“Ölürsəm qəm etmərəm. Çünki bilirəm siz mənim asarımı təb etdirərsiniz.
” Sözləri ilə öz əsərlərinin gələcək taleyini A.Səhhətə tapşırmışdı.
Sabirin sağlığında nail olmadığı arzusunu Səhhət böyük cətinliklərdən,
bir neçə dəfə Bakıya gəlib getdikdən sonra müəllim Mahmudbəy Mahmudbəyovun
köməkliyi ilə yerinə yetirə bilir. Sabirin əsərləri “ Hophopnamə” adı
ilə 1912-ci ildə nəşr olunur.
***
Salman Mümtazın Sabirlə söhbətinin bir yerində belə sual-cavab vardır:
“Sual - Abbas Səhhətin necə yaşı vardır? Siz böyüksünüz, yoxsa o?
Cavab – Başda o böyükdür, yaşda mən.
Sual – Səhhət dərin savadlımıdır?
Cavab - Mən onun şagirdiyəm, o mənə ustaddır.”
Mirzə Ələkbər Sabir,
satirik şair
Səhhət əfəndinin tərcümədə daha artıq məharət və istedadı olduğu üçün rus ədiblərindən
“İkinci Jukovski” - deyə bilərik. Belə ki, cavan şairimizin
“Məğrib günəşləri” əsərində rus məşhur şüərasından Puşkin, Lermontov,
Nikitin, Krılov və bir çox başqa şüəralardan etdiyi tərcümələr əsli ilə müvafiq olmaqla bərabər,
çox da şayani-təqdirdir.
***
Səhhət olduqca həssas, şən və kövrək qəlbə malik bir şair idi.
Ən kiçik, şən bir hadisə onda böyük bir sevinc doğurduğu kimi,
ən əhəmiyyətsiz, həzin bir lövhə və hadisə də onda acı düşüncə,
kədər və ruh sıxıntısına səbəb olurdu. Mühüm bir faciə isə onun
bütün varlığını sarsıda bilirdi.
Abdulla Şaiq,
şair-dramaturq
Səhhətdən bəhs edərkən şair diqqəti hər şeydən əvvəl onu bir
sənətkar kimi yaşadan xüsusiyyətlərə - şairin poetik dünyasının
özünəməxsusluğuna, həyat səhnələrini böyük sənətkar kimi təsvir etmək bacarığına,
şeir dilini təbiiləşdirməkdə əldə etdiyi yaradıcılıq nailiyyətlərinə cəlb etmişdi,
onu “şair-rəssam” adlandırmışdı.
Səməd Vurğun,
xalq şairi
Abbas Səhhət dövrünün çox az yazarlarından olub ki,
hər iki-həm romantik, həm də realist ədəbi məktəbin nümayəndəsi kimi
Azərbaycan ədəbiyyatında, mətbuatında, ədəbi mühitində tanınıb, oxunub,
sevilib və yaddaşlarda həkk olunub... Abbas Səhhət romantiklər arasında məktəb,
tərbiyə ilə ən çox bağlı olan şairdir... Səhhətin fikrincə, müsəlmanlar ona görə
geri qalmış, qapaz altına düşmüşlər ki, ehkami-dini pozdular, şəriəti düz yerinə yetirmədilər.
Mir Cəlal,
professor
Səhhətin gözəl uşaq şeirləri yetmiş ildir ki,
dərsliklərimizin səhifələrindən düşmür, bu gün də məktəblilərimizin dilinin əzbəridir.
Abbas Səhhətin şair, tərcüməçi, ictimai xadim, həkim,
müəllim kimi gördüyü işləri, xalqa etdiyi xidmətlərin
on illik ümumi mənzərəsinə nəzər saldıqda heyrətə gəlir,
inanırsan ki, o, bu illərdə xalqın mədəni inkişafı üçün əlindən
gələn hər şeyi etmiş, heç bir fədakarlıqdan çəkinməmişdir.
İnanırsan ki, o, çoxcəhətli yaradıcılığında və fəaliyyətində yalnız bircə məqsəd düşünür:
Fikrimiz tərbiyeyi-millətdir,
Qəsdimiz millətə bir xidmətdir.
Abbas Zamanov,
Azərbaycan EA-nın müxbir üzvü,
professor
...
Abbas Səhhət yaradıcılığının ideya-istiqamətindən bəhs edərkən,
onu “istismarçı siniflərə qarşı fəhlə və kəndliləri müdafiə edən”
bir şair kimi dəyərləndirirəm.
Cəfər Xəndan,
professor
Abbas Səhhətin yaradıcılığı, əsərlərinin ideya-siyasi istiqaməti,
romantikasının xüsusiyyətləri onun yaradıcılığının “ruh etibarilə
Lermontova yaxın” olduğunu göstərir.
