Naxçıvan Muxtar Respublikasında 1162 tarixi-mədəniyyət
abidəsi mövcuddur. Bu abidələrin 58-i dünya, 455-i ölkə,
649-u isə yerli əhəmiyyətlidir. Tarixi-mədəniyyət
abidələrinə aşağıdakılar daxildir:
Arxeoloji abidələr - 663
Memarlıq abidələri - 285
Monumental sənət abidələri- 31
Tarixi abidələr – 36
Ziyarətgahlar - 140
Təbiət abidələri – 7
Ağoğlan
türbəsi-
Sədərək rayonunun Sədərək kəndinin şimalında ziyarətgahdır.
Yerli əhalinin məlumatına görə, Seyid Pərinin qəbri üzərində
tikilmişdir. Seyid Pəri və onun oğlu Ağoğlanla bağlı xalq
arasında əfsanə vardır. Əfsanəyə görə, Ağoğlan bədniyyətli
dərvişi öldürərək əhalinin firavan yaşayışını və rahatlığını
təmin etmişdir. Bu ərazi xalq tərəfindən müqəddəs sayılaraq
ziyarət edilir. Qəbirüstü abidə günbəzlə tamamlanan çoxüzlü
prizma formasındadır. Türbənin girişi cənubdandır. Üzlərində
tağ-şəkilli pəncərələri var. Ziyarətçilər dilək tutaraq şam
yandırıb türbənin divarlarında oyuqlara qoyurlar. Türbənin
ətrafındakı bulağın da suyu müqəddəs və şəfaverici hesab
edilir.
Aza körpüsü-Ordubad
rayonunun, Aza kəndində, Gilan-çayın üzərində me-marlıq
abidəsidir. Aza kəndi ilə Darkəndi birləşdirən bu körpünün
eni 3,5m, uzunluğu 46 paqonometrdir. Beş aşır-ımlıdır.
Qırmızımtıl rəngli yonulmuş yerli dağ daşından inşa
edilmişdir. Körpü inşa edilərkən yerləşdiyi ərazi nəzərə
alınmış, tağlar arasındakı məsafə müxtəlif ölçülərdə
qoyulmuşdur. Tağların dördündə dalğakəsən vardır. Hindistanı
və Çini Qara dəniz sahilləri və Avropa ölkələri ilə
birləşdirən mühüm ticarət-karvan yolu üstündə yerləşən Aza
körpüsü Böyük İpək yolu ilə şərqdən qərbə və əksinə hərəkət
edən ticarət karvanlarının işini asanlaşdırmaq üçün Səfəvi
hökmdarı I Şah Abbasın zamanında (1587-1629) inşa
etdirilmişdir. Buradan keçən ticarət karvanları ilə yerli
məhsullar, o cümlədən quru meyvələr, sənətkarlıq məhsulları,
ipək ixrac olunurdu. Baş verən təbii fəlakətlər və bəzi
tarixi hadisələr nəticəsində dəfələrlə dağılmış, sonralar
təmir
edilmişdir. Güclü sel suları körpünün bir hissəsini yuyub
dağıtdığından 1997-ci ildə əsaslı şəkildə bərpa olunmuş və
yenidən qurulmuşdur. Hazırda Naxçıvandan və Ordubaddan
Azadkəndə gedən əhali və nəqliyyat vasitələri bu körpüdən
istifadə edir. Körpü XVII əsrə aiddir.
Came məscidi- Naxçıvan şəhərində memarlıq abidəsi-dir. Memarlıq
konstruktiv quruluşuna görə məscid XVIII əsrə aid edilir.
Giriş qapısının baş tərəfində kitabə qoyulmuşdur. Əvvəli
dini mətndən ibarət olan gözəl nəstəliq xətti ilə ərəb və
fars dillərində mərmər lövhə (87x57 sm) üzərində həkk
edilmiş kitabədə deyilir ki, bu Cəfəriyyə məscidi 1311-ci
ildə (1894) naxçıvanlı mərhum Hacı Novruzun oğlu Xeyrül-Hac
Məhəmməd Cəfər ağanın səyi ilə bərpa edilmişdir. Həmçinin,
kitabədə Hacı Məhəmməd Cəfər ağanın məscidin məsrəflərini
ödəməkdən və mücavirlərdən ötrü çay yuxarısında 2 dükan
ayırdığı da qeyd olunmuşdur. "Çay yuxarısında" - deyərkən
vaxtilə şimal-şərqdən axaraq, cənub-qərbdə Araza qovuşan və
Naxçıvan şəhərinin ortasından keçən Bazar çayı nəzərdə
tutulur. Bu çay 20-ci yüzilliyin 60-cı illərinədək Naxçıvan
şəhərinin içərisindən axırdı. 60-cı illərdə çayın üstü beton
plitələrlə örtüldü və görünməz oldu. Kitabədə məscidin
memarı özünü "əgər məndən sonra məscidin memarını axtarsalar,
səkkizinci imamdan sonrakı adla adlanıram"-deyə təqdim
etmişdir. Məlumdur ki, şiələrin səkkizinci imamı
Rza,
doqquzuncu imamı isə Məhəmməd Təqidir. Deməli məscidin
memarının adı Məhəmməd Təqi imiş. Kitabə vasitəsilə başqa
mənbələrdən məlum olmayan iki görkəmli sənətkarın adı elmi
dövriyyəyə daxil edilmişdir. Onlardan biri məscidin memarı
Məhəmməd Təqi (həmçinin, o, kitabənin mətnini mərmər lövhə
üzərində yazmışdır), ikincisi isə kitabəni həkk edən
Məhəmməd Salehdir. Məscidin ümumi sahəsi təqribən 1000 m2-dir.
Bir minarəlidir. 1918-ci ildə ermənilər Naxçıvanda yerli
əhaliyə qarşı soyqırım tətbiq edərkən top atəşi ilə minarəni
zədələmişlər. Sonralar minarə bərpa olunmuşdur. Sovet
hakimiyyəti illərində Naxçıvan şəhərində, ümumiyyətlə muxtar
respublikada fəaliyyət göstərən yeganə məscid olmuşdur.
2007-ci ildə məsciddə əsaslı bərpa işləri aparılmışdır.
Culfa (Gülüstan) karvansarası-
Memarlıq abidəsi olan Culfa karvansarası Culfa rayonunun
Gülüstan kəndində, Araz çayının sol sahilindədir. Culfa (Gülüstan)
karvansarasının qalıqları 1974-cü ildə çöl-tədqiqat işləri
zamanı aşkar edilmiş, 1978-ci ildə binanın planı tam üzə
çıxarılmışdır. Bakı-Culfa dəmiryolu xətti çəkilərkən
(1939-1940) karvansaranın təqribən yarısı dağılmışdır.
Tədqiqatlar nəticəsində Culfa karvansarasının Azərbaycanda
yol karvansaraları içərisində ən görkəmli və möhtəşəm abidə
olduğu müəyyənləşdirilmişdir. Ümumi uzunluğu 37 m olan Culfa
karvansarasının eyni tipi Araz çayının sağ sahilində, demək
olar ki, bütünlüklə salamat qalmışdır. Karvansaraların hər
iki sahildə üzbəüz yerləşməsi hələ Araz çayı üzərində körpü
tikilməzdən əvvəl burada çay bərəsinin işlədiyini göstərir
və karvansaraların tikilmə dövrünü XIII əsrin əvvəllərinə
aparıb çıxarır. Karvansaralar çaydaşıdan tikilmiş və gəc
məhlulu ilə suvanmışdır. Culfa karvansarasının aşkar olunmuş
hissəsində çoxlu yaşayış otaqları vardır. Bəzi otaqların
örtük hissəsi maraqlı konstruksiyaya malikdir. Binanın şimal
tərəfində sağ və solda tağ formasında dərin divar oyuqları
olan böyük zal mövcuddur. Bu zal haqqında qəti fikir
söyləmək çətindir. Lakin belə plan quruluşuna malik köhnə
məscidlər də məlumdur.
Darkənd
gümbəzi-
Ordubad rayonunun Darkənd kəndində yerləşir. Gümbəz
kompozisiyası və dekorativ elementləri ilə fərqlənir.
Darkənd türbəsi kər-picdən hörülmüş, orta hissəsi bürcvari
türbələr biçimində olub, yuxarı hissədən günbəzlə tamamlanır.
Abidənin dörd tərəfində yerləşən portallar qülləvarı
türbələrə xas olsa da, mərkəzi özəyə söykənən, bir növ,
dayaq divarlarını xatırladan quruluşa malikdir. Türbənin
üzərindəki tünd-bənövşəyi rəngli kaşı və adi bişmiş
kərpicdən hörülmüş sadə naxışlar yeganə bəzək elementidir.
Üzərində kitabə olmadığından türbənin tarixini dürüst
müəyyənləşdirmək mümkün deyildir. Lakin kompozisiya quruluşu,
üzərindəki kaşı bəzəklərinin rəngi abidənin Qarabağlar və
Bərdə türbələrindən daha sonra tikildiyi mülahizəsini irəli
sürməyə imkan verir. Bu mülahizəyə əsasən Darkənd türbəsinin
XIV əsrin axırlarında və ya XV əsrin əvvəllərində inşa
edildiyi ehtimal olunur.
Dırnıs məscidi- Ordubad rayonunun Dırnıs kəndinin Yuxarı məhəlləsində, Mirzə
küçəsində tarix-memarlıq abidəsidir. Kənddə həcminə görə әn
iri məscid olduğundan el arasında Böyük məscid adlanır. Came
məscididir. Girişi qərbdəndir. Qadınlar üçün giriş şərq
tərəfdəndir. Таvan 5x2=10 dirəyin üstündə dayanıb. Şərq və
şimal divarın qarşısında qadınlar üçün ikinci mərtəbə-balkon
düzəldilib. Şərq divarda 3, qərb divarda 2, cənub divarında
isə 3 böyük pəncərə var. Məscidin dirəklərindən birinin
sütun başlığı
üzərində qara rənglə yazılan kitabədən aydın olur ki, məscid
hicri 1339-cu ildə (1920-1921) təmir olunmuş, təmir işlərini
Ordubadlı usta Həsən həyata keçirmişdir. 1999-cu ildə
əhalinin vəsaiti ilə yenidən təmir olunmuş, bu zaman
məscidin qərbdən giriş qapısının qarşısında balkon
düzəldilmiş və minarə hörülmüşdür. Memarlıq-konstruktiv
quruluşuna görə XVII əsrə aid edilir.
Əlincəçay xanəgahı-
Culfa rayonunun Xanəgah kəndində, Əlincəçayın sahilində
yerləşən Əlincəçay xanəgahı orta əsrlərə aid memarlıq
kompleksidir. El arasında Şeyx Xorasan adlanan kompleksdən
zəmanəmizədək türbə, məscid və bəzi tikililərin qalıqları
gəlib çatmışdır. Kompleksə daxil olan türbənin cənubdan
giriş qapısının baş tərəfində qoyulan kitabənin məzmunundan
aydın olur ki, türbə əmir, isfəhsalar, böyük alim Uluq
Qutluq Lala bəyin əmri ilə memar Xacə Cəmaləddin tərəfindən
inşa edilmişdir. Kitabənin son hissəsi ovulub töküldüyü üçün
onun inşa tarixini dəqiq təyin etmək mümkün olmamışdır.
