İlham Əliyev İslam həmrəyliyinin
Azərbaycan nümunəsini yaradır
Müsəlman dünyasının yeni intibah dalğası Bakıdan başlayacaq
Azərbaycan tarixi həm də bir xalqın keşməkeşli inanc
salnaməsini əks etdirir. Minilliklərin, əsrlərin
sınaqlarında inandıqlarımız və tapındıqlarımız dəyişsə də,
fərqli dinlərə sitayiş etsək də, bu gün tolerantlıq
adlandırdığımız dözümlülüyə hər zaman sadiq qalmışıq və əks
etiqada ehtiram göstərmişik.
Millət olaraq atəşpərəstliyə, xristianlığa, hətta ən qədim
çağlarda bütpərəstliyə pənah gətirməyimiz inkarolunmaz
tarixdir. Hər dövrün hərbi və siyasi durumu bizim inanc
ünvanlarımızın dəyişməsinə təsirsiz qalmayıb.
VIII əsrdən etibarən başlayan ərəb yürüşləri Tanrının
sonuncu elçisinin dininə - islama yönəlməmizə rəvac verib.
Və gerçək tarix Babək mücadiləsi ilə yanaşı, islamın
yayılmasına, təkmilləşməsinə böyük töhfələr vermiş
azərbaycanlı sərkərdələrə və teoloq-alimlərə də şahidlik
edir.
Ateizm və mövhumat arasında ən doğru orta yol
1300 illik müsəlman mənsubiyyəti xalqın mənəvi dəyərlərinə,
mental xüsusiyyətlərinə mühüm təsir göstərib. Ümumilikdə
götürsək, islam tarixinin yüksəliş və tənəzzül dövrləri,
yaxud mənəvi intibah və müasir ictimai-teoloji
qeyri-müəyyənlik, xaos çağları da Azərbaycanda dini durumu
müəyyənləşdirən əsas amil olub. Yəni müsbət meyillərini
yaşamışıq, dağıdıcı təsirlərini də görmüşük.
XIX əsrin ikinci yarısından etibarən başlayan, ötən əsrin
əvvəllərində daha geniş miqyas alan milli maarifçilik
dalğasının da əsas məramı məhz islamın mənəvi təsirləri ilə
kifayətlənməyi, dinin siyasi proseslərə qoşulmamasını,
ictimai həyatda mütləq üstün mövqedən uzaqlaşdırılmasını
diktə edirdi. Dinin bir qrup nadanın əli ilə cəhalət,
mövhumat mənbəyinə çevrilməsi, xalqın inkişaf səviyyəsinə
əsaslı zərbələr vurması vətənpərvər sələflərimizi bu
istiqamətdə fəal hərəkətə keçirdi. İslamın yanlış
təmayüllərdən uzaqlaşaraq, insanların mənəvi yüksəlişinə
rəvac verən, cəmiyyətdə mərhəmət hisslərini aşılayan sülh və
etimad dini kimi təşəkkül tapması onların və elə indi biz
müasir ziyalıların dəyişməz istəyidir.
Azərbaycan xalqı son bir əsrdir ki, ateizm və mövhumat
arasında ən doğru orta yolu formalaşdırır. Bu yol dini
cəhalətdən dünyəvi maarifçiliyə keçidi və bu kontekstdə
islamın cəmiyyət həyatında yalnız müsbət rol oynamasını
təşviq edir. Bu proses müstəqillik illərində dövlətin əsas
prioritetlərindən birinə çevrilib. Heydər Əliyev tərəfindən
böyük peşəkarlıq və həssaslıqla hazırlanan bu siyasətin əsas
mahiyyəti 13 əsrlik inanc dəyərlərimizin milli
xüsusiyyətlərimizlə uzlaşdırılması və islamın Azərbaycanı
digər ölkələrdə olduğu kimi, savaşa, məzhəblərarası
konfliktlərə, cəmiyyətdə mənəvi durğunluğa sürükləməməsidir.
Əksinə, əsl islam fəlsəfəsinə uyğun olaraq insanların mənəvi
zənginliyinin artmasına təkan verməsidir.
Son 25 il ərzində çox istiqamətlər üzrə nümunələr, örnəklər
yaradan ölkəmizdə islamın cəmiyyət və dövlət həyatına
effektiv təsirlərini təmin edən, islamı zərərli və dağıdıcı
təsirlərdən qoruyan mükəmməl Azərbaycan modeli formalaşıb.
