Naxçıvan diyarı zəngin ədəbi ənənələrə malikdir. Azərbaycan xalq ədəbiyyatında Naxçıvan motivləri mühüm yer tutur. "Kitabi-Dədə
Qorqud" dastanının boylarında Naxçıvan bölgəsi ilə səsləşən
süjetlərə, yer və yurd adlarına rast gəlinir. Qorqudşünaslar
dastandakı "Basatın Təpəgözü öldürdüyü boy" və "Bəkil oğlu
İmran" boylarında cərəyan edən hadisələrin, əsasən,
Naxçıvanla bağlı olduğunu göstərmişlər. Naxçıvan süjetləri,
toponimləri və qəhrəmanları "Koroğlu", "Əsli-Kərəm", "Qaçaq
Nəbi" dastanlarında da mövcuddur. Naxçıvan folklorunda
Azərbaycan şifahi xalq ədəbiyyatının bütün janrları təmsil
olunmuşdur. Əsasən, bu diyara xas olan janrlar (haxışta,
gülümey, yallıbaşı mahnılar) və nümunələr də vardır. Diyarda
xalq ədəbiyyatının mühüm qollarından olan aşıq sənəti də (əsasən,
Şərur və Şahbuz rayonlanında) inkişaf etmişdir.
Hələ qədim zamanlarda bir çox görkəmli şair və yazıçılar, o
cümlədən Qətran Təbrizi bir müddət Naxçıvanda yaşayıb
yaratmışdır. Atabəy Məhəmməd Cahan Pəhləvanın sarayına yaxın
olan, "təbiblər sultanı" kimi şöhrət qazanmış Kəmaləddin
Naxçıvani şair kimi də məşhur idi. Əbubəkr ibn Xosrovun
Atabəylər sarayında xidməti dövründə yazdığı məşhur "Munisnamə"
əsəri mühüm sosial-əxlaqi motivləri və humanizmi ilə seçilir.
Orta əsrlərdə Əhməd ən-Nəşəvi, Nəcməddin Naxçıvani,
Nəsirəddin Tusi, Hinduşah Naxçıvani, Məhəmməd Naxçıvani,
Sadiq bəy Ordubadi, Baba Nemətullah Naxçıvani, Fəzlullah
Nəimi və b. alim və mütəfəkkirlər həm də bədii əsərləri ilə
Azərbaycan ədəbiyyatını zənginləşdirmişlər.
XIX əsrdə Azərbaycanda maarifçilik hərəkatının geniş
yayılması bu bölgədə də ədəbiyyat və mədəniyyətin sürətli
inkişafına təkan vermişdir. Bu dövrdə Naxçıvan ədəbi
mühitində ciddi canlanma nəzərə çarpır. Ordubadda yaradılmış
"Əncüməni-şüəra" ədəbi məclisi (1838) klassik ədəbi
ənənələrlə yanaşı, yeni maarifçi-realist ədəbiyyatın da
inkişafına müəyyən təsir göstərmişdir. Məclisin fəal
üzvlərindən Qüdsi Vənəndi, Fəqir Ordubadi, Əhmədağa Şəmi,
Usta Zeynal Nəqqaş, Molla Hüseyn Bikəs, Abbas Dəhri, Məşədi
Həsən Dabbağ və başqalarının yaradıcılığında klassik
məhəbbət lirikasının ənənənəvi mövzuları ilə yanaşı,
maarifçilik ideyaları, tənqidi-realist-satirik meyllər,
dövrandan şikayət, haqsızlığa etiraz motivləri də
əhəmiyyətli yer tutur. Azərbaycan maarifçi-realist
ədəbiyyatında M.T.Sidqinin (1854-1903) ədəbi-pedaqoji
irsinin özünə-məxsus yeri vardır. Onun "Nümuneyi-əxlaq" və "Töhfeyi-bənat,
yaxud qızlara hədiyyə" dərsliklərinə daxil edilmiş şeir və
nəsr nümunələri, "Kəblə Nəsir", "Heykəli-insanə bir nəzər"
əsərləri, "Məktəb hekayələri" Azərbaycan maarifçilik
ədəbiyyatının kamil nümunələrindəndir.