Ancaq memarlıq-konstruktiv quruluşuna görə onu XII-XIII
əsrlərə aid etmək olar. Türbənin içərisində bir qəbir vardır.
Ancaq qəbrin üstündə kitabə olmadığı üçün orada kimin dəfn
edildiyi məlum deyildir. Yerli əhalinin fikrincə, hürufilik
təliminin banisi Fəzlullah Nəimi 1394-cü ildə Əlincədə
faciəli surətdə qətlə yetirildikdən sonra müridləri onun
cənazəsini gətirib burada dəfn etmişlər. Məhz buna görə də
Xanəgah kompleksinə yerli əhali arasında verilən ad (Şeyx
Xorasan) tədqiqatçılar tərəfindən F. Nəiminin ləqəblərindən
olan Şeyx Xurasa (Günəşə oxşar, Nurani şeyx) və F. Nəiminin
təhsil alıb kamilləşdiyi Xorasandan Azərbaycana gəldiyi üçün
Xorasanlı şeyx, Xorasan şeyxi kimi izah edilir. Türbənin
cənubunda ona bitişik inşa edilmiş türbə-məscid xanəgahda
fəaliyyət göstərən sufi təriqətinin rəhbərlərindən olan Şeyx
Hacı Lələ Məliyin xatirəsinə hicri 901-ci (miladi 1495-1496)
ildə Xond Bikə xatın tərəfindən inşa edilmişdir. Orta
əsrlərdə sufi şeyxləri ailələri ilə birlikdə xanəgahlarda
yaşayır, öldükdən sonra xanəgahın yanında dəfn olunurdular.
Şeyx Hacı Lələ Məlik də xanəgaha rəhbərlik edərək orada
yaşamış, vəfat etdikdən sonra öz xanəgahının yanında dəfn
olunmuş və qəbrin üstündə Xond Bikə xatın (ehtimal ki,
şeyxin arvadı olmuşdur) türbə-məscid inşa etdirmişdir. Xond
Bikə xatın vəfat etdikdən sonra özü də xanəgahın ətrafında
dəfn edilmişdir. Ona məxsus sənduqə tipli xatirə abidəsi
hazırda Xanəgahın yanında qalmaqdadır. Xanəgahın ətrafında
bərpa işləri aparılarkən torpağın altından 1444-1445-ci,
1491-1492-ci, 1493-cü illərə aid məzar kitabələri aşkar
olunmuşdur. Xanəgah uzun müddət orada fəaliyyət göstərən
dərvişlərin yaşayış, ibadət və zikr yeri olmuşdur. Epiqrafik
dəlillərə əsasən aydın olur ki, xanəgah XVIII əsrdə də
fəaliyyət göstərmiş və onun üzvləri buradan öz ideyalarını
yaymışlar.
Əshabi
Kəhf-
Naxçıvan şəhərindən təqribən 12 km aralı, İlandağ ilə
Nəhəcir dağı arasındakı təbii mağarada ziyarətgah olan
Əshabi-kəhf ərəb dilində "mağara sahibləri" deməkdir. Qurani-Kərimdə
"əl-Kəhf" surəsinin 9-27 ayələrində Allahdan başqasına
inananlardan ayrılıb mağaraya sığınan 7 gəncin (Təmlixa,
Bərnuş, Sərnuş, Məksilma, Məslina, Sazənuş, Kəftəntuş (çoban)
və onlara sadiq olan itləri Qıtmir) 300 ildən artıq
yatdıqlarından, oyandıqdan sonra başlarına gələnlərdən bəhs
edilir. Qurani-Kərimdə mövcud olan hadisə müəyyən
dəyişikliklərlə Naxçıvandakı Əshabi-Kəhflə bağlı
rəvayətlərdə də öz əksini tapmışdır. Uzun illər bir sıra
ədəbiyyatda mövcud olmuş yanlış fikrə görə hadisə
xristianlıqla əlaqələndirilmiş, Qurani-Kərimdə adı çəkilən
mağaranın Kiçik Asiya və ya Fələstin ərazisində, hətta
dünyanın digər ölkələrində olduğu güman edilmişdir. Həmin
ədəbiyyatlarda Naxçıvanda olan Əshabi-Kəhf mağarasından və
rəvayətdən bəhs olunmamışdır. Lakin son dövrdə aparılmış
araşdırmalar sübut edir ki, Qurani-Kərimdə adı çəkilən
Əshabi-Kəhf
mağarası Naxçıvan ərazisindədir və bunun xristianlıqla heç
bir əlaqəsi yoxdur. Mağaranın sonunda olan məscidin
mehrabında kitabə vardır. İri həcmli mərmər lövhədən
(145x35 sm) ibarət olan kitabənin mərkəzi hissəsində,
çərçivələr içərisində Qurani-Kərimin Əshabi-Kəhf
hadisəsindən bəhs edən "əl-Kəhf" surəsindən 9-12, 17-18-ci
ayələri həkk edilmişdir. Lövhənin kənarlarında, sağ tərəfdə
yuxarıdan başlayaraq sol tərəfdə başadək ensiz, lentvarı
haşiyə şəklində yazılan kitabənin məzmunu belədir: "Qar,
yağış təsirindən burada yazılmış xətlər məhv olmuşdu. Ona
görə də bu əzəmətli məkanın taleyi barəsində Naxçıvan
ölkəsinin hakimi Şükrulla xan Kəngərli-adı çəkilən ölkənin
keçmiş hakimi, xeyirxah əməllər banisi Heydərqulu xanın
xələfi-qərar verərək buyurdular ki, həmin lövhənin üzünü
təzədən, səhvsiz ayrı bir daş lövhəyə yazdırsınlar və
yadigar olaraq keçmiş lövhənin yerinə nəsb etsinlər. Bu əmrə
əsasən mərhum, mömin Molla Mustafanın oğlu Məhəmməd Xətib
Naxçıvani işə başlayıb, 1190-cı ilin səfər əl-müzəffər
ayında (22.03-20.04-1776) lövhəni yazıb qurtarmışdır".
Göründüyü kimi əvvəllər bu kitabənin yerində Qurani-Kərimin
qeyd olunan ayələri həkk olunmuş ayrı bir kitabə olmuş,
ancaq zaman keçdikcə təbii amillərin təsirindən aşındığı
üçün həmin vaxt Naxçıvan ölkəsinin hakimi olan Şükrulla xan
Kəngərlinin əmri ilə mətn ayrı bir mərmər lövhəyə yazılıb
onun yerinə qoyulmuşdur. Ümummilli lider Heydər Əliyevin
tapşırığı və himayəsi ilə Əshabi-Kəhfdə abadlıq-bərpa işləri
aparılmışdır. Ziyarətgahın girişində bu haqda məlumat verən
kitabə qoyulmuşdur. Kitabədə deyilir: "Əshabi-Kəhf
ziyarətgahında bərpa və abadlıq işləri 1998-ci ildə
Azərbaycan Respublikasının Prezidenti möhtərəm Heydər
Əliyevin tapşırığı və himayəsi ilə görülmüşdür". Son illərdə
Əshabi-Kəhf ziyarətgahının ərazisində yenidənqurma, bərpa və
abadlıq işləri aparılmışdır. Bərpa və abadlıq işləri zamanı
Əshabi-Kəhfdə zəvvarlar üçün yaxşı şərait yaradılmış, 13 km məsafədə
rahat yol salınmış, yolboyu yaşıllaşdırma işləri aparılmış,
məscid tikilmişdir. Hazırda buraya Azərbaycanın başqa
bölgələrindən və xarici ölkələrdən zəvvarlar, turistlər və
qonaqlar gəlir.
Fərhad
evi- Şahbuz rayonunun Biçənək kəndindən şərqdə, Batabat
yaylağında arxeoloji abidədir. Naxçıvan-Laçın-Yevlax
avtomobil yolundan sağda, Zorbulaqdan təqribən 1 km
şərqdədir. Liparit tuf qayada külüng tipli metal alətlə
qazılmış dörd otaqdan ibarətdir. Onlar bir istiqamətdə gedən
düz keçid yolu vasitəsilə birləşirlər. Tavanlar tağ şəkilli,
döşəmələr oval planlıdır. Divarlarda şam, yaxud çıraq qoymaq
üçün kiçik taxçalar qazılmışdır. Divarların dibində səki
düzəldilmişdir; birinci otağın sağ küncündə quyu ocaq yeri
var. Giriş qapısının hündürlüyü 2,20 m, eni 1,30
m-dir. Fərhad evinin olduğu qayanın girişinin sağında qaya
üzərində uzun saçlı kişi başı, solunda qadın rəsmi həkk
olunmuşdur. Qayanın şimali-şərq yamacında buradan keçən
qədim karvan yolunun səviyyəsindən 2 m hündürlükdə uzunluğu
5 m, eni 80 sm, dərinliyi 30 sm olan səki qazılmışdır; səki
boyunca 3 sətirlik qədim yazı həkk olunmuşdur Məzmunu
oxunmaz vəziyyətə salınmış yazı çox güman ki, mixi yazısıdır.
Yaxınlıqdakı kurqan tipli abidə üzərindəki vişap
oğurlanmışdır. Naxçıvan şəhərindən Fərhad evinə bir mənzil
karvan yolu var. Naxçıvan-Laçın-Yevlax yolu Yaxın Şərqi
Cənubi Qafqazla əlaqələndirən ən əlverişli yollardan
sayılırdı. Batabat yaylağında Fərhad evi adı ilə tanınan
dayanacaq məntəqəsi yaradılmışdı. Orta əsrlərdə Naxçıvan-Batabat
yolunda gediş-gəliş artdığından Fərhad evindən bir qədər
şimalda iri karvansara tikilmişdi. Yerli əhali bunu Şah
Abbas karvansarası adlandırır. Tədqiqatlar Fərhad evi
abidələrinin e. ə. I minilliyin sonlarına və eramızın
əvvəllərinə aid olduğunu söyləməyə imkan verir. Fərhad evi
ilə bağlı xalq arasında müxtəlif rəvayətlər yayılmışdır.
Gəmiqaya-
Ordubad rayonu ərazisində, Tivi və Nəsirvaz kəndlərindən
şimal-şərqdə dağ, Zəngəzur silsiləsinin suayırıcında zirvə
olan Gəmiqayanın hündürlüyü 3725 metrdir. Sıldırım
yamaclı, konusvarı formaya malik olan dağ qədim vulkanik
süxurlardan əmələ gəlmişdir. Min illər boyu Naxçıvan
əhalisinin iqtisadi həyatında mühüm əhəmiyyət kəsb edən
Gəmiqaya yaylaqlarının ərazisi bir növ müqəddəsləşmiş, hətta
burada təbii məbədlər meydana gəlmişdir. Adı Nuh əfsanəsi
ilə bağlıdır. Yalçın, şiş qayalı zirvəsi daim qarla, ağ
buludlarla örtülü olan bu dağ uzaqdan mavi səma fonunda bir
növ ümmana baş vurub üzən nəhəng gəmiyə bənzəyir. Görünür,
belə zahiri oxşarlığa əsasən Kiçik Qafqazın ən yüksək
zirvəsi olan Qapıcıq dağına (3904 m)xalq arasında Gəmiqaya
adı verilmişdir. Qədim dünyanın müqəddəs panteonlarından
sayılan Gəmiqaya özünün əzəmətli, fantastik görünüşü ilə
insanı heyrətə gətirir. Burada e. ə. 4-1-ci minilliklərə aid
minə yaxın qayaüstü rəsm - piktoqramlar (qədim yazılar)
vardır.
