Mikayıl Rzaquluzadə görkəmli şəxsiyyətlər haqqında

Abdulla Şaiq Azərbaycanda uşaq ədəbiyyatının əsasını qoymuşdur. O, uşaq əsərləri ilə yeni nəsillərə dil açmağı, göz açmağı, həyatı, insanları tanımağı, sevməyi öyrədirdi...

Abdulla Şaiq uşaqlıq və gənclik illərində mənim idealım idi və iftixarla deyə bilərəm ki, bir şəxsiyyət olaraq mənim üçün ideal olaraq qalır.

Böyük ata və ustadın keçdiyi həyat yolunu, o böyük çaxnaşmalar dövrünü, köhnə çar istibdadı dünyasının yıxılıb, yerində yeni bir dünyanın sosializm və kommunizm dünyasının qurulması dövrünü Abdulla Şaiq kimi nəcib bir insanın gözləri ilə görmək, onun həssas qəlbi ilə duymaq, xüsusən gəncliyimiz üçün çox böyük tərbiyəvi əhəmiyyətə malikdir.

Abdulla Şaiqin Azərbaycan uşaq ədəbiyyatı sahəsindəki yaradıcılığını ayrıca xatırlamağı, onun həm ürəkdən sevən bir oxucusu, həm də minnətdar bir şagirdi kimi, şərəfli bir borc bilirəm. Şaiq öz səmimi, gözəl, sözün əsl mənasında yüksək tərbiyəvi-bədii şeir, hekayə və pyesləri ilə çox-çox nəsillərin dərin rəğbət və məhəbbətini qazanmış və hələ də qazanacaq xoşbəxt sənətkarlardandır. Onun əsərlərində tərbiyəvilik, əxlaqilik və bədiilik misilsiz bir müvəffəqiyyətlə üzvi surətdə birləşmişdir. O əsla əxlaq dərsi vermədən, quru nəsihətlər etmədən, ən nəcib insani keyfiyyətləri öz oxucularına aşılamağı bacaran bir tərbiyəçi-yazıçıdır.


Xalqımızın ən əziz oğlu Səməd Vurğunun sənətinə və şəxsiyyətinə olan sonsuz məhəbbətinin əsl səbəbi - onun yaradıcılıq istedadından daha üstün fitri bir istedada malik olmasıdır ki, bunun da bircə adı var: El sevgisi!....

Xalqımızın sevimli oğlu Səməd Vurğunun həyat və yaradıcılığı haqqında çox-çox əsərlər: dissertasiyalar, məqalə və monoqrafiyalar yazılmış, hələ də çox yazılacaqdır. Bunlar hamısı, əlbəttə, çox qiymətlidir. Amma hər böyük sənətkarın, tam surətini, heç yerdə çap edilməmiş duyğu və düşüncələrini aydın təsəvvür etmək üçün onu ən yaxından tanımış qohum-əqrəba və xüsusən yoldaşlarının, ürək dostlarının müşahidələri olduqca əhəmiyyətlidir.


Xalqımızın iftixarı olan böyük sənətkarımızın (Cəfər Cabbarlı) bütün yaradıcılığında, ölkəmizin sinəsindəki əbədi odlar kimi qaynayan bu müqəddəs məhəbbət: insan eşqi, məslək eşqi, azadlıq eşqi, vətən eşqi kimi təzahür etməkdədir: oktayları, aydınları, sevilləri, almazları, yaşarları, elxanları.. ən çətin mübarizələrdən qalib çıxaran da həmin bu qadir məhəbbətdir!


Əsərləri yalnız respublikamız daxilində deyil, ümumittifaq ölçüsündə ciddi yaradıcılıq məsələlərinin müzakirəsinə səbəb olan sənətkarlarımızdan, xalq şairimiz Rəsul Rzanın yeni şeirləri də hər cəhətdən, xüsusən bu nöqteyi-nəzərdən də diqqətəlayiqdir.

