Naxçıvan
şəhəri Naxçıvan Muxtar Respublikasının paytaxtıdır. Naxçıvan
Azərbaycanın ən qədim şəhərlərindən biridir. Aparılan
arxeoloji tədqiqatlar nəticəsində Naxçıvanda e. ə. II-I
minilliklərə aid maddi mədəniyyət nümunələri tapılmışdır.
Yaxın Şərqin qabaqcıl mədəniyyət mərkəzləri ilə coğrafi
yaxınlıqda olan Naxçıvan mədəniyyəti buradakı tayfaların
həyatına çox böyük təsir göstərmiş, ərazidə erkən şəhər
mədəniyyəti və sinifli cəmiyyətin əlamətləri daha tez
meydana çıxmışdır.
Naxçıvan şəhəri haqqında yazılı mənbələrdəki ilk məlumatı
tarixçi İosif Flaviy (e. ə. I əsr) və yunan coğrafiyaçısı
Klavdi Ptolemey özünün «Coğrafiya» əsərində vermişdir. Həmin
əsərdə Naxçıvanın adı «Naksuana» kimi qeyd olunmuşdur. Qeyd
etmək lazımdır ki, Naksuana Naxçıvan sözünün fonetik
variantı deyil. Yunan və romalıların dilində fışıltılı
səslər ç, c, s, j olmadığından onlar Naxçıvanı Naksuana
adlandırmışlar.
Şəhər haqqında orta əsr ərəb və fars mənbələrinə görə (İbn
Xordadbeh, Əl-Biruni, Bakuvi və b. tərəfindən) şəhərin adı
Nəşavə, Nəqçuvan şəklində işlənmişdir. Bəzi mənbələrdə isə
(Məhəmməd Naxçıvani, Həmdullah Qəzvini, Övliya Çələbi və b.)
arasında mövcud olan, lakin elmi əsası olmayan mülahizələrə
görə Naxçıvan toponiminin mənası əfsanəvi Nuh peyğəmbərin
adı ilə bağlıdır, yəni Nuhçuvan, Nuhun yurdu.
Naxçıvan e. ə. IX-VI əsrlərdə Manna, sonra isə Midiya
dövlətlərinin tərkibində olmuş, e. ə. 550-ci ildə Midiyanın
süquta uğramasından sonra Əhəmənilər imperiyasının
hakimiyyəti altına düşmüşdür. Yaxın və Orta Şərqin ticarət
yollarının qovşağında yerləşən Naxçıvan Əhəmənilər
imperiyasının dağılmasından sonra e. ə. IV əsrin sonlarından
e. ə. I əsrin birinci yarısınadək Atropatena dövlətinin
tərkibində olmuşdur. Yaxın və Orta Şərqdə mühüm sənətkarlıq,
ticarət və mədəniyyət mərkəzinə çevrilən Naxçıvanın Kiçik
Asiya ölkələri ilə, İranın, Gürcüstanın şəhərləri ilə və
Qara dəniz limanları ilə ticarət əlaqəsi var idi.
İran-Bizans müharibəsi zamanı 625-ci ildə Bizans imperatoru
İrakli Naxçıvanı tutaraq şəhəri yerlə yeksan etdi. Sonralar
bərpa olunan Naxçıvan şəhəri 654-cü ildə ərəblərin əlinə
keçdi. Naxçıvan şəhəri ərəb xilafətinin dağılmasından sonra
əvvəlcə Sacilər, sonra isə Salarilər dövlətinin tərkibinə
daxil olmuşdur. X əsrin sonlarından XI əsrin ortalarınadək
Naxçıvan Rəvvadilər dövlətinin tərkibində olmuşdur. 1054-cü
ildə Səlcuqların Azərbaycana gəlişi və Rəvvadilər dövlətinin
ləğvi ilə Naxçıvan Səlcuqların hakimiyyəti altına düşdü.