Gilan türbəsi-
Ordubad rayonunda orta əsrlərə aid memarlıq abidəsidir.
1979-cu ildə Xaraba Gilan şəhəri yerində aşkar edilmişdir.
Şərti olaraq "Gilan türbəsi" adlandırılan bu abidə iri
təpənin yamacında yerləşir. Türbənin üst qülləsi dağılmış,
sərdabəsi isə yaxşı qalmışdır. Sərdabənin planı daxildə
səkkizbucaqlı, xaricdə isə düzbucaqlıdır. İçərisində
sonradan tikildiyi aydın görünən və iç quruluşu ilə
uyuşmayan alçaq səki var. Gilan türbəsinin sərdabəsi
Azərbaycan və qonşu ölkələrin orta əsr memarlığında geniş
yayılmış səkkizüzlü sərdabələrdən giriş qapısı ilə üzbəüz
dərin taxçasına və örtük konstruksiyasına görə fərqlənir.
Gilan sərdabəsində örtüyün ortası iç məkanın mərkəzində
ucalan göbələkvarı -yuxarıya doğru genişlənən sütuna dayanır.
Sütun da planda səkkizbucaqlıdır. Buna bənzər mərkəzi dayaq
sütunu Azərbaycan ərazisində indiyədək yalnız iki abidədən-Marağadakı
Qırmızı günbəz (1148) və Naxçıvandakı Möminə xatın (1186)
türbələrinin sərdabələrindən bəllidir. Gilan türbəsi
Marağa-Naxçıvan memarlıq məkanında olmasına baxmayaraq,
memarlıq quruluşu, konstruksiya baxımından Şərqi Anadolunun
(Türkiyə), Kemah qəsəbəsindəki Menqucuq Qazi türbəsinin (XII
əsrin əvvəlləri) alt qatı ilə, demək olar ki, eynidir. Hər
iki sərdabənin həcmi və hündürlüyü də bir-birinə çox
yaxındır. Kemahdakı türbənin də Marağa-Naxçıvan memarlıq
məktəbi nümayəndəsi tərəfindən tikilməsi ehtimalı güclüdür.
Çünki həmin illərdə Menqucuqların əsas tikililərini iki
azərbaycanlı memar yerinə yetirirdi. Onlardan birinin -
memar Əhməd Əbubəkr oğlu Mərəndinin Sivasda ucaltdığı
Keykavus türbəsi görünüşcə Gilan və Kemah türbələrinə
bənzərdir. Gilan sərdabəsi ətraf qayalardan qopardılmış lay
daş parçalarından tikilmişdir. İçərisinə nisbətən bayır
üzlərində daşlar daha diqqətlə yonulmuş, hörgü işi səliqəli
aparılmışdır. İnteryerdə tavan və döşəmə büsbütün, eləcə də
divarların və mərkəzi dayağın hörgü daşlarının arası ağ
məhlulla suvanmışdır. Tünd boz daşlar təbii biçimləri və
codluğu ilə ağ yerlikdə orijinal dekorativ düzüm əmələ
gətirir. Bütövlükdə, sərdabə interyerinin ifadəliliyi
biçimlərin təmiz həcm quruluşuna əsaslanır, estetik
tələblərə uğurla cavab verməklə fəzalı plastik
arxitektonikası ilə gözəl təsir bağışlayır. Bayırda sərdabə
qatının üstündə kubvarı tutumlu gövdə ucaldılmışdır. Uçub
dağılmış və indiyədək kiçicik fraqmentləri qalmış üst qüllə
tamamilə kərpicdən tikilmiş, üzləri kərpicdən hörülmüş,
mürəkkəb həndəsi naxışlarla bəzədilmişdir. Gövdənin
künclərini silindrik kərpic sütunlar qapayırmış. Sütunlardan
birinin alt bölümü qalmışdır. Bəzək işlərində göy rəngli
kaşı lövhələr də işlədilmişdir. Gilan türbəsinin tikilmə
tarixini bildirən kitabə qalmasa da, abidənin XII əsrin son
rübündə inşa edildiyi ehtimal olunur.
Gülüstan
türbəsi-
Orta əsrlərə aid Azərbaycan memarlıq abidəsi olan Gülüstan
türbəsi Culfa rayonunun Gülüstan kəndi yaxınlığındadır.
Möminə Xatun türbəsinin təsiri ilə XIII əsrin əvvəllərində
tikilmiş Gülüstan türbəsi Azərbaycanın qülləvarı türbələri
qrupuna daxildir. Türbənin 12 üzlü gövdəsi qırmızı
qumdaşıdan, orijinal quruluşlu kürsülüyü (küncləri kəsilmiş
kub formasındadır) isə yonulmuş daşdan tikilmişdir.
Azərbaycanın digər türbələrindən fərqli olaraq, Gülüstan
türbəsinin sərdabəsi yerüstü hissədə (kürsülüyündə) yerləşir.
Kürsülük xaricdən kəsik piramida, daxildən silindrik
quruluşa malikdir. Planda kvadrat (6,6 x 6,6m) olan kəsik
piramida xaricdən yuxarıda düzgün onikibucaqlıya çevrilir,
onun üzərində isə onikiüzlü üst kamera yerləşir. Türbənin
üst çadır örtüyü tamamilə dağılmışdır. Odur ki, bu çadır
örtüyünün piramidaya oxşar və ya konik biçimdə olmasını
müəyyənləşdirmək çətindir.Türbənin səthləri oyma həndəsi ornamentlərlə bəzədilmiş,
dekorativ tağlarla çərçivələnmişdir. Qüllənin üzlərinin hər
biri qabarıq tinlərin haçalanması yolu ilə tağlarla
tamamlanır. Əcəmi Naxçıvaninin türbələrində olduğu kimi
burada da taxçaların içi incə həndəsi naxışlarla örtülmüşdür.
Oniki üzdə naxışları diqqətlə nəzərdən keçirdikdə aydın olur
ki, burada ardıcıllıq yalnız ardıcıl təkrarlanan üç növ
həndəsi naxış çeşnisindən ibarətdir.
Gövdənin oturacaqla birləşən hissəsi, eləcə də günbəzə keçid
yeri stalaktit şəkilli oyma qurşaqla əhatə edilmişdir.
Ornamentlərlə digər bəzək elementlərinin üzvi surətdə
birləşdirilməsi və əlaqələndirilməsi abidəyə qabarıq və
elastik görkəm verir. Gülüstan türbəsinin fəza quruluşu
çevrədən kvadrat əsasa, kubik tutumdan konik əsasa və
beləliklə, mütənasiblik sistemlərinin bir-birinə keçməyin
bədii texniki həllinin parlaq nümunəsidir. Belə türbələrin
geniş yayıldığı ərazi Anadolu olduğuna görə Gülüstan
türbəsini mərkəzi Azərbaycan və Anadolu Səlcuq türbələrinin
soy birliyinin baş göstəricisi hesab etmək olar. Memarlıq
formalarının arasında mütənasiblik, biçim və naxışlarının
incəliyinə görə Gülüstan türbəsi bu daş türbələrdən
üstünlüyü ilə seçilir.
Hacı Hüseynqulu məscidi-
Ordubad rayonunun Gənzə kəndində tarixi-memarlıq abidəsidir.
Kəndin mərkəzində yerləşir. Ölçüsü 23x14 m-dir.Məscidin
üzərində kitabə olmasa da yerli camaatın dediyinə görə onu
Hacı Hüseynqulu adlı nüfuzlu bir adam tikdirib. Öldükdən
sonra özü də məscidin cənub divarının qarşısında dəfn olunub.
Məsciddə olduğu kimi qəbirin üstündə də heç bir epiqrafik
sənəd-kitabə yoxdur. Ancaq son zamanlar məscid bərpa
edilərkən qəbirin üstü də götürülmüş, mərmər başdaşı və
sinədaşı qoyulmuşdur. Başdaşının üstündə ərəb əlifbası ilə
"Mərhum Hacı Hüseynqulu, 16-cı əsr" sözləri həkk edilmişdir.
Naxçıvan bölgəsində ən qədim məscid nümunələrindən olan
abidənin daxili böyük salondan ibarətdir. Sonralar, deyilənə
görə, 20-ci əsrin əvvəllərində qərb tərəfdən əlavə bina
tikilib kişilərə aid salona birləşdirilib. Məscidin əsas,
qədim hissəsi daşdan üç böyük sütunun və divarların üstündə
dayanıb. Sütunların arası və sütunlarla divarların arası
tağvari birləşdirilib. Divarların qalınlığı 1 m-dir.
Məscidin içərisində, divarlarda 5 divariçi-taxça düzəldilib.
Girişin önündə eyvan var. Eyvanın fasadı 12 tağdan ibarətdir.
Məscidin yanında qonaq otağı vardır. Məscid təmir olunarkən
divarlarında gəc üzərində rənglə dini xarakterli kəlamlar
yazılmışdır. Təmir zamanı cənub-qərb tərəfində gözəl bir
minarə ucaldılıb. Minarənin üstündə belə bir kitabə qoyulub:
"Məscidin minarəsi 2000-ci ildə Hacı İsrafil Sadıqlı
tərəfindən tikdirilmişdir. Memarları Kərbəlayi Səyid,
Kərbəlayi Qurban". Kənddə yas mərasimləri bu məsciddə
keçirilir, həmçinin məhərrəmlikdə və orucluqda burada dini
mərasimlər icra olunur. Məscidin cənubunda olan
qəbiristanlıq da vaxtı ilə Hacı Hüseynqulunun torpaq sahəsi
olmuş, onu qəbiristanlıq üçün bağışlamışdır. Orada olan
məzar kitabələrinə əsasən demək olar ki, Hacı Hüseynqulu
15-ci əsrdə yaşamış, məscidi də həmin vaxt inşa etdirmişdir.
Xan
Sarayı -Naxçıvan şəhərində XVIII əsrə aid tarixi-memarlıq
abidəsidir. Şərq memarlıq üslubunda tikilmiş abidə XX əsrin
əvvəllərinə qədər Naxçıvan xanlarının yaşayış evi olmuşdur.
