Naxçıvan diyarı qədim zamanlardan bəri nadir memarlıq
nümunələri ilə Yaxın Şərqdə tanınmışdır. III minilliyin sonu
- II minilliyin əvvəllərinə aid yaşayış məskənlərindən
Naxçıvanın qədim memar-lığına aid çiy kərpic və möhrədən
inşa edilmiş bina qalıqları, Naxçıvan ərazisində möhtəşəm
qala divarları, düzbucaqlı və yarımdairəvi bürclərlə əhatə
olunmuş erkən şəhər yerləri (I və II Kültəpə, Govurqala,
Qarabağlar, Oğlanqala, Plovtəpə, Qazançı, Vayxır,
Çalxan-qala və s.) meydana gəlmişdir. Bu abidələr
Azərbaycanın, eyni zaman-da, Naxçıvanın Yaxın Şərqin yüksək
inkişaf tapmış mədəniyyət mərkəzləri ilə əlaqələrini aşkara
çıxarmışdır. Naxçıvanın ayrı-ayrı tarixi dövrlərə aid
yaşayış məskənləri, siklop tikililəri, maddi mədəniyyət və
memarlıq abidələri, qalaları, istehkamları, inşaat
materialları, tikinti texnikası və s. öz zənginliyi ilə
diqqəti cəlb edir.
Naxçıvan XII əsrdə qüdrətli Azərbaycan Atabəylər dövlətinin
paytaxtı olaraq əzəmətli bir şəhər, Azərbaycanın siyasi,
iqtisadi, mədəniyyət və sənətkarlıq mərkəzlərindən biri idi.
Burada memarlıq sənəti yüksək səviyyəyə çatmışdı; çoxsaylı
dini memarlıq abidələri və mülki binalar: zəngin ornamentlər
və boyalarla bəzədilmiş əzəmətli məscidlər, türbələr,
saraylar, karvansaralar, körpülər, qala və bürclər,
mədrəsələr, bəzəkli yaşayış evləri, zəngin tərtibatlı
hamamlar və s. inşa edilmişdi. Azərbaycanda orta əsr xatirə
memarlığının ən geniş yayılmış tipi olan qülləvarı
türbələrin yaradılmasında naxçıvanlı memarlar Əcəmi Əbubəkr
oğlu və Əhməd Əyyub oğlunun böyük xidmətləri olmuşdur. Memar
Əcəminin XII əsrin II yarısında Naxçıvanda ucaltdığı və
dövrümüzədək salamat qalmış Yusif ibn Küseyir türbəsi və
Möminə xatun türbəsi dünya memarlığında insan xatirəsini
monumental biçimlərlə əbədiləşdirən ən uğurlu
örnəklərdəndir. Təkcə Azərbaycanın deyil, islam ölkələrinin
ən uca və ən incə kompozisiyalı türbələrindən olan Möminə
xatun türbəsinin belə uzunömürlülüyü, öncə, onun mühəndis
həllinin bitkinliyi ilə bağlıdır. Memar Əcəmi öz şah
əsərində təkcə bədii təfəkkürün dərinliyi, zövq incəliyi
deyil, eləcə də geniş riyazi biliyə və zəngin təcrübəyə
əsaslanan mühəndislik dühası göstərmişdir. Abidənin mükəmməl
dayaq sistemi, xüsusilə sərdabəsinin tektonik quruluşu
naxçıvanlı memarın öz çağında nə üçün "mühəndislər şeyxi"
adlandırılmasının səbəbini əyani şəkildə izah edir. Əcəminin
fəaliyyəti ilə Azərbaycan memarlığı tarixində Naxçıvan
memarlıq məktəbi əmələ gəlmiş və formalaşmışdır.
Naxçıvan memarlıq məktəbi dəqiq riyazi hesablama metodlarına
əsaslanırdı. Abidələr dəqiq hesablanma və ölçmələr,
planlaşma, yerləşmə, ornamentlərin və kitabələrin dəqiq
düzülməsi əsasında tikilirdi. Abidələrin modul sistemi,
mütənasiblik sxemləri, tağların və günbəzlərin quruluşu,
səkkizkünc səthlərin dəqiq ölçüsü riyazi hesablamasız mümkün
deyildi. Bu məktəbin təsiri ilə Yaxın Şərq ölkələrində bir
sıra memarlıq kompozisiyaları yaradılmışdır. Naxçıvan
memarlığı yalnız daş memarlıq abidələri ilə deyil, əsas
inşaat materialı qırmızı bişmiş və bənövşəyi rəngli kaşılı
kərpiclər olan abidələrlə də məşhurdur (İmamzadə memarlıq
kompleksi və s.). Monqol istilaları nəticəsində əvvəlki
əzəmətini itirmiş, Elxani hökmdarları dövründə digər
Azərbaycan şəhərləri kimi dirçəlmiş, XIV əsrin II yarısında
Çobani və Cəlairi əmirləri arasındakı dağıdıcı
müharibələrdən zərər çəkmiş, Qızıl Orda xanı Toxtamışın və
Əmir Teymurun yürüşləri zamanı qətl-qarətlə üzləşmiş, XVI
əsrdə dəfələrlə əldən-ələ keçmiş, XVII əsrin I yarısında iki
dəfə dağıntılara məruz qalmış Naxçıvan əski əzəmətini,
Azərbaycanın siyasi-iqtisadi, mədəni həyatındakı aparıcı
rolunu və mövqeyini itirmişdir. Hərbi-siyasi hadisələr
Culfa, Ordubad, Əylis kimi mədəni mərkəzlərə də xeyli zərər
yetirmişdi. Görkəmli memarların yaratdıqları yüzlərcə
qiymətli tikinti və abidə ara müharibələri zamanı dağılmış,
dövrümüzə qədər gəlib çatmamışdır. Çox zaman bunları yaradan
sənətkarların və xalq ustalarının adı belə məlum olmamışdır.