Səlcuq sultanlığı parçalandıqdan sonra Naxçıvan yeni
yaranmış Atabəylər dövlətinin tərkibinə qatıldı. Atabəylər
dövlətinin əsas ticarət və sənətkarlıq mərkəzinə çevrilən
Naxçıvan şəhəri XII əsrin 30-cu illərinin sonundan 1175-ci
ilədək bu dövlətin paytaxtı olmuşdur. XII əsrdə Naxçıvanda
təxminən 150-200 min əhali yaşayırdı. Şəhərdə toxuculuq,
zərgərlik, dulusçuluq, xalçaçılıq və başqa növ sənətkarlıq
sahələri inkişaf etmişdir. 1221-ci ildə monqolların
Azərbaycana ilk yürüşü zamanı Naxçıvan şəhəri böyük
dağıntılara məruz qalmışdır. 1225-ci ildə Atabəylər
dövlətinin zəifləməsindən istifadə edən Cəlaləddin Xarəzmşah
Naxçıvanı işğal etdi. 1257-ci ildən Naxçıvan Elxanilər (Hülakulər)
dövlətinin tərkibinə qatıldı. Hülakulərin zəifləməsindən
sonra Naxçıvan əvvəlcə Çobanilərin, sonra isə Cəlalilər
sülaləsinin hakimiyyəti altına düşdü. 1386-cı ildə Naxçıvanı
əvvəlcə Qızıl Orda xanı Toxtamış, sonra isə Əmir Teymur
işğal etdi. Naxçıvan 1412-ci ildən Qaraqoyunlu, 1468-ci
ildən isə Ağqoyunlu dövlətlərinin tərkibində olmuşdur.
Ağqoyunlu - Səfəvi müharibəsi zamanı 1501-ci ildə Şərur
düzündə baş vermiş toqquşmada Səfəvilər qalib gələrək şəhəri
ələ keçirdilər. Sonrakı mərhələdə Naxçıvan Səfəvi - Osmanlı
müharibələrində hərb meydanına çevrildi. I Şah Abbas 1603-cü
ildə Naxçıvanı hakimiyyəti altına alaraq buranı hərbi
düşərgəyə çevirdi. Səfəvilər dövlətinin apardığı islahatlar
nəticəsində Naxçıvan XVI əsrdə Təbriz, XVII əsrdən isə
Çuxursədd bəylərbəyliklərinin ərazisinə daxil edilmişdir.
XVI-XVII əsrlərdə buranın hakimləri Kəngərli tayfa
başçılarından təyin olunurdu. Səfəvilərin süqutundan sonra
Naxçıvan XVIII əsrin əvvəllərində Nadir şah tərəfindən
tutulmuşdur. 1747-ci ildə Nadir şahın ölümündən sonra
Kəngərli tayfasının başçısı Heydərqulu xan özünü xan elan
etdi. Naxçıvan xanlığın paytaxtına çevrildi. 1827-ci il
iyunun 26-da Naxçıvanı Çar Rusiyasının qoşunları işğal etdi.
Rusiya-İran müharibələrinin nəticəsi olaraq 1828-ci il
Türkmənçay müqaviləsinə əsasən Naxçıvan Rusiya imperiyasının
tərkibinə qatıldı. 1841-ci ildə Gürcüstan - İmeretiya
quberniyası tərkibində Naxçıvan qəzası yaradıldı. 1870-ci
ildən başlayaraq çarizmin keçirdiyi islahatlar nəticəsində
Naxçıvanda ticarət, sənaye, səhiyyə və mədəni sahələrdə
irəliləyişlər baş verdi. 1905-1906-cı illərdə ermənilərin
azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı
nəticəsində Naxçıvanda da kütləvi qətllər törədildi.