Sarayı XVIII əsrin sonunda axırıncı Naxçıvan xanı Ehsan
xanın atası Kəlbəli xan Kəngərli tikdirmişdir. Xan Sarayı
3600 m2 sahəsi olan saray kompleksinin qərbində,
xan dikinin relyefinə uyğun olaraq üzü günçıxana tərəf inşa
edilmişdir. Xan Sarayı kompleksində 42x8 m ölçüdə yardımçı
bina, yeni inşa olunmuş hovuz, su quyusu, yaşıllıq zolaqları,
bəzək və meyvə ağacları var. Bina iki mərtəbəlidir. Vaxtilə
saray iki ayrı-ayrı bölmədən ibarət olub. Cənub bölmə
inzibati işlər və yüksək mənsəbli qonaqların qəbulu, şimal
bölmə isə xan ailəsinin yaşayışı üçün nəzərdə tutulub.
Bölmələrə giriş ikimərtəbəli, balkon tipli çatma tağlı
dəhlizlərdən olub. Hal-hazırda sarayda muzey yerləşdiyinə
görə yalnız cənub dəhlizdən istifadə olunur. Bölmələr
arasında daxili keçid yaradılıb. Dəhlizlər əsas fasaddan
qabağa çıxarıldığı üçün binaya xüsusi gözəllik verir.
Dəhlizlərə qırmızı qum daşı ilə döşənmiş pilləkənlərlə
qalxılır. Pilləkənlərin ətrafı kərpiclə hörülüb və ağac
məhəccərlərlə bərkidilib.Xan Sarayının ümumi sahəsi 382 m2,
divarlarının qalınlığı 60 sm-dən 1,1 m arasında dəyişir.
Bina 20x20x5 sm ölçüdə bişmiş kərpiclə tikilmişdir.
Pəncərələrdə şəbəkə üslubundan və bütün otaqlarda Naxçıvan
yaşayış evlərinə xas olan müxtəlif ölçülü taxçalardan
istifadə olunmuşdur. 1-ci mərtəbədə 3 otaq, 2-ci mərtəbədə 8
otaq (2 zal) və otaq kimi istifadə olunan vestibüllərin
üzərində 2 mansar yerləşir. Hər iki mansardan dəhlizlərin
üstündəki açıq balkonlara çıxış var. Mansarlara
vestibüllərdən açılmış kərpic pilləkənlərlə qalxılır. Xan
Sarayının cənub zalı daha dəbdəbəlidir. Qonaq qəbulu üçün
nəzərdə tutulmuş zalın qərbində döşəmədən 40 sm hündürlükdə
səhnə tipli taxt yaradılmışdır. Taxtlı güşənin açılan
pəncərələri yerdən tavana qədər şəbəkələrlə, tavanı isə
kiçik güzgü parçaları ilə nəfis bəzədilmişdir. Zalın digər
divarları taxçalar, nəbati və süjetli rəsmlərlə işlənmişdir.
Sonralar aparılan çoxsaylı təmir və bərpa işləri zamanı
rəsmlər pozulmuş və ya üzəriləri suvaqla örtülmüşdür. Zalın
əzəmətini cənub divardakı, ətrafı həndəsi formalar və güzgü
parçaları ilə bəzədilmiş buxarı daha da artırır. Bina
divarlara yerləşdirilmiş iki buxarı vasitəsilə isidilirmiş.
Xan Sarayı 1998-ci ilin aprelindən Naxçıvan Dövlət Xalça
Muzeyi kimi fəaliyyət göstərir. Muzey 8 zaldan ibarətdir,
bunlardan biri Naxçıvan xanlarına həsr olunmuşdur.
Yaradıldığı vaxt muzeydə 359 eksponat qeydə alındığı halda,
hazırda onların sayı 2000-dən (305 xalça) artıqdır. Burada,
demək olar, bütün xalça növlərinin (xovlu: gəbə, zili və
xovsuz: sumax, vərni, kilim, palaz, şəddə, cecim və s.) və
xalça məmulatlarının (məfrəş, heybə, xurcun, çuval, örkən və
s.) nümunələri nümayiş etdirilir. Muzeydə Gəncə Qazax,
Quba-Şirvan, Qarabağ, Təbriz-Naxçıvan xalçaçılıq
məktəblərinə məxsus XVIII-XIX əsrlərə aid xalça nümunələri
saxlanılır. Çeşnilərinə görə "Qollu çiçi", "Pirəbədil", "Alpan",
"Qədim əfşan", "Ovçuluq", "Zili", "Köhnə buta", "Naxçıvan",
"Qasımuşağı" və s. xalçalarla yanaşı, süjetli xalçalar [Azərbərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin portreti toxunmuş
xalça (xalq rəssamı K.Əliyev), "Leyli və Məcnun", "Qarabağ
mənzərəsi", "Boz qurdlar", "Gəncə gözəli" və s.] da
əhəmiyyətli yer tutur. Muzeydə məişət əşyaları -misgərlik
nümunələri, saxsı və çini qablar, qədim kişi və qadın milli
geyimləri də nümayiş etdirilir.
Xanəgah
türbəsi-
Culfa rayonunun Xanəgah kəndində, Əlincəçayın sahilində orta
əsrlərə aid edilən memarlıq abidəsidir. Orta əsr Xanəgah
yaşayış yerinin mərkəzindədir. Əlincəçay xanəgahı memarlıq
kompleksinin tərkibinə daxildir. Türbə binasında qapı
yerinin üstündən düşmüş kitabəli daş lövhə türbənin
içərisində saxlanılır. Kitabədə türbə binasının şəhid əmir
Seyyid Əhməd əl-Oğul-Şaminin oğlu, sahib əl-əzəm (vəzir)
Hacı Məhəmmədin Qaraqoyunlu Cahanşah dövründə (1435-1467)
oğlu Əmirxan üçün tikdirdiyi göstərilir. Giriş baştağının
memarlıq elementləri Möminə xatın türbəsinin elementlərinə
oxşayır. Türbə sərdabə planında düzbucaqlı formada olub, daş
və kərpicdən tikilmişdir. Bərkidicimaddə kimi əhəng qatılmış
kəc məhlulundan istifadə edilmişdir.\
İmamzadə kompleksi-
Naxçıvan şəhərinin cənub-şərq hissəsində memarlıq abidəsidir.
XVI-XVIII əsr-lərdə formalaşmışdır. 3 binadan ibarətdir.
Komplek-sin özəyini planda kvadrat şəkilli, xarici
görünüşünü isə kubik formalı qülləvarı türbələrdən gələn
dairəvi gövdənin qovuşduğu kompozisiya-türbə təşkil edir.
Türbənin içərisində əhali tərəfindən ziyarət edilən bir
qəbir vardır. Qəbirin üstü sənduqə formasında düzəldilmiş,
sementlə suvanmış, üstünə qara örtük salınmışdır. Qəbirin
üzərində epitafiya- məzar kitabəsi olmadığı üçün onun
mənsubiyyəti, kimə aid olması haqqında dəqiq fikir söyləmək
mümkün deyildir.Türbənin şimal-qərb tərəfində nəsx xətti ilə
ərəb dilində yazılmış kitabə olmuşdur. Kitabədə tarix qeyd
olunmasa da orada vurğulanan "Əbu Müzəffər şah Təhmasib
Bahadur xanın hakimiyyəti zamanında" sözlərinə əsasən
türbənin inşa tarixini müəyyənləşdirmək
mümkündür. Əbu Müzəffər şah Təhmasib Bahadır xan Səfəvi
hökmdarı şah Sultan Hüseynin oğludur. Tarixdə II şah
Təhmasib adı ilə tanınan bu adam 1722-1732-ci illərdə
hakimiyyətdə olmuşdur. Deməli, türbə XVIII əsrin 20-ci
illərində inşa etdirilmişdir. Türbənin yaxınlığında Naxçıvan
şəhərinin antik və orta əsrlərdə mövcud olmuş ikinci qala
divarının qalığı aşkar edilmiş, sənətkarlıq nümunələri
tapılmışdır. Türbəyə bitişən, nisbətən böyük həcmə malik və
qərbdən giriş qapısı olan bina kompleksin mərkəz hissəsini
təşkil edir. Kompleksdən azca aralı şimal tərəfdə başqa bir
türbə vardır. Bişmiş kərpicdən inşa edilən bu türbə aşağıdan
kvadratşəkilli götürülərək yuxarıda çoxbucaqlı şəkildə inşa
olunmuş, üstü günbəzlə örtülmüşdür. Kompleksə daxil olan
başqa tikililərlə müqayisədə bu türbə yaxşı vəziyyətdə
qalmışdır. Ancaq onun içərisində heç bir qəbir və xatirə
kitabəsi qalmadığından təyinatı aydınlaşdırılmamışdır.
İmamzadə kompleksinə daxil olan binalar bir-biri ilə
uyarlıqda olub, bitkin memarlıq ansamblı yaratmışdır.
Kompleksin ətrafında orta əsrlərə aid qəbiristanlıq olmuşdur.
Zaman keçdikcə buradakı qəbirlərin bir hissəsi dağılmış, bir
hissəsi isə indiyədək qalmaqdadır. Orada torpağın altından
aşkar edilmiş XVI əsrə aid məzar kitabələri tədqiq
edilmişdir. Burada bişmiş kərpicdən hörülmüş tağvari
sərdabələrə təsadüf olunmuşdur. Zaman keçdikcə nekropolun
yeri dəyişmiş və abidənin yaxınlığındakı təpəyə keçmişdir.
Orta əsrlərdə ərazidə fəaliyyət göstərən bəzi sufi
təriqətlərinin üzvləri kompleksdən bir müddət özlərinin
yaşayış, ibadət və zikr yeri - xanəgah kimi istifadə
etmişlər. Ümumiyyətlə, bu cür komplekslərin səciyyəvi
xüsusiyyəti əvvəllər mövcud olmuş dəfn tikililərinin təmir,
bərpa və yenidənqurma yolu ilə abadlaşdırılmasından və bərpa
olunmuş məqbərəyə bitişik məscid, təkyə və digər xidmət
otaqları tikilməsi yolu ilə dini kompleksin yaranmasından
ibarətdir. Ərazimizdə XVII-XVIII əsrlərdə fəaliyyət göstərən
sufi təriqətləri mənsubları mövcud imamzadələrdən yaşayış,
ibadət və zikr yeri kimi istifadə etdiklərindən həmin
dövrlərdə bölgədə xanəgahlar inşa edilməmişdir. Memarlıq
kompleksi 2004-cü ildə əsaslı şəkildə təmir olunaraq yenidən
bərpa edilmişdir.
İsmayılxan hamamı-
Naxçıvan şəhərində, Heydər Əliyev prospekti və Təbriz
küçəsinin kəsişməsində, Dədə Qorqud meydanında tarixi-memarlıq
abidəsidir. XVIII əsrin ortalarında Şərq memarlıq üslubunda
inşa edilən bina giriş, xidmət zalı, çarhovuzlu çimərlik,
xəzinə və ocaqxanadan ibarətdir. Ümumi sahəsi 526 m2-dir.