Məmməd Arif,
akademik
Səhhət sözü ilə işi bir olan xadim idi. Xalqa məktəb lazım idi- onlar da açdılar.
Xalqa yeni teatr lazım idi- yaratdılar, hətta qadın rolunu da bir müddət
özləri oynadılar. Xalqa tibbi yardım lazım idi-göstərdilər. Kitab lazım idi – yazdılar.
Qəzet-jurnal lazım idi-çıxartdılar…
Əziz Mirəhmədov,
ədəbiyyatşünas-alim
Abbas Səhhətin ədəbi yaradıcılığının mühüm bir sahəsini
uşaqlar üçün yazdığı əsərlər təşkil edir.
On beş ilə qədər müəllimlik etmiş Səhhət yalnız məktəbdə deyil,
ədəbi yaradıcılığında da bir müəllim olmuşdur. Onun uşaq və gənclər üçün yazdığı
bir çox lirik şeirlər, səhnə əsərləri və təmsillər təlim-tərbiyə işinə kömək etmişdir.
Bu əsərlərin müəllifi Azərbaycan uşaq ədəbiyyatı tarixinə parlaq səhifə yazmış
Sabir və Mirzə Cəlil, Şaiq və Süleyman Sani kimi qələm yoldaşları ilə birlikdə bu
ədəbiyyatı çoxəsrlik inkişafında yeni, yüksək pilləyə qaldırmışdır.
***
Səhhətin məktəb yaşlı uşaqlar və gənclər üçün yazdığı əsərlərdə ictimai məzmun daha qüvvətlidir.
Vətən məhəbbəti, maarifə, elmə çağırış bu əsərlərin əsas məzmununu təşkil edir.
Şair hər nədən yazır yazsın, qarşısına nə kimi tərbiyəvi bir məqsəd qoyur-qoysun,
onu vətən məhəbbəti ilə, elm və maariflə əlaqələndirir.
***
O adam xoşbəxtdir ki, sözünü və əməlini, qəlbini və zəkasını xalqının tərəqqisinə,
onun hərtərəfli inkişafına həsr edə bilir. Belə adam on illərlə, yüz illərlə nəsillərin,
vətən övladlarının xatirəsində yaşayır, bəzən isə milli sərhədləri aşaraq yer
üzünün bütün xalqlarının ürəyinə, zehninə yol tapır.
Səhhətin ölümündən keçən onilliklər təsdiq edir ki, o,
xalqının belə unudulmaz, fədakar oğullarından biridir.
Səhhət – bu həqiqi, ehtiraslı bir istedad, böyük vətəndaşlıq ideallarının həyata keçirilməsinə həsr olunan bir həyat deməkdir.
Səhhət – bu xalq, vətən yolunda yorulmadan çalışmaq arzusu, coşub-daşan, qarşısı alınmayan bir qüvvət, həvəs, energiya deməkdir.
Səhhət – insanların azadlığı və qardaşlığı haqqında mahnı və düşüncədir.
Səhhət – mələk kimi nurani, almaz kimi sərt, ana təbiətin özü kimi fitri, təbii, səmimi şəxsiyyət deməkdir.
Səhhət – bu, Azərbaycan xalqına, Azərbaycan torpağına tükənməz məhəbbətin rəmzidir.
Kamal Talıbzadə,
akademik
Millətin həm maddi, həm də mənəvi xadimi olan Abbas Səhhət
sənətkarı rəd kimi fəryad etməyə, vətən uğrunda fədakar olmağa,
ürəkdən çıxan əfkarı ilə ildırımlar saçaraq fırtınalar icad etməyə çağırırdı.
***
Bu müdhiş, bu qorxunc vəlvəleyi-hadisat içində şair-təbib
Abbas Səhhət də sükunətgahi-əbədiyyətə çəkilib getdi.
Həm maddi, həm də mənəvi xadimi-millət olan Səhhət
qardaşımızın üfuli-əbədisindən hənuz Qafqasiya türklərinin xəbəri yoxdur.
Məhəmməd Hadi,
şair
Məşhur tatar satiriki Sabirin yaxın dostu və onun birinci (hələlik yeganə) bioqrafı
olan Səhhət ən yeni tatar şeirinin parlaq nümayəndələrindən biri idi.
(bunu biz iftixarla qeyd edirik!) Gözəlliyə və ülviyyətə pərəstiş,
xeyixahlığa və yaxşılığa xidmət, maarif və azadlığa məhəbbət, hər cür təzyiq və cəhalətə nifrət
onun şeirinin əsas istiqamətini təşkil edirdi. Mərhumun bütün əsərlərində bir səmimilik vardı.
