl çiçəyəm,
Toxunma,
ağ ipəyəm (III, s.27).
Bu misraların hərəsində zanbağın bir əlaməti haqda məlumat
verilir.
Təsvirlər sona çatanda zanbağın portreti
tamamlanır.
Şeirin özü kimi onun yaratdığı təsəvvur də yığcam və
poetikdir.
Yaratdığı təəssürat çiçəyin özü qədər zərifdir.
A.Şaiq
təkcə gülləri,
çiçəkləri vəsf etmir.
O,
başqa nəsnə və hadisələrdə də təbiət gözəllərinin və
gözəlliklərinin bir əlamətini tapır.
Digər şeirlərdə olduğu kimi,
şairin həmin şeirlərindəki
müşahidə və bənzətmələri də incə və poetik olduğu qədər həm
də həyatidir.
Məsələn,
“Tonqal”
şeirində olduğu kimi:
Bir qırmızı güldür tonqal,
Bir dəstə sünbüldür tonqal.
Bağdan dərilmiş lalədir,
İçilməz al piyalədir.
Bir xonçadır al günəşdən,
Həyat gəlir bu atəşdən.
Nə gözəldir şən nəğməsi,
Ruha nəşə verir səsi (III, s.42).
Tonqalla bağlı bənzətmələr, yanarkən “oxuduğu nəğmə”, bu
“nəğmənin” onun istiliyinə qarışıb “ruha nəşə, həyat”
verməsi uşaqlarda həm də müşahidə, fantaziya, estetik duyum
qabiliyyətinin formalaşdırılmasına və inkişafına xidmət
edir.
A.Şaiq uşaqlarda bədii zövqün cilalanması, onlarda təmizlik,
səliqəlilik, əməksevərlik, elmə, təhsilə maraq və sevgi
hissinin aşılanması məqsədi ilə çoxlu şeir yazmışdır.
Şairin “Bahar nəğməsi”, “Əkinçi nəğməsi”, “Dəmirçi
nəğməsi”, “Məktəbli marşı”, “Vətən nəğməsi”, “Ana yurdum” və
s. şeirləri uşaqların musiqi zövqünə, zehni inkişafına,
onların vətənpərvərlik ruhunda tərbiyələnmələrinə xidmət
edirsə, “Təmizlik” şeiri vacib əxlaqi sifətlər təlqin edir.
Şeirdə balaca qəhrəmanın dili ilə deyilir:
Səhər durunca,
Əlimdə fırça
Sildim dişimi,
Bildim işimi.
İnanmırsan, bax,
Dişim ağappaq.
Üstüm tərtəmiz:
Bax, beləyik biz! (III c., s.26)
Uşaqlara bu cür əxlaqi keyfiyyətlər cürbəcür forma və
üsullarla aşılanır. Məsələn, yuxarıda misal gətirdiyimiz
şeirdə təmizkarlıq, dişə qulluq etməyə çağırış uşağın
şəxsində nəzərə çatdırılırsa, zəhmətsevərlik, insanlara
gərək olub rahatlıq gətirən iş görməyin vacibliyi və
əhəmiyyəti fikri “Arı” şeirində arının nümunəsində
verilir. Şeirdə arının dilindən onun öz zəhmətkeşliyi ilə
fəxr etməsi belə təsvir olunur:
Arıyam, zəhmətkeşəm,
Bal, mum çəkməkdir peşəm…
Çalışaram doqquz ay,
Hamı məndən alır pay.
Balımdan qoy yesinlər
Mənə
“Sağ
ol!”
desinlər (III, c., s.29).
Zəhmətdən zövq almağın şirinliyi uşaqlar üçün yazılmış “Bir
quş” adlı başqa bir şeirdə də diqqətə çatdırılmışdır. Burada
balaca qəhrəman özünə yuva quran bir quşun “işdən yorulub
duran zaman” şad, xürrəm “Cik-cik” oxumasına böyük maraq
göstərir. Şeirin təsir gücü də elə oyatdığı bu maraqdadır.
Uşaqlarda zəhmətsevərlik, valideynlərin köməyinə yetişmək
duyğusu A.Şaiqin “Yeni köməkçi” şeirində oğlanın tarlada
xış sürən anasına könüllü, öz təşəbbüsü ilə kömək etməsinin
təsviri ilə aşılanır. “Layla”, “Oyan, oğlum!”, “Məktəbdə” və
s. şeirlərdə isə balaca qəhrəmanlar elm oxuyub tərəqqi
etməyə, layiqli vətəndaş kimi yetişməyə çağırılır. Məsələn,
“Layla” şeirində Ana öz balasını ancaq yemək-içmək əsiri
olmaqdan çəkindirir, böyüyüb “bir azca boy atandan” sonra
oxumaq barədə düşünməyə və məktəbə getməyə səsləyir:
Böyü bir az,
yeddi yaşa yetgilən,
Səhər tezdən dur,
məktəbə getgilən;
Dərs oxuyub yazmağa səy etgilən;
Layla quzum,
layla gözüm,
yatgilən,
Rahat olub bir azca boy atgilən. (III c., s.7)
A.Şaiq öz balaca qəhrəmanını addım-addım izləyir. Biz onun
“Oyan, oğlum!” şeirində sanki “Layla” şeirindəki uşağı artıq
məktəb yaşında görürük. Şair bu dövrdə uşağa layla deməyə
yox, onu dərsə həvəsləndirməyə, əslində laylanın məzmun və
ideyasını dəyişməyə üstünlük verir:
Ağıllı oğlum, oyan!
Qiymətlidir hər zaman.
Tez ol dur,
get məktəbə,
Sarıl elmə,
ədəbə.
Səhər ziyandır yuxu,
Məktəbə get,
dərs oxu. (III c., s. 14)
“Layla”
şeirindən fərqli olaraq
“Oyan,
oğlum!”
şeirinin misraları yığcam, ahəngdar,
daha dinamikdir.
Bu məziyyətlər şeirin qəhrəmanına şirin yuxu qoynunda
uyumaq yox,
elm,
tərəqqi yolunda hərəkət,
fəallıq təlqin edir.
A.Şaiq bilirdi ki, millətin gələcəyi olan uşaqların yüksək
səviyyədə yetişmələri onların analarının
savadlandırılmasından, elmli olmasından çox asılıdır. Şairə
görə, savadlı, elmli və tərbiyəli ananın qucağı millətin
gələcəyi üçün bir işıq, nur mənbəyidir. Bu düşüncələrlə
“İşıq mənbəyi” şeirində yazırdı:
Qaranlıqdır vətənimin hər bucağı,
Sönmüş ata-babamızın ocağı…
Tərəqqi etməyə lazımdır ancaq,
Tərbiyəli anaların qucağı.
Qadınla hər millət eylər tərəqqi,
Qadındır millətin şamı, çırağı… (II c., s.36)
Bu haqlı qənaətlə A.Şaiq qadınlarımızın təhsil alıb, mənən
və ruhən azad olması uğrunda yorulmaz mübarizə aparan
həmkarlarının ön sıralarında dayanırdı.
A.Şaiq uşaqlar üçün “Tülkü və Aslan”, “Tülkü və Qurd”,
“Aslan, Qurd və Tülkü” və s. təmsillər də yazmışdır. Həmin
təmsillərdə düşüncəsizliyin və lövğalığın acınacaqlı
nəticəsi, zalımlıq və tamahkarlıq kimi qüsurlar tənqid
olunub, ibrətamiz, əxlaqi nəticələr çıxarılır. “Tıq-tıq
xanım”, “Tülkü Həccə gedir”, “Yaxşı arxa” mənzum
nağıllarında, “Şələquyruq” adlı mənzum hekayəsində
folklordan bəhrələnmə yolu ilə balaca oxucularına maraqlı
əhvalatlardan bəhs edir. Bu zaman onlarda özündən razılıq,
hiyləgərlik və riyakarlıq, tamahkarlıq və ziyankarlıq
kimi zərərli vərdişlərdən uzaq olub, ağıllı, sadə və
səmimi, dostluqda həmrəy və sədaqətli olmaq kimi əxlaqi
sifətlər aşılamağa çalışır.
A.Şaiq gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi
işinə də xüsusi diqqət yetirmiş, bu mövzuda xüsusən Böyük
Vətən müharibəsi illərində marş və nəğmə ruhlu şeirlər
yazmışdır. Əgər onun “Ana yurdum”, “Vətən nəğməsi”, “Vətən”
şeirlərində yeniyetmə gənclərdə vətənə sevgi, onun qədrini
bilmək və uğrunda mübarizə aparmaq fikri və əzmi təlqin
olunurdusa, “Zəfər nəğməsi” şeirində qələbə sevincinin
təntənəsi şairin sinəsini qabardır. A.Şaiq bu sevincli
anlarda da vətənin qədir-qiymətini, onun milli varlığımız
üçün əvəzsiz nemət olduğunu bir daha diqqətə çatdırmağı
unutmur.
A.Şaiq folklordan və klassik ədəbiyaytdan götürdüyü
mövzular əsasında uşaqlar üçün “Tıq-tıq xanım”, “Yaxşı
arxa”, “Eşşək üstündə səyahət”, “Ovçu Məstan”, “Sehrli
üzük”, “Nüşabə”, “Sultan Səncər və Qarı” mənzum
nağıllarını, “Tülkü və Xoruz”, “Dəvə və Siçan”, “Arı və
Eşşək”, “Tülkü və Dəvə”, “Dəvə, Tülkü və Qurd” və s.
təmsillərini qələmə almışdır. Ədibin uşaqlar üçün yazdığı
digər əsərlərlə yanaşı, bu bədii nümunələr də balaca
oxucular tərəfindən maraqla qarşılanmış, pedaqoji və elmi
ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmiş, onların
bəzilərinin motivləri əsasında uşaqlar üçün cizgi
filmləri çəkilmişdir.
Abdulla Şaiq gənc nəslin milli ruhda tərbiyələndirilməsi,
uşaqların əsl vətəndaş kimi yetişdirilməsi üçün zamanın
fürsət verdiyi bütün imkanlardan bacarıqla istifadə
etmişdir. Bu fikrə onun bədii əsərləri və dərslikləri ilə
yanaşı ədibin 1918-ci ildə yaratdığı və öz adı ilə “Şaiq
Nümunə Məktəbi” kimi məşhurlaşan təhsil ocağı da etibarlı
dayaqdır. Həmin məktəbin yaranması haqda akademik
K.Talıbzadə “Abdulla Şaiq – 20” kitabının 2001-ci il nəşrinə
(kitabın birinci nəşri 1923-cü ilə aiddir) yazdığı “Ön
söz”də atasına istinadən belə məlumat verir: “… Ədib
(A.Şaiq – red.) nağıl edirdi ki, 1918-ci ildə Azərbaycan
Cümhuriyyəti yarandığı dövrdə dərs dediyi Bakı realni
məktəbində rəhbəri, mürəbbisi olduğu öz sinfini
milliləşdirmişdi: yəni bütün fənləri rus dilində
keçilən sinifdə türk dilində tədris edilməsinə nail
olmuşdu. Bu tədbir o zaman çox böyük zəhmətin, vətəndaş
qeyrətinin hesabına başa gəlmişdi. Nəzərə almaq lazımdır
ki, “Şaiq Nümunə Məktəbi” o dövrdə milliləşdirilmiş ilk
rusdilli Azərbaycan məktəbi idi. Şagirdlərin valideynləri
ilə bir-bir, ayrılıqda görüşərək, danışaraq Şaiq onlardan
övladlarının türk (Azərbaycan) dilində oxumağa razılığını
almışdı… Gənc Şaiq nüfuzu və ardıcıl, fasiləsiz əməyi
sayəsində öz rəhbəri olduğu sinfi türkləşdirməyə –
milliləşdirməyə nail olmuşdu. Bununla Azərbaycanda ilk orta
milli təhsilin əsasını qoymuşdu.
Bu, Azərbaycan orta təhsilində böyük inqilab idi. Məhz bu
təhsil mərkəzinin əsasında “Şaiq Nümunə məktəbi”
yaranmışdı”.