Hamam planda düzbucaqlı formadadır. Bina 20x20x5 sm
ölçüdə bişmiş kərpiclə inşa edilmişdir. Hamama giriş
çatmatağlı portaldandır. Portalın eksteryeri kaşılarla
bəzədilmişdir. Hamamın daxilinə geniş vestübüldən, soyunma
zalına isə dar keçiddən daxil olmaq mümkündür. Soyunma zalı
səkkizbucaqlı formadadır. Zalın divarları boyunca 6 ədəd
dərin taxça yerləşdirilmişdir. Yuyunma zalının iki keçidi
var. Keçidlərdən biri digər otağa açılır. Zalın mərkəzində
2x2 m ölçüdə çarhovuz inşa edilmişdir. 108 m2 sahəsi
olan zalın tavanı sferik
günbəzlə örtülmüşdür. Hamam zalların divarlarına
yerləşdirilmiş kiçik pəncərələr və kümbəzin üstündəki
bacalarla işıqlandırılır. Hamamın xəzinəsi binanın qərbində,
yuyunma zalına bitişik yerləşdirilmişdir. Xəzinədən açılan
gözlükdən su götürülməsi üçün istifadə olunmuşdur. Hamamın
su təchizatı kəhriz vasitəsilə ödənilmişdir. Xəzinənin
altındakı ocaq hamamın isidilməsində əsas rol oynamışdır.
Otaqlara istilik yeraltı kanallar vasitəsilə verilmişdir.
Hamam Naxçıvan xanlarından biri olan İsmayıl xanın adı ilə
bağlıdır. Hazırda əsaslı təmir və bərpa edilmişdir. Tarix-memarlıq
abidəsi kimi dövlət tərəfindən qorunur.
Köhnəqala-
Naxçıvan şəhərinin cənub-şərqində arxeoloji abidədir. Elmi
ədəbiyyatda Yəzdəgird qalası, xalq arasında Köhnəqala,
Torpaqqala adları ilə tanınır. Qalanın tikilmə tarixi dəqiq
məlum deyil. 1957-1959-cu illərdə qalanın ərazisində
aparılan tədqiqatlar zamanı zəngin arxeoloji materiallar,
xüsusilə, saxsı qab fraqmentləri, daş gürzülər aşkar
olunmuşdur. Arxeoloji tədqiqatlardan belə daş gürzülərin
Tunc dövründə (е.ə.3-2-ci minilliklər) Duz mədənlərində
istifadə olunduğu məlumdur. Qalanın III Sasani hökmdarı
Yəzdəgirdin (632-51/52) tərəfindən inşa olunduğu ehtimal
olunur. Türk səyyahı Ö.Çələbinin verdiyi məlumata görə,
monqollar qalanı dağıtmışlar. Həmin qalanı sonralar
Naxçıvanda olmuş Şarden və Frehanq da xatırladırlar. Qala
XVIII əsrədək fəaliyyətdə olmuşdur. 1827-ci il planında bu
qala sxematik qeyd olunmuşdur. Plana əsasən qala iki
hissədən - kiçik qala (Narınqala) və böyük qaladan ibarətdir.
Böyükqala Narınqalaya nisbətən daha çox dağıntıya məruz
qalmışdır. Böyükqalanın düzbucaqlı formada (185 x400
m) olan ərazisi 7400 m2-dir. Narınqalaya
nis-bətən sonralar inşa və ya bərpa edildiyi güman edilən bu
qalanın salamat qalmış, döyməgil və çınqıl qatışığından
hörülmüş divarları, kvadrat formalı (19х19х5 sm) çəhrayı və
sarı rəngdə bişmiş kərpicdən tikilmiş bina qalıqları
tikilinin orta əsrlərə aid olduğunu sübut edir. Böyükqala
yerləşdiyi təpənin relyefinə uyğun olaraq şimal-şərq və
şimal-qərb tərəfdən nisbətən düz, cənub tərəfdən isə ziq-zaq
şəklində inşa edilmişdir. Ziqzaqların çöl tərəfə çıxan
kəsişmələri diametri 5,7 m.-dən 9 m.-dək
dəyişən konusvari bürclərlə tamamlanmışdır. Böyükqalanın
salamat qalmış divarlarının eni 1 т., hündürlüyü isə
bəzi yerlərdə 5 m.-ə çatır. Ауrıса onu da qeyd edək ki,
qalanın qərb küncündə Nuhun türbəsi və digər tikintilərin
qalıqları qalmaqdadır. Qalanın kvadrat formada (150x150 m)olan
Narınqala hissəsində hazırda binaların izləri qalmaqdadır.
Narınqalanın çaydaşı əlavə etməklə döyməgildən hörülmüş
divarlarının salamat qalmış hissələrinin qalınlığı 3,5 m.-dən
4 m.-ə çatır. Narınqala diametri, əsasən, 10 m olan
dairəvi qüllələrə malikdir. Güman edildiyinə görə,
Narınqalanın darvazası onun qərb küncündəki qüllə ilə yanaşı
olmuşdur. Narınqalanı əhatə edən divarlar qalanın qərb
hissəsində salamat qalmışdır. Şimal-şərq səmtindəki əksər
hallarda yuxarıya doğru getdikcə nazilən dairəvi qüllələr
qismən salamat halda zamanımızadək gəlib çatmışdır.
Narınqalanın cənub-qərbdə 300 nəfərin gizlənə biləcəyi
yeraltı sığınacaq-mağara var. Onun havalandırılması və
işıqlandırılması üçün yuxarıdan oyuq açılmışdır. Mağaradan
qalanın şərqinə tərəf gedən gizli yol, çox güman ki,
Naxçıvançaya çıxır. Narınqalanın altından keçən kəhrizin iki
quyusu qalanın içərisində yerləşir. Quyulardan biri
mağaranın içərisindədir. Qalanın özünəməxsus səciyyəvi
xüsusiyyətlərindən biri də qalanın Böyükqala və əsas
Narınqala hissələri arasında eni 22,5 m olan dar
dəhliz formasında həll edilmiş çıxış yolunun - "tələ"nin
təşkilindən ibarətdir. Öz qeyri-adiliyi ilə qalanın xeyli
dağıdılmasına baxmayaraq, salamat qalmış qala divarlarının
və bürclərinin hissələri diqqəti cəlb edir.
Qarabağlar türbəsi-
Orta əsrlərə aid Azərbaycan memarlıq abidəsi olan Qarabağlar
türbəsi Kəngərli rayonunun Qarabağlar kəndindədir. Türbə
memarlıq kompleksinə daxildir. Memarlıq kompleksinə daxil
olan türbədən başqa burada qoşa minarə və onların arasında
yerləşən dini bina qalıqları var. Qoşa minarənin XII əsrin
sonu – XIII əsrin əvvəllərində tikildiyi ehtimal olunur.
Minarələri bir-birinə bağlayan baştağ isə XIV əsrə aiddir.
Baştağın üzərində Elxani hökmdarı Hülaku xanın arvadı Quti
xatunun adı yazıldığından, onun Quti xatunun şərəfinə
tikildiyi güman edilir. 1928-ci ildə "Naxçıvan Tədqiq və
Tətəbbö Cəmiyyəti"nin elmi katibi M. Mirheydərzadə qoşa
minarəli baştağın kitabəsində ərəb dilində bu sözlərin
yazıldığını müəyyən etmişdir: "Allahın bu nişanəsi türkman
Quti xatındır". Sərdabə və yerüstü
hissədən ibarət Qarabağlar türbəsində qülləvarı türbələrin
əsas xüsusiyyətləri əks olunmuşdur. Daş kürsülük üzərində
dəstə şəklində birləşən 12 yarımsilindrik çıxıntı Qarabağlar
türbəsinin yerüstü kompozisiyasını əmələ gətirir. Çıxıntılar
divarın ümumi həcmini azaltmaqla yanaşı, türbəyə qala
əzəməti verir. Türbənin 12 bucaqlı yeraltı sərdabəsinin
divarları daşdan, günbəzləri isə kərpicdən hörülmüşdür.
Qarabağlar türbəsinin səthi qırmızı və firuzəyi kaşılı
kərpiclə örtülmüş həndəsi ornamenti xatırladan kitabələrlə
bəzədilmişdir. Kitabələrin mətni şaquli qoyulmuş firuzeyi
kaşılı kərpiclərdən və üfüqi düzülmüş kaşısız qırmızı
kərpiclərdən tərtib olunmuş və kərpic vasitəsilə düzəldilən
dəfələrlə təkrarlanan rombların içərisində yazılan "lə iləhə
illəllah Məhəmmədən Rəsulallah" (Allahdan başqa Allah yoxdur,
Məhəmməd (s.ə.v.) onun rəsuludur!) kəlamlarından ibarətdir.
Bu isə müəyyən qədər 1322-ci il Bərdə türbəsinin ornamentli
kitabəsini xatırladır. Türbənin yuxarısındakı kitabə qurşağı
nəsx xətti ilə işlənmişdir. Yerliyi göy kaşıdan olan kitabə
ağ hərflərlə yazılmışdır. Qarabağlar türbəsinin kompozisiya
xüsusiyyəti 4 baştağlı olmasıdır. Bu baştağlar şimal, cənub,
qərb və şərq istiqamətlərində yerləşərək türbəyə 4 fasadlı
görkəm verir. Baştağların səthi kaşı ilə örtülmüş, həndəsi
və nəbati naxışlarla bəzədilmişdir. Bunlardan ən maraqlısı
şimal tərəfdəki əsas baştağdır. Qarabağlar türbəsinin konus
şəklində olmuş yuxarı günbəzi və müvafiq kitabələri
dağıldığından türbənin tarixini dəqiq təyin etmək mümkün
deyildir. Lakin bütün tədqiqatlar türbənin XIV əsrin
əvvəllərində tikildiyini göstərir. Qarabağlar türbəsi ilə
Bərdə türbəsinin oxşarlığına və hər ikisinin XIV əsrin
əvvəllərində tikilməsinə əsasən bu abidələrin eyni memarlıq
məktəbinə aid olduğu, hətta Naxçıvan memarlıq məktəbinin
görkəmli nümayəndəsi, Bərdə türbəsinin müəllifi Əhməd Əyyub
oğlu Hafiz Naxçıvani tərəfindən inşa edildiyi ehtimal edilir.
Qazançı Körpüsü- Culfa rayonunun Qazançı kəndinin cənub tərəfində, Əlincəçay
üzərində inşa edilmiş tarixi-memarlıq abidəsidir. Körpü xalq
arasında "Qozbel körpü" adı ilə də məşhurdur. Körpü XVI-XVII
əsrlərdə Şərq memarlıq üslubunda tikilmişdir. Böyük İpək
yoluna xidmət edən bu körpü vasitəsi ilə vaxtilə Qazançı
kəndindən şərq istiqamətində uzanan və Ordubad ərazisində
əsas yola birləşən karvan yolları keçmişdir. Körpü nisbətən
yaxşı qalsa da, nəqliyyat üçün yararsızdır. Bununla belə o,
Azərbaycanın biraşırımlı körpülərinin әn yaxşı nümunəsi
sayılır. Körpünün eni 3,55 m, uzunluğu 10,85 m, hündürlüyü
8,8 m-dir. Körpü azca yonulmuş çapma daşlardan
tikilmişdir. Tağların haşiyə və arxivoltu təmiz yonulmuş
qumdaşındandır. Bunun sayəsində tağların kənarı körpü
divarının yonulmamış səthindən fərqlənərək onun
konstruksiyasını nəzərə çatdırır.