XIX əsrin 80-ci illərindən Naxçıvan ədəbi-mədəni mühitinə
görkəmli yazıçı-publisit və teatr xadimi E.Sultanov
(1866-1935) başçılıq edirdi. Onun təşəbbüsü və rəhbərliyi
ilə yaradılmış "Ziyalı məclisi", "Müsəlman şiə dram
incəsənəti cəmiyyəti" Naxçıvanın qabaqcıl ədəbi-mədəni
qüvvələrinin təşkilatlanmasında, maarif və mədəniyyətin,
mətbuatın inkişafında, xüsusilə Naxçıvan teatrının
yaranmasında və təşəkkülündə mühüm rol oynamışdır. Həmin
cəmiyyətlərin ətrafında toplaşmış C.Məmmədquluzadə, Ə.Xəlilov,
M.Ə.Süleymanov, S.Xəlilov, N.Şeyxov, Ə.Sultanov, M.C.Şürubi
və b. təhsilli maarifçi ziyalılar bu sahədə mühüm xidmətlər
göstərmişlər.
XX əsrdə Naxçıvan diyarı Azərbaycan ictimai, ədəbi-bədii
fıkrinə və mədəniyyətinə bir sıra böyük şəxsiyyətlər bəxş
etmişdir. Dahi yazıçı, dramaturq və publisist, "Molla
Nəsrəddin" jurnalının yaradıcısı C.Məmmədquluzadə
(1869-1932) hekayələri, felyetonları, "Danabaş kəndinin
əhvalatları" povesti, ölməz "Ölülər" komediyası, "Anamın
kitabı", "Dəli yığıncağı" və s. pyesləri ilə
realist-demokratik Azərbaycan ədəbiyyatı tarixində müstəsna
yer tutur. Ədib "Çay dəstgahı", "Kişmiş oyunu", "Danabaş
kəndinin əhvalatları", "Poçt qutusu" əsərlərini Naxçıvanda
yaşadığı illərdə yazmışdır.
Böyük romançı M.S.Ordubadi Azərbaycan ədəbiyyatında tarixi
roman janrının əsasını qoymuş və onun kamil nümunələrini
(dördcildlik "Dumanlı Təbriz" epopeyası, "Qılınc və qələm"
və s.) yaratmışdır. "Dumanlı Təbriz"dəki süjetlərin
əksəriyyəti ədibin həyatının Naxçıvan dövrü ilə bağlı
müşahidələrinin məhsuludur. "Qılınc və qələm"də də
Naxçıvanla bağlı motivlər də var. Şair və jurnalist
Ə.Qəmküsarın ədəbi irsi ədəbiyyat tariximizdə layiqli yer
tutur. Milli romantik şeir və dramaturgiyamızın korifeyi
Hüseyn Cavidin humanist lirikası, "Şeyx Sənan", "İblis",
"Peyğəmbər", "Topal Teymur", "Səyavuş", "Xəyyam" və s.
mənzum və mənsur dramları, "Azər" mənzum dastanı Azərbaycan
ədəbiyyatının şah əsərləri sırasına daxil olmuşdur.
XX əsrin 20-ci illərində ədəbiyyata yeni gənc qüvvələr gəldi.
"Qızıl qələmlər" cəmiyyətinin Naxçıvan şöbəsində birləşən
gənc yazarların ilk qələm təcrübələri "Şərq qapısı"
qəzetində müntəzəm dərc olunurdu. Xalq yazıçıları
M.İbrahimov və Ə.Vəliyevin ayrı-ayrı vaxtlarda Naxçıvanda
yaşayıb-yaratmaları da burada ədəbi-mədəni prosesin, o
cümlədən teatrın inkişafına müsbət təsir göstərmişdir. Eyni
zamanda, Naxçıvan mühiti ilə bağlı hadisələr hər iki
yazıçıya zəngin yaradıcılıq materialı vermişdir. M.İbrahimov
"Həyat" pyesinin mövzusunu Naxçıvan həyatından götürmüş, Ə.Vəliyev
"Budağın xatirələri" romanında Naxçıvan təəssüratlarından
istifadə etmişdir.
