Azərbaycan ədəbiyyatının klassik örnəkləri sırasında vətənpərvərlik, yurdse­vərlik hissinin, hürriyyət və istiqlal məfkurəsinin aşılanmasında zəngin ədəbi qaynaqların üst qatından qardələn, narıngülü, novruzçiçəyi ülviyyəti ilə boy göstərən poetik nümunələrdən biri də, müqtədir sənətkarımız Abbas Səhhətin milli-mənəvi dü­şüncə ensiklopediyasını, tarixi-etik ənənələr külliyyatını, vicdan və əxlaq kodek­sini özündə təcəssüm etdirən “Vətən” (1909) şeiridir. Yüz ildən çoxdur ki, “Vətən” yalnız ədəbi-bədii nümunə, sevgi-məhəbbət simfoniyası olmaqdan daha yüksəkdə dayanan, tarixi-coğrafi hüdudlarımıza maraq və rəğbət oyadan, milli şüurun inkişafına təkan verən, vətənsevərlər hərəkatının həyatda və sənətdə  andına, himninə çevrilən dərs vəsaiti, müdrik kəlamlar toplusudur.

 

“Könlümün sevgili məhbubu mənim,

Vətənimdir, vətənimdir, vətənim.”

Və ya;

“Vətənin sevməyən insan olmaz.

Olsa da, ol şəxsdə vicdan olmaz.”

Mahmud bəy Mahmudbəyovla 1909-cu ildə “Yeni məktəb” (Üçüncü il) adlı dərslikdə nəşr edilən Abbas Səhhətin bu əsəri yazıldığı vaxtdan indiyədək yeni-yeni nəsillərin vətənpərvərlik tərbiyəsinin yüksəldilməsində, dünyagörüşünün genişlən­məsində, yurdsevərlik duyğularının ovxarlanmasında, cilalanmasında, uca, saf könüllərin fəth edilməsində müstəsna rol oynamış və bu gün də, aktuallığını, çağdaşlığını, əhəmiyyətini qoruyub saxlayır. Şübhəsiz ki, mayası millətə, ocağa sevgidən yoğ­rulan “Vətən”in müqəddəs missiyası ilk növbədə istiqlal ideallarına sonsuz xidmət göstərməsi, azadlıq, müstəqillik uğrunda mübarizələrdə mətin mü­ca­hidlərin formalaşmasında mənəvi təsir qüdrəti ilə şərtlənir.

Abbas Səhhətin “Millətə xitab”ında (1907) “Millət, ey banisi-həyati-vətən!” – deyə şairin poetik müraciəti, çağırı­şı, hayqırtısı çağdaş elmi-nəzəri, ədəbi-fəlsəfi dü­şüncə müstə­vi­sindən yanaşdıqda da, nə qədər aydın, dəqiq, dolğun, ölçülü-biçili və müdrikliklə söyləndiyi görünməkdədir. Böyük ədibin bütün fəaliyyəti, bədii yaradıcılığı vətənə və millətə sədaqət nümunəsindən, xalqın maariflənməsi, gənc nəslin milli təhsil sahəsində uğurlar qazanması üçün yorulmaq bilmədən, əzablara qatlaşaraq xidmətlər göstər­mək eşqindən, ehtirasından ibarətdir.

A.Səhhət öz dövrünün mətbuat orqanlarından “Şərqi-rus”, “Həyat”, “İrşad” “Füyuzat”, “Dəbistan”, “Rəhbər”, “Zənbur”, “Məlumat”, “Yeni irşad”, “Tərəqqi”, “Kəlniyət”, “Məktəb”, “Molla Nəsrəddin”, “İqbal”, “Yeni iqbal”, “Son xəbər”, “Bəsirət”, “Yeni məktəb”, “Qurtuluş”, “Açıq söz”, “Sovqat”, “Qardaş köməyi” və b. qəzet və jurnallar ilə fəal əməkdaşlıq etmiş, şeirlərini yayınlatmışdır. Təəssüf ki, onun Mirzə Cəlal Yusifzadənin (1859, Şuşa – 1931, Bakı) müdirliyi və sahibi imtiyazlığı (redaktorluğu və naşirliyi) ilə  1911-1912–ci illərdə Bakıda Azərbaycan türkcəsində nəşr etdiyi “Həqiqəti-əfkar” (Fikirlərin həqiqəti – A.R.) qəzetində yer alan şeirlərinin heç də hamısı ədibin vəfatından sonra çıxan kitablarında öz əksini tapmamışdır. Respublikamızın arxivlərində bir nömrəsinə də, təsadüf olunmayan bu mət­buat orqanının ilk sayı 1911-ci il 29 oktyabr tarixində, şənbə günü, Bakıda Nikolayevski küçəsində yerləşən Tağıyevin Qız məktəbinin (indiki AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun – A.R.) alt qatında, Orucov qardaşlarının elektrik mətbəəsində o vaxtın leksikonu ilə desək “təb edilmişdir”. Qəzet dörd səhifəlik, həftədə bir dəfə işıq üzü görən “siyasi, ədəbi, fənni, ictimai və iqtisadi türkcə” mətbuat orqanı idi.