Bu model ölkədə məscidlərin sayını 17-dən 2000-ə qədər
yüksəltməklə yanaşı, onları cəhalət yuvasına çevrilməkdən
qoruyur. Prezident İlham Əliyevin xüsusi diqqət ayırdığı
məsələlər - dini maarifçilik və ruhani zümrənin
məzhəblərarası ünsiyyətə, əməkdaşlığa sövq edilməsi
Azərbaycanda dini radikalizmin, ekstremizmin yayılmasına
qarşı da əhəmiyyətli sipərdir.
Dini cəhalətdən dünyəvi maarifçiliyə doğru
Azərbaycan dünyəvi dövlətdir. Əhalinin əksəriyyəti məhz
dünyəvi yaşam tərzi sürür. Lakin ölkədə müəyyən təbəqə
mühafizəkar baxışlara malikdir. Bu qismin azad etiqad
etməsi, dini ritualları maneəsiz həyata keçirməsi, ənənəvi
həyatlarını sürmələri üçün hər cür şərait yaradılıb, bu,
əslində, Konstitusiya normasıdır. Ölkədə məscidin olmadığı
bir kənd belə yoxdur. Onların hamısı dövlətin hesabına ya
tikilib, yaxud da bərpa-təmir olunub.
Prezident İlham Əliyev dəfələrlə ailəsi ilə birlikdə islamın
müqəddəs məbədi olan Kəbə evinə ümrə ziyarəti edib, həmçinin
tək Qafqazın deyil, ümumiyyətlə, Şərqin ən müasir, geniş,
zövqlü ibadətgahları sırasında olan məscidlərinin ölkəmizdə
tikilməsinin səbəbkarı olub. Ən əsası, İlham Əliyev də
siyasi sələfi Heydər Əliyev kimi Prezident səlahiyyətlərinin
icrasına başlayarkən Qurani-Kərimə and içir və dini
tədbirlərdə mütəmadi iştirak edir. Azərbaycanda ruhanilərin
səsi dövlət tərəfindən daim eşidilir, fikirləri nəzərə
alınır, onlara hər cür dəstək göstərilir, fəaliyyətləri
səmərəli tənzimlənir.
Zamanın sınağından uğurla çıxmış və digər ölkələrin
timsalında öz mükəmməlliyini, bənzərsizliyini davamlı olaraq
göstərən dövlətin din siyasəti ölkədə ictimai sabitliyin,
dini etimad mühitinin, məzhəblərarası sağlam əməkdaşlığın
əsas rəhnidir. Bu sahədə dövlət siyasətini həyata keçirən
əsas strukturun - Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
xüsusən son iki il ərzindəki fəaliyyəti də diqqətçəkəndir.
Komitənin rəhbərliyi, əməkdaşları Prezident İlham Əliyev
tərəfindən müəyyənləşdirilən düzgün strategiyanın həyata
keçməsi üçün Azərbaycanın bütün dini icmalarını,
məscidlərini kəndbəkənd, şəhərbəşəhər ziyarət edir, real
durumu öyrənir, dinin yalnız maarifçilik xüsusunda təbliğinə
şərait yaradırlar.
Azərbaycan islam ölkələri içərisində müasir inkişaf xətti
ilə seçilib. Son onillikdə müsəlman dünyasında baş verən
ziddiyyətlər, savaşlar, terrorçu qruplaşmaların dövlətləri
ələ keçirmələri kimi proseslər fonunda Azərbaycan artıq
islam platformasının ən müasir, sabit ölkəsinə çevrilib,
təriqətlərarası sülh və etimad mühiti burada etibarlı
qorunur.
Şübhəsiz ki, son onillikdə digər müsəlman dövlətlərinin
bugünkü acı mənzərəsini Azərbaycanın da yaşaması üçün
xaricdən cəhdlər olunub, daxildə süni gərginlik
yaradılmasına çalışılıb. İslam adı altında terrorçuluğu,
savaşı, məzhəblər arasında qovğaları ölkəmizə ixrac etmək
üçün dövriyyədə indi də planlar var. Lakin bunun qarşısı
İlham Əliyev tərəfindən uğurla alınır.
