Sən yola saldıqca illəri Vətən
Oldu başdan-başa gülüstsn, Şaiq.
Baxıb alnındakı qırışıqlara
Olmadın zərrəcə pərişan, Şaiq.
Dağların başı tək ağardı başın,
Çiçəklər bitirdi torpağın daşın.
Dedin: Ey qocalıq fikrindən daşın!
Axtardın hər dərdə min dərman, Şaiq.
Səni əzizləyir, yaxşı fikir ver,
İgidlər yetirən bu torpaq bu yer.
Qızıl qalstuqlu nəvən-pioner
Sənə hörmət bəslər hər zaman, Şaiq.
Səni gənc saxladı gəncliyin səsi,
Könlündə dinləndi bahar nəğməsi,
Tükənməz şairin eşqi həvəsi
Kəssə də yolunu qar, boran, Şaiq.
Coşqun ilhamını Vətəndən aldın,
Saz tutub, söz qoşub xəyala daldın,
Səməd , mən qocaldım, sən cavan qaldın
Ey körpə ürəkli qocaman Şaiq .
Səndə təbiət var ipəkdən yumşaq,
Böyüklə böyüksən, uşaqla uşaq.
Yüz yaşı gəl birgə adlayıb aşaq
Bir də ələ düşməz bu dövran , Şaiq.
|