A.Şaiq folklor və klassik yazılı ədəbiyyatımızın motivləri
əsasında uşaqlar üçün “Gözəl bahar”, “Çoban”, “İntiqamçı
xoruz”, “Danışan kukla”, “İldırım”, “El oğlu”, “Vətən”,
“Fitnə”, “Nüşabə”, “Şah Abbas”, “Qaraca qız”, “Tapdıq
Dədə” və s. pyeslərini qələmə almış və uşaq dramaturgiyası
sahəsində Azərbaycanda yeni-yeni müəlliflərin meydana
çıxmasına səbəb olmuş, habelə gənc müəlliflərin
qələmlərinin bu sahədə püxtələşməsində öz müəllim və
təcrübəli yazıçı qayğısını əsirgəməmişdi. Ədibin uşaq və
gənclər üçün yazdığı bu pyeslərini məzmununa, ideya-estetik
xüsusiyyətlərinə görə iki qrupa ayırmaq olar: birinci qrupa
“Gözəl bahar”, “Danışan kukla”, “İntiqamçı xoruz”, “Ürək
tikmək, yaxud qurban bayramı” və s. pyeslər daxildir ki,
onlar kiçikyaşlı uşaqlar üçün nəzərdə tutulmuşdur.
“Gözəl bahar” A.Şaiqin uşaqlar üçün yazdığı ilk pyesdir və
bu əsərlə o, Azərbaycanda uşaq dramaturgiyasının əsasını
qoymuşdur». Əsərdə Baharla qışın timsalında həyat, ümid və
xoşbəxtliklə zülm və əsarət törədən qüvvələr arasında
gedən kəskin mübarizə təsvir edilir. Nəhayət, Baharın
“ordu”suna daxil olan Yer, Su, Qaranquş, Torpaq, Çiçəklər və
s. qışın “ordusu” Boran, Qar və sairin üzərində qələbə
çalaraq şən və xoşbəxt həyatı bərqərar edirlər…
A.Şaiqin ikinci qrupa – yeniyetmə və gənclər üçün
nəzərdə tutulan pyesləri sırasına “Bir saat xəlifəlik”,
“Yazıya pozu yoxdur”, “Qafqaz çiçəyi”, “İldırım”, “El
oğlu”, “Vətən”, “Ana”, “Xasay”, “Fitnə”, “Qaraca qız”,
“Nüşabə” əsərləri daxildir. Həmin əsərlərin əksəriyyətini
o, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının
ədəbi-pedaqoji şöbəsinin müdiri işlədiyi dövrdə – 1937-ci
ildən sonra qələmə almışdır. Bu peşələrdən “Gözəl bahar”,
“Danışan kukla”, “Bir saat xəlifəlik”, “El oğlu”, “Vətən” və
başqaları folklor motivləri əsasında, “Qafqaz çiçəyi”,
“İldırım”, “Fitnə”, “Qaraca qız”, “Aldadılmış ulduzlar”,
“Nüşabə” tarixi mövzuda və klassik yazılı ədəbiyyatdan
istifadə yolu ilə, “Xasay”, “Vəzifə” isə müasir həyatdan
götürülərək yazılmışdır. Ədibin uşaq pyeslərinin əksəriyyəti
onun öz sağlığında və sonrakı dövrdə uğurla tamaşaya
qoyulmuşdur. Həmin əsərlər uşaqların və yeniyetmə gənclərin
dünya
görüşlərinin, bədii-estetik zövqlərinin püxtələşməsində,
onlarda əxlaqi keyfiyyətlərin tərbiyə edilməsində böyük rol
oynamış və öz aktuallıqlarını bu gün də saxlamaqdadırlar.
- 3 -
Abdulla Şaiq yaradıcılığında səmimiyyət, məhəbbət və
ədalətlə süslənmiş işıqlı bir inam, qanadlı romantikadan
və soydaşlarının tarixi mənəvi qüdrətindən irəli gələn
ümid, əzəmət, nikbinlik hakimdir. Onun ilham pərisi
yaşadığı əsrin qeyri-müəyyən gedişlərini anlamağa çətinlik
çəkərkən dərin bir vətəndaş narahatlığı ilə “İyirminci əsrə
xitab”, “Hürriyyət pərisinə” müraciət edərək öz suallarına
aydın cavab almağa çalışırdı. “İyirminci əsrə xitab”da
şair-vətəndaş narahatlığının doğurduğu sualların poetik
ifadəsi belədir:
Tufanlı ildırımlarının qəhri, hiddəti,
Xofu ümid ilə yaşadır cümlə milləti.
Qaldır buludlu pərdələri, anlasın cahan,
Sönməz günəşmi, ya qara bir kölgədir doğan?
Varmı ümid bir daha feyzü səadətə?
Ya çəkmədə bizi yenə girdabi-zillətə?
Bu qırmızı şəfəqlər içində nihan-nihan
Doğmazmı nur,
mehr,
məhəbbət cəhan,
cəhan?!
Ey vah!..
Ənqərib bu əmvaci-kibriya,
Bir sahilə səfinəmizi sövq edərmi ya?
Bilməm,
bu dağlar,
bu məhabətli fırtına
Öksüz bu milləti çıxararmı o bir yana?
(II c., s.13)
Əsrin qeyri-müəyyənlikləri qarşısında bəzən təlaş və
intizarı artıb ümidsizliyə çevrilən şairin “Şikayətlərim”
(II c., s.17) şeirində üzə çıxan vətəndaş duyğuları onun həm
də millətin taleyi üçün narahatlıqlarını və təəssübkeşliyini
ifadə edir:
Yenə hər yanda hökm edir zülmət!
Yenə söndü o nazənin ülkər!
Gecə-gündüz tapındığım dilbər,
Yenə qaldıq vüsalına həsrət.
Bu vətəndaş narahatlığından çıxmaq üçün A.Şaiq üzünü müdrik
və mübariz “vətən qayıqçılarına” tutaraq onları “cəhalətlə
mübarizə”yə çağırır:
Noldunuz, ey vətən qayıqçıları!
Qaldı dərya üzündə yelkəniniz.
Susdunuz, yox sədavü şivəniniz,
Ey elin şanlı hayqırıqçıları!
Bu çağırış və hayqırtıların arxasında millətin işıqlı
gələcəyinə, xoş, nurlu sabahına şairin sonsuz və qətiyyətli
bir inamı dayanır. Təsadüfi deyil ki, A.Şaiqin
yaradıcılığı boyu biz “Bir ulduz”a, “Dan ulduzu”na, “Ülkər”ə
müraciətlərin, “Bir mələk”lə, “Hürriyyət pərisi” ilə
dialoqların şahidi oluruq. Şair özünün “Hurriyyət pərisi”nin
belə tez sönməsi ilə barışa bilməyib onu köməyə çağırır ki,
işıqlı sabaha ümidini və bu amal uğrunda mübarizə əzmini
sönməyə qoymasın:
Müzlim gecə, ətrafı bulud, çən bürüyərkən,
Göz yaşlarımın bəslədiyi ey gözəl ümmid,
Qarşımda təcəssüm edərək ver bənə təyid,
Bu zülmət ilə sübhə qədər ta vuruşum bən! (II c., s.13)
A.Şaiq bu vuruşmada qalib gəlib hürriyyət, ədalət və
insanlıq pərisinə çatmaq üçün bütün bəşəriyyəti bir-birinə
“dəsti-üxüvvət”, “dəsti-vəfa” uzadıb bir-birinin əlini
sıxmağa, bununla da əsrlərdən bəri bəşəriyyəti çulğalayan
qara pərdələri yırtıb dağıtmağa çağırır. Bu məhəbbətin
ilahi, əzəli və əbədi əsasını isə şair
Həpimiz bir yuva pərvərdəsiyiz!
Həpimiz bir günəşin zərrəsiyiz! (II c., s.29)
qənaətində görür. A.Şaiqə görə, bəşəriyyətin bu vəhdətini,
onun ilahi eşq həsrətinin vahidliyini heç bir şey
nə dil, nə din, nə irq, nə sərhəd, nə məzhəb, nə millət
fərqi ayıra bilməz. Şairin “Sevgi hakim olmalı” şeiri də bu
fikir və ideyanın davamı kimi üzə çıxmışdır. Onun
qənaətinə görə, insanlar və millətlərarası
münasibətərdə qüvvət
kəlməsi və anlayışı aradan tamamilə götürülməlidir:
İnsanlığa qüvvət degil, sevgi hakim olmalı,
Qüvvət sözü insanlığın içindən həp qovulsun.
Hətta bütün Qamuslardan silinməli büsbütün,
İnsanlığın qəlbi, ruhu sevgi ilə dolmalı… (II c., s.72)
İnsanlığı kin və ədavət, qoluzorluluq, təkəbbür və lovğalıq
kimi sifətlərin üstələməsi A.Şaiqin eyniadlı əsərində “İki
familiyanın məhvi”nə səbəb olur. Burada göstərilir ki,
Səfərin Telli adlı “nazikəndam, gözəl, pəripeykər, alagöz,
şux baxışlı, laləüzar, işvəli, qəmzəli, gözəl qızı” hələ
körpəlikdən əmisi Əmir Aslan bəyin oğlu Daşdəmirə
beşikkəsdi edilmişdir. Lakin o, Oğuz adlı bir gəncə könül
bağlamışdır. Gənclərin bu sevgisinin qarşısını heç bir
maneə, insan ruhunun azadlığına buxov olan zərərli adət kəsə
bilmir. Tellinin Daşdəmirlə toyu olan gün Oğuz öz
sevgilisini götürüb qaçır. Bu hadisə Daşdəmiri və
onun nəslini Oğuzun nəsli ilə qan davasına çıxarır…
Şair kədərlə göstərir ki, bu zərərli adət, kin püskürən
təkəbbür iki gəncin saf eşqi ilə yanaşı, iki məşhur nəslin
yoxa çıxması ilə nəticələnir. Vaxtilə şən qəhqəhələr
yüksələn köşkün yerində indi “qəm məkanı” olan xərabələr
durur. Bu xərabə isə öz görkəmi ilə “qanlı bir macəraya tənə
vurur”.
“Şair və qadın” poemasının qəhrəmanlarına da sevgisiz,
ümidsiz və imansız bir həyat zindan kimi görünür. Onların
hər ikisi vaxtilə sevginin “sultanları belə titrədən
qələsi”nin xoşbəxt, şən duyğulu sakinləri olmuşlar. Lakin
qadını sevgilisi xəbərətərsiz atıb başqa diyara gedib,
şairin isə sevgilisi vəfat edib. İndi bu xəyanəti
xatırlayanda qadının “bağrı qana dönür”. Bildirir ki, bu
xəyanət nəticəsində
Sanki yer, göy dönmüş bütün tərsinə,
Hər şey saxta, müzlim görünür mənə (II c., s.268).
Şair də təsəllisini hər dəfə sevgilisinin adını çəkəndə onun
gözünə görünən xəyalı ilə tapır, ruhunu sevgilisinin ruhu
ilə qovuşdurmağa çalışır. A.Şaiqin bu saf, ülvi duyğularla
sevən qəhrəmanlarının hər ikisi – Şair də Qadın da
özlərinin könül rahatlıqlarını pislik və xəyanətlərlə
dolu, tərsinə çevrilmiş cəmiyyətdə yox, ruhi aləmdə və
təbiətin şirin, ülvi xatirələri ilə dolu qoynunda, həyat
dolu yaşıl bir guşəsində tapırlar.
“İdeal və İnsanlıq” mənzum dramının personajlarının təkcə
adlarının göz önünə gətirilməsi A.Şaiqin bəşər övladının
gələcəyi üçün keçirdiyi narahatlıqların mahiyyəti və
çatışmazlıqların aradan qaldırılması yolları haqda romantik
düşüncə və qənaətləri haqda təsəvvür yaradır. Əsərin
iştirakçıları bunlardır: İnsanlıq, İdeal, Vicdan, Ədalət,
Mərhəmət, Səadət, Fəlakət, Zülm, Şeytan.
