Naxçıvan Muxtar Respublikasında 23 muzey - Heydər Əliyev
Muzeyi, Naxçıvan Muxtar Respublikası tarix, ədəbiyyat,
"Azərbaycan xalçası”, "Xatirə", açıq səma altında muzeyləri,
6 rayon tarix-diyarşünaslıq muzeyi, 7 ev muzeyi və Babək
rayon Nehrəm kəndində C.Məmmədquluzadənin xatirə muzeyi
fəaliyyət göstərir.
Heydər Əliyev Muzeyi

Naxçıvan şəhərində yerləşən muzey 10 may 1999-cu ildən
fəaliyyət göstərir. Muzeydə Ümummilli Lider Heydər Əliyevin
ailəsinə, onun uşaqlıq və gənclik illərinə həsr olunmuş
stendlər, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
işlədiyi dövrə (1991-1993) aid şəxsi sənəd və materiallar,
imzaladığı məktub, qərar və sərəncamlar, Türkiyə
Cumhuriyyəti və İran İslam Respublikası ilə əməkdaşlıq
sahəsində imzaladığı müqavilələrin surətləri, Azərbaycan
Respublikasının müxtəlif bölgələrində yaşayan vətəndaşların
müraciətləri toplanmışdır. Muzey 5 bölmədən təşkil
olunmuşdur. Muzeyin kitabxanasında Heydər Əliyevin həyat və
fəaliyyətini əks etdirən jurnal, albom və kitablar
saxlanılır. Muzeyin saytı yaradılmışdır:
http://www.aliyev-museum.nakhchivan.az
Naxçıvan Dövlət Tarix Muzeyi

1924-cü ildə təşkil olunmuş muzeyə 1968-ci ildə dövlət
statusu verilmişdir. 48 mindən artıq eksponatın mühafizə
olunduğu muzeydə Naxçıvan Muxtar Respublikası ərazisində
aparılmış arxeoloji qazıntılar zamanı aşkara çıxarılmış
maddi mədəniyyət, tətbiqi sənət nümunələri, qədim
numizmatika materialları, həmçinin milli geyimlər, bədii
tikmə nümunələri və xalça məmulatları, qiymətli metallardan
hazırlanmış zinət, məişət əşyaları, rəssamlıq əsərləri və s.
nümayiş etdirilir. Həmçinin muzeydə elmi-tədqiqat işləri
aparılır, stasionar və səyyar sərgilər təşkil olunur,
görüşlər, anım mərasimləri, elmi-nəzəri və təcrübi
konfranslar, dəyirmi masa və s. maarifləndirici tədbirlər
həyata keçirilir. Naxçıvan Dövlət Tarix Muzeyi ilə yanaşı
muxtar respublikada 6 regional tarix-diyarşünaslıq muzeyi də
fəaliyyət göstərir. Bu muzeylər, ərazisində yerləşdikləri
rayonların ən qədim zamanlardan müasir dövrümüzədək tarix və
mədəniyyətlərini əks etdirərək milli və tarixi yaddaşın
qorunmasında və formalaşmasında mühüm əhəmiyyətə
malikdirlər.
Xatirə Muzeyi

Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda
döyüşlərdə həlak olmuş naxçıvanlıların xatirəsini
əbədiləşdirmək məqsədilə 2000-ci ildə yaradılmış muzey
Naxçıvan-Şərur yolunun kənarında hündür təpə üzərində 100
kv.m sahəsi olan dəyirmi formalı binada yerləşir. Muzeydə
Naxçıvan şəhidlərinin fotoşəkilləri, şəxsi sənədləri, döyüş
fəaliyyətlərini əhatə edən materiallar, eyni zamanda
Azərbaycan Respublikasının Milli qəhrəmanları və Sovet
İttifaqı qəhrəmanlarının fotoşəkilləri, şəxsi əşyaları və
onlara aid olan digər materiallardan ibarət 1800-dən artıq
eksponat qorunub saxlanılır və nümayiş etdirilir.
Naxçıvan Dövlət Xalça Muzeyi