Qeysəriyyə-
Ordubad şəhərində XVII əsrə aid tarixi memarlıq abidəsidir.
Şəhərin mərkəzində yerləşir. Ümumi sahəsi 540 m2-dir.
Abidə 10x10 m olan mərkəzi səkkizbucaqlı zaldan və
onun üzərini qapayan dairəvi günbəzdən, günbəzi künclərdə
saxlayan mürəkkəb quruluşlu dörd ədəd dayaqdan və dayaqlarla
kənar divar taxçaları arasında yerləşən keçidlərdən (eni 3,4
m) ibarətdir. Dayağın divarlarındakı taxçaların ölçüləri
1,4x1,45x2,2 m-dir. Dayaq taxçalarından fərqli olaraq kənar
divar taxçaları çatmatağ konstruksiyalı olub, ölçüsü
3,4x1,37x3 m-dir. Keçidlərin tavanı 16 ədəd kiçik
günbəzlərlə qapanıb. Abidə bişmiş kərpicdən inşa olunmuş,
divarının qalınlığı 80 sm-dir. Abidənin mərkəzi, günbəzi də
daxil olmaqla, ümumi hündürlüyü 8,5 m-dir.
Qeysəriyyə sözunun mənası keçmiş zamanlarda şahlara məxsus daş-qaş, ləl-cəvahirat
satılması məqsədilə tikilmiş örtülü Şərq bazarı deməkdir.
Belə tikililərə dünyanın 3 yerində rast gəlmək olar:
Səmərqənd, Təbriz və Ordubad şəhərində. Hazırda ən
görkəmlisi və abadı Ordubaddakıdır. Sonrakı dövrlərdə bu
abidədən "Zorxana" kimi istifadə edilmişdir. Belə ki,
zalının döşəməsi nisbətən binanın döşəməsindən aşağı olduğu
üçün döşək əvəzinə dağlardan yığılmış gəvən kollarını buraya
doldurub üstünə narın torpaq tökərmişlər. İrandan,
Türkiyədən, Həmədandan və başqa yerlərdən gələn pəhləvanlar
burada öz güclərini sınayarmışlar. Kim qalib gəlirdisə,
hücrələrdə əyləşən xandan mükafat kimi bir kisə qızıl
alırmış. XIX əsrin ortalarına yaxın Ordubadda yaradılmış "Əncüməni-şüəra"
ədəbi məclisinin üzvləri (yaradıcısı fars və ərəb dillərini
gözəl bilən, həcv və satirik şeirlər yazan, lakin, təəssüf
ki, əsərləri bizim dövrümüzə gəlib çatmayan Ordubadlı
Kərbalayı Molla Əhməd adlı bir nəfər olmuşdur) Hacıağa Fəqir
Ordubadi, Məhəmməd Tağı Sidqi, Qüdsi Vənəndi, Aşıq Abbas
Dəhri, Usta Zeynal Nəqqaş, Hacı Əhməd Bikəs və başqaları bu
binaya yığışıb öz yazdıqları əsərləri oxuyaraq kimin güclü
yazdığını bəyan edərmişlər. Qeysəriyyə binası çar
Rusiyasının hakimiyyəti dövründə üçtürləngəli feldşer
Qasımın və pinəçi İbrahimin babaları və dayıları tərəfindən
qızıl pulla alınaraq ipək sarıyan sexə çevrilmişdir. Sovet
hakimiyyəti dövründə binanın bir tərəfi mağaza və anbar,
digər tərəfi isə aşxana kimi istifadə edilmişdir. XX əsrin
axırlarında, 1978-ci ildə ordubadlı memar Zakir Haşım oğlu
Babayev tərəfindən abidə yenidən bərpa edilmişdir.
Qeysəriyyə binası 1981-ci ildən Ordubad rayon Tarix-Diyarşünaslıq
Muzeyi kimi fəaliyyət göstərir.
Miranşah
piri-Babək rayonunun Qaraqala kəndindən şərqdə, hündür təpənin
ətəyində yerləşir. Pir vaxtilə qayanın təbii oyuğunda olmuş
və daş inancı ilə bağlı olmuşdur. Pirin içərisi düzgün
olmayan dördbucaqlı formaya malikdir. Onun içərisində
müsəlman adəti ilə dəfn aparılmış iki qəbir vardır. Baş
daşlarında yazı yoxdur. Hazırda pir bərpa olunmuş və onun
üzərində müsəlman məscidlərinə bənzəyən monumental abidə
tikilmişdir. Pirin içərisi sütunlu olub, əsasən, iki hissəyə
bölünmüşdür. Pirin silindrik formalı iki minarəsi və günbəzi
aypara təsvirləri ilə tamamlanmışdır. Pirin fasadında iki
qapısı və üç pəncərəsi vardır. Onlar yarımdairəvi tağlarla
tamamlanmışdır. Azərbaycan xalqının qədim inancları və
mifoloji görüşləri Miranşah pirini е.ә. III-II minilliklərə
aid etməyə imkan verir.
Mömünə Xatun türbəsi-
Azərbaycan milli memarlığının möhtəşəm abidəsi, Şərq
memarlığı incilərindən biri olan Möminə Xatun türbəsi 1186-cı
ildə Naxçıvan şəhərinin qərb hissəsində tikilmişdir Memarı
Əcəmi Əbubəkr oğlu Naxçıvanidir. Azərbaycan Atabəylər
dövlətinin banisi Şəmsəddin Eldənizarvadı Möminə Xatunun
qəbri üzərində məqbərə yaradılmasına qərar vermiş, onun
tikinti-sini oğlu Məhəmməd Cahan Pəhləvan hicri 582-ci ilin
məhərrəm ayında (aprel, 1186) başa çatdırmışdır. Elin
yaddaşında "Atabəy günbəzi" adı ilə qalmışdır. Abidənin baş
tağında kufi xətti ilə bu sözlər həkk olunmuşdur. "Biz
gedirik, ancaq qalır ruzigar. Biz ölürük, əsər qalır yadigar".
Ümumi hündürlüyü 34 molmuş, sonralar 8 m hündür-lüyündə
xarici örtüyü dağılmışdır. Türbə yeraltı (sərdabə) və
yerüstü hissələrdən ibarətdir.
Sərdabə hissəsi planda 10 bucaqlıdır. Bəzi tədqiqatçılara
görə, sərdabədə Atabəylər dövlətinin başçısı Şəmsəddin
Eldəniz, onun arvadı Möminə xatun və oğlu Məhəmməd Cahan
Pəhləvan dəfn olunmuşdur. Sərdabədə dəfn olunanların
məzarlarının başdaşıları vaxtilə oğurlanıb aparılmışdır.
Sərdabə orijinal quruluşlu olub, bədii baxımdan zəngin
tərtibata malikdir. Mərkəzdə yerləşmiş sütundan onbucaqlının
hər küncünə doğru bir tağ salınmışdır.Türbə sərdabəsindəki
bu quruluş sonralar Qərbdə, qotika memarlığında tətbiq
edilmişdir. Türbənin yerüstü hissəsi xaricdən 10 guşəli (bütün
tərəfləri kufi kitabələrlə haşiyələnmişdir), daxildən isə
dairəvidir. Türbə günbəzinin daxilində xəlifələrin adı
yazılmış dörd dairəvi medalyon var. Bişmiş kərpicdən
tikilmiş Möminə Xatun Türbəsinin bucaqları çıxıntı şəklində,
səthləri isə batıq formada həll edilmişdir. Türbənin
bucaqlarındakı çıxıntılar kufi xətti ilə işlənmiş
kitabələrlə örtülmüşdür. Bu kitabələrin uzunluğu 500 m-ə
çatır. Türbə əvvəlki dövrlərə nisbətən mürəkkəb quruluşlu
həndəsi ornamentlərlə kompozisiyaya daxil edilmiş firuzəyi
kaşılarla daha da zənginləşdirilmişdir. Türbənin qərb
hissəsi işlənmə xüsusiyyətinə görə fərqlənir. Burada səth
iki yerə bölünmüş, aşağı hissəsində giriş qapısı baştağ
şəklində həll edilmiş, yuxarı hissəsində isə ornamental
bəzəklər verilmişdir. Memarın adını və abidənin inşa
tarixini göstərən kitabələr baş tağdan yuxarıda həkk
edilmişdir. Türbənin sadə quruluşlu daxili səthi gəc ilə
suvanmış, günbəzin iç tərəfinə 4 medalyondan ibarət bəzək
vurulmuşdur. Kompozisiyaya, yetkinliyə, ayrıntılarının incə,
zərif işlənməsinə və memarlıq həllinə görə türbə orta əsrlər
memarlıq sənətinin şah əsərlərindən sayılır. Məşhur
incəsənət tarixçisi, SSRİ Rəssamlıq Akademiyasının həqiqi
üzvü M.V. Alpatov türbə haqqında yazır: "XII əsr Azərbaycan
ustalarının Naxçıvanda yaratdığı Möminə xatın türbəsi nadir
gözəllik və zəriflik abidəsidir. Möminə xatın türbəsi
Şərqinən gözəl klassik əsərləri-Firdovsinin "Şahnamə"si və
Nizaminin "Leyli və Məcnun"u kimi əbədidir". Alpatovun
fikrincə, o dövrün Orta Avropa memarlığında da belə gözəl
abidəyə rast gəlmək olmur. Abidə əzəmətli memarlıq
zənginliyi ilə yanaşı, Azərbaycanın qədim tarixini, möhtəşəm
dövlətçiliyini, yüksək səviyyəli mədəniyyətini, böyük
memarlıq məktəbinə malik olduğunu göstərir. 19-cu əsrə aid
rəsm əsərlərindən və fotoşəkillərdən görünür ki, Möminə
Xatun türbəsinin yanında monumental tikililər, o cümlədən,
Came məscidi olmuşdur.
Naxçıvan buzxanası-
Naxçıvan şəhərində, İmamzadə kompleksinin yaxınlığında
memarlıq abidəsidir. Azərbaycan Respublikasında ən böyük
buzxanalardan biridir Planda düzbucaqlı formada olan
buzxananın uzunluğu 20 m, eni 9 m, indiki
halda hündürlüyü 9,6 m-dir. Yüksək texniki səviyyədə
kərpicdən qurul-muş örtük konstruksi-yasının mükəmməl həlli,
naturada tikilməsi, bina örtüyünün uzununa, yüngül və
dinamik konstruksiya sxemi tərzində yaradılması Naxçıvan
buzxanasının səciyyəvi cəhətlərindəndir. Təxminən hər 3 m-dən
bir qurulan çatmavari tağlararası boşluq çatma tağbəndlə
örtülmüşdür. Kərpic hörgü cərgələri yükdaşıyan tağlara
nisbətən şaquli vəziyyətdə yerləşdirilmişdir. Binanın örtük
hissəsinin dağılmasına baxmayaraq, kərpic hörüklərindən
görünür ki, tağların yuxarı hissəsində tağbəndlərin
konstruksiyası dəyişir və çox güman ki, balaca tağbəndlərlə
tamamlanır. Bu balaca tağbəndlər binanın əsas oxu boyu
yerləşdirilmişdir. Azərbaycan ərazisində buna oxşar buzxana
Ordubad şəhərində vardır. Naxçıvan buzxanasının yüksək
memarlıq həlli bu abidənin Naxçıvan memarlıq məktəbinin
inkişafı dövründə (XII-XIV əsrlər) tikildiyini göstərir.