Nə qədər ki, şər qüvvələr bəşər övladının vicdanına
hakimdir, İdeal onları tərk etmək qərarına gəlir. Odur ki,
İnsanlıq Ədalət, Vicdan, Mərhəmət və sairin qələbəsi,
İdealın ona qaytarılması üçün Uca Yaradana üz tutur. Onun
çağırışları, duaları “Amin” sözü ilə təsdiqlənir. Bu
dəstəyin arxasından gec-tez İnsanlığın öz idealına
qovuşacağı inamı boylanır. Birinci Dünya müharibəsinin
boğucu tüstü və dumanları içindən ucalan bu inamın arxasında
isə A.Şaiqin bəşər övladının və öz əcdadının daim saflıq,
ədalət və xilaskarlıq üstə köklənən ruhlarının “Simurğ quşu”
şəklində geri dönəcəyinə bəslədiyi romantik
qətiyyəti dayanır.
Şair “mən”inin bu qətiyyəti ilə silahlanmış uşağın öz
anasına onu intizardan qurtarmaq istəyi ilə dediyi aşağıdakı
sözlər də bunu təsdiq edir:
Səbr et, anam, Qaf dağında dərələr
Dolub-daşar,
xain əllər quruyar.
Simurğ quşu gülər,
günəş də doğar.
Göydən yerə enər sevgi,
səadət;
O gün atam yenə gələr səlamət (II c., s.48).
A.Şaiqi
bu milli-mənəvi
ideal və inam heç vaxt tərk etmir.
Həmin nikbinlik şairi cümhuriyyət dövrunun ağır,
keşməkeşli mübarizə və çarpışmalar dövründə də işıqlı
sabaha,
xoş gələcək uğrunda mübarizəyə səsləyir.
***
O dövrdə bütövlükdə türk dünyasının və Azərbaycanın
düşdüyü böhranlı vəziyyətindən dərin təlaş keçirən Abdulla
Şaiq “Vətənin yanıq səsi” adlı poemasında Vətənin dili ilə
ulu babalarımızın şöhrətli keçmişinə nəzər salır.
Qafqazın – bu ulu Vətənimizin şən, xoşbəxt
günlərini, bizim ulu nəslimizi sevinclə öz qoynunda
bəslədiyini və igid, nəcib övladlarının timsalında özünə həm
də etibarlı mühafizlər tapıb daim əmniyyətdə olacağı qənaəti
ilə rahatlanır. Ancaq, bu gün vətən həmin nəslin
övladlarında əvvəlki təpəri görmədiyindən darılıb rəncidə
olduğunu belə ifadə edir:
Babanızdan üzülüncə əllərim
Gözlərimi sizə dikmişdim yalnız.
“Bu
qan da o qandan süzülmüş”,
deridim,
“Yaman
gündə imdadım olursunuz”.
Ümidlərinin doğrulmadığını görən Vətən bugünkü nəslin
torpağa, yurda “sahiblik” hissinin zəifləməsinin haradan
doğduğu sualına, milli-mənəvi laqeydliyin yaranma
səbəblərinə cavab axtararaq qətiyyətlə bildirirdi:
O şən, o bəxtiyar könlüm, dolu qan,
Böylə səfaləti artıq çəkəməm.
Sönməz bəndə əski sevgi və iman,
Yuca başımı alçaqlara əgəməm!
Şairə görə sevindirici haldır ki, şanlı və qüdrətli türkün
bugünkü nəsli Vətənin səsinə səs verərək “qanlarının həmin
o əski qan olduğunu, ürəklərinin elə əvvəlki duyğularla
döyündüyünü, bu yurdun dağ-daşında qurtarıcı qəhrəmanların
az olmadığını” bəyan edir:
Beş dünyanın vəhşiləri toplansa,
“Ölüm” – deyə, “Vətən!” – deyə qoşarız.
Bu torpaqlar qanımızla boyansa,
Nəfərimiz qalınca öc alarız.
Vətən oğlu sanki öz Anası qarşısında And içir; o əllər ki,
səni qurtarmaq üçün uzanmır, o dillər ki, səni anmır, o
ürək ki sənin üçün döyünmür, qoy onların anaları ağlar
qalsın! Bununla A.Şaiq öz yurddaşlarını Vətəni yağı
qəsdindən qurtarmaq üçün həmişə hazır, səfərbər olmağa
çağırırdı.
Şair başa düşürdü ki, hər tərəfi düşmənlərin sardığı bir
şəraitdə aparılan ağır mübarizədə təkbaşına qalib gəlmək
çətindir. Bu vəziyyətdən çıxış yolunu o, türkdilli
xalqların mənəvi və sosial-siyasi bütövlüyündə, həm də
hazırkı nəslin öz qəhrəman keçmişi ilə ruhi-mənəvi
qovuşmasında görürdü. “Yeni ay doğarkən” (II c., s. 63-64)
şerində təsvir edilir ki, Türk Anası öz oğluna türkün doğan
hilalını – işıq haləsi ilə bədirlənmiş ayını göstərərək, bu
qız ismətli gözəlin – yenicə doğulan ayın ondan – Türk
oğlundan nəsə umduğunu bildirir. O, diqqəti ayın ətrafındakı
yeddi ulduza cəlb edərək, deyir ki, bunlar yeddi türk
dövlətinin rəmzidir. Həmin ulduzlar ayın ətrafında daha
parlaq göründüyü kimi, türk dövlətləri də öz hilalı
ətrafında sıx birləşsələr, daha qüvvətli və yenilməz
olarlar. Türk oğlu Yavuz Günəşi Aydan və Ülkərlərdən çox
sevsə də, bu yeni aya baxarkən onun varlığını özünün də baş
aça bilmədiyi qəribə hisslər çulğalayır:
Annacığım! Bən Günəşi Aydan, yeddi ülkərdən
Çox sevirəm. Bilməm şu Aya bən baxarkən
Neçin əski diləklərim dalğalanır gözümdə?
Neçin tatlı, uğurlu bir duyğu doğar üzümdə?
Neçin bu Ay ruhuma pək uyğun,
munis görünür?
İçim,
dışım,
Günəş kibi neçin nura bürünür?
Genetik yaddaşın oyatdığı bu tükənməz, ülvi duyğular türk
dünyasının işıqlı sabahına nur çiləyən milli-mənəvi
potensiyamızın istinad nöqtəsi, enerji, güc mənbəyi kimi
diqqəti cəlb edir. Təsadüfi deyil ki, Anasının köməyi ilə
“hər biri bir igidin yıldızı”, daha doğrusu, hər biri
bir türk dövlətinin rəmzi olan ülkərlər arasında özünün
“pək parlaq o qırmızı ulduzunu” müəyyənləşdirib tapan
Yavuzun urəyi həmin ülkərlərin bir-birlərindən uzaq dayanıb
sönük görünməsinə dözmür və qəlbində onları birləşdirmək,
mənən yaxınlaşdırmaq arzusu baş qaldırır. Həmin günəşi –
türkdilli dövlətlərin yaxınlaşmasından, mənəvi-siyasi
birliyindən yaranan Günəşi “taleyinin ülkəri” adlandıran
Yavuz bütün dünyanın bu “günəş”ə tapınması, ondan vulkan
kimi həyat qaynaması və Yer üzündə əmin-amanlığın bərqərar
olaraq, qurdun quzu ilə otlaması arzusu ilə çırpınır. Bu
arzu, ananın xeyir-duası əslində türkdilli xalqları, türk
dövlətlərini birliyə çağıran milli-mənəvi bir ideya kimi
səslənir. Həmin çağırış öz aktuallığını bu gün də
saxlamaqdadır.
Abdulla Şaiq inanırdı ki, bu ideyanı Müsavat Partiyası kimi
siyasi bir təşkilat həyata keçirəcəkdir. Şairin istədiyi
kimi də oldu. Müsavat xalqımızın milli-mədəni və
sosial-siyasi tarixi mübarizələr mərhələsində formalaşan
cövhərini mənimsəyərək, islamçılıq, türkçülük və müasirlik
ideallarını özünə müqəddəs şüar və amal seçdi. Odur ki,
“Türk ədəmi mərkəziyyət firqəsi Müsavata ithaf” etdiyi
“Marş” (II c., s.52) şeirində A.Şaiq soydaşlarını bu
partiya, onun tutduğu yol və məqsəd ətrafında
birləşməyə çağırır:
Dalğalanır üstümdə şanlı Turan bayrağı,
Alovlanır qəlbimdə “Ərkənəgün” ocağı.
Haydı, yola çıxalım, haqsızlığı yıxalım,
Turanda gün doğunca zülmətlə çarpışalım!
Arş irəli, irəlidə cənnət kibi cahan var,
Günəş orda həp doğar,
səadət orda parlar.
A.Şaiqi təkcə Azərbaycanın yox, bütövlükdə türk dünyasının,
turan ellərinin taleyi düşündürür, narahat edir. Birinci
Dünya müharibəsinin sonuna doğru türk dünyasının yadlar
pəncəsində çırpınması onun qəlbini vətəndaş kədəri ilə
çulğalayır. Həmin bəladan qurtuluş yollarının aranması cəhdi
A.Şaiqin “Araz”dan “Turan”a” (II c.,s.59-61) adlı
romantik üslubda yazılmış simvolik poemasının əsas süjet
xəttini təşkil edir. Əsərdən aydın olur ki, aşiq (vətən
aşiqi) öz sevgilisinin ətrafını qara quzğunların alaraq,
başlarını onun dizinə söykəməsi xəbərindən bərk sarsılıb.
Onun qəlbini parçalayan sevgilisinin ümidsizlik girdabında
“gözlərindən inci kimi yaşlar axıdıb, gül kimi gündən-günə
solmasıdır”. Şair vəziyyətdən yeganə çıxış yolunun türk
oğlunun öz əlində olmasında görür. Təsadüfi deyil ki, yadlar
pəncəsində inləyən gözəl də inilti ilə soruşur ki, Türk
dünyasında, Turan elində məni qurtaracaq bir ər yoxdurmu? Bu
gözəlin yeganə sevgilisi onun halalca nişanlısı türk
oğludur. Ona görə belə nalə çəkir:
Nerdə o türk nişanlım, o qoç igid qəhrəmanım?
Yolunu pək gözlədim,
yol ver ona,
Yaradan!
Yel atına binsin də,
gəlsin bəni qurtarsın.
Sevmədigim şu xain başları həp qoparsın.
Şu sehrli tilsimi qırsın namus eşqinə,
Quruntulu bir kədər çökmüş Turan elinə (II c., s.59).
Bu acı xəbər “Araz”ın vasitəsilə “Kür”ə, oradan da hər
ikisinin səyi ilə Coşqun dənizə çatdırılır. Coşğun dəniz
eşitdiklərindən qəzəblənərək ildırım kimi çaxır, onun
kirpiklərində şimşəklər oynaşır və Turan ellərini saran
dalğalar bütün əngəlləri aradan qaldırır. Sehrli divlərə
yedikləri nə varsa qusdurulur. Turan elində əmin-amanlıq
bərpa ediləndən sonra dəniz ancaq dalğacıqlarla, ləpələrlə
oynaşır. Onun göbəyində zümrüd bir ada, adanın ortasında isə
altun kərpicli bir köşk görünür. Poema belə bir romantik
sonluqla qurtarır:
Köşkün qarşı tərəfi qızıl alma bağıdır,
Ayaq bassa daş olur, hər kəs ora yağıdır.
Qızıl alma bağında gəzər dünya gözəli,
Gülər coşğun sevinclə Türkün əlində əli (II c., s.61).
Göründüyü kimi, şair Turan ellərinin simvolu olan dünya
gözəlini divlərin əsarətindən xilas edərək öz romantik
təxəyyülündə onun əlini rəmzi şəkildə Türk oğlunun əlinə
tapşırır. Özü də onlar “Qızıl alma bağında” qərar tuturlar.
