Məktəbi-gülşəndə inləyən bülbül!
Bir çox zamanlardır gəlir avazın,
Anlat bir neçindir bu açdığın dil,
Bu güllərdən söylə, nədir niyazın?!
Nalənin təsiri getməz dillərdən,
Almışam mən xəbər canlı güllərdən,
Əks sədasıdır gəlir ellərdən
Ucaldığın göylər, yandıran sazın.
Qələmdən səpdiyin nurlu jalələr,
Çıkardı torpaqdan güllə, lalələr.
Çəkmə bundan belə acı nalələr,
Yetər şam kibi suzu güdazın.
Əməllər toxumu əkdiyin bağlar,
Göyərib açmışdır yaşıl yarpaqlar,
Cəhalət zəhmilə sınan budaqlar
Yetişib olmuşdur məhrəmi-razın.
Seyidzadə Bədri
|