İslam VII əsrə dönüş deyil, gələcəyə baxışdır
Təəssüf ki, bu gün dünyada islamı terrorizmin, cəhalətin
ünvanı kimi təqdim edən və buna qismən də nail olan məlum
şəbəkələr var. Onların yaratdığı mənfi imic, əslində,
islamın daxilindəki mənfi durumdan, parçalanmadan,
maarifçilikdən uzaq düşməsindən qaynaqlanır. Müsəlman
dəyərlərinin təbliği adı altında 1400 il öncəki yaşam və
həyat tərzini zorən müasir insanlara tətbiq etmək,
məscidləri ibadətgahlardan siyasi mərkəzlərə çevirmək, bir
qrup avantüristin Allahın, Quranın, Peyğəmbərin adından
“hökm” verərək dövlətləri parçalamaq, xalqları məhvə
sürükləmək, hakimiyyətə gəlmək məqsədilə islamı təhrif etmək
- budur günümüzün reallıqları.
Bu mənzərəni yaradanların əks sivilizasiyadan olduğunu deyə
bilərik, amma bu, səbəblər sırasında heç də ilk deyil. Əsas
səbəb islamın siyasi alətə çevrilməsinə yönələn cəhdlər,
məzhəblərarası savaşlar və dini maarifçiliyin arxa plana
keçməsidir. Bu cür rəzil yanaşmalar isə şübhəsiz ki, məlum
Qərb dairələrinə öz məkrli niyyətlərini həyata keçirmələrinə
şərait yaradır. Etiraf edək, islama ən böyük zərbə kənardan
yox, məhz müsəlmanlardan - cahil düşüncə tərzindən,
mövhumatçı təfəkkürdən gəlir.
Bu baxımdan, qeyd etdiyimiz Azərbaycan nümunəsi öz
misilsizliyini tam sübut edir. Ölkəmizdə dinlə bağlı düzgün
dövlət siyasətinin formalaşması, dini maarifçiliyin yüksək
səviyyədə təşəkkül tapması vətəndaşlarımızın dini şüur
səviyyəsini, islama doğru yanaşmasını və baxışını
təkmilləşdirib. Azərbaycanda mühafizəkar təbəqə anlayır ki,
özünəməxsus yaşam tərzini sürməsinə heç bir maneə yoxdur,
amma o, bunu başqalarına da zorən tətbiq etməyə cəhd edə
bilməz.
Azərbaycan insanı üçün islam VII əsrə dönüş deyil, gələcəyə
baxışdır. Vətəndaşlarımız bilirlər ki, xristianlığın,
yəhudiliyin mövcud müasir siması məhz minilliklər öncəki
dini ehkamları davamlı olaraq dövrün tələblərinə
uyğunlaşdırmalarıdır və bu prosesin islamda gecikməsinin
məsuliyyəti maddi-siyasi maraqlarını güzəştə getməyən
ruhanilərin üzərindədir. Ərəb xalqının 1400 il öncəki yaşam
tərzi, o coğrafiyanın tələb etdiyi həyat şərtləri, təfəkkür
səviyyəsi bugünkü müasir Azərbaycan insanı üçün adekvat ola
bilməz. Xalqımız heç vaxt islam ümməti içində əriyib, öz
milli varlığından uzaqlaşmayıb, islamaqədərki zəngin
tarixini, mədəniyyətini, mənəviyyatını, kimliyini unutmayıb.
Azərbaycan vətəndaşı islamın humanist fəlsəfəsini, elm və
təhsilə vacib meyar kimi yanaşmasını, savaşlara qarşı
olmasını əsas götürür.
Təsadüfi deyil ki, islam dünyasında “Allah” adı altında
sünnilərin şiə məscidlərini dağıtması, şiələrin sünni
məhəllələrini topa tutması, sələfilərin isə hər iki təriqət
mənsublarını öz qanlı terroruna qurban etməsi fonunda
Azərbaycanda hər üç məzhəbin təmsilçiləri Heydər məscidində
çiyin-çiyinə dayanaraq Tanrıya dualar edir, vəhdət namazı
qılırlar. Fərqli islam cərəyanlarının yalnız Azərbaycanda
bir amal ətrafında Allaha tapınması, birləşməsi bizi
azərbaycanlı olaraq nə qədər sevindirsə də, bunun başqa
ölkələrdə təkrarlanmaması müsəlman olaraq bizi çox
təəssüfləndirir
İlham Əliyevin yeni missiyası
İlham Əliyev beynəlxalq miqyasdakı “qlobal sülh və
əməkdaşlıq” hərəkatının əsas öncüllərindəndir. Prezident
sivilizasiyalar və dinlər arasında faydalı əməkdaşlığın,
qarşılıqlı etimadın yaradılması üçün mühüm fəaliyyət
göstərir. Bu sahədəki məqsədyönlü, düşünülmüş siyasətin
nəticəsidir ki, “Tolerantlığın Azərbaycan nümunəsi” dünyanın
qəbul etdiyi və örnək göstərdiyi modelə çevrilib. Bakı
ümumdünya problemlərini həll etmək üçün fərqli dinlərin
təmsilçilərini bir araya gətirən mərkəz kimi tanınır. Hər il
ölkədə bu yönümdə çoxsaylı qlobal forumlar, konfranslar
təşkil olunur.