Çünki qədim türk (Azərbaycan) inamına görə, Qızıl alma
əbədiyaşarılıq, cavanlaşdırma simvoludur. Türk cütlüyü bu
bağda qərar tutmaqla əslində türk dünyasının və türk
nəslinin əbədiyaşarılığını təmin etmiş olur. Turan ellərinin
işıqlı sabahı, türk gözəlinin azadlıq və istiqlaliyyətinin
romantik bədii əksi Abdulla Şaiqin şair-vətəndaş idealının
bəşəriliyindən və nurlu sabaha, Türk dünyasının azadlıq
və səadətinə dərin inamından güc alır. Bununla yanaşı, şair
vəziyyətdən çıxış yolunu daha çox reallıqda axtarırdı.
“Həyat sevməkdir” (II c., s. 66) şeirində A.Şaiq böhranlı və
pəjmürdə halında ilham pərisi ilə ülfət tapıb bu dünyaya
daha möhkəm bağlanmağa özündə güc tapır. Bu həyat, hürriyyət
pərisinə bağlanan aşiq yaşamağın, həyatın mənasını anlayaraq
belə qənaətə gəlir ki:
Həyat – sevmək, pəriciyim, sənin üçün yaşamaq,
Gecə-gündüz çalışaraq, sənə qovuşmaq ancaq.
Bax, bu dadlı həqiqəti həp sən mənə anlatdın,
Acı, sönük həyatıma işıq saçdın, bal qatdın.
Sən sevdirdin o iyrənib çiyrindiyim həyatı,
Gözlərimdə şirinlətdin bu sisli kainatı.
Mənə yeni həyat verən, günəş verən sənsən, sən!
Sevmək – iştə yaşamaqdır, yaşamayır sevməyən!
- 4 -
Abdulla Şaiq milli ədəbiyyatın tarixində görkəmli nasir kimi
də tanınır. Onun “Məktub yetişmədi”, “Köç”, “Araz” və s.
əsərləri XX əsr Azərbaycan nəsrinin klassik nümunələri
sırasına daxildir. Təsadüfi deyil ki, XX əsrin əvvəllərində
Azərbaycan ictimai-bədii fikrində mövcud olan yaradıcılıq
təmayülləri özünü A.Şaiq yaradıcılığında, eləcə də bədii
nəsrində bu və ya başqa şəkildə göstərməkdədir.
İdeya-estetik əsasında maarifçilik duran həmin yaradıcılıq
istiqamətlərinə realizmlə yanaşı, romantizm və
sentimentalizm də daxil idi.
Elmi ədəbiyyatda A.Şaiq romantik bir ədib kimi dərk və
qəbul edilir. Bununla yanaşı onun yaradıcılığında
sentimentalizmin də kifayət qədər çəkiyə malik olduğu son
vaxtlar daha sistemli şəkildə təsdiq edilməkdədir.
Doğrudan da, ədibin istər
poeziyasında, istərsə də nəsr və dramaturgiyasında
romantizmlə sentimentalizm özünü paralel şəkildə göstərir.
Belə əsərlərdən biri “İki müztərib, yaxud əzab və vicdan”
(I c., s. 464-494) romanıdır. Bu roman A.Şaiqin ilk nəsr
əsəri olub, bəzi cəhətlərinə görə İ.Getenin “Gənc Verterin
iztirabları” əsərini xatırladır. Burada hadisələr Sitarə ilə
Cavad arasında baş verir. Əhvalatı iki nəfərin
məktublarından və baxışlarından öyrənirik.
“İki müztərib…” romanının təhkiyəsi epistolyar üslubdadır.
Burada zahirən hadisələrə müəllif müdaxiləsi yoxdur. Hətta
iki müztərib – Sitarə və Cavad haqqında məlumatlar da
onların məktublarından alınır. Romanın süjeti də,
hadisələrin inkişaf dinamikası da məktublarda söylənilən
hadisələrin ardıcıllığı ilə inkişaf edir. Oxucu məktubdan
məktuba qəhrəmanların mənşəyi, qəlb aləmi, duyğu və
düşüncələri, keçirdikləri sevinc, nəşə, əzab və
sarsıntıları ilə yaxından tanış olub, onların
yaşantılarının təsiri altına düşür. A.Şaiqin bədii
sənətkarlıq qüdrəti “İki müztərib…” romanının ideya-estetik
kamilliyini və təsir gücünü təmin edir.
İlk görüşdən bir-birinə vurulan hər iki gənc sevgi
duyğularını ancaq öz ürək dostlarına açmaq imkanına
malikdirlər. Sitarə təbiətin ictimai mühitdən ən uzaq və saf
qoynundan şəhərə gəlmişdir. O, günlərin birində pəncərədən
küçəni seyr edərkən adını bilmədiyi solğun bənizli, şıq
görkəmli bir oğlana – Cavada vurulur. Öz növbəsində
Cavad da Sitarəyə vurulmuşdur. Gənclərin iztirablı günləri
də bu vurğunluqdan sonra başlayır; çünki nə Sitarə sevgisini
hələ adını bilmədiyi oğlana – Cavada açmağa fürsət və
özündə cəsarət tapa bilir, nə də Cavad özünün evliliyi
ucbatından Sitarəyə bəslədiyi hisslərini büruzə verə bilir.
Onlar vicdani saflıq, əxlaqi təmizlik, milli əxlaq, qızlıq
isməti və kişilik dəyanəti ilə eşq cazibəsi arasında
qovrulurlar.
Sitarənin uşaqlıq və yeniyetməlik dövrü təbiətin qoynunda
keçmişdir. O, dəfələrlə “təbiətin yaşıl ormanlarda xəlq
etliyi gözəlliyi, lətafəti seyr etmək üçün yaşıl, lətif
otlar üzərindəki almaz paraları kimi parlayan şəbnəmlərdən
ətəyinin, qundaralarının (ayaqqabılarının) bütün-bütünə
islanmasının” fərqinə varmadan nəşəli günlər keçirmişdir.
Bütün bunlar Sitarəni “rəqiqül-qəlb” (incə qəlbli)
etmişdir. Ona görə Sitarənin bu sevgisindən xəbər tutan
Rəmziyyə ona xəbərdarlıq edir ki, “əksəriyyən riqqəti-qəlb
çox da mənfəətli olmayır. İnsanı böyük-böyük təhlükələrə
düçar edir. Onun üçün rəqiqül-qəlb olmaqla bərabər bir az da
istiqamət və mətanət lazımdır”. Ancaq bu nəsihətlər, qızlıq
isməti və qüruru qarşısında Sitarə ruhunu saran eşq atəşi
qarşısında öz gücsüzlüyünü günbəgün etiraf etməyə və bu
məhəbbətin gücü ilə hesablaşmağa məcbur olur…
Cavad da “on səkkiz, on doqquz radələrində (burada:
yaşlarında – red.) bir pəri yavrusu,… bir mələkparə” kimi
qiymətləndirdiyi Sitarənin əsiridir. Ancaq evliliyi və
bir uşağının olması onun qarşısını kəsir. Sitarəyə nisbətən
Cavad özünün daha çıxılmaz hala düşdüyünü etiraf edir.
“Bilsəniz, bu pəri yavrusundan (Sitarədən – red.) saçılan
sevda qığılcımları nə qədər qəlbimi rahətsiz edir. Bəradər,
indi isə özümə daha yazığım gəlir. Zira o məndən daha məsud.
O yalnız bir sevda vərəminin pəncəsində boğulursa, mən həm
sevda, həm vicdan pəncəsində əzilməkdəyəm. İkincinin
əzabı daha şiddətli deyilmi?”
Nəhayət, Cavad da sevda pəncəsində öz iradi gücünü itirib
vicdanının səsini qulaqardına vuraraq zövcəsindən və
yavrusundan ayrılmaq qərarına gəlir. Ancaq sevgililərin
nəşəli günləri tezliklə reallıq tufanının fırtınalarında
qərq olur; Cavidin arvadı Sitarəgilə gələrək onları
məsələdən agah edir. Qıza məlum olur ki, Cavad evli
və üç yaşında bir qız atası imiş. O, dostuna
məktublarının birində özünün evliliklə sevgi arasında
qalıb necə iztirablar keçirdiyini belə ifadə edir: “İndisə,
bəradər, çox fəna bir mövqedəyəm. Hər iki tərəfdən
dəhşətli. Əgər bu tərəfə meyil olursam, mühit, vicdan məni
boğacaq və əgər o tərəfi tutursam, atəşi-sevda məni yaxacaq,
ruhumu parçalayacaq olur. Nə edim, söyləyiniz, nə edim?
Əlavə, zavallı zövcəciyim də mənimlə fəna müamilədə
bulunmamış, cocuq kimi məni sevmiş, süsləmiş. Bir dəqiqə
belə mükəddər olmama macal verməyərək, dürlü-dürlü
lətifələrlə, mərhəmətlərlə könlümü almış, canı, ruhu qədər
sevmişdir. Bilsəniz indiki dalğınlığım zavallı qadına nə
qədər təsir etmiş və soldurmuşdur. Onu indi necə atım?
Vicdanımı, namusumu necə parçalayım? Bu üç-dörd sənə
zərfində tikdiyi sıcaq yavasını necə dağıdım? Vicdana
yakışır şeymi? Siz söyləyiniz, bəradər, mümkünmü? Ah, nə
isə düşünməkdən saçlarım belə ağardı»
Eşqinin bu atəşindən Cavad yatağa düşür. Titrətmə-qızdırma
içində sayıqlayaraq Sitarəni çağırır. Həyat yoldaşı isə
həyəcan və əzablarını öz içində boğmağa, Cavadı yenə
nəvazişlərlə əhatə etməyə çalışır. Bütün bunlara
baxmayaraq, nəhayət, Cavadın vicdanı onun “üzərinə vulkan
kimi fışqıran, dağ parçası kimi yuvarlanan atəşi-sevda
içində parçalanaraq məhv olur”. O, həyat yoldaşından
ayrılır. Bütün bunları – Cavadın evli və uşaqlı olduğunu
biləndə Sitarə sarsılaraq, qıyya çəkib huşunu itirir.
Cavadın ona dediyi “Gözəl Sitarəm, indiyədək sizinlə
mükaliməyə girişməyə vicdanca haqlı deyil idim, zira bir
səbəb var idi”, - sözlərinin mənasını indi başa düşür. Həm
düşdüyü vəziyyət, həm də Cavadın arvadı və körpə qızının
imdad diləyən solğun və həyəcanlı sifəti Sitarəni vicdan
mühakiməsinə çəkərək “hər an ağır-ağır zəncirlər altında
boğur, ruhunu xırpalayır, çox qorxunc, çox müdhiş
uçurumlara doğru sürükləyir». Artıq onun üçün həyat “çox
müdhiş görünür». Ona görə də xoşbəxtliyini başqasının
bədbəxtliyi üzərində qurmaqdansa, “…atəşi-sevda içində
əbədiyyətə yuvarlana-yuvarlana imrari-həyat etməyə” qərar
verir.
Sitarə vicdan və könül rahatlığı tapmaq üçün yenə şəhər
həyatından, cəmiyyətin eybəcərliklərindən qaçıb, təbiətin
saf qoynunda, ucqar bir kənddə qərar tutur. Lakin bir
tərəfdən yalqızlıq, digər tərəfdən də payızın qəm gətirən
ruzigarı ona dinclik vermir. Sitarə mülklərinin yerləşdiyi
kənddə – “minlərlə bu qaranlıq və cəhalətin təhlükəli
uçurumuna doğru yuvarlanan zavallı köy qızlarını” bir otağa
yığıb onlara dərs keçməyə başlayır. Ancaq o özündən heç
cürə qaça bilmir. Vaxtı ilə atalı və xoşbəxt uşaqlıq
illərinin şirin xatirələri də onun yaralı qəlbini ovundura
bilmir. Həyətlərində atasının yetişdirdiyi baxçada
keçirdiyi xoşbəxt anları, onun daima öz qızını dizləri
üstünə alıb ülvi nəvazişlərlə əzizlədiyini bildirən Sitarə
sözünə belə davam edir: “Ah, zavallı babam, bircə gözlərini
aç da, canlı çiçək dediyin qızına bax: necə
solmuş, saralmış,
artıq ayaqları məzara doğru titrəyir” (I c., s. 492).