Nehrəm İmamzadəsi-
Babək rayonunun Nehrəm kəndində XVIII əsrə aid memarlıq
abidəsidir. Bir çox dəyişikliklərdən, təmir və bərpa
işlərindən sonra dövrümüzədək qalmışdır. Planının kvadrat
formasında olması, divarlarındakı oyuqlar və mərkəzi otağın
günbəzlə örtülməsi abidənin ilk məscid tiplərinə aidliyini
göstərir. İndi də dəfn mərasimləri keçirilən qəbiristanlığın
mərkəzində yerləşən Nehrəm imamzadəsi türbə, məscid, təkyə
və s. yardımçı binalardan ibarət böyük kompleksdir.
Kompleksin özəyini təşkil edən türbənin içərisində ziyarət
obyekti olan bir qəbir var. Qəbrin üstü sənduqə formasında
olub gəclə örtülmüş, üzərinə qara örtük salınmışdır.
Zəvvarlar qəbri ziyarət edir, nəzir verir, qurban kəsirlər.
Qəbrin üzərində onun kimə aid olmasını bildirən kitabə
yoxdur. Əhali arasında yayılan rəvayətə görə qəbirdə
şiələrin yeddinci imamı Museyi-Kazımın oğlu Seyid Əqil dəfn
olunmuşdur.
Türbənin daxilində, divarlarda, mehrabın cənub, baş və sağ
tərəfində günbəzvarı çərçivələrdə dini xarakterli kəlamlar
verilir və türbə daxilindəki xəttatlıq işlərinin Mehdi adlı
sənətkara məxsus olduğu göstərilir. Kitabələr içərisində
diqqəti cəlb edən "Möcüzələr sahibi Əlini çağır!" duası
Bəktaşi dərvişlərinə məxsusdur. Bu dua göstərir ki, Nehrəm
İmamzadəsi bir müddət xanəgah vəzifəsini yerinə yetirmiş,
burada Bəktaşi dərvişləri yaşayıb fəaliyyət
göstərmişdir. Kompleks ətraflı tədqiq edilməmişdir
Nuh Türbəsi-
Naxçıvan şəhərinin cənub tərəfində Köhnəqala adlanan ərazidə
VIII-XII əsrə aid memarlıq abidəsidir. K. A. Nikitinin "Naxçıvan
şəhəri və Naxçıvan qəzası" adlı məqaləsin-də Həzrəti Nuh
peyğəmbərin buradakı məzarı və türbəsi aşağıdakı kimi təsvir
olunmuşdur: "Nuhun qəbri Naxçıvan şəhərinin cənub tərəfində,
qədim qalanın qalıqlarının yaxınlığında yerləşir. Məzarın
hazırkı görkəmi 8-ci yüzillikdə bərpa edilmişdir. İndiki
görkəmdə məzar yerdən qalxan, çox da böyük olmayan türbəni
xatırladır. Əvvəlcə burada məbəd olmuş, sonra uçub 2,5 m.dağılmışdır.
Hazırkı türbə keçmiş məbədin aşağı mərtəbəsinin
qalıqlarından ibarətdir. Məbədin pilləkənlərlə aşağı düşmək
tələb olunan interyeri dairəvi, ortadan daş dirəklə
möhkəmləndirilmiş sərdabə tipindədir. Rəvayətə görə həmin
dirəyin altında Nuhun cənazəsi yerləşir. Sərdabədə
obrazların və bəzəklərin təsviri yoxdur. Sərdabənin
divarları ağardılmış, səyyahların və ibadətə gələn
zəvvarların müxtəlif dillərdə olan adları ilə yazılıb
doldurulmuşdur". V. M. Sısoyev əsərində "Nuhun türbəsi"
haqqında məlumat verərkən sərdabənin tərəfləri 2,5 m olan
səkkizguşəli prizma şəklində olduğunu qeyd etmişdir.
Azərbaycan realist rəssamlıq sənətinin banisi Bəhruz
Kəngərli (1892-1922) XX əsrin əvvəllərində yağlı boya ilə
Naxçıvan şəhərindəki Nuhun türbəsinin naturadan şəklini
çəkmişdir. Əsərdə Nuh peyğəmbərin türbəsi ilə yanaşı
türbənin yerləşdiyi ərazi də təsvir edilmişdir. Naxçıvanda
Nuhun qəbri ilə bağlı xeyli əfsanələr vardır. Əfsanəyə
görə
dünya tufanı zamanı Həzrəti Nuh peyğəmbərin gəmisi Naxçıvan
ərazisindəki İlandağa toxunmuş, Qapıcıq zirvəsinə yaxın dağ
ətəyində lövbər salmışdır. Həmin yerin Gəmiqaya
adlandırılması, bu ərazidə Nəbi yurdu adlanan yaylaq yerinin
və yaxınlıqda Nuhdaban adlı qədim yaşayış məskəninin mövcud
olması əfsanədə öz əksini tapan mətləblərin gerçəkliyə
uyğunluğunu ehtimal etməyə əsas verir. Həzrəti Nuh
peyğəmbərlə bağlı rəvayətlərdə hətta onun özünün və
bacısının məzarlarının Naxçıvan şəhərində olması barədə
məlumatlar öz əksini tapmışdır. Nuhun türbəsinin Naxçıvanda
olması haqqında İ. Şopen, Dyubua-de Monpere, K. A. Nikitin,
V. M. Sısoyev və digər tədqiqatçılar məlumat vermişlər. XIX
əsrin 80 illərində Naxçıvan şəhərində yaşayıb, pedoqoji
fəaliyyətlə məşğul olmuş rus maarifçisi K.A. Nikitin
(1832-1894) yerli əhalinin köməyi ilə Nuh peyğəmbərin bu
qədim diyarla əlaqəsinə dair rəvayətləri toplayıb yazıya
almış və onun buradakı məzarının yerini müəyyənləşdirmişdir.
Nikitin 1882-ci ildə "Qafqaz ölkəsi və tayfalarının təsviri
üçün materiallar" məcmuəsində çap olunmuş "Naxçıvan şəhəri
və Naxçıvan qəzası" adlı məqaləsində bu barədə müfəssəl
məlumatlar vermişdir: "...Bundan sonra Nuh Naxçıvanda
yaşamış və burada dəfn olunmuşdur. Hələ indi də onun
buradakı məzarı və türbəsinin yerini göstərirlər. Hətta
Nuhun Naxçıvandakı duz karxanalarındakı fəaliyyəti xalq
arasında dolaşan rəvayətlərdə indi də saxlanılmaqdadır. Guya
ki, o, burada ilk çalışanlardan olmuşdur. ...O, öz ailəsi
ilə burada qərar tutmuş və gələcək şəhərin əsasını qoymuşdur.
Naxçıvan şəhərinin ilk məskunlaşma yeri mənasını bildirən
adı da buradan meydana gəlmişdir... Rəvayətlərə görə insan
nəsli buradan yayılmışdır." Nuhun gəmisinin qalıqlarının
Gəmiqayada olması barədə ehtimallar və rəvayətlər indi də
yaşamaqdadır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
Sədri Vasif Talıbovun "Nuh peyğəmbərin Naxçıvan şəhərindəki
məzarüstü türbəsinin bərpa edilməsi haqqında" 2006-cı il 28
iyun tarixli sərəncamı əsasında 2007-2008-ci illərdə qədim
abidə tarixi mənbələr nəzərə alınmaqla yenidən bərpa olunmuş,
ərazidə geniş abadlıq və yenidənqurma işləri aparılmışdır.
Ordubad Came məscidi-
Orta əsrlərə aid memarlıq abidəsidir Ordubad şəhərinin
mərkəzi meydanında ən hündür yerdə ucaldılıb. Məscid
möhtəşəmliyi ilə diqqəti cəlb edir. Məscidin memarlıq
görkəmi XVII-XVIII əsrlərə aid abidələrin başlıca
cəhətlərini özündə daşımaqdadır. Cümə məscidinin şərq qapısı
üzərindəki daş lövhədə I Şah Abbasın nəsx xətti ilə farsca
beş sətirlik fərmanı həkk edilmişdir.1604-cü ilə aid olan bu
fərmanda deyilir: "...Ordubad qəsəbəsinin bütün
əhalisinin ...Şah Abbas Bahadur xanın xanədanına nisbət
bəslədikləri məhəbbət və fədakarlığın həqiqəti aşkar
edildiyindən və zatən şiə olduqları üçün Azərbaycan vilayəti
düşmənlərin əlinə keçdiyi zaman onlara cürbəcür zülm və
sitəm rəva görüldüyünə, bir çoxları öldürülüb və əsir
alındıqlarına görə, bu camaatın ümumiyyətlə fədakarlığı,
xüsusilə yüksək Nəsiriyyə - Tusiyyə silsiləsinin fədakarlığı
müqabilində Şahın müzayiqəsiz mərhəmətinin bir qisməti
onlara bəxş
edildi. Qeyd olunan vilayət yüksək qalibiyyətli dövlətin
hakimiyyətinə keçdiyi tarixdən adı çəkilən qəsəbənin
malucəhat və vücuhatını, sənətkar mallarından, bağlardan,
əkin yerlərindən, dəyirmanlardan alınan vergiləri, ixracat,
itlataq, nüzul, əvariz, qonalqa mükəlləfiyyətlərini Allah
yolunda sədəqə olaraq ləğv etdi və Allahın razılığını
qazanmaq üçün maaf etdi və Azərbaycan boniçəsində onu
müstəsna buyurdu ki, onu xəzinəyə veriləcək itlaqatından
çıxsın..." Məscidin plan quruluşu, bəzi elementləri və bədii
tərtibatı onun ilkin əsasının daha qədim olduğunu göstərir.
XVII əsrdə isə məscidin əsaslı şəkildə bərpa edildiyi güman
olunur. Məscidin içəri divarlarındakı həndəsi formalı
ornamentlər Naxçıvanın qədim abidələrindəki rəsmləri
xatırladır. Bəzi mənbələrə görə, 1901-1902-cü illərdə
məsciddə təmir işləri aparılarkən tapılmış bir kərpicdəki
yazıdan onun əsasının hicri 111-ci (miladi 729-ci il) ildə
qoyulduğu aydın olur. Tədqiqatçılar Cümə məscidinin indiki
görünüşünün sonradan edilən əlavələr nəticəsində yarandığını
qeyd edirlər. Hazırda məscidin şimal-şərqində mədrəsə,
qərbində isə zorxana binaları yerləşir. Məscid və ətraf
binalar 1987-ci ildə əsaslı surətdə bərpa olunmuşdur.
Yusif Küseyir oğlu türbəsi-
Naxçıvan şəhərində ən qədim memarlıq abidələrindən biridir.