Çağdaş Azərbaycan ədəbiyatının görkəmli nümayəndələri - şair
və dramaturq İ.Səfərli, xalq şairi Məmməd Araz, şair Rüstəm
Behrudi də Naxçıvan torpağının yetirmələridir.
Hazırda Azərbaycan yazıçılarının böyük bir dəstəsi
Naxçıvanda yaşayıb yaratmaqdadır. Azərbaycan Yazıçılar
Birliyinin Naxçıvan şöbəsinin (hazırda Naxçıvan Yazıçılar
Birliyi) yaradılması, "Şərq qapısı" vilayət qəzetinin nəşri,
yerli radio verilişləri XX əsrin 50-ci illərindən etibarən
Naxçıvanda ədəbi mühitin canlanmasına ciddi təkan vermişdir.
Naxçıvan ədəbi mühitində şeir həmişə üstünlüyə malik olsa da
nəsr sahəsində də diqqətəlayiq uğurlar qazanılmışdır. Xalq
yazıçısı Hüseyn İbrahimovun "Əsrin onda biri", "Böhtan", "Sabahın
sorağında", "Bahar yağışı" romanları, povestləri müasir
Azərbaycan nəsrinin nailiyyətlərindəndir.
Bu gün Naxçıvanda dramaturgiya ənənələri də müvəffəqiyətlə
davam etdirilir. Eyni zamanda publisistika sahəsində də
uğurlu addımlar atılır. Naxçıvanın yerli dramaturq və
publisistlərinin qələm nümunələri Azərbaycan ədəbi mühitində
özünəməxsus yer tutur. Naxçıvan torpağı Azərbaycan
ədəbiyyatşünaslıq elminə M.Şahtaxtlı, Məmməd Cəfər, Əziz
Şərif, Əli Sultanlı, M.H.Təhmasib, A.Zamanov kimi görkəmli
alimlər bəxş etmişdir. Tanınmış ədəbiyyatşünaslar Y.Seyidov,
M.Sadıqlı, F.Hüseynov, Ə.Səfərli və b. bu torpağın
yetirmələridir. 50-ci illərdən başlayaraq ədəbiyyatşünaslıq
bilavasitə Naxçıvanda da inkişaf etmişdir. Qocaman maarif
xadimi və ədəbiyyatşünas Lətif Hüseynzadə Azərbaycan
ədəbiyyatşünaslığında ilk dəfə olaraq Naxçıvanda Ə.Qəmküsar
haqqında dissertasiya müdafıə etmiş (1950), Qaraqoyunlu
hökmdar-şairi Cahanşah Həqiqinin divanını tapıb nəşr
etdirmiş, habelə ədəbiyyatımızın bir çox digər
klassiklərinin yaradıcılığını araşdırmışdır.
Son 30 ildə Naxçıvanda tənqidçi və ədəbiyyatşünaslar nəsli
yetişmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi
üzvü İ. Həbibbəylinin, fılologiya elmləri doktorları Y.
Axundlunun, Ə. İsmayılovun Azərbaycan ədəbiyyatının böyük
klassikləri C.Məmmədquluzadə, M.S. Ordubadi, H.Cavid
haqqında monoqrafik tədqiqatları ədəbiyyatşünaslığımıza
dəyərli töhfədir. Mərhum ədəbiyyatşünas İ.Maqsudov görkəmli
yazıçı və publisist Eynəli Sultanovun həyat və
yaradıcılığını tədqiq etmişdir. Hazırda alimlər Naxçıvan
ədəbi mühitinin tarixinə, çağdaş ədəbi prosesə dair uğurlu
tədqiqatlar aparmaqdadırlar.
|