Sitarənin əhvalına uyğun olaraq təbiət də gərgin və
qaşqabaqlıdır. Bir ay əvvəl bütün yaşıllığı və gözəlliyi
ilə ruh oxşadığı halda, indi çılpaq və qəmgindir.
Sitarə öz iztirablarını son nəfəslərində belə yaşayır:
“Yata bilmirəm. Şamı söndürüb qaranlıq fikirlər başımın
kişəsində qara qarğalar kimi uçuşur. Gözəl və saf xatiratım
söndü, məhv oldu. Burdan nerəyə qaçım? Nerəyə qaçırsam, o
qaranlıq mazi məni təqib edir, bir an rahat buraxmayır.
Alaca səhər pəncərədən üzünü göstərir. Dururam… Ah istəyirəm
ki, bir kərrə yenə Cavadın üzünü görəydim, sonra öləydim…»
(I c., s. 493)
Uğursuz, nakam sevginin yanğısı ilə şam kimi əriyib sönən
Sitarə son nəfəsdə Cavadın – sevgilisinin adını
pıçıldayıb, onu arzulayır. Ancaq o, həyatını qeyb etsə də,
ilkin, təbii saflığını və vicdani təmizliyini sonadək
qoruyub saxlaya bilir.
“İki müztərib…” romanının ideyası, üslubu, təsvir və
təhkiyə tərzi, qəhrəmanların daxili, ruhi aləmlərinin
ifadəsi baxımından sentimentalizm ədəbi cərəyanının
tələblərinə uyğundur. Süjetin və hadisələrin inkişafı
qəhrəmanların ümidsizliyi, hiss və duyğularının
kövrəkliyi fonunda təqdim edilir.
Romanda hər iki müztəribin məktub yazdıqları həmdərdləri –
Rəmziyyə və Ciddi zahirən passiv olsalar da, onlar əsər boyu
qəhrəmanların vicdan səsi və A.Şaiqın idealının ifadəçisi
rolunda çıxış edirlər. Əsərin sonunda – axırıncı məktubda
təhkiyənin ahəngi dəyişir. Ədib sanki birdən-birə romanın
sentimental ruhunu dəyişmək, “fikircə romantizm məsləkini
təqib etdiyi kimi” əsərini də həmin ruhda, demokratik tərzdə
yazdığını bildirir (Bax: s.494).
A.Şaiqin yaradıcılığında sentimental keyfiyyət sonrakı
mərhələdə öz yerini romantizmə tərk etsə də, müəyyən
məqamlarda, məsələn, “Əsrimizin qəhrəmanları”nda Sona,
“Araz”da Almas obrazlarının taleyində, “Qafqaz çiçəyi” və
s. əsərlərdə özünü yenə romantizmlə paralel şəkildə ifadə
edir. Eyni zamanda ədib özünün yaradıcılıq amalına sadiq
qalaraq, sonrakı nəsr əsərlərində sınıq könüllərə,
dərdli ürəklərə, uçuq-sökük daxmaların sakinlərinə daha
artıq diqqət yetirir. Ancaq bu qəmgin aləmin sakinlərinin
ağır güzəranı A.Şaiqi qəmləndirsə də onların daxili
dünyalarının cazibəsi və ülviyyəti ədibin ruhuna qol-qanad
verir. “Məktub yetişmədi”, “Köç”, “Əsəbi adam”, “Dursun”,
“Əsrimizin qəhrəmanları”, “Araz” və s. əsərlər
dediklərimizə dayaqdır.
Bir parça çörək dalınca Bakının neft mədənlərinə işləməyə
gələn Qurban (“Məktub yetişmədi”) daim ailəsini, balalarının
güzəranını, gündəlik ruzisini təmin etmək haqda düşünür,
bunun üçün özünü oda-közə vurur. Lakin tale onun üzünə
gülmür; ailəsinə yazdırdığı son təsəlli məktubu da
ünvanına yetişə bilmir. Qazdıqları neft quyusu fontan
vurduğu vaxt Qurban qəzaya düşüb həlak olur. Hekayədə
qurbanların acınacaqlı taleyi fəhlə
Səfərin dili ilə belə ümumiləşdirilir:
“…Bu yerlərin (neft mədənlərinin – red.)
hər guşəsinə qədəm bassan, hər
ovuc torpağa çəkic vursan fəhlə
sümüyü görür, fəhlə fəryadı eşidirsən”.
Ancaq mədən sahibi Kərbəlayı Qulunu və onun kimilərini bu
insan taleləri yox, neft fantanlarının gətirdiyi
gözqamaşdırıcı, dəbdəbəli həyatın məstedici şirinliyi
maraqlandırır. A.Şaiq sonrakı və daha irihəcmli nəsr
əsərlərində – “Əsrimizin qəhrəmanları” povestində və “Araz”
romanında “Məktub yetişmədi” hekayəsində təsvir etdiyi
sosial qütblərin – qurbanların, səfərlərin və kərbəlayı
quluların sonrakı ictimai-fikri və əxlaqi inkişaf yollarını
və talelərini izləməyi qarşıya məqsəd qoymuşdur. Belə ki,
“Əsrimizin qəhrəmanları”nda artıq həm fəhlə sinfi, həm də
neft burjuaziyası nisbətən formalaşmış, cəmiyyətdə öz
siması və mövqeyi ilə tanınmağa başlamışdır. Mədən
sahiblərinin də, fəhlələrin də öz həyat təcrübəsi və
baxışları ilə xeyli irəli getmiş nümayəndələri “əsrimizin
qəhrəmanlarına” çevrilməkdədirlər. Ancaq hadisələrin
inkişafından məlum olur ki, neft fontanlarının bəxş etdiyi
sərvət Kərbəlayı Qulunun və Hacı Kərimin xələflərinə
xoşbəxtlik yox, sosial-mənəvi fəlakət və bədbəxtlik
gətirmişdir. Çünki qəfildən “süd gölünə düşən” bu adamlar
hələ düşdükləri vəziyyətə mənəvi-əxlaqi və sosial-psixoloji
cəhətdən hazır deyillər. Ona görə də sərvətin
başgicəlləndirici parıltısı onların onsuz da zəif olan
mənəvi-psixoloji keyfiyyətlərini tamamilə aşılayır. Ağa
Mürsəl, onun ardınca oğlu Əşrəf əyyaşlıq, qumarbazlıq və
əxlaqsızlıq girdabına yuvarlanırlar. Ən pisi isə odur ki,
hər sonrakı nəsil məhz pis əməllərinə, çürük həyat
fəlsəfələrinə görə özündən əvvəlkini kölgədə qoyur. Ağa
Mürsəl təkcə özünü yox, ailəsini də fəlakətə sürükləyir. O,
əvvəllər bütün sərvətə sahib olmaq yanğısı ilə atasının
ölümünü arzulayırsa, bu arzuya çatandan sonra nə dərddən
vərəmə tutulub gündən-günə şam kimi əriyən arvadı Məryəmin,
nə də həyata yeni-yeni qədəm qoyan oğlu Əşrəfin taleyi ilə
maraqlanır. Nəticədə nəslin yuvarlandığı uçurum get-gedə
dərinləşir, o isə səhvini düzəltmək əvəzinə hiss edəndə ki,
oğlu ona öz anasının qatili kimi baxır “bu yaralı ceyranı
(Əşrəfi –A.B.) özünə ram etmək üçün hər gün cibini pul ilə
doldurur, arabir özü ilə bərabər kinoya, teatra, hətta
kazinoya aparırdı. Bu həyat Əşrəfin əhvali-ruhiyyəsi və
əxlaqı üzərində silinməz qara izlər buraxır, dərsə olan eşq
və həvəsi get-gedə sönməyə başladığından məktəb ona bir
zindan görünürdü”. Bütün bunlar səbəbsiz deyildi, çünki
Əşrəfi, onun uşaq qəlbini bu həyatda sevgi və ülfətlə
nurlandıran yeganə adam anası Məleykə idi. Uşaq bu
dayaqdan məhrum olandan, atasının ona göstərdiyi
zərərli diqqətdən və yolverilməz tərbiyə üsulundan sonra
kəskin surətdə dəyişməyə başlayır: “Məryəmin ölümündən
beş-altı ay sonra Əşrəf çox sürətlə dəyişilməyə,
əxlaqındakı xəstə, zəif cəhətlər qüvvətlənməyə, daha
qabarıq bir şəkildə üzə çıxmağa başladı. Hər gün sinifdə
beş-altı saat oturmaq ona cəhənnəm əzabı kimi müdhiş
görünürdü”.
Beləliklə, Əşrəf dərslərindən, məktəb həyatından soyumağa
başlayır. Fikirləşir ki, həyatda uğur qazanmaq üçün
çalışmağa ehtiyac yoxdur. Çünki “atasının sərvəti tükənməz
bir dənizdir”. Bu cür düşüncələrlə o, içkiyə qurşanır. Hətta
məktəbə konyak gətirib sinif yoldaşlarını da öz yoluna cəlb
etməyə başlayır. Bütün bu işlərdə isə Ağa Mürsəl həm
əməlləri, həm də oğluna verdiyi üzdəniraq məsələhətləri ilə
zərərli rol oynayır; o, Moskvada onsuz da oxumaq əvəzinə
əyləncə və əxlaqsızlığa, qumar və içkiyə qurşanan oğlu
Əşrəfə məktubunda yazırdı: “…İndi ki, oxumağa qərar
vermisən, sözüm yox, ancaq canını çox üzmə, keçinmək üçün
lazımınca sərvətimiz var! Elm insan özünü idarə və təmin edə
bilmək üçün deyilmi? Ye, iç, kefdən qalma, dünyadan
istədiyin qədər kam al! Sənə iki min manat göndərdim,
kifayət etməsə yaz, yenə göndərim” (I c., s. 196).
Ağa Mürəslin bu çürük həyat fəlsəfəsi və oğluna həddən
artıq pul göndərməsi Əşrəfi onsuz da yuvarlandığı uçruma
daha bərk itələyir. Bütün bunlar, “Əşrəfin əxlaqı üzərində
buraxılmış “qara izləri” daha da dərinləşdirir,
tərbiyəsinin pozulmasına, mənəviyyatının
eybəcərləşməsinə güclü təkan verir. Artıq varlığında zəhərli
toxumlar cücərib boy atır və sürətlə inkişaf edib öz
təsirini göstərir. Atası öldükdən sonra Bakıya qayıdıb onun
varidatına sahiblənən Əşrəfin azğınlığı get-gedə
şiddətlənir”.
Əşrəfin ruhuna hakim kəsilən, varlığını çulğalayan bu
mənəvi eybəcərliyin zərərli toxumlarını povestdə
göstərildiyi kimi, “ürəyin dərin guşələrində dəqiqə içində
doğub, ağac kimi rişə ataraq bir anda vücudun hər tərəfinə
hakim olan” məhəbbət – Sonanın məhəbbəti də zərərsizləşdirə
bilmir. “…Çünki onun qəlbindəki o saf, səmimi duyğu, pak
və parlaq sevgi çoxdan sönmüşdü, indi onun yerində qara
yellər əsirdi”. Ona görə də Əşrəf dəlicəsinə sevdiyi,
ürəkdən vurulduğu, “…ah, qəlbimin sevinci, ruhumun işığı.
