Qədim
xalq sənəti sahələri olan dulusçuluq, metalişləmə,
misgərlik, daşişləmə, ağacişləmə, toxuculuq, zərgərlik və s.
Eneolit və İlk Tunc dövrlərindən məlumdur. Naxçıvanda
əkinçiliyin, maldarlığın intensiv inkişafı sənətkarlığın
təkamülünə imkan yaratmışdır.
Mədəni tələbatın artması bəzək əşyalarının düzəldilməsi,
hətta əmək alətlərinin, məişət avadanlıqlarının, silahların
müəyyən hissələrinin gözəl bədii tərtibatla hazırlanması ilə
nəticələnmişdir. Arxeoloji qazıntılar nəticəsində qədim
yaşayış yerlərindən (I və II Kültəpə, Sədərək, Maxta,
Ovçular təpəsi, Daşarx, Qızılburun, Şahtaxtı, Qarabağlar,
Külüs, Kolanı və s.) müxtəlif əmək alətləri və zəngin
sənətkarlıq nümunələri, bəzək və məişət əşyaları aşkara
çıxarılmışdır. Araz çayının sol sahilində yaşamış qədim
tayfaların sosial həyat tərzi, dini-ideoloji dünyagörüşləri,
inamları və adət-ənənələri bu dövrün sənətkarlığında öz
əksini tapmışdır. Naxçıvanın Tunc dövrü mədəniyyəti üçün
səciyyəvi sayılan yüksək ustalıqla hazırlanmış bədii
tərtibatlı boyalı gil qablar (bu dövrdə Naxçıvanda bir sıra
xüsusiyyətləri ilə fərqlənən Boyalı qablar mədəniyyəti
təşəkkül tapmışdır), rəngarəng motivli bəzəklər, həmçinin
tunc və gümüşdən nəfis zərgərlik məmulatı, qızıl bəzək
əşyaları, müxtəlif minerallardan hazırlanmış muncuqlar,
metal, ağac, sümük, gil və daşdan zərif sənətkarlıq
əsərləri, gil və daş heykəlciklər buna parlaq sübutdur.
Qədim sənətkarlığın mühüm sahəsi olan dulusçuluq Naxçıvan
ərazisində e.ə. IV minillikdə yaranmışdır. Arxeoloji
materiallar göstərir ki, Eneoloit və Tunc dövrlərinə aid gil
qablar dulus çarxında hazırlanmış və xüsusi kürələrdə
bişirilmişdir. Dulus kürələrinin ən qədim qalıqları I
Kültəpə yaşayış yerində aşkar olunmuşdur. Tunc dövrünə aid
II Kültəpə yaşayış yerindən əl ilə, qismən də dulus çarxında
hazırlanmış müxtəlif formalı sadə, həndəsi və nəbati
naxışlar, insan, quş və heyvan təsvirləri ilə bəzədilmiş
boyalı qab-qacaq (küp, küpə, kasa, badya, çölmək, vaza,
çıraq və s.) məlumdur. Yüksək keyfıyyəti, rəngarəngliyi və
çeşidli formaları ilə seçilən dulus qablarının bəzədil-məsi,
şüyrələnməsi, şirlənməsi və s. xalq sənətinin mühüm
sahələridir. Naxçıvan dünyanın ilk qədim metal (mis) işləmə
ocaqlarından biridir. I Kültəpənin ən qədim mədəni
təbəqəsindən müxtəlif mis-mərgmüş, nikel-mərgmüş qatışığı
olan alətlər və bəzək nümunələri əldə edilmişdir. Ordubad
rayonunun Plovdağ nekropolundan çoxlu tunc sancaqlar,
Kültəpədən Tunc dövrünə aid başı ilgəkli dörd sancaq, bıçaq
parçası və s. tapılmışdır. Arxeoloji qazıntılar nəticəsində
aşkara çıxarılmış materiallar Naxçıvanın qədim sakinlərinin
sümükdən və daşdan da əmək aləti və bəzək hazırlamaq
məharətinə malik olduqlarnı göstərir. Toxuculuq peşəsinə aid
daşdan, sümükdən və gildən iy başlıqlarına, həmçinin çox
zərif parça qalıqlarına rast gəlinmişdir. Orta əsrlərdə
misgərlik, zərgərlik, ipəkçilik, xalçaçılıq kimi sənətlər
xüsusilə vüsət almış, yüksək sənətkarlıq və zövq ilə
hazırlanmış müxtəlif məişət əşyaları və zərgərlik
məmulatları şöhrət qazanmışdır. Bu sənətkarlıq məhsulları
xarici bazarlara da ixrac edilirdi. Bədii metal ustası Osman
ibn Salman Naxçıvaninin oyma naxışlarla bəzədilmiş bürünc
dolçası (1190) Luvr (Fransa) muzeyində saxlanılır.