Bəşəriyyətə məhəbbət, elmə meyl, sənətə pərəstiş – Səhhət şeirinin əsas motivləridir.
Əgər o, bu ideyaların ilk carçısı deyilsə də, onların həmişə sadiq və ehtiraslı
pərəstişkarı olmuşdur. Cavan şairə rəhmət!.
Eynəli Sultanov,
ictimai xadim
On il vardır ki,
Şamaxıda realni məktəb açılmışdır və açıldığı gündən də oranın türk
lisanı müəllimliyinə mərhum Mirzə Abbas dəvət olunmuşdur.
Tərcümələrinin bir çoxunu müəllimlik əsnasında və bəlkə də öz məktəb
şagirdləri üçün yazmışdır. O vaxta qədər təlim kitablarında düzgün
və şagird zehninə uyğun bir nəzmə rast gəlmədiyindən, burası mərhumun
diqqətini cəlb etmişdir, bu yolda çox çalışmışdı, yeddi yaşlılara məxsus
sadəcə nəzmlər ilə bərabər yuxarə siniflərin şagirdlərinə az şey yazmamışdır.
Bu gün təlim kitablarımızın bir çoxu, əzon cümlə “Türk əlifbası”, “İkinci il”,
”Yeni məktəb” və ”Ədəbiyyat məcmuəsi” mərhum Mirzə Abbasın səlim və rəvan nəzmləri ilə müzəyyəndir.
Fərhad Ağazadə,
pedaqoq
Cahanda xalqı edən doğru, düz yola dəvət,
Həqiqi rəhbərə, rəhmümaya and olsun!...
...Sənin nəşidələrin, raiqanə şeirlərin,
Dəyər cəhanə, cəhanə, səmaya and olsun!
Məni çıxarma yadından, çıxarmaram mən həm,
Təbiətə, suya, xakə, havaya and olsun!
***
Səhhət təbib olduğu üçün təxəllüsünü “Səhhət”
qoymuşdur. Səhhətin dostları şüəradan Ağəlibəy Naseh,
Məşədi Məhəmməd Tərrah, Məşədi Ələkbər Sabir idi.
Sabir çox vaxt şeirini Səhhətgildə yazardı.
Salman Mümtaz,
ədəbiyyatşünas-alim
Səhhət bütün klassik Şərq şairlərinin, xüsusən Füzulinin vurğunu idi.
Füzuli divanını, demək olar ki, başdan-ayağa əzbər bilirdi.
Füzuli qəzəl və qəsidələrini elə böyük məharətlə oxuyurdu ki,
ən çətin məzmun da dinləyiciyə çatırdı. Səhhət bizim hamımızda klassik ədəbiyyata,
o cümlədən Füzuliyə böyük məhəbbət oyatmışdı.
Mən indi də Füzulinin onlarca qəzəlını əzbr bilirəm və
bu işdə ancaq Səhhətə borcluyam.
Cəmo Cəbrayılbəyli,
ictimai xadim
Abbas Səhhət böyük maarifpərvər idi. Buna görə də o,
müəllimi müqəddəs bir sima hesab edir, onun əməyini yüksək qiymətləndirirdi.
O, xalqın səadəti üçün çalışan, onun gələcəyi haqqında düşünən
müəllimə böyük ehtiram göstərirdi.
Püstəxanım Yüzbaşınskaya,
ədəbiyyatşünas-alim
Biz bəlkə də Şamaxı şəhərinin vətənimiz olduğunu bilir, lakin Azərbaycan adlı qədim, zəngin,
babəklər yetişdirən bir vətənimiz olduğunu bilmirdik. Bunu bizə ilk dəfə Abbas Səhhət başa saldı.
Biz başa düşdük ki, bizim vətənimiz odlar ölkəsidir. Quba, Dərbənd mahalından tutmuş ta Təbrizə
qədər olan ərazi Azərbaycandır.
Rəmzi Yüzbaşov,
coğrafiya elmləri namizədi
Mirzə bizi tək ədəbiyyatla yox, təbiətşünaslıq və təbabətlə də aşina etməyə çalışırdı.
Abbas Səhhət dostunun qədrini bilən, bu yolda hər cür xidmətə hazır olan vəfalı və mərdanə bir kişi idi.