Dünyanın ən böyük məzhəbinin başçısı, 1 milyard 300
milyondan artıq insanın mənəvi lideri Roma Papası Fransisk
Bakıya səfərə gəlir, Azərbaycanı dinlər arasında faydalı
əməkdaşlığın etibarlı ünvanı kimi tanıdığını söyləyir və
başqa ölkələrdə etmədiyi ziyarəti gerçəkləşdirir: fərqli
dinin məbədinə - Heydər məscidinə gedir!
XXI əsrdə əsas qan çanağı, savaş mənbəyi, terror yuvası
təəssüf ki, islam dünyasıdır. İlham Əliyevin son dövrlərdəki
fəaliyyəti göstərir ki, qlobal miqyasda sülhü əldə etmək
üçün ilk növbədə müsəlman dünyasında birliyə nail olmaq,
məzhəblər arasında etimad yaratmaq, müasir düşüncə tərzini
yaymaq, cəhalətdən uzaqlaşmaq gərəkdir.
Prezidentin bu sahədəki fəaliyyətinin ilk istiqaməti
Azərbaycan nümunəsində İslamın kamil, təkmil, yüksək mənəvi
etiqad üslubunu yaratmaq və din-dövlət münasibətlərini
düzgün məcraya yönəltməkdir.
İlham Əliyevin liderliyində Azərbaycan artıq yeni təşəbbüslə
çıxış edir: İslam həmrəyliyinə nail olmaq! Bunu həyata
keçirməklə həm daxili qovğalara son qoymaq, həm də islamın
əsl mahiyyətini özünə qaytarmaq, onu sülh və sabitlik
ideyalarının tərənnümçüsünə çevirmək mümkündür.
Müsəlman dünyasında müasirliyin, kamilliyin, sabitliyin,
inkişafın ən favorit ünvanı olan Azərbaycan öz üzərinə yeni
missiya götürür. Güclü müsəlman ölkələrindən Səudiyyə
Ərəbistanının, İranın, Qətərin islamın bir məzhəbini
konstitusion normaya çevirib, təriqəti dövlət siyasətinin
əsası elan etdiklərini, yaxud digər böyük dövlət Türkiyədə
müxtəlif dini camaatların siyasətə zorən daxil olaraq
dövlətin əsaslarını dağıtmağa çalışmalarını, həmçinin
Pakistanın, Misirin və digər ölkələrin daxili gərginlik
yaşamalarını nəzərə alsaq, Azərbaycanın İslam həmrəyliyini
yaratmaq prosesində liderliyi şəksiz görünür.
“Çalışacağıq ki, islam aləmini birləşdirək. Bizi bölmək,
aramıza nifaq salmaq, bir-birimizə qarşı qoymaq istəyənlər
öz hədəflərinə çatmamalıdırlar” - İlham Əliyevin bu
fikirləri onun yeni missiyasının əsas məramıdır.
Tam yüz il öncə - XX əsrin əvvəllərində sələflərimiz islam
dünyasında mədəniyyətdən incəsənətədək, insan hüquqlarından
mətbuat azadlığına qədər çoxsaylı ilklərin müəllifləri
oldular. Müsəlman aləmində ilk demokratik respublikanı da
məhz Azərbaycan xalqı təsis etdi.
Yüz il sonra - XXI əsrin ikinci onilliyində Azərbaycan yenə
də öndədir. Bu dəfə hədəfimiz daha müqəddəsdir: əvvəl öz
ümmətini, sonra isə dünyanı qana boyayan savaşlara son
qoymaq, İslam həmrəyliyini yaratmaq, müsəlman aləmini
dünyanın ən inkişaf etmiş, müasir sivilizasiyasına çevirmək!
Beləliklə, “Tolerantlığın Azərbaycan modeli”,
“Multikulturalizmin Azərbaycan örnəyi”,
“Sivilizasiyalararası əməkdaşlığın Bakı Prosesi” kimi qlobal
təşəbbüslərin arxasınca İlham Əliyev “İslam həmrəyliyinin
Azərbaycan nümunəsi”ni formalaşdırır. Və müsəlman dünyasının
yeni intibah dalğası artıq Bakıdan başlayır...
|