Erkən orta əsrlərdən başlayaraq istehsal texnikası
təkmilləşmiş, ipək istehsalında ayaqla hərəkətə gətirilən
təkərli mancanaqlar (baramaaçan dəzgahlar), ipək
karxanalarında mütəhərrik toxucu dəzgahları tətbiq
olunmuşdur. Ordubad ipək parça istehsal edən əsas
mərkəzlərdən biri idi. Azərbaycan ipəyi İraq, Kiçik Asiya,
Suriya və Avropanın bir sıra ölkəsinə ixrac olunurdu. Culfa,
Ordubad və Naxçıvanda bez istehsalı (bəzzazlıq) sənəti geniş
yayılmışdı. Orta əsrlərdə xalçaçılıq sənəti də inkişaf
etmiş, sonrakı dövrlərdə Naxçıvan əhalisinin məişət və
iqtisadiyyatında mühüm yer tutmuşdur. Xalçaçılıq ənənələri
bu gün də davam etdirilir.
Naxçıvanın zəngin təbiəti ta qədimdən bu torpaqlarda
qoyunçuluq təsərrüfatı ilə məşğul olmağa şərait yaratmışdır.
Yerli əhalinin həyatında əhəmiyyətli rol oynayan qoyun gözəl
yunu ilə el sənətinin ən zəngin növlərindən olan
xalçaçılığın yaranmasında və inkişafında mühüm rol
oynamışdır.
Azərbaycanın digər bölgələrində olduğu kimi, Naxçıvanda da
xalçalar öz bədii xüsusiyyətlərinə görə iki böyük qrupa
bölünür: ornamental və süjetli xalçalar. Ornamental xalçalar
çoxluq təşkil edir.
Dağlıq rayonlarda zili və şəddə toxunuşlu at, dəvə çulu,
məfrəş, xurcun, heybə, duzqabı, qaşıqdan kimi məişət
əşyaları çox istifadə olunmuşdur.
Naxçıvanda kilimlər məişətdə çox geniş istifadə olunmuşdur.
Naxçıvan kilimləri istər rənginə, istərsə də bədii
xüsusiyyətinə görə Qarabağ kilimlərinə çox oxşasa da, bəzi
özünəməxsusluqları ilə fərqlənirlər.
Mürəkkəb dolama texnikası ilə toxunan Naxçıvan zililəri
şəddə və vərniyə nisbətən daha çox təkmilləşmişdir.
Keçəçilik Şahbuz və Şərurun kəndlərində tarixən inkişaf
etmiş sənət sahələrindən biri olmuşdur.
Yayda sərinlik yaradan, qışda soyuqdan qoruyan keçədən
alaçıqların və dəyələrin üstünün və yanlarının örtülməsində,
yaşayış evlərinin döşənməsində, bəzədilməsində, yapıncı,
papaq, dolaq, uzunboğaz çəkmə, corab, əba, qapılıq, heybə,
çul, çuval, yük heyvanı üçün tərlik, palan, yəhər örtüyü,
yük keçəsi hazırlanmasında və digər məişət ehtiyacları üçün
geniş istifadə edilmişdir. Naxçıvanda xovlu xalçalara
nisbətən xovsuz xalçalar daha çox toxunmuşdur.