Əbdülqafar Mahmudov,
ədəbiyyatşünas
Abbas Səhhət dönə-dönə deyirdi ki, hər xalqı, onun başqa xüsusiyyətləri ilə yanaşı,
onun dili təmsil edir. Odur ki, bizə tapşırırdı ki, çalışın ana dilini yaxşı öyrənin,
bu sizin vətəndaşlıq borcunuzdur. Lakin bu da azdır. Hərtərəfli inkişaf etmiş ziyalı,
mütəxəssis və sənətkar olmaq üçün rus dilini də yaxşıca və mükəmməl öyrənməlisiniz.
Bu sözlər indi də öz əhəmiyyətini və təravətini itirməmişdir.
***>
Abbas Səhhət bizə təkcə savad öyrətmirdi.
O, yeri düşdükcə xalqımızın, vətənimizin keçmişindən çox maraqlı
və qiymətli məlumat verərdi. Tez-tez Nizaminin dərin və mənalı
fikirlərindən bəhs edərdi. Azərbaycan, Babək, inqilab sözlərini
biz ilk dəfə Abbas Səhhətdən eşitmişik.
Azad Əfəndizadə,
akademik
Ey millətin ümidi-istiqbalı olan övladi-vətən!
Millət sizə möhtacdır. Oxuyunuz! Çalışınız! Biliniz ki,
ən böyük səadət millət faydasına, ümum insaniyyətə xidmətdir.
Bu xidmət çox müqəddəsdir. Elə isə təliminizdə səbati-mətanət,
ciddiyyət ilə çalışınız da bəxtiyar olunuz.
Ə.Tofiq Şirvani,
ədəbiyyatşünas
Səhhət çox həssas və xeyirxah bir insan idi.
Biz yalnız pedaqoji məsələlər barəsində deyil,
tibblə əlaqədar da ona müraciət edirdik.
O, heç bir zaman məsləhət və köməyini bizdən əsirgəməzdi.
Məmmədəmin Əfəndi
ədəbiyyatşünas
Abbas Səhhət XX əsrin əvvəllərində ən gözəl uşaq
şeirləri yazan şairlərdən idi. O, ən çox ana yurdun,
təbiətin, dağların, dərələrin gözəlliyindən bəhs
edir, uşaqlarda xoş əhvali-ruhiyyə, gələcəyə nikbin
baxış oyadırdı. Onun uşaq şeirləri ahəngdarlığı,
səmimiliyi və axıcılığı ilə fərqlənir.
Əflatun Məmmədov,
ədəbiyyatşünas
Səhhət Azərbaycan romantiklərindən lisan və üslub etibarı ilə
ən sadə və ən açıq yazardır. Onun şeirlərində həzin, səmimi və
içli bir ifadə tərzi gözə çarpır. Səhhətin kədəri milli, vətəni və ictimai bir kədərdir.
Əbdülvəhhab Yurdsevər,
türk yazıçısı
Hər şeydən çox Abbas Səhhətin tərcümələri məndə böyük
təsir yaratdığından rus ədəbiyyatına qarşı qüvvətli bir həvəs duydum.
Mən rus şairlərini oxumağa başladım. Tərcüməçilik həvəsinin məndə oyanması belə oldu.
Məmməd Rahim,
xalq şairi
Şairin lirik şeirləri uşaqların estetik zövqünü oxşayır,
onlara elmi-kütləvi məlumatlar verir, söz ehtiyatlarını zənginləşdirir.
A.Səhhətin ədəbi irsində vətən məhəbbətinin tərənnümünə həsr edilən əsərlər balacaların
kommunist əxlaqında xüsusi əhəmiyyət kəsb edir. Uşaqları əməyə alışdırmaq, onları əməksevər ruhda
tərbiyə etmək üçün A.Səhhətin əsərləri ən yaxşı materialdır.
Fərhad Fərhadov,
ədəbiyyatşünas-alim
Abbas Səhhət hələ aydınlaşmamış, “nehrə kimi çalxalanan”
inqilab fırtınaları içərisində “şanlı istiqbal”ı
qütbi-şimaldan tuli edən “hürriyyət günəşi” timsalında görürdü.
Əgər bu böyük Abbas Səhhətin tarixi aldanışı idisə, qiymətli kitabında
bunu təsdiq etməsi Kamal Talıbzadənin və ən gənc nəsli də daxil olmaqla
70 ildə sovet ideologiyasının təsiri ilə yetişmiş tədqiqatçıların aldanışıdır.
Nizaməddin Şəmsizadə,
professor
Поэт-педагог А.Сиххат своими произведениями помогает юным читателям разбираться в
явлениях природы, жизни любить труд, учебу. Поэт своего времени
А.Сиххат большое значение придавал русской культуре, литературе.
Он познакомил азербайджанского читателя с творчеством Крылова, Пушкина,
Кольцова, Лермонтова, Толстого, Никитина и др.
Касимова Н.Ф.,
академик
|