Sonralar bu hadisə 1918-ci ildə təkrarlandı. 1918-ci ildə
Naxçıvanda Araz Türk Respublikası yaradıldı. 1919-cu ilin
əvvəllərində ingilislərin Naxçıvanı tutması ilə Araz Türk
Respublikası süquta uğradı. 1920-ci il iyulun 28-də
Naxçıvanda Sovet hakimiyyəti elan edildi. 1921-ci ilin
yanvarında keçirilən referendumda əhalinin 90% muxtariyyət
statusunda Azərbaycanın tərkibində qalmağa səs verdilər. 16
mart 1921-ci il Moskva və 13 oktyabr 1921-ci il Qars
müqavilələri ilə Naxçıvan Muxtar Respublikasının statusunun
əsası qoyuldu. 1924-cü il fevralın 9-da Naxçıvan MSSR təşkil edildi və Naxçıvan paytaxt oldu.
Hazırda Naxçıvan Muxtar Respublikanın paytaxtıdır.
Naxçıvan Muxtar Respublikası şimalda və şərqdə Ermənistan
Respublikası (246 km), qərbdə və cənubda Türkiyə (11 km) və
İran İslam Respublikası (204 km) ilə həmsərhəddir. Muxtar
Respublikanın Ermənistanla təbii sərhədini, əsasən Zəngəzur
və Dərələyəz silsilələrinin suayırıcıları, Türkiyə və İranla
sərhədini isə Araz çayı təşkil edir. Ərazisi şimal qərbdən
cənub şərqə doğru 158 km məsafədə uzanır. Şimalda ən ucqar
nöqtəsi Saraybulaq silsiləsinin Şərur rayonu ərazisindəki
Kömürlü dağı (2064 m), ən cənub nöqtəsi isə Arazın sol
sahilində 600 m yüksəklikdə yerləşən Zerəni dəmiryol
stansiyasıdır. Şimaldan cənuba doğru ən böyük məsafəsi 75 km-ə
bərabərdir. Qədim Azərbaycan torpağı olan Zəngəzur mahalının
1920-ci ildə sovet rəhbərliyi tərəfindən qanunsuz olaraq
Ermənistana verilməsi nəticəsində 44-45 km enində zolaq Araz
çayına doğru uzanaraq, Naxçıvan Muxtar Respublikasını
Azərbaycan Respublikasının qalan ərazisindən ayırmışdır.1924-cü
ildə Naxçıvan MSSR-də 3 qəza və 12 dairə təşkil olunmuş,
1925-ci ildə qəzalar ləğv edilmiş, dairələrin sayı 8-ə
endirilmişdi: Baş Noraşen, Qıvraq, Tumbul, Əbrəqunus,
Nərimanov, Culfa, Parağa və Ordubad. 1930-cu ilin birinci
yarısında Şahbuz rayonu əlavə edilməklə Şərur, Naxçıvan,
Culfa, Ordubad, Əbrəqunus rayonları yaradıldı. 1948-ci ildə
Əbrəqunus rayonu Culfa rayonu ilə birləşdirildikdən sonra
Naxçıvan MSSR inzibati cəhətdən beş rayona - Naxçıvan
(1978-ci ildən Babək), Şərur, Şahbuz, Culfa və Ordubad
rayonlarına bölünmüşdür. 1990-cı il avqustun 28-də
Azərbaycan SSR Ali Sovetinin fərmanına əsasən Türkiyə ilə
həmsərhəd bölgənin sosial-iqtisadi inkişafını daha da
sürətləndirmək və gücləndirmək məqsədilə, həmçinin ərazinin
geostrateji mövqeyi nəzərə alınaraq, Sədərək kəndi və ona
məxsus ərazilər əsasında Sədərək rayonu yaradılmışdır.
Azərbaycan Respublikası Prezidentinin imzaladığı 2004-cü il
19 mart tarixli qanuna əsasən Kəngərli rayonu yaradılmışdır.
Hazırda 7 inzibati rayona - Babək, Culfa, Ordubad, Sədərək,
Şahbuz, Şərur, Kəngərli rayonlarına bölünmüşdür. 5 şəhəri
(Naxçıvan, Ordubad, Culfa, Şahbuz, Şərur), 8 qəsəbəsi, 160
kənd inzibati ərazi dairəsi, 207 kəndi vardır.