1998-ci ilin aprelində təşkil olunmuş muzeydə Azərbaycanın
bütün xalça növlərinin (xovlu və xovsuz kilim, sumax, vərni,
şəddə, palaz, cecim və.s.) və xalça məmulatlarının (məfrəş,
heybə, çanta, torba, xurcun, örkən və.s.) nümunələri nümayiş
etdirilir. Muzeydə Gəncə-Qazax, Quba-Şirvan, Qarabağ,
Təbriz-Naxçıvan xalçaçılıq məktəblərinə məxsus XVIII-XIX
əsrlərə aid xalça nümunələri saxlanılır. Çeşnilərinə görə
"Qollu çiçi" "Pirəbədil", "Alpan", "Qədim əfşan", "Ovçuluq",
"Zili", "Köhnə buta", "Naxçıvan", "Qasımuşağı", və s.
yanaşı, süjetli xalçalar əhəmiyyətli yer tutur. Muzeydə
məişət əşyaları - mis məcməyilər, saxsı və çini qablar,
qədim kişi və qadın milli geyimləri də nümayiş etdirilir.
Burada respublika xalçaçılarını sərgisi təşkil olunur, sənət
adamları ilə görüşlər keçirilir və video lentə alınıb
muzeyin fondunda saxlanılır. Naxçıvan Dövlət Xalça
Muzeyinin daimi ekspozisiyası içərisində 264 xovlu və
xovsuz xalçalar, müxtəlif əl işləri, tikmələr, toxuculuq
alətləri, 60 ədəd mis və saxsı qab nümayiş etdirilir. Muzey
2010-cu ildən Heydər Əliyev prospektindəki yeni binaya
köçürülüb. 2013-cü ildə yenidənqurmadan sonra istifadəyə
verilən Naxçıvan Dövlət Xalça Muzeyinin ekspozisiyası
zənginləşdirilmiş, muzeyin internet saytı hazırlanmışdır.
http://xalca.nakhchivan.az/
Açıq Səma Altında Muzey

2002-ci ildə Naxçıvan şəhərindəki "Əcəmi" seyrangahında
təşkil olunmuş muzeydə Naxçıvan Muxtar Respublikasınin
ərazisindən tapılmış müxtəlif dövrlərə aid qoç heykəllər,
daş kitabələr, müxtəlif daş fiqurlardan və qəbirüstü
sənduqələrdən ibarət 450 maddi-mədəniyyət nümunəsi mühafizə
və nümayiş etdirilir. 2,58 ha sahəni əhatə edən muzeyin
ərazisində Azərbaycan Atabəylər dövlətinin fəaliyyətini əks
etdirən XII əsrə aid Möminə xatun türbə-muzeyi də fəaliyyət
göstərir.
C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublikası
Ədəbiyyat Muzeyi
Muzey 1966-cı ildə yaradılmışdır. Muzeyin 18 mindən artıq
eksponatı var. Fondunda çoxəsrlik Azərbaycan ədəbiyyatı
tarixini əks etdirən qiymətli əlyazmaları, tətbiqi və
təsviri sənət nümunələri, qədim və müasir kitablar, qəzet
və jurnallar, xatirə əşyaları və digər muzey materialları
mühafizə olunur. Muzeyin Şərur rayonunda Cəlilkənd filialı
fəaliyyət göstərir. Burada görkəmli Azərbaycan yazıçısı
Cəlil Məmmədquluzadəyə aid sənəd, fotomateriallar və şəxsi
əşyalar nümayiş etdirilir.
“Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi

Naxçıvan xanlığının əsası 1747-ci ildə Heydərqulu xan
tərəfindən qoyulmuş, 81 il fəaliyyət göstərmiş, 1828-ci il
fevral ayının 10-da imzalanmış Türkmənçay sülh müqaviləsinə
əsasən, fəaliyyəti dayandırılmış, Naxçıvan və İrəvan
xanlıqları rəsmi şəkildə ləğv edilərək Rusiyanın tərkibinə
qatılmışdır. 1787-1797-ci illərdə müstəqil Naxçıvan
xanlığının xanı, 1797-ci ildən 1820-ci ilədək Naxçıvan
xanlığının hakimi olmuş I Kalbalı xan tərəfındən Naxçıvan
şəhərində Xan Sarayı tikdirilmişdir. Xan Sarayı müxtəlif
dövrlərdə baxımsız vəziyyətə düşsə də, qorunub
saxlanılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi
Sədrinin 2010-cu il 23 oktyabr tarixli Sərəncamı ilə “Xan
Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi yaradılmışdır. Hazırda
8 ekspozisiya zalından ibarət olan muzeydə 900-dən artıq
eksponat var. Bu eksponatlar içərisində arxiv sənədləri,
fotoşəkillər, Naxçıvan xanlarının şəcərəsi, xanlığın
xəritəsi də nümayiş etdirilir.
Dövlət Bayrağı Meydanı və Muzeyi

Dövlət Bayrağı Meydanı və Muzeyi Naxçıvan Muxtar
Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 22 avqust
tarixli Sərəncamına əsasən yaradılmış və 2014-cü il noyabrın
17-dən fəaliyyətə başlamışdır. Muzeydə Naxçıvanda müxtəlif
dövrlərdə qəbul edilmiş bayraqlar və dövlət atributları
nümayiş etdirilir. Muzeydə qəbul olunmuş tarixi qərarlar,
Azərbaycan Respublikasının Dövlət Bayrağı və digər dövlət
atributları haqqında ətraflı məlumatlar yerləşdirilmişdir.
Ev Muzeyləri