Hər şeydən əvvəl bu şeirlərin bir məziyyəti var ki, onları oxuduqda, yalnız şəxsən zövq almaq, sevinmək, kədərlənmək və ya qəzəblənməklə kifayətlənə bilmirsən. Düşünməli olursan, həm də bu düşüncələrini ifadə etmək, paylaşmaq ehtiyacı duyursan. Bu isə, hər sənət əsəri üçün qibtə ediləcək üstün bir məziyyətdir.


Mirvarid Dilbazinin istər xırdaca balalar, istər yaşlılar üçün ən müxtəlif mövzu və janrda yazdığı bütün əsərlərində yalnız istedadlı bir şair qəlbinin deyil, həm də həssas və riqqətli bir ana qəlbinin çırpıntıları duyulur və bu xüsusiyyət onun bütün şeirlərinə ayrı bir hərarət və səmimiyyət verir.


Nigar Rəfibəyli qadınlıq mövzusuna həsr edilmiş şeirlərində onların yalnız yüksək arzu və əməllərini ifadə etməklə kifayətlənməyib, tarixdə və müasir həyatda, beynəlxalq sülh və azadlıq mübarizəsində, faşizmə və mürtəce qara qüvvələrə qarşı vuruşan konkret qəhrəman qadın surətlərini böyük bir məhəbbətlə tərənnüm edir.


Azərbaycan Elmlər Akademiyasının bir çox tarixi hadisələrə şahid olmuş böyük salonunda Respublikanın elmi ictimaiyyəti Yusif Məmmədəliyevi Sovet ölkəsinin irəlidə gedən bir alimi kimi təbrik edir...

Yusifin kimya elmi sahəsindəki böyük nailiyyətləri, bunların mahiyyət və əhəmiyyətini göstərmək, əlbəttə, mütəxəssis alimlərin öhdəsinə düşən şərəfli bir vəzifədir.


Teymur Elçin yaz yağışı kimi gurultu-pırıltı ilə gəlib-gedən və ya qış günəşi kimi qalın buludlar ardından soyuq-soyuq gülümsünüb ötən bəzi yazıçılardan tamamilə fərqli olaraq bu vəzifənin həm şərəfini, həm də ciddiyyət və məsuliyyətini dərk edib uşaq ədəbiyyatına gəldiyini əsərlərində isbat etmiş yazıçıdır.


Mehdinin (Mehdi Hüseyn) ən gözəl xüsusiy-yətlərindən biri bu idi ki, özünü tam mənası ilə haqlı bildiyi, ürəkdən inandığı, prinsipial məsələlərdə əsla güzəştə getmədiyi halda, müqabil tərəfin haqlı olduğunu duyduqda, hətta öz iddiasından azacıq da şübhələndikdə, heç vaxt inadla öz fikrində təkid etməzdi. Onunla Gəncədə bu ilk görüş və bununla başlanan tanışlıq, sonralar uzun muddət davam və inkişaf edən dostluğumuz zamanı onu belə tanımışam.


Lermontovun yaradıcılığında böyük fitri istedad, məzmun dolğunluğu və yüksək bədiilik üzvi sürətdə birləşmişdir.


Böyük ustad sənətkar Maksim Qorki dünya tarixinin yeni bir dövrünün- proletar sosialist inqilabı dövrünün coşğun bir nəğməkarı və bayraqdarıdır, həmişə də belə qalacaqdır.


Mayakovskinin irsi dünya ədəbiyyatında misli az olan ölməz əsərlərdir. Dünyanın bütün xalqlarının tərəqqipərvər sənətkarları onun əsərlərini yalnız tərcümə etməklə kifayətlənmir. Mayakovski ruhunda yüksək məfkurəli, mübariz məzmunlu, bədii keyfiyyətli şeir yaratmaqla, onun ölməz işini davam etdirir, onu yaşadırlar.

<< Geri