Səni kiçiklikdən sevdim. Sənin üçün yaşadım, sən mənim
yeganə gözəlimsən”, – deyə oxşadığı Sonaya qarşı
toylarından cəmi bir il keçəndən – qızları olandan sonra
biganələşir... Qəlbinin içini dolduran əvvəlki səmimiyyət
və məhəbbət get-gedə sönməyə və boşalmağa başlayır. O,
indi müxtəlif bəhanələrlə gecələr evə vaxtsız qayıdır,
rəftarında, hərəkətlərində Sonaya qarşı əvvəlki qədər
səmimi görünə bilmir”. Hətta Sona ilə bərabər cəmiyyət
içinə çıxmağı özünə yaraşdırmır. Sonanın ona dediyi “sənə
olan eşqim” ifadəsinə Əşrəf istehza ilə “Arvad ağzından
birinci dəfədir ki, belə söz eşidirəm. Qadında eşq olmaz,
ehtiras olar” (I c., s.252), – deyə cavab verərək onun saf
duyğularını təhqir edir, həyat yoldaşına “ismətsiz qadın”
deməkdən belə çəkinmir. Əşrəfi saf duyğular, ülvi hisslər
deyil, şəhvət və kor ehtiraslar daha çox cəlb edir. Bu işdə
onun varlığında kök salan əvvəlki “zəhərli toxumlarla”
yanaşı, əhatə olunduğu mühit və Əhməd kimi dostlarının
şirnikdirici sözləri də müəyyən rol oynayır. Beləliklə,
Əşrəfi də atasının taleyi gözləyir və o, növbəti
məşuqələrinin birinin və şöhrət azarlı şəhvani bir
qısqanclığın güdazına gedir; güllələnib öldürülür.
Əşrəfin bu acınacaqlı ömür yolunu A.Şaiq sənətkarlıqla əks
etdirə bilmişdir. O, öz qəhrəmanına mühitin, pis
tərbiyənin qurbanı kimi qəlbən acıyır.
Povestdə təsvir edilən mədən sahiblərindən fərqli olaraq,
fəhlələrin nümayəndələri olan Məhərrəm əmi, Zəki, Nəzakət,
Rəmziyyə, Yelena, Saşa və b. surətlər isə özlərinin əqli,
zehni, fiziki keyfiyyətləri, ictimai fəaliyyətləri, həyat
amalları ilə xoşbəxt gələcək soraqlı insanlardır. Xüsusən
əgər Məhərrəm əmi cəmiyyətin bütün təbəqələrində qəbul
edilən nurlu bir insan, xeyirxahlıq və maarif, tərəqqi,
mədəniyyət daşıyıcıdırsa, Zəki həmin işıqlı əməllərin
təminatçılarındandır. Bu surətlərin sonrakı hər nəsli daha
zəkalı, əzmkar və açıqfikirli, aydın məqsədli mücahidlərdir.
İsgəndər bəy, Əhməd isə cəmiyyətdə formalaşmağa başlayıb,
digər təbəqə və siniflər (ruhani, fəhlə və sahibkarlar)
arasındakı mədəni, mənəvi bağların möhkəmlənməsini təmin
etməyə çalışan liberal-demokratik görüşlü adamlardır. Bu
adamlarda, xüsusən Əhməddə yeni-yeni qazanmağa başladığı
ictimai mövqedən və yetimliyindən doğan bəzi kölgəli
cəhətlər olsa da, işıqlı keyfiyyətlər də az deyil. Əhmədin
Zəki ilə münasibətləri və Zəkinin ona etibarının
davamlılığını təmin edən mənəvi keyfiyyətlər fikrimizə
dayaqdır.
A.Şaiq yaradıcılığında qadın qəhrəmanlar da ayrıca bir yer
tutur və öz talelərinə, xarakterlərinə, həyat, yaşamaq
əzmlərinə görə bir-birindən seçilməklə yanaşı, aralarında
üzvi bir bağlılıq da var. Hətta onların müəyyən qismi
özlərindən əvvəlki bəzi surətlərin tale yolunun növbəti
əsərlərdə tamamlanmasına xidmət edir. Məsələn, əgər Gülyaz
Aslanı, Çimnaz Qoçpoladı (“Qoçpolad” poeması) ürəkdən
sevib, ona arxa, dayaq durur, yeri gələndə Çimnaz kişi
paltarı geyib döyüşlərdə Qoçpolada silahdaş olursa, Ayrım
qızı kimi tanınan Fatı da Kərim babaya arxadır, daim onun
qolundan qaldırır, təsərrüfatını idarə edir. Etibarda,
vəfada, dözüm və
sədaqətdə bu xanımlar Ballının (“Dursun” povesti)
sələfləridir.
Ballı əri Dursunun Güllünü onun üstünə günü gətirməsindən
tutmuş oğlu Şərəfin tutulmasına, ərindən qalan mal-mülkün
qazı, kəndxuda və koxalar tərəfindən öz aralarında
bölüşdürülməsinədək ağır fəlakətə qatlaşır. Uşaqlarını
başına yığıb inləyə-inləyə yaşayır”. “Qoçpolad”, “İki
familiyanın məhvi”, “Köç”, “Dursun” əsərlərində XX əsrə
qədərki və XIX əsrlə XX əsrin qovuşuq illəri də buraya daxil
olmaqla böyük bir mərhələnin tarixi-etnokulturoloji
proseslərinin bədii mənzərələri, işıqlı və qaranlıq
səhifələri ilə tanış oluruq. Bütün hallarda xalqımızın milli
etnik-mədəni keyfiyyətlərinə və mənəvi əxlaqi dəyərlərinə
A.Şaiqin sonsuz məhəbbətini və vətəndaş qayğısını görürük.
Eyni zamanda o, öz soydaşlarında əcdadlarımızın qürur
doğuran etnik-mədəni keyfiyyətlərini, qəhrəmanlıq,
mərdlik, halallıq, əyilməzlik keyfiyyətlərini daim
yaşatmağı, soyumuza layiq övlad olmağımızı istəyir və bu
tarixi dəyərlərimizi təsirli bədii vasitələrlə oxucularına
təbliğ və təlqin edirdi.
Bu əsərərdə tarixi gerçəkliyə uyğun olaraq xalq sinfi
təbəqələşmədən uzaq bir bütöv kimi təsvir edilir. Ancaq
“Dursun”da sinfi oyanmanın işartılarını, hətta tətbiq edilən
fövqəladə vəziyyət rejiminin zindan ağırlığını görürük.
“Məktub yetişmədi”, “Əsrimizin qəhrəmanları” və “Araz”da
isə cəmiyyətdə sinfi təbəqələşmənin artıq ictimai bir
proses olaraq getdiyinin və onun törətdiyi sosial-mədəni və
mənəvi-əxlaqi ağrıların şahidi oluruq. Həmin ağrılar
Məleykə, Qəmər, Sona və Almas kimi qadınların, qızların
nisgil dolu ömür yollarında və talelərində bədbəxtlik və
fəlakətlərlə əlamətdar olur.
Bu qadınların taleləri oxşar olsa da, ömür yolları, faciəli
yaşantılarının mərhələləri fərqlidir. Belə ki, Məleykə əri
Ağa Mürsəlin (“Əsrimizin qəhrəmanları”) əxlaqsızlığı, ona
kobud münasibətləri müqabilində vərəmləyib ölüm yatağına
düşür. Bu əsərdə Məleykənin kəskin etiraz və üsyan səsini,
demək olar ki, eşitmirik, ancaq son nəfəsdə “gözlərini
kirpikləri arasında gizlədərək, titrək və həzin bir səslə: –
Ağa Mürsəl, Əşrəf əmanəti!.. Heç olmasa bunu sev!»
(I c., s. 188) – deyə bildiyinin şahidi oluruq.
“Araz”
romanında isə Qəmər yeri gələndə əri Aslan bəylə mübahisəyə
girişir.
Məleykə vərəmə tutulubsa,
Qəmər əsəb xəstəliyindən əzab çəkir.
Həyat yoldaşlarının bəd əməllərindən hansı qadının necə
xəstəliyə tutulması da onların xarakterlərindən irəli gəlir,
yəni hansının zəif,
hansının güclü,
üsyankar olmasının göstəricisi,
həm də onların tutulduqları xəstəlikdir:
xaraktercə zəif olanlar vərəmə,
bir qədər çılğınlar isə əsəb xəstəliyinə tutulurlar.
A.Şaiq
obrazların tale yolunu izləyərkən ən incə detallara belə
sənətkarlıqla,
bir psixoloq məharəti ilə diqqət yetirmişdir.
“Əsrimizin qəhrəmanları”nda
Məleykədən sonra diqqət mərkəzində dayanan qadın surəti
Əşrəfin sevgilisi və Ağa Mürsəllə Məleykənin gəlini Sonadır.
A.Şaiq
bu obraza da xüsusi rəğbət bəsləyib onun halına qəlbən
acıyır.
Yazıçı öz qəhrəmanının gələcək acınacaqlı taleyini,
onun buraxacağı ictimai-əxlaqi
və milli-bəşəri
ağrının şiddətini qabarıq nəzərə çatdırmaq üçün oxucunu
əvvəlcədən hazırlayır.
Bu məqsədlə Sonanı belə təsvir və təqdim edir:
“…Sonanın
məhəbbəti daha səmimi,
daha kəskin idi.
Həyatında birinci dəfə olaraq sevməyə başladığı Əşrəfə
qəlbinin sönməz hərarətini,
ruhunun ən incə,
ən parlaq şəfəqlərini baxş etmişdi.
Onun dağ çeşməsi qədər saf qəlbini heç bir kirli əl
bulandırmamış,
incə,
parlaq ruhunu heç bir ləkə qaraltmamışdı.
Uşaq ürəkli,
pəri xilqətli,
sevimli,
gözəl bir qız idi.
Əşrəfi qəlbi kimi sevəcək,
özünü ona sevdirəcək və bəxtiyar yaşaya biləcəklərinə əmin
idi”
(I c., s.205).
Doğrudan da, Sona öz ərinə və gəlin getdiyi evə qəlbən
bağlanır, ürəyinin bütün sevgisini, qəlbinin bütün
hərarətini Əşrəfə, yenicə qurduqları ailə ocağının
nurlanmasına verir. İlk aylar Əşrəf də ona bağlanır, Sonanın
saf sevgisinə səmimiyyətlə cavab verir. Lakin bu, uzun
sürmür; “…taleyi bir çox cəhətdən bədbəxt Məryəmin taleyinə
bənzəyən yazıq Sonanın da ömrünə zəhər qatılır, günü iztirab
və ruhi sıxıntı içərisində keçir”.
Ancaq tale oxşarlığına baxmayaraq, Sona xaraktercə mərhum
qaynanası Məryəmdən fərqlənir; o, Əşrəfin öz Sonasını başqa
qadınlara dəyişdiyini görəndə çəkinmədən ərini ittiham
edir. Əşrəfdən “İsmətsiz qadın!” – ünvanlı təhqir
eşidəndə üsyan və qəzəblə bunu ondan sübut etməsini tələb
edir (Bax: I c., s.259). Bu, Sonanın saflığından,
sevgisindən və qürurundan, izzət-nəfsini qorumaq əzmindən
irəli gəlir. Sona dünyaya gələcək övladına “bədbəxt taleli
adamların” – Ağa Mürsəlin, ya da Məleykənin adlarını qoymağa
qorxur. Bu isə övladının gələcək taleyi üçün nigaran olan
ananın narahatlığının əlamətidir. Əşrəfin ona xəyanətini və
ölümünün səbəbini bilsə də, Sona bu hadisədən dərin
sarsıntı keçirib çırpınır. Bu isə onun sevgisinə sədaqəti,
ərinə vəfası və qadın fədakarlığıdır.
“Araz” romanındakı Almas da özgün taleyə və
xüsusiyyətlərə malikdir. Sona Əşrəflə qonşu və uşaqlıq
yoldaşı olduğu kimi, Almas da Poladla eyni vəziyyətdədir.