Muxtar respublikada Naxçıvan torpağında doğulmuş
Azərbaycanın böyük şəxsiyyətlərindən yazıçı C.Məmmədquluzadə
və M.S.Ordubadinin, romantik şair və dramaturq H.Cavidin,
akademik Y.Məmmədəliyevin, hərbi xadim C.Naxçıvanskinin və
rəssam B.Kəngərlinin ev muzeyləri fəaliyyət göstərir.
Muzeylərdə onların həyat və fəaliyyətlərinin müxtəlif
dövrlərinə aid eksponatlar, o cümlədən müxtəlif sənədlər,
çap olunmuş əsərlər, fotoşəkillər, habelə xatirə əşyaları və
s. materiallar nümayiş etdirilir. 2013-cü ildə Ordubad
rayonunda "Gəmiqaya" Tarix-Bədii Qoruğu və muzey üçün
binanın tikintisi, Naxçıvan şəhərində Bəhruz Kəngərli
Muzeyinin və Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyinin
yenidən qurulması, Naxçıvan şəhərində "Buzxana" tarix-memarlıq
abidəsinin bərpası başa çatdırılmışdır.
Kitabxanalar
Naxçıvan Muxtar Respublikasında mədəni maarif müəssisələri
arasında kitabxanalar xüsusi əhəmiyyətə malikdir və dövlət
tərəfindən daim diqqət mərkəzində saxlanılır. Naxçıvan
Muxtar Respublikasında cəmi 235 kitabxana - M.S.Ordubadi
adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev
adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası, Naxçıvan
Dövlət Universitetinin Elektron Kitabxanası, Naxçıvan Kitab
Evi, şəhər və rayonlarda 8 mərkəzləşmiş kitabxana sistemi və
onların tərkibində 224 filial kitabxanalar fəaliyyət
göstərir. Naxçıvan Muxtar Respublika Kitabxanasında,
Naxçıvan Muxtar Respublikası Ali Məclisin Naxçıvanşünaslıq
Mərkəzində, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan
Bölməsində və Naxçıvan Dövlət Universitetində elektron
kitabxanalar, eləcə də Naxçıvan Regional İnformasiya
Mərkəzində məhdud fiziki imkanlılar üçün audio və elektron
kitabxana xidməti yaradılmışdır.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası-
Muxtar respublikada ən böyük kitabxana və elmi-metodik
mərkəzdir. Naxçıvan şəhər kitabxanası əsasında 1930-cu ildə
yaradılmışdır. 1953-cü ildə kitabxanaya Məmməd Səid
Ordubadinin adı verilmişdir. Kitabxananın fondunda 320 minə
yaxın kitab və jurnal var. Böyük oxu zalı, dövri mətbuat
zalı, komputer-internet zalı oxuculara xidmət edir. 18 min
oxucusu var. Metodiki, kitabişləmə, kataloq,
komplektləşdirmə, kütləvi, məlumat-biblioqrafiya, xidmət,
kitabsaxlama, musiqi-not, kitabxanalararası abonement
şöbələri, informasiya, mübadilə, qeydiyyat, depozitar səyyar
bölmələri fəaliyyət göstərir. Kitabxana muxtar respublikanın
ictimai-mədəni həyatında iştirak edir, oxucuların mənəvi-estetik
tərbiyəsi ilə əlaqədar tədbirlər, elmi nəzəri seminarlar
keçirir.

Naxçıvan Dövlət Universitetinin Elektron Kitabxanası
-2004-cü
ildə Naxçıvan Dövlət Universiteti üçün müasir tələblərə
cavab verən Elektron kitabxana tikilib istifadəyə
verilmişdir. Kitabxananın fondunda 160 mindən artıq kitab
var. Kitabxananın müasir tipli 4 oxu zalı, internet mərkəzi,
sərgi bölməsi, dövri mətbuat fondu, cildxanası və s.
mövcuddur.
A.Babayev adına Naxçıvan Muxtar Respublikası Uşaq
Kitabxanası -
Naxçıvan şəhər uşaq kitabxanası əsasında 1960-cı ildə
yaradılmışdır. Fondunda 175 mindən artıq çap vahidi vardır.
Kitabxanada iki oxu zalı, müxtəlif profilli 3 dərnək
fəaliyyət göstərir. Kitabxananın 8500-dən artıq oxucusu var.
Kitabxana muxtar respublikanın məktəb kitabxanaları ilə
əlaqə saxlayır, onlara əməli metodik köməklik göstərir.

Məhəmmədağa Şahtaxtlı adına Naxçıvan Şəhər Kitab Evi-
2005-ci ildə istifadəyə verilmiş Kitab Evi bədii, elmi,
siyasi ədəbiyyatların, məktəb ləvazimatlarının və məktəbli
formalarının kompleks satışı üzrə formalaşan ilk ticarət
mərkəzi olmaqla bərabər burada eyni zamanda, məktəbli və
yeniyetmələrin mənəvi-vətənpərvərlik tərbiyəsi ilə əlaqədar
tədbirlər, oxucu konfransları, yaradıcı ziyalılarla görüşlər,
yeni kitabların ictimai müzakirəsi keçirilir.
|