Azərbaycan Respublikasının 1995-ci ildə referendum yolu ilə
qəbul olunmuş yeni Konstitusiyasına əsasən Naxçıvan Muxtar
Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar
dövlətdir. Muxtar dövlətin özünün Konstitusiyası, Ali
Məclisi, Nazirlər Kabineti və Ali Məhkəməsi vardır. Naxçıvan
Muxtar Respublikasının Ali Məclisi 45 deputatdan ibarətdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
Konstitusiyaya əsasən muxtar respublikanın Ali vəzifəli
şəxsidir. Naxçıvan Muxtar Respublikasının Ali vəzifəli şəxsi
Konstitusiya ilə onun səlahiyyətinə aid edilən məsələlər
üzrə fərmanlar, başqa məsələlər barəsində isə sərəncamlar
qəbul edir. Naxçıvan Muxtar Respublikasının qanunları
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən
imzalanır.
Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri Azərbaycan
Respublikasının dövlət bayrağı, gerbi və Azərbaycan
Respublikasının dövlət himnidir. Naxçıvan Muxtar
Respublikasında idarəetmə sistemi Azərbaycan Respublikası
ilə eyniyyət təşkil edir. Muxtar respublikanın şəhər və
rayon ərazi vahidləri icra hakimiyyətləri tərəfindən idarə
olunur. İcra hakimiyyətlərinin başçıları Naxçıvan Muxtar
Respublikası Ali Məclisi Sədrinin təqdimatı ilə Azərbaycan
Respublikasının Prezidenti tərəfindən təyin olunurlar. Ulu
öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən muxtar
respublika parlamentinin 1990-cı il 17 noyabr tarixli
sessiyasında muxtar respublikanın rəsmi adından «Sovet
Sosialist» sözləri çıxarılmış, qanunverici hakimiyyət
orqanının adı dəyişilərək Ali Məclis qoyulmuş, ilk dəfə
olaraq Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) üçrəngli
bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi
qəbul olunmuşdur
Naxçıvan Muxtar Respublikası Ermənistan (sərhəd xəttinin
uzunluğu 246 km), Türkiyə (11 km) və İranla (204 km)
həmsərhəddir. Moskva (1921-ci il, 16 mart) və Qars (1921-ci
il, 13 oktyabr) müqavilələri imzalanarkən 6 min kvadrat
kilometrdən artıq ərazisi olan Naxçıvan Muxtar
Respublikasının torpaqları əsassız ərazi iddiası irəli sürən
Ermənistan tərəfindən Moskvadakı güclü erməni lobbisinin
himayəsi ilə, qanunsuz şəkildə və hissə-hissə ilhaq olunaraq
(1924, 1928 fevral, 1929 may, 1969) 5,3 min kvadrat
kilometrə endirilmişdir.
Azərbaycana qarşı ədalətsiz müharibəyə başlayan Ermənistan
Respublikası tərəfindən 1991-ci ildən tam iqtisadi blokadaya
alınan Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Kərki
kəndi 1990-cı il yanvarın 19-da ermənilər tərəfindən işğal
olunmuşdur. Müharibə nəticəsində muxtar respublikadakı bir
qəsəbə və 3 kəndin əhalisi ata-baba yurdundan didərgin
düşmüşdür.
4 dekabr 2001-ci il Azərbaycan Respublikasının Prezidenti
tərəfindən təsdiq edilmiş «Azərbaycan Respublikasının bəzi
rayonlarının inzibati ərazi bölgüsünə qismən dəyişiklərin
edilməsi haqqında» Qanuna əsasən Naxçıvan Muxtar
Respublikası Babək rayonunun Əliabad inzibati dairəsi
Naxçıvan şəhərinin tərkibinə verilmişdir. Şəhərdə 1 qəsəbə
(Əliabad) və 5 kənd vardır. Şəhərin ərazisi 191,57 kvadrat
kilometrdir. Əhalisi 451 min 132 nəfər (1 avqust, 2017),
iqlimi kontinental, orta temperatur yanvarda - 3,8 C, iyulda
26,9 C, illik yağıntı 236 mm-dir.
Naxçıvanın inkişafı ötən əsrin 70