Ancaq Sonadan fərqli olaraq, Almas Poladı anasının tərif
dolu təqdimindən sonra yox, elə əvvəldən, həm də öz
ürəyinin hökmü ilə sevmişdir. Atası tərəfindən Varisə
verildiyini biləndə Almas vəziyyətdən çıxmaq üçün yollar
axtarır, Poladı məsələdən agah etməyə çalışır. Bütün ümid və
cəhdləri boşa çıxandan sonra isə özünün tale gəmisinin
“heçliklərə, boşluqlara” yuvarlanmasına qatlaşmağa məcbur
olur. Bu ağır düşüncələrə dalmasına Aslan bəyin
var-dövlətinin parıltıları da mane ola bilmir. Lakin A.Şaiq
onun tale gəmisinin “heçliklərə, boşluqlara” yuvarlanmasına
yol vermir… Almas ər evinə köçəndən az sonra güllələnmiş
Varisin meyidi bəy otağına gətirilir. Bu hadisədən bir qədər
sonra biz Alması ata evində öz Poladının yolunu gözləyən
görürük…
Sona ilə Almasın anaları Gülcahanla Pakizə də bir-birinqdən
fərqlənirlər; əgər Gülcahan var-dövlətə meyilli olub, elə
bu cəhətinə görə də Əşrəfə az qala özü elçi düşürsə,
Pakizə Aslan bəyin qızıl teştindənsə Arazın ailəsinin, oğlu
Poladın saflığına, dəyanətinə və qızının hislərinə
hörmətlə yanaşıb onlarla hesablaşmağa üstünlük verir. Ancaq
ictimai qanunlar, cəmiyyətdə hökm sürməkdə olan köhnə
ənənə və baxışlar hələ “Əsrimizin qəhrəmanları”nda
Rəmziyyənin əl-qolunu bağladığı kimi, “Araz” romanında
Pakizəni də susmağa məcbur edir, o, ərinin iradəsinə (o,
var-dövlətə susayıb düzgün yolda olmasa belə) boyun əyməli
olur.
Günəş isə A.Şaiqin yaratdığı qadın surətlərinin ən
qüvvətlisi və mükəmməllidir. Müəllif “Araz” romanına qədər
Azərbaycan qadınlarında gördüyü ən ülvi, bənzərsiz, saf
həyati keyfiyyətləri Günəşin şəxsində canlandırmağa
çalışmışdır. Günəş, adına uyğun olaraq, uşaqlıqdan qüvvətli
həyat enerjisinə malikdir. O, fiziki gücünə, iradi
möhkəmliyinə, ötkəm olduğu qədər də qayğıkeşliyinə və bir
çox başqa insani məziyyətlərinə görə sələfi Fatıdan – Ayrım
qızından (“Köç”) üstündür. Abdulla Şaiq Günəşi belə təsvir
və təqdim edir: “…Ata-anası Günəşi ərköyün böyütmüşdü. O,
kişi təbiətli, dəlisov, ətli-canlı bir qız idi. Hər gün
darvazalarının üstünə çıxıb ayaqlarını sallar, əlindəki iri
dəyənəyi darvazanın çərçivəsinə çırpar, yoldan keçənləri
seyr edərdi. Dəvəçilərin, arabaçıların haradan gəldiyini,
şəhərə nə apardıqlarını soruşar, sonra amiranə bir səslə:
“Atam, atam, Allah xeyir versin!” deyərdi” (I c., s.306).
Günəşin bu amiranəliyi, təbiətindəki hökm-fərmalıq və
xeyirxahlıq çoxlarının diqqət və marağını çəkmişdi.
Ancaq müəllif onu bir qədər də təfsilatlı təqdim etmək
məqsədilə sözünə davam edərək yazır ki, Günəş onu söylətmək
istəyənlərin hər birinə onların niyyətlərinə uyğun qısa və
bitkin cavab verdiyi kimi, “lovğa cavanları acı-acı iynələr,
hər birinin ayıbını üzünə deyərdi. Onu təhqir edən olursa,
ildırım kimi yerə atılaraq əlindəki dəyənəklə hücum
edərdi… Günəşin bu xasiyyəti hamıya qəribə görünsə də,
təmiz əxlaqı, mərdliyi ilə çoxlarında rəğbət oyadırdı. Odur
ki, hərdənbir ona elçi gələn də olurdu. Ancaq yaşı iyirmini
keçməsinə baxmayaraq, qapısına gələn elçilərin hamısına
rədd cavabı vermişdi. Evdə onun bu hərəkətlərindən
əsəbiləşir, cəza verir, ancaq heç bir şey ona təsir etmirdi”
(I c., s.306).
A.Şaiqin digər qadın obrazlarından fərqli olaraq, Günəş
sərbəst düşüncəli, müstəqil fikirli, eyni zamanda həssas
qəlbə, sevən ürəyə malik bir qızdır. O, həyatını öz ağlı, öz
baxışı, zövqü və könlü ilə qurmaq əzmindədir. Ona görə heç
kimlə hesablaşmadan bəyənmədiyi adamların elçilərinə özü
rədd cavabı verir, onu cırnatmaq istəyən cavanlara “Atam,
atam, tayınızı tapın, mən it-qurd yoldaşı deyiləm”, – deyə
əlindəki ağacı qapıya çırpa-çırpa etinasızlıq edir.
Günəşin bu xasiyyəti Arazın diqqətindən yayınmadığı kimi,
Günəş də ona biganə qalmır.
Onlar evlənəndən sonra Günəş ər evinə əsl nur çiləməyə,
Arazın ata yurdunu şenəltməyə, onu laləzara çevirməyə,
günəş hərarəti ilə onun qəlbinə rahatlıq, ruhuna dinclik
gətirmyə başlayır, Arazı “doşab almışam, bal çıxıb”
qənaəti ilə sevincə qərq edir. O, hər addımda Araza və
oğluna dayaq durur, onların üstündə nanə yarpağı kimi
əsirdi. Hətta Araz yaralanıb xəstəxanaya, sonra həbsxanaya
düşərək zəiflədiyi zaman Günəş olar-olmaz zinətini – üzük
və sırğasını sataraq onun müalicəsi qayğısına qalır. Şuşanın
səfalı yaylaqlarında doktor Şamillə gəzintiyə çıxarkən
havadakı nəmişlikdən Arazı qorumaq üçün yamaqlı yun şalı və
qəlbinin istisi ilə onu bürüyür.
A.Şaiq Arazı da, onun ailəsini də böyük rəğbət və
məhəbbətlə təsvir etmiş, onların həyat və fəaliyyəti üçün
tələb olunan bütün fiziki və əxlaqi keyfiyyətlərə sözün əsl
mənasında Tanrı iradəsi ilə yiyələndiklərini diqqətə
çatdırmaq üçün sənətkar qələminin qüdrətini
əsirgəməmişdir.
“Araz” romanının əsas qəhrəmanları A.Şaiqin azadlıq
idealına uyğun olaraq, simvolik istiqlal mücahidləridir.
“Araz”dan “Turan”a” poemasında Araz çayı Turan ellərinin
coşub-daşan azadlıq və istiqlaliyyət iradəsini coşqun
Xəzərə çatdırdığı kimi, romandakı Araz da Azərbaycan
xalqının azadlıq idealını bütün varlığında daşıyan istiqlal
gəmisinin sükanından möhkəm yapışmışdır. Günəş isə bu
azadlıq və istiqlaliyyət ruhuna, həyat və mübarizə eşqinə
öz qəlbinin hərarəti, isti nəfəsi ilə güc, qüvvət verib onu
canlandırır. O, ömür-gün yoldaşı Arazı xəstəlik və
zəiflikdən qoruyaraq özünün şəfqət və məhəbbət dolu
nəvazişləri ilə yenidən canlandırıb gələcək mübarizələrə
hazırlayır.
A.Şaiq Arazın ailəsinin güclü, işıqlı sabah ünvanlı, Aslan
bəyin ailəsinin isə məhvə məhkumluğunu bədii
inandırıcılıqla göstərmək üçün qarşılaşdırma üsulundan və
orijinal tablolardan, təbiət lövhələrindən məharətlə
istifadə edir. Məsələn, Aslan bəyin evindəki tablolara
baxarkən Şamilin diqqətini dəniz fırtınası canlandırılan
bir əsər cəlb edir. Əsərdə həmin mənzərə haqqında deyilir:
“Buludlu göydən yağış tökülür, ildırım çaxır, coşub
qaynayan köpüklü dalğalar fırtınaya tutulmuş gəmini bir
top kimi atıb-tuturdu. Dəli dalğalar üstündə dağ təpəsi kimi
görünən gəmi digər bir dalğa arasındakı uçurumlu dərələri
andıran boşluqlar arasına yuvarlanacaq bir vəziyyət
almışdı…” (I c., s. 403).
Bu təsvirlərdən və doktor Şamilin Aslan bəyi, Qəməri və
Varisi müayinəsinin nəticələrindən məlum olur ki, onların
hər üçünün ömür və tale gəmiləri həmin tablodakı gəminin
vəziyyətindədir. Yaxud Varisin əxlaqsızlıq girdabında
məhvə məhkum olduğunu diqqətə çatdırarkən ədib vəziyyətə
uyğun ibrətamiz lövhələrdən istifadə edir. Belə
lövhələrdən birində görüşünə yüzlük pullardan tikdirilmiş
yorğanla gələcəyinə söz verən Varisin yolunu gözləyən
əxlaqsız qadının mənzilindəki “otağın bir bucağında
hörümçək toruna düşmüş milçəyin... özünü qurtarmaq üçün
çalışıb-çapalamasına baxmayaraq hörümçəyin incə tellərlə
onun əl-ayağını möhkəm bağlaması” təsvir olunur. Bu
təsvirdən də aydın olur ki, Varis indiki halında hörümçək
torunda – ölümün pəncəsində çırpınan həmin milçəyin
vəziyyətindədir.
Bundan fərqli olaraq, A.Şaiq Arazla Günəş haqqında
danışarkən tamam başqa peyzajlara müraciət edir.
Xüsusən Arazla Günəşin Qarabağdakı istirahət günlərini
təsvir edərkən onların ovqatlarına uyğun peyzajlara
romanda sıx-sıx rast gəlirik. Belə təsvirlərin birinə
diqqət yetirməklə A.Şaiqin Arazın ailəsi və Aslan bəyin
ailəsi, onların aqibətləri barədəki qənaətlərini öyrənmək
olar.
Əsərdən məlumdur ki, Aslan bəyin ailəsi də Qarabağa
istirahətə gedir və iş elə gətirir ki, onlar da Arazla
Günəşin qaldığı evin qonşuluğunda otaq kirayələməli olurlar.
A.Şaiq həmin binanın həyətindəki mənzərəni belə təsvir
edir: “…Şamil… onların (Arazla Günəşin – A.B.) evlərinin
qarşısındakı iki çinar ağacının sərin, məftun edən
mənzərəsinə baxıb zövq alır və gözlərini kiçik bir küləkdən
yarpaqları daimi hərəkətdə olan bu iki çinardan ayırmırdı.
Pəncərələrin qarşısında yan-yana dayanmış bu iki
qollu-budaqlı qocaman çinarın yaşıl başları boşluqlarda
geniş-geniş nəfəs alırdı. Təbiət bu iki uca və nəhəng
çinarda heç bir nöqsan yaratmamışdı. Onların arasından
qaynayan sərin bir çeşmə yol açdığı kiçik çınqıl daşları
üzərindən xoş ahəngli bir şırıltı ilə böyük çaylara doğru
axıb gedirdi. Bu iki ağacdakı sağlamlığı nəzərə çarpdıra
bilmək üçün təbiət sanki qəsdən bir az uzaqda xəstə və cılız
iki söyüd ağacı da yaratmışdı. Hər səhər şəfəq söküldükcə
bu mənzərə tamamilə başqa bir şəkil alırdı: ilk şəfəq
selləri hücuma başlayınca bu iki çinar başdan-başa titrək,
çəhrayı sədəflər içində parıl-parıl yanırdı” (I c., s. 407).
A.Şaiq öz qəhrəmanlarını – Arazla Günəşi qol-budaqlı qoşa
çinara bənzətməklə qalmır, o, həmin çinarların arasından
axan həyatverici çeşmə ilə günəşin ilıq, gözqamaşdırıcı,
min bir ahəngə çalan şəfəqlərini və bir az uzaqdakı qoşa,
xəstə söyüd ağaclarını da buraya əlavə edir. Burada xəstə
ağacların məhz söyüd kimi təqdim edilməsinə də təsadüf kimi
baxmaq olmaz; axı, Aslan bəyin ailəsi də bu söyüdlər kimi
xəstə, cansız olub barsızlığa məhkumdurlar.