Azərbaycan pomantizminin görkəmli nümayəndəsi, şair, mütər­cim Abbas Səh­hə­tin “Həqiqəti-əfkar”da dörd nəzm nümunəsi işıq üzü görüb. Onlardan “Təcəddüd və tərəqqi” (1911, 24 dekabr, № 11) şeiri sonralar müəl­lifin kitab­larına  (1935, 1950 və 2005-ci il nəşrləri nəzərdə tutulur – A.R.) “Tərəqqi və təbiətin qanunu” adı ilə daxil edilmiş, digər üç şeiri isə çağdaş oxucu auditoriyası üçün tamamilə naməlumdur.

Ədibin şeirlərdən ikisi – “Əndişeyi-rindanə” (“Həqiqəti-əfkar” qəz., Bakı, 1911, 12 noyabr, № 3) və “Rəddiye-rindanə” (“Həqiqəti-əfkar” qəz., Bakı, 1911, 20 noyabr, № 5)  hərəsi dörd misradan ibarət olmaqla şairin ad və təxəllüsünün baş hərfləri – “A.S.” (ərəb qrafikası ilə “.ص ”) gizli imzası ilə, “Cümlə qayğu” (“Həqiqəti-əfkar” qəzeti, Bakı, 1911, 17 dekabr, № 10) isə “A.Səhhət” adıyla dərc olunmuşdur. İlk iki şeir “Həqiqəti-əfkar” qəzetinin 3-cü və 5-ci saylarında işıq üzü görsə də, mövzu etibarilə bir-birinin davamıdır. Şair azadlıq uğrunda Rindin (qorx­mazın –A.R.) çarpışmalarını hər iki nəzm parçasında böyük ustalıqla, qabarıq vermişdir.

ƏNDİŞEYİ-RİNDANƏ

Qanımın hər qətrəsi səngi-cidal dəryasıdır,

Bən səhərdən şamədək bir bəhri pürqovğadəyəm.

Qəhri xilqət pəncəsində çırpınır ruh, iştə bən,

Bəndəyəm, bin kərə hər gün, bində istefadəyəm.

RƏDDİYE-RİNDANƏ

Əhrimən qandan yaradılmaz, yaradır “sən” kibi,

Bəndeyi binlərlə bən də iştə bu dəvadəyəm.

Əhriman babında bağlı bəndələrdir qəhrkar,

Qəhrkarla çarpışırkən bən nasıl azadəyəm?

 “Rəddiye-rindanə”nin son beyti şər qüvvələrlə mübarizənin, çarpışmanın aman­sız şiddətindən və geniş miqyasından xəbər verir. “Qəhrkarla çarpışırkən bən nasıl azadəyəm?” – bədii sualı müəllifin oxucusunu azadlıq haqqında dərindən, ciddi düşün­məyə hesablanmış ədəbi ifadə tərzidir.

Abbas Səhhətin “Cümlə qayğu” əsəri isə əvvəlki iki şeirindən məzmun, ideya və həcm etibarilə fərqlənir. Bu mənzumə ruhu və üslubu etibarilə şairin “Təcəddüd və tərəqqi” şeirinə daha çox yaxındır

CÜMLƏ QAYĞU

Təbim məni etdi cümlə qayğu,

Şerim nəvəhati-aləm olmuş.

Vardır əsərimdə vəchi-təsir,

Zira ki, müxəmməri-qəm olmuş.

Sakit nə sayaq durum? Mühitim,

Bir səneyi yas və matəm olmuş.

Xəlvət ki, bəzmi-vəsli-yarə,

Əğyar girib də məhrəm olmuş.

Yatmış, sürüylə çoban da yatmış,

Qurdlarla köpək də həmdəm olmuş.