Şeyx Məhəmməd Xiyabani küçəsində yerləşən bu abidə xalq
arasında Atababa türbəsi və ya Atababa günbəzi də adlanır. 8
əsrdən çox yaşı olan türbə 20-ci əsrin ortalarında bərpa
edilmişdir. Bərpa işləri nəticəsində türbənin dağılmış
hissələri düzəldilmiş, mühəndis qurğuları möhkəm-ləndirilmişdir.
Abidə yeraltı sərdabədən və yerüstü qülləvarı hissədən
ibarətdir. Planda abidənin yerüstü hissəsi daxildən
və xaricdən səkkizbucaqlı şəkildədir. Divarlarının qalınlığı
80 sm, 20 x 20 x 4,5 sm bişmiş kərpiclə inşa edilmişdir.
Türbənin səkkizbucaqlı prizmatik gövdəsi xaricdən
piramidaşəkilli, daxildən isə tavan çatma tağ şəkilli sferik
günbəzlə örtülmüşdür. Türbədə biz ikiqat günbəz quruluşunun
ən görkəmli, bizim zəmanəmizə qədər əvvəlki şəklini mühafizə
etmiş və indiyə qədər gəlib çatmış yeganə bir nümunəsini
görürük. Yüksək mühəndis həllinin nəticəsidir ki, Yusif
Küseyir oğlu türbəsi Azərbaycanın qülləvari türbələri
içərisində üst piramidal örtüyü 800 ildən artıq bir müddətdə
salamat qalan yeganə abidədir. Türbənin üzərindəki kitabə
bildirir ki, "Bu türbə xacə, sanlı rəis, dinin zəkası,
islamın camalı, şeyxlər başçısı Yusif Küseyir oğlunundur".
Həmin kitabə türbənin hicri 557-ci ilin şəvval ayı (miladi
1162) tikildiyini də bildirir. Əsas fasaddan sol tərəfdəki
kitabədə isə "Bənna Əcəmi Əbubəkir oğlu Naxçıvaninin
əməlidir" şəklində türbənin memarının adı qeyd olunmuşdur.
Türbənin səthlərindən yuxarı hissə qurşaq şəklində ayrılmış
və burada kitabə yerləşdirilmişdir. Qurşaqda kufi xətlə
Qurandan ayələr yazılmışdır. Türbənin yeraltı hissəsi
sərdabə, yerüstü hissəsi isə xatirə qülləsindən ibarətdir.
Səkkizüzlü türbənin çıxıntılı dayaqlar şəklində olan tilləri
sadə hörgülü kərpicdən yaradılmışdır. Binanın qəfəsini
təşkil edən bu qurğuların arasındakı sahələr (türbənin
səthləri) həndəsi ornamentli tavalarla üzlənmiş, ayrı-ayrı
səthlər müstəqil motivli naxışlarla işlənmişdir. Ornamentlər
kiçik kərpiclərdən quraşdırılmış, gəc məhlulu ilə tava
şəklində birləşdirilərək səthlərə bərkidilmişdir. Türbənin
qərbə baxan səthi digər səthlərdən fərqli olaraq, giriş
baştağı şəklində tərtib edilmişdir. Ornament bəzəkləri
tikilinin memarlıq formaları ilə həmahəngdir. Sərdabə ilə
yerüstü hissə arasındakı günbəz də çatma tağlıdır. Sərdabə
günbəzinin ortasında binanı nəmişlikdən qorumaq üçün
silindrik formada xüsusi hava-təmizləyici boşluq qoyulmuşdur.
Sərdabəyə qərb tərəfdəki pilləkənlərlə enilir. Əsas
fasaddakı giriş portalı çatma tağlı taxça, qapısı isə
düzxətli tağ formasındadır. Yusif Küseyir oğlu türbəsinin
həm əsas tikintisi, həm də bəzək hörgüsü bir materialla-keyfiyyətli
bişmiş kərpiclə işlənmişdir. Bu da abidənin saya, aydın və
təmiz həndəsi biçiminin bütövlüyünü gücləndirir, ona vahid,
ifadəli, qırmızımtıl kolorit verir. Prizmatik gövdə,
piramidal günbəz, üzlərin girinti-çıxıntıları, bol işıq-kölgə
çalarları ilə bu koloriti zənginləşdirir. Kompozisiyasına,
tektonik aydınlığına, hissələrinin mütənasibliyinə, mühəndis
quruluşunun səviyyəsinə görə türbə yüksək bədii-memarlıq
nümunəsidir.
Zaviyə-mədrəsə
binası-
Naxçıvan şəhəri Heydər Əliyev prospekti və Təbriz küçəsinin
kəsişdiyi yerdə, Zaviyə məhəlləsində tarixi-memarlıq
abidəsidir. Ərəbcə guşə, künc, bucaq mənasını verən zaviyə
sufi təriqətlər-inə mənsub məskənlərin adlarından biridir.
Xanəgahlar kimi zaviyələrdə də ayrı-ayrı təriqətlərə mənsub
dərvişlər yaşamış və ətraflarına müridlər toplayaraq öz
ideyalarını yaymışlar. İslam dininin yarandığı ilk
yüzilliklərdə xristian rahiblərinin hücrələrini, kiçik
müsəlman məscidlərini və ya ibadətxanalarını da zaviyə
adlandırırdılar. Məğrib ölkələrində zaviyə məsciddən,
məktəbdən, övliya məqbərəsindən, mehmanxanadan ibarət dini
binalar kompleksi kimi fəaliyyət göstərirdi. Sonralar Şimali
Afrika övliyaları öz şagirdləri və ardıcılları ilə birlikdə
yaşadıqları binaları da zaviyə və ya ribat adlandırmağa
başladılar. Ümumiyyətlə, orta əsrlər zamanı zaviyə sufi
qardaşlıqları ardıcıllarının məskənlərinin adlarından biri
olmuşdur. Onlar həm də ayin və mədəni-maarif mərkəzləri
sayılırdı. Orta əsrlərdə Naxçıvanda mövcud olan bəzi təriqət
tərəfdarları məscidlərə getmir, özləri üçün ayrıca təkyələr,
zaviyələr tikir, orada yaşayır və zikrlə məşğul olurdular.
Hürufi təriqətçiləri belə zikr yerlərini xanəgah, bəktaşi və
nəqşibəndilər isə zaviyə adlandırırdılar. Naxçıvan memarlıq
məktəbinə aid edilən məscidin zahiri memarlıq siması, plan
quruluşu və özünəməxsus kompozisiyası onun XVII-XVIII
əsrlərin zəngin inşaat ənənələrinin məhsulu olduğunu
göstərir. XVII-XVIII əsrlərdə Azərbaycan memarlığında
əvvəlki dövrün ənənələri ilə yanaşı yeni tikinti meylləri də
özünü göstərirdi. İnşaat tiplərindəki bu dəyişiklik əsasən
dini tələbatın daha geniş şəkildə ödənilməsi ilə əlaqədar
idi. Zaviyə mədrəsəsinin binası ilk baxışdan düzbucaqlı
formada görünsə də mürəkkəb memarlıq quruluşuna malikdir.
Bina yerdən 1 m hündürlükdəki kürsülük üzərində
yerləşdirilmişdir. Ümumi sahəsi 212 m2-dir,
divarların qalınlığı 0,9 - 1,5 m arasında dəyişir.
Əsas qalınlıq 90 sm-dir. Bişmiş kərpic və əhəng məhlulu ilə
inşa edilmişdir. Kərpiclər iki ölçüdədir. 20 x 20 x 5 sm olan
sarı rəngli kərpiclərdən binanın əsas tikintisində istifadə
olunmuşdur. XIX əsrin 2-ci yarısında məscidin əsaslı təmiri
zamanı 26 x 13 x 5 sm-lik qırmızı rəngli kərpic-lərdən
daha çox istifadə edilmişdir. Zaviyə-mədrəsə binası istər
plan quruluşu, istərsə də ayrı-ayrı hissələrin formasına
görə Naxçıvandakı digər dini binalardan tamamilə fərqlənir.
Çox güman ki, XIX əsrin axırlarında aparılan təmir işləri
zamanı yeni tikintilər və formalar əlavə olunduğundan
binanın memarlıq quruluşu xeyli dəyişdirilmiş, əvvəlki
zamanların tikintisində istifadə olunan çatma tağlar və
sferik gümbəzlər əvəzinə, XIX əsrin mürəkkəb xətli tağları
və düz dam örtüyü ilə əvəz edilmişdir. Ona görə də binanın
tikilmə tarixinin dəqiqləşdirilməsi çətindir. Binanın indiki
interyer quruluşu böyük ibadət salonundan, ona bitişik
vestibüldən, ikimərtəbəli üç yardımçı otaqdan və dolama
pilləkənləri olan minarədən ibarətdir. Salonun və digər
tikililərin sferik gümbəzləri dağıdıldığından, XIX əsrin
sonlarında düz xətli örtüklə əvəz edilmişdir. Binaya üç
tərəfdən: qərbdən və şimaldan bir, şərq tərəfdəki həyətdən
isə üç giriş qapısı var. Əsas giriş qərbdəndir. Qərb
tərəfdəki düz xətli portal eyvan şəklində qurulmuşdur.
Eyvana mərmər pilləkənlərlə qalxılır. Giriş portaldakı
qapıdan bir tərəfi üçbucaqlı formada olan vestibülə daxil
olunur. Vestibülün sahəsi 19,8 m2-dir.
Vestibüldən sağda hündürlüyü 5,5 m, sahəsi 88 m2olan
hücrə tipli ibadət salonu yerləşir. Salona şərq tərəfdən də
giriş var. Salonun şərq və qərb divarlarının hər birində 0,9
x 3,2 m ölçüdə üç ədəd şəbəkəli pəncərə qoyulmuşdur.
İbadət salonunun mehrabı 1,7 x 5,15 x 5,5 m ölçüdə
cənub divarda ayrıca bölmə şəklində yerləşdirilmişdir.
Mehrabın çatma tağlı taxçası və digər bəzəkləri çoxsaylı
təmir nəticəsində suvaqla doldurularaq düz səthə
çevrilmişdir. Vestibüldən solda iki qapı var. Qapılardan
ardımçı
otaqlara açılır. Qadınlar üçün nəzərdə tutulmuş ikinci
mərtəbədəki otaqlara taxta pilləkənlərlə qalxılır. Buradakı
ibadət otağı ilə əsas salon arasında pəncərə var. Binanın
əsas fasadı mərkəzdə yerləşdirilmiş eyvanlı portaldan, üç
ədəd uzunsov şəbəkəli pəncərədən və çox da hündür olmayan
minarədən ibarətdir. Əsas fasadla uzlaşmayan antamblement və
tikintinin başını dövrələyən çatma tağ motivli parapet
binaya sonradan əlavə edilmişdir. Antamblementdəki dörd
düzbucaqlı sütun çıxıntıları və mərkəzdə yerləşdirilmiş
dairəvi boşluqlar binanın fasadında tamamilə yad element
kimi görünür. XX əsrdə binadan klub, pionerlər evi, dini
idarə və s. məqsədlər üçün istifadə olunmuşdur. 2007-ci
ilədək Naxçıvan MR Qadınlar Məclisi burada yerləşmişdir.
2008-ci ildə əsaslı təmir və bərpa olunmuşdur.
|