HƏYAT VƏ YARADICILIĞI

Mikayıl Rzaquluzadə 1905-ci il martın 17-də Bakı şəhərində doğulmuşdur. İbtidai təhsilini yeni üsullu "Mədrəsəyi-nur" məktəbində və mollaxanada almışdır (1912-1913). Yeni üsullu 5 saylı "Rus-müsəlman" məktəbində, həm də xüsusi müəllim yanında hazırlaşıb Bakı ticarət məktəbinə daxil olmuşdur. 1917-1918-ci ildə Bakı birinci realni məktəbi milliləşib "Edadi" adını aldı. Azərbaycanda Sovet hakimiyyəti qurulduqda həmin məktəb II dərəcəli Şura zəhmət məktəbinə, daha sonra Birinci Azərbaycan Ali Pedaqoji İnstitutu nəzdində "A.Şaiq adına nümunə məktəbi"nə çevrildi. O, həmin məktəbin son sinfində ikən ekstern imtahan verib Ali Pedaqoji İnstitutun tarix fakültəsinə daxil olmuşdur. Bütün təhsil müddətində müvazi olaraq: Azərbaycan hərbiyyə-bəhriyyə komissarlığında rabitəçi (1920-1921), Bakı vilayət hərbi komissarlığında jurnalist (1922-1923), Bakıda Sabir adına kitabxanada və fəhlə rayonlarının kitabxanalarında kitabxanaçı, Bakı mərkəzi kitabxanasında kollektor müdiri, pedaqoji institut kitabxanasının müdir müavini, müdiri vəzifələrində işləmişdir (1926-1927). İnstitutu bitirdikdən sonra Gəncə pedaqoji texnikumunda, həm də fəhlə fakültəsində ədəbiyyat və pedaqogika-psixologiya müəllimi işləmişdir (1927-1931). Bu dövrdə Gəncə müəllimlər evində ədəbiyyat dərnəyinin rəhbəri, "Qızıl Gəncə" jurnalı redaksiya heyətinin və Azərbaycan Proletar Yazıçıları İttifaqı Gəncə şöbəsinin büro üzvü və s. ictimai işlərdə çalışmışdır. Moskvada İkinci Dövlət Universiteti yanında olan Pedaqoji Psixologiya-Pedologiya Elmi-Tədqiqat İnstitutunun aspiranturasında təhsil almışdır (1931-1934). Eyni zamanda SSRİ Xalq Komissarları Şurası yanında qanun və qərarlar nəşriyyatının Azərbaycan şöbəsində tərcüməçi və stenoqrafiya kurslarında ədəbiyyat müəllimi işləmişdir. Bakıda Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutunda uşaq ədəbiyyatı sahəsində elmi işçi, Azərnəşrdə tərcüməçi və redaktor olmuş, qısa fasilələrlə "İnqilab və mədəniyyət" jurnalı redaksiyasında məsul katib, "Azərbaycanfilm" kinostudiyasında, Xarici Ölkələrlə Mədəni Əlaqələr Cəmiyyətində baş redaktor, "Azərbaycan" jurnalı redaksiyasında baş redaktorun müavini vəzifələrində çalışmışdır. Ədəbi fəaliyyətə 1923-cü ildə "Abdulla Şaiq" kitabçasında çıxan "Müəllim" şeiri ilə başlamışdır. İlk məqaləsi isə 1926-cı ildə "Maarif işçisi" jurnalında "Çocuq ədəbiyyatında üsul məsələsi" adı ilə dərc olunmuşdur. Müxtəlif mövzularda yazıb-yaratsa da, 1945-ci ildən başlayaraq bütün kitablarını uşaq və gənclər üçün nəzərdə tutmuşdur. Yaradıcılığında bədii tərcüməyə geniş yer vermişdir. Dünya və keçmiş SSRİ xalqlarının ədəbiyyatından tərcümələr etmişdir. "Gənclik" nəşriyyatının, "Göyərçin", "İnqilab və mədəniyyət" (sonralar "Azərbaycan") jurnalları redaksiya heyətinin, "Azərbaycan dilinin izahlı lüğəti"nin redaksiya heyətinin, Azərbaycan Yazıçılar İttifaqı qəbul komissiyasının üzvü olmuşdur. Ədəbiyyat sahəsində xidmətlərinə görə iki medal, üç dəfə Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif edilmişdir. Çuvaş MSSR Mədəniyyət Nazirliyinin və digər təşkilatların fəxri tərifnamələri ilə təltif edilmişdir.

Şair, tərcüməçi, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın qabaqcıl maarif xadimi (1968), əmək veteranı (1976). Ədəbi təxəllüsü otuzuncu illərdə "Mim-Re", "M.R.", "R.Mikayıl", sonralar "M.Rzaquluzadə" olmuşdur.

 

<< Geri