Ətraf hərəmdə qanlı səyyad,

Ahu avına müsəmməm olmuş.

Səhv etmiş əlacda ətibba,

Hər verdiyi şərbəti səmm olmuş.

Aləmini millətin duyarkən,

Fəryadlarım dəmadəm olmuş.

İslama bir ağlayan yox, amma

Ağlar hamu, kim məhərrəm olmuş.

İslama gərəkdir ağlanılsın

Zira ki, büsati bərhəm olmuş.

Məhv olmasına nəuzü-billah,

Min dürlü səbəb fərahəm olmuş.

Şübhəsiz ki, A.Səhhətin bu şeirində də, pomantizmə məxsus rəmzlər zamanın və mühitin ziddiyyətli məqamlarını qabardır, şairin şəxsi əhval-ruhiyyəsini, düş­düyü çarəsiz durumu əks etdirir. Ədib yasa, matəmə, qaranlığa qərq olmuş mühit­dən çıxış yolu arayır: “Sakit nə sayaq durum? Mühitim, Bir səneyi yas və matəm olmuş” – deyə fəğan qoparır, qan-yaş tökür. Bu beytdə Abbas Səhhətin yaxın dostu, Azərbaycanın qüd­rətli satirik şairi Mirzə Ələkbər Sabirin vəfatı ilə bağlı kədərli, müdhiş duruma da işarə etməsi ehtimal oluna bilər...

M.C.Yusifzadənin “Həqiqəti-əfkar” qəzetindən üzə çıxarılan yeni tapıntılarla sevimli şairimiz Abbas Səhhətin yığcam ədəbi-bədii irsinə daha üç əsər əlavə edir. Ədibin indiyədək nəşr olunan kitablarına daxil edilməyən “Əndişeyi-rindanə”, “Rəddiye-rindanə” və “Cümlə qayğu” adlı naməlum şeirləri Abbas Səhhət poezi­yasını sevən­lər üçün böyük töhfə sayılacağı şübhə doğurmur.

Səhhət haqqında elmi-tədqiqat əsərlərində vurğulanmasa da, o dövrün mətbu­atından məlumdur ki, millətsevər ziyalılar, ədiblər xalqın ləyaqətlə xidmətində dayanmaq, ədəbiyyatın təkamülünə təkan vermək, gənc və istedadlı yazarların maddi-mənəvi “müavinətində bulunmaq” üçün bir araya gələrək 1917-ci ilin yanvarın 4-də, çəharşənbə günü, saat 7-də “İsmailiyyə” binasında yerləşən Müsəlman Xeyriyyə Cəmiyyətinə yığışaraq “Mühərrirlər və ədiblər cəmiyyəti” yaratmağı qərara aldılar. Cəmiyyətin ilkin qərargahı “Açıq söz” qəzetinin idarəsi olmaqla Məhəmməd Əmin Rəsulzadə təşkilat komissiyonunun rəisi seçildi. “Mühərrirlər və ədiblər cəmiyyəti”ni indiki Azərbaycan Yazıçılar Birliyinin tamhüquqlu sələfi də adlandırmaq olar. Bakıda, aprel ayının 28-də keçirilən iclasda yeni cəmiyyət öz nizamnaməsini təsdiqlədi, idarə heyəti, ədəbiyyat şöbəsi və təftiş komissiyası bölmələrini yaratdı. Məhəmməd Əmin Rəsulzadə, Hüseyn Cavid, Abbas Səhhət, Seyid Hüseyn, Xəlil İbrahim, Hacı İbrahim Qasımov, Azər Buzovnalı, Abdulla Şaiq, Cəfər Cabbarlı kimi tanınmış yazarlar yeni cəmiyyətin yaradıcıları idi. “Mühərrirlər və ədiblər cəmiyyəti” yeni təşəbbüsdə bulunaraq “hərbzədələr nəfinə”, müharibədən  ziyan çəkən insanlara maddi və mənəvi yardım edilməsi, ianələrin toplanılması məqsədilə “Qardaş köməyi” adlı siyasi, ədəbi, ictimai yönümlü bir məcmuə hazırlamağa qərar verdi. Cəmiyyətin ilk iclasından on gün sonra “Açıq söz” qəzetində verilən bir elan diqqəti cəlb edir: “Hərbzədə müsəlmanlara müavinət məqsədilə çıxarılacaq “Qardaş köməyi” məcmuəsinin təhriri və nəşri xüsusunu idarə üçün Bakı mühərrirləri və ədibləri tərəfindən seçilən komissiyon bununla bütün Rusiya türk, tatar mühərrir və ədib arkadaşlarına müraciətlə ehsasati-milliyyəyə tərcüman olacaq bu məcmuəyə qələmlə müavinət­lərini rica edir. Eyni zamanda digər sinfi-ərbabının dəxi elan vermək, məcmuənin satışına kömək etmək və s. maddi və mənəvi müavinətlərdə bulunmaq surətilə bu məcmuənin nəşrinə yardım etmələrini gözlər.