XVII əsrin II yarısından başlayaraq Naxçıvanın, Ordubadın,
Culfanın şəhər həyatında müəyyən canlanma hiss olunmuşdur.
Türk tarixçisi Övliya Çələbinin məlumatına görə, XVII əsrdə
Naxçıvanda 20 min ev, 70 dini bina, 20 karvansara, 7 hamam
və bazarlar mövcud idi. İmamzadə memarlıq kompleksi
(XVI-XVII əsrlər), İsmayıl xan hamamı (XVIII-XIX əsrlər),
Xan evi (XIX əsr), Ordubadda məscid və mədrəsələr, zorxana,
hamam və karvansaralar tikilmiş, Ərasət meydanı ansamblı,
örtülü bazar kompleksi salınmış, Dər, Dəstə, Əylis, Dırnıs,
Gənzə, Vənənd kəndlərində türbə və məscidlər, digər memarlıq
abidələri, tarixi binalar inşa edilmişdir. Ordubadda
divarları gözəl rəsmlərlə bəzədilmiş XVIII əsrə aid memarlıq
abidələri dövrümüzədək gəlib çatmışdır.
Əfsuslar olsun ki, daim ideologiya xatirinə tarixi
saxtalaşdırmağa cəhd edən erməni "tədqiqatçıları" Sovet
dövrünün siyasi və ideoloji atmosferindən məharətlə istifadə
etmiş, mənfur "Böyük Ermənistan" planının tərkib hissəsi
kimi "elmi" şantaj aksiyaları həyata keçirərək Naxçıvan
torpaqlarına qarşı ərazi iddiaları irəli sürmüş və bu gün də
bu iddiaları təbliğ etməkdədirlər. Belə ki; elmə və elmi
metodologiyaya zidd olaraq qədim Azərbaycan abidələrinin
yerləşdiyi Naxçıvan ərazisində saxta yollarla qəbir daşları
basdırmış, sonradan bu "tapıntılar" ətrafında hay-küy
qaldıraraq iddialarına dəlil göstərməyə çalışmışlar.
Buradakı müxtəlif dövrlərə aid tarixi abidələrin fotolarını
çəkdirmiş, onları sahiblənərək nəşr etdirdikləri uydurma
məlumatlarla dolu məqalələr və albom xarakterli kitablarla
dünya ictimaiyyətini yanıltmaqla məşğul olmuşlar. Lakin
siyasiləşmiş erməni "tədqiqatçıları" Naxçıvandakı Azərbaycan
abidələrinin maddi-mənəvi məhvində müvəffəq ola bilməmiş,
onların uydurma iddiaları həqiqi alimlər tərəfindən tamamən
çürüdülmüşdür.
Bu gün Naxçıvan Muxtar Respublikasında xalqın milli və
mənəvi sərvətlərinin, böyük tarixi dəyərə malik abidələrin
tədqiqi, mühafizəsi və bərpası sahəsində bir sıra mühüm
dövlət qərarları qəbul edilmiş, onların qorunub saxlanılması
istiqamətində kompleks tədbirlər həyata keçirilməkdədir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Naxçıvan
Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət
abidələrinin qorunması və pasportlaşdırılması işinin
təşkili", "Nuh peyğəmbərin Naxçıvan şəhərində məzarüstü
abidəsinin bərpa edilməsi" haqqında, Ordubad "Gəmiqaya
Tarix-Bədii Qoruğu" və Şərur "Arpaçay Tarix-Mədəniyyət
Qoruğu"nun yaradılması haqqında müvafiq Sərəncamları tarixi
abidələrimizin öyrənilməsinə mühüm töhfələr vermişdir.
2010-cu ildə Naxçıvan Muxtar Respublikasında 1197 tarixi-mədəniyyət
abidəsi qeydə alınmışdır. Bu abidələrdən 550-yə yaxını dünya
və ölkə əhəmiyyətli, digərləri isə yerli əhəmiyyətlidir.
Qeydə alınmış abidələrin əsasında "Naxçıvan Abidələri"
Ensiklopediyası hazırlanmışdır. Bu ensiklopediya qədim
abidələrimizin öyrənilməsi və beynəlxalq miqyasda
tanıdılması üçün mühüm mənbədir.
2013-cü ildə Culfa rayonunun Əbrəqunus kəndində məscidin
tikintisi, Teyvaz kəndində məscidin əsaslı təmiri, "Əshabi-Kəhf
Ziyarətgahı" Dini-Mədəni Abidə Kompleksinin təmiri başa
çatdırılmışdır. Naxçıvan Muxtar Respublikası Rəssamlar
Birliyinin inzibati binası və sərgi salonunun tikintisi başa
çatdırılmışdır.
Muxtar respublikada tarixi-mədəni irsin qorunması və təbliği,
mədəni potensialın inkişaf etdirilməsi diqqət mərkəzində
saxlanılmış, mədəniyyət obyektlərinin inşası və bərpası
davamlı xarakter almışdır. 2013-cü ildə mədəniyyət
obyektlərinin inşası və bərpası istiqamətində Naxçıvan
şəhərində Saat Meydanı və parkın, Culfa rayonunda Dövlət
Bayrağı Meydanının tikintisi, Kəngərli rayonunun Qıvraq
qəsəbəsində Heydər Əliyev Mədəniyyət və İstirahət Parkının
təmiri başa çatdırılmışdır. Babək rayonunun Babək
qəsəbəsində 1941-1945-ci illər müharibəsi və Azərbaycan
Vətən müharibəsi şəhidlərinin xatirəsinə abidə ucaldılmışdır.
|