Xovsuz xalçalar xalça sənətinin ilk inkişaf dövrünü təşkil
edir. Bu xalçaların kompozisiyası müxtəlif formalı naxış
elementlərindən qurulmuşdur. Bu xalçalarda təsvir edilən
bəzək elementlərinə arxeoloji qazıntılar zamanı tapılmış
müxtəlif dövrlərə aid saxsı qabların, daş və metal alətlərin,
müxtəlif bəzək əşyalarının üzərində də təsadüf edilir.
Naxçıvan xalçalarının bədii tərtibatında geniş yayılmış
çərxi-fələk (dörd ünsür) təsvirinə e.ə. II-I minilliklərə
aid maddi-mədəniyyət abidələri üzərində də təsadüf edilir.
Çərxi-fələk adətən iri ölçülü medalyonların mərkəzində
təsvir olunur. “Çələbi” kompozisiyalı Naxçıvan xalçalarında
da bu elementə rast gəlinir. Naxçıvan xalçaları rəng
baxımından digər bölgələrin xalçalarından xeyli fərqlidir.
Açıq və tünd rənglərin təzadı Naxçıvan xalçalarına xüsusi
ahəngdarlıq bəxş edir. Naxçıvanda hələ qədim zamanlardan
boyaqxanalar fəaliyyət göstərmişdir. Xalçaçı ustalar ayrı-ayrı
bitkilərdən, gül-çiçəkdən, ağac qabıqlarından ipləri boyamaq
üçün müxtəlif rənglər alırdılar. Məsələn, sarı və sarımtıl
rənglər sarıçöp, sarıgül və əncir yarpaqlarından; qırmızı və
çəhrayı rənglər boyaqotundan (marena), qırmız böcəyindən (koşenil);
noxudu və şəkəri rənglər soğan və alma qabığından, palıd
rəngi qoz qabığından; sürməyi və göy rənglər xaricdən
gətirilən təbii indiqodan alınırdı. Peşəkar boyaqçılar təbii
rənglərin imkanlarını artırmaq məqsədi ilə onların tərkibinə
zəy, duz, mal sidiyi kimi bərkidici maddələr əlavə edirdilər.
Naxçıvanın orijinal naxış kompozisiyasına malik xalça və
xalça məmulatları Azərbaycanda və dünyanın bir sıra digər
ölkələrinin muzeylərində və şəxsi kolleksiyalarda saxlanılır.
Şəxsi kolleksiyalarda Naxçıvan şəhərindən 5, Babək
rayonundan 5, Culfadan 5, Kəngərlidən 3, Ordubaddan 6,
Sədərəkdən 4, Şahbuzdan 6, Şərurdan 10 xovlu və xovsuz xalça
məmulatları saxlanılır. Apardığımız araşdırmalar nəticəsində
MR-in 7 rayonunun 68 kəndindən 254 toxucu haqqında
məlumatlar əldə edilmişdir. Buraya Şahbuzdan 31, Şərurdan
58, Babəkdən 49, Sədərəkdən 8, Culfadan 37, Kəngərlidən 35,
Ordubaddan 36 toxucu daxildir. Bu gün Naxçıvanda, onun rayon
və kəndlərində xalça sexləri fəaliyyət göstərir.
Xalçaçılığın inkişafı məqsədi ilə tədris ocaqları yaradılıb.
Yeni bina ilə təmin olunmuş Naxçıvan Dövlət Xalça muzeyi isə
zəngin eksponatları ilə qonaqların ixtiyarına verilib.
Burada Naxçıvan qrupuna aid çoxlu sayda əntiq xovlu və
xovsuz xalça məmulatları saxlanılır.
|