Məcmuəyə yazılacaq təhrirat yanvarın 25-dən gec olmamaq üzrə “Açıq söz” idarəsində komissiyon rəisi Məhəmməd Əmin Rəsulzadə cənabları namına göndərilməli, vəli ümumheyəti-təhririyyəyə aid xüsuslar üçün bu adresə müraciət olunmalıdır...” (Bakı xəbərləri. “Açıq söz” qəz., 1917, 13 yanvar, № 368).

“Qardaş köməyi” 1917-ci ilin fevralında oxucularına çatmalı idi. Lakin, Rusiyada fevral burjua-demokratik inqilabının ilıq havasının təsiri altında məc­muəni ərp bağlamış materiallardan azad etmək, ən kəsərli nəsr və nəzm nümunələri ilə barındırmaq, senzura qadağalarına məhəl qoymadan ən aydın həqiqətlərlə zənginləşdirmək üçün jurnalın naşirlərinə əlavə üç ay vaxt lazım oldu. Əslində topludakı ictimai-siyasi xəbərlər, publisistik materiallar yenidən işlənsə də, ədəbi-bədii əsərlər olduğu kimi saxlanmışdır. “Qardaş köməyi”nin birinci sayında Məhəmməd Əmin Rəsulzadənin “Bizim nöqteyi-nəzərdən”, Hüseyn Cavidin “Hərb və fəlakət”, Abdulla Şaiqin “İdeal və insanlıq”, Əhməd Cavadın “Yazıq”, Seyid Hüseynin “Ağarılan dişlər”, Məmməd Səid Ordubadinin “Hürr - hürriyyətə”, Tağı Şahbazi Simurğun “Aclar”, Firidun bəy Köçərlinin “Heyvaniyyət və insaniyyət”, Əbdürrəhim bəy Haqver­diyevin “Süleyman əfəndi, “Bakı Sənaye Məktəbinin mütəəllimi Cəfər Cabbar­zadə”nin “Boranlı qış gecəsi, şaxta şiddət ilə kəsir” əsərləri ilə yanaşı Abbas Səhhətin “Təxliyə, yaxud qaçqın” şeirini və “Qaragünlü Həlimə” hekayəsi də verilmişdir.

Abbas Səhhətin vətən, ölkə mövzusunda yazdığı “Azərbaycan” şeiri (Doğrudur bu əsər 1 fevral 1914-cü ildə “Məktəb” jurnalının 2-ci sayında cüzi dəyişikliklə “Vətən” adı ilə çap olunub – A.R.) Cümhuriyyət dövründə tərtibçi və tərcüməçi kimi tanınan Ağahəsən Mirzəzadənin naşirliyi ilə “İran” elektrik mətbəəsində çıxan “Milli nəğmələr” kitabında (1919, səh.2-3) öz əksini tapmışdır. A.Mirzəzadə 1914-cü ildə Məktəb elektrik mətbəəsində çalışdığı dövrdə M.Mahmudbəylinin Abbas Səhhət ilə ali və edadi məktəblərin aşağı sinifləri üçün birgə hazırladıqları “Türk ədəbiy­yatına ilk qədəm” adlı ədəbi nümunələr toplusunu, eləcə də, şairin digər əsərlərini nəşr etdiyi zamandan aralarında dostluq münasibətləri yaranmışdır. M.Ağahəsən “Milli nəğmələr” kitabını isə A.Səhhətin vəfatından sonra, Cümhuriyyət dövründə (1919) tərtib və nəşr etmiş, topluya 77 şeir və nəzm parçası salmışdır. Bunların içərisində Məhəmməd Füzulinin “Şəbi-hicran”, Tofiq Fikrətin “Millət şərqisi”, Namiq Kamalın “Vətən marşı”, Məhəm­məd Hadinin “Çocuğa xitab”, Turaninin (Əli bəy Hüseyn­zadə) “Hali-vətən”, Mirzə Ələkbər Sabirin “Məktəb şərqisi”, “Tərğib-ətfali məktəb”, “Mək­təb” və s. marşlar və milli nəğmələr ilə yanaşı Abbas Səhhətin “Azər­baycan” əsəri də yer almışdır. Məsnəvi şəklində qələmə alınan və 17 beytdən ibarət olan şeirin ilk bəndi belədir:

 

Azərbaycan ölkəsidir vətənim,

Simurğun sayəsində məskənim.