A.Şaiq, bütün bu mənzərəni tamamlamaq, onun ideya-estetik
təsir gücünü artırmaq məqsədilə sözünə belə davam edir:
“Sizə təqdim etdiyim iki bəxtiyar (Arazla Günəş – A.B.)
pəncərələri bu gözəl mənzərəyə açılan doktorun (Şamilin –
A.B.) otağı ilə yan-yana olan o biri otaqda yaşayırdı. İri
gövdəli, vücudca sağlam və xoşsima olan bu iki nəfərin
qıpqırmızı yanaqları gəncliklərindən bir şey itirməmiş kimi
saf və parlaq idi, geyimləri, həyat və rəftarları da çox
sadə və səmimi idi. Həyatın acılarını ifadə edən simalarında
həm də həyata ayaq basdıqları ilk gündən onlarla bərabər
doğmuş nəşəli bir təbəssüm oynayırdı» (I c., s. 407).
A.Şaiq peyzajlardan obrazların keçirtdikləri psixoloji
sarsıntıları oxucunun nəzərində canlandırmaq üçün də
istifadə edir. Məsələn, Poladı sevdiyi halda, iradəsinin
əksinə olaraq Varisə ərə verilən Almas gəlin köçməzdən bir
az qabaq bibisi qızı Dilguşa ilə artırmada oturub söhbət
edərkən birdən bağların içindən bir burulğan qalxır:
“Birdən-birə qopan şiddətli külək bostanın ortasında
qumları tünd bir tüstü kimi burum-burum havaya sovurub,
ətrafı sıx sarımtıraq dumana bürüdü”. Bu külək bostan
çəpərlərinin tikanlarını da yerindən qoparıb havaya
sovurur: “Tikanlar sürətlə fəza dərinliklərinə, boşluqlara
doğru yüksələrək gözdən itirdi. Dilguşa əlini Almasın əlinə
vuraraq: – Almas sən də bu axşam belə uçub gedəcəksən?
– dedi.
Almas kədərli bir səslə:
– Heçliklərə, boşluqlara! – deyə pıçıldadı” (I c., s. 436).
Elmi ədəbiyyatda A.Şaiqin təbiət lövhələrinə münasibəti onun
romantik təbiətindən gəlmə bir hal kimi
qiymətləndirilmişdir. Bu haqda Ə.Mirəhmədov yazır:
“…Təbiət Şaiqi ən canlı, ən cazibədar bir aləm kimi
maraqlandırmaqdan əlavə, gah onun lirik qəhrəmanı üçün
ictimai fırtınalardan sığınacaq yeri, gah da bu qəhrəmanın
özü kimi dərdli bir aləmdir… Daha doğrusu, bu dövrün şeir
və hekayələrində təbiət eşqi əsas etibarilə romantizmə
məxsus olan bir hiss, romantiklərdə təsadüf edilən
mənəvi-psixoloji bir xüsusiyyətdir».
Ümumiyyətlə, romantiklərdə təbiətə, simvollara, tarixi və
mifoloji qəhrəmanlara yeri düşdükcə məqsədli şəkildə,
qəhrəmanın daxili təlatümlərini canlandırmaq məqsədilə
müraciət adi haldır. A.Şaiq də “Araz” romanında bu
üsullardan bol-bol istifadə etmişdir. Araz, Günəş, Pakizə,
Varis obrazları kimi, Almas və Poladın da adları onların
təbiətlərinə uyğundur; Almas qiymətini və saflığını taleyin
iradəsi ilə qoruyub saxladığı kimi, Polad da möhkəm və
əyilməzdir. O, həyatda aldığı ilk sarsıdıcı zərbədən –
Almasını itirmək təhlükəsindən sarsılarkən təmkinini qorumaq
üçün özündə güc tapır. Əgər Varis öz valideynləri kimi,
xəstədirsə, Polad eşqinin böhranlı anlarında gendəngəlmə
bir hərəkət edir; əvvəlki gün balıq ovuna, səhərisi dovşan
ovuna, üçüncü gün isə yeni tapdığı işə gedir. Araz kimi o da
bacarıqlı, nüfuzlu, qürurlu və həssasdır; quyunun
dərinliyində qazma baltasının sındığını onun səsindən
bilir.
Poladın həyat və mübarizə yolu da atasının davamı təsiri
bağışlayır. Oxucu inanır ki, tezliklə Polad həbsdən
qayıdıb öz Almasına qovuşacaq, xalqı Almas parıltılı,
yaqut dəyərli, Günəş hərarətli və şəfəqli, Araz ömürlü
azadlığa, həyat və nəşə dolu istiqbala qovuşduracaq.
Romanın ideyası da Abdulla Şaiqin “Araz”a qədərki
əsərlərində – “Məktub yetişmədi”, “Əsrimizin
qəhrəmanları” və sairədə inkişaf etdirilən milli ideal və
amalların Araz vasitəsi ilə bəşəriyyətin istiqbal,
mədəniyyət, mənəviyyat nəhrinə qovuşacağından ibarətdir.
***
Abdulla Şaiqin “Xatirələr” əsərində ədəbiyyat tariximizin
qaynar bir dövrünün maraqlı və yaddaqalan hadisələri, ədəbi
şəxsiyyətləri haqqında müfəssəl məlumatlar verilir. Bu
“Xatirələr”də ədibin uşaqlıq və ilk gənclik illərindən
tutmuş XX əsrin 40-cı illərinə qədərki dövr əhatə
olunmuşdur. Biz bu əsərdə A.Şaiqin bir ədəbi şəxsiyyət kimi
yetişməsini təmin edib, ona bu və ya başqa şəkildə səbəb
olan yaddaqalan detallarla tanış olur, onun ayrı-ayrı
əsərlərinin yazılma səbəbləri və tarixi haqda məlumat
alırıq.
Məlumdur ki, A.Şaiq XX əsrin I yarısında Azərbaycan
ictimai-ədəbi və mədəni-maarif mühitində özgün mövqe və
nüfuza malik olmuşdur. Bütün bunlar onun dövrünün bir çox
şəxsiyyətləri ilə işgüzar yaradıcılıq və dostluq
münasibətlərində olmasını təmin etmişdir. “Xatirələr”də yeri
gəldikcə həmin şəxsiyyətlər, onların ayrı-ayrı ədəbi hadisə
və proseslərdəki rolu barədə ətraflı məlumatlar verilir.
Ədib ədəbi-mədəni mühitdə səmimi, qayğıkeş və obyektiv bir
adam kimi tanınmışdır. “Xatirələr”in dili aydın, üslubu
sadə, təsvirləri əhatəli, canlı olduğu kimi onda öz əksini
tapan fakt və hadisələr də inandırıcıdır.
***
Abdulla Şaiq görkəmli romantik şair və dramaturq, nasir
olmaqla yanaşı, həm də dövrünün tanınmış tənqidçi və
ədəbiyyatşünaslarından olmuşdur. Onun elmi irsində
Xaqanidən tutmuş XX əsrin əvvəllərinin görkəmli
Azərbaycan, Yaxın Şərq, Qərbi Avropa və Rusiya ədibləri,
şairləri haqqında yüksək elmi-nəzəri səviyyəsi ilə seçilən
məqalə və oçerkləri vardır. Buraya tənqidçi və
ədəbiyyatşünas ədibin “1905-ci il inqilabından sonra
yetişmiş ədəbiyyatımıza səthi bir nəzər”, “Mirzə Fətəli
Axundov haqqında mülahizələrimiz”, “M.F.Axundovun
“Aldanmış kəvakib”i haqqında mülahizələrim”, “Cavidin
“İblis” nam hailəsi haqqında duyğularım”, “Mirzə Ələkbər
Sabirin tərcümeyi-halı”, “Dilimiz və ədəbiyyatımız”, “Səhhət
təxəllüslü Mirzə Abbasqulu Mehdizadənin tərcümeyi-halı”,
“Şairi-milli və möhtərəm Sabir əfəndi”, “Üdəba və
şairlərimizin halı” kimi sanballı məqalələrindən əlavə
“Gülzar”, “Ədəbiyyatdan iş kitabı”, “Türk çələngi”,
“Qiraət”, “Ədəbiyyat dərsləri”, “Türk ədəbiyyatı”
dərsliklərinə yazdığı portret-oçerklər daxildir. Elmi
ədəbiyyatda doğru göstərilir ki, A.Şaiq ədəbi
yaradıcılığında olduğu kimi, tənqidçilik fəaliyyətində də
romantikdir. Bununla yanaşı, onun həm ədəbi-nəzəri
baxışlarında, həm də
bədii yaradıcılığında realist meyillər də mövcuddur.
A.Şaiqin ədəbi-tənqidi məqalələri, ədəbiyyat tarixçiliyi
konsepsiyası özünün nəzəri səviyyəsini və elmi dəyərini bu
gün də qoruyub saxlamaqdadır. Onun yaradıcılığının bu sahəsi
haqqında akademiklər Məmməd Cəfər, Kamal Talıbzadə, Bəkir
Nəbiyev, professorlar
Məmməd Məmmədov, Əflatun Saraclı, Kamran Əliyev və
b. öz tədqiqatlarında ətraflı söhbət açmış, filologiya üzrə
fəlsəfə doktoru Arzu Hacıyeva ayrıca monoqrafiya
yazmışdır.
***
Abdulla Şaiqin bədii və elmi-nəzəri irsi Azərbaycan
ədəbiyyatı tarixinin qiymətli nümunələrindəndir. Onun
poezyia və dramaturgiyasında olduğu kimi, nəsrində də
xalqımızın müəyyən bir tarixi inkişaf və düşüncə
mərhələsinin bədii-estetik mənzərəsi ilə tanış oluruq.
Ədibin “İki familiyanın məhvi”, “Qoçpolad”, “Qafqaz
çiçəyi”, “İldırım”, “Dursun” və s. əsərlərində (xanlıqlar)
feodolizm dövrünün ictimai-tarixi mənzərəsi, məişəti,
düşüncə tərzi, mənəvi-əxlaqi baxışları ilə qarşılaşır,
“Məktub yetişmədi”, “Köç”, “İki müztərib, yaxud əzab və
vicdan” əsərlərində real həyat həqiqətlərindən doğan
yangılı, sentimental təsvir və təhkiyə üsulu arxasında
yazıçının incə və həssas qəlbinin çırpıntılarını duyuruq.
“Ovçu bağalar”, “Timsah ovu”, “Lovğa ovçu”, “Meşə
gözətçisi” hekayələrində ətraf aləmin cazibədarlığı
müqabilində, qəhrəmanların bu gözəlliyə, canlılara qayğıkeş
münasibəti fonunda oxucuda təbiətə məhəbbət və
qədirşünaslıq təbliğ olunur. “Sözün qiyməti”, “Usta
Bəxtiyar”, “Cümənin qəzəbi” əsərlərində müəllif folklor
motivlərinə söykənib, xalq hikmətindən qidalanırsa,
“Hitlerin yuxusu”nda faşizmin iç üzü, vəhşi təbiəti ifşa
edilir, “Xasay”, “Vəzifə” və digər nəsr əsərlərində müəllim
və cəmiyyət, tərbiyə
və gənclərin taleyi problemləri diqqət mərkəzində dayanır.
Ümumiyyətlə, Abdulla Şaiqin bədii və elmi-ədəbi irsi özünün
hərarətli vətəndaşlıq duyğusu, qanadlı və nikbin romantik
vüsəti, işıqlı sabaha sarsılmaz inamı, soykökə möhkəm
genetik tellərlə bağlılığı ilə milli ruh və mənəviyyatımıza
bu gün də işıq salır. Abdulla Şaiq sənətinin
əbədiyaşarlığının sirri, sehri də elə onun bu
keyfiyyətlərindədir.
Alxan Bayramoğlu,
filologiya elmləri doktoru, professor
|