2009-cu ilin oktyabr ayında
İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət
nazirlərinin Bakı şəhərində keçirilən altıncı konfransında
Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin
paytaxtı elan olunmasına dair qərar qəbul edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 2 iyun
tarixli Sərəncamı ilə Naxçıvan şəhərinin 2018-ci il üçün
İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar
Təşkilat Komitəsi yaradılmışdır. 2016-cı ildə Təşkilat
Komitəsinin ilk iclası keçirilmiş və hazırlıq işlərinə
başlanmışdır. Naxçıvan şəhərinin 2018-ci il üçün İslam
mədəniyyətinin paytaxtı elan olunması ilə əlaqədar loqotipin
hazırlanması məqsədilə Naxçıvan Muxtar Respublikası
Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci
bəndini rəhbər tutaraq qərara alıram:
1. “İslam Mədəniyyətinin
Paytaxtı Naxçıvan-2018” loqotipinin hazırlanması üçün
müsabiqə elan edilsin.
2. Naxçıvan Muxtar
Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Naxçıvan
Muxtar Respublikasının Rəssamlar Birliyi ilə birlikdə
loqotipin hazırlanması üçün müsabiqənin keçirilməsini təmin
etsin.
3. Bu Sərəncam imzalandığı
gündən qüvvəyə minir.
Vasif
TALIBOV
Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin Sədri
Naxçıvan şəhəri, 23 yanvar
2017-ci il
|