Azərbaycanda mən vücudə gəldim,

Xaliqimə qarşı sücudə gəldim.

Abbas Səhhətin “Azərbaycan” şeirinin “Məktəb” jurnalının 1 fevral 1914-cü il nəşrində gedən ilk variantının birinci misrası “Qafqaz qitəsidir mənim vətənim”, üçüncü misra isə – “O məmləkətdə mən vücudə gəldim” şəklində getmişdir. Şairin “Seçilmiş əsərləri”nin 2005-ci il nəşrində bu bəndin dördüncü misrası “Xalqıma qarşı sücudə gəldim” variantında verilib ki, burada da “xalq” və “xaliq” arasında bəzi incə məqamlar var: 1. A.Səhhətin nöqteyi-nəzərincə insanı da, xalqı da yara­dan, xəlq edən torpaqdır, vətəndir. O, “Xaliqimə qarşı sücudə gəldim” – deyər­kən ilk növbədə vətənə, Azərbaycana səcdə etməyi nişan verir. 2. Bolşevik düşüncə tərzi ilə “xaliq”i “xalq” kimi yazanlar bilməliydilər ki, bununla misrada heca çatışmazlığı yaradıblar. 3. Ərəb dilində hər iki söz eyni kökdən olsa da, əski əlifba ilə “xəlq” sözü əlifsiz, “xaliq” kəlməsi isə əliflə yazılır.

Əlbəttə, böyük sənətkarın əsərlərinin çağdaş nəşrinin ilk qaynaqlar əsasında müqayisəli şəkildə araşdırılmasına və təhlil olunmasına ciddi ehtiyac duyulur. İndiyədək Abbas Səhhətin həyat və yaradıcılığının mükəmməl biblioqrafiyasının hazırlan­ma­ması bu sahədə dərin bir boşluğun mövcudluğundan xəbər verirdi. Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının bir qrup əməkdaşları (İxtisas redaktoru və buraxılışa məsul, əməkdar mədəniyyət işçisi Şəhla Qəm­bərova, tərtibçilər: əməkdar mədəniyyət işçisi Nazilə Tahirova, Leyla Qafarova və Tünzalə Əzizova) bu ağır yükün altına girərək, şərəfli, gərəkli və əhəmiyyətli bir işin öhdəsindən yüksək peşəkarlıqla gəlmişlər. Biblioqrafiya işi böyük zəhmət, ciddi araşdırma, yüksək səriştə tələb edən uzunmüddətli prosesdir. Bu sahədə tələs­kənliyə yol verilməsi qəbuledilməzdir. Biblioqrafiya işində faktlar, adlar, arqu­mentlər, necə deyərlər, iynənin ucu toplanır və bir məcraya yönəldilir. Dəqiqlik, sistemlilik, məxəzlərə, mənbələrə güvənlilik tərtibçilər üçün əsas məziyyətlər, başlıca keyfiyyət göstəricisi olmalıdır. Biblioqrafiya – obrazlı şəkildə desək sənətkarın, şairin, elm adamının yaradıcılıq pasportudur.

F.B.Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşları tərə­findən hazırlanan bu biblioqrafiya faktların yeniliyi, istinad edilən qaynaqların zənginliyi baxımından çox geniş və əhatəlidir. Vətənə, millətə sədaqət nümunəsinə çevrilmiş şairin ilk dəfə nəşr olunan “Abbas Səhhət” biblioqrafik göstəricisi kitabşünaslıq mədəniyyəti­mizdə mühüm əhəmiyyət kəsb etməklə yanaşı, elmi-ədəbi ictimaiyyət üçün də dolğun, mükəmməl və sanballı töhfədir.

Asif Rüstəmli

AMEA Nizami adına Ədəbiyyat İnstitutu

Mətbuat tarixi və publisistika şöbəsinin

 müdiri, filologiya elmləri doktoru, professor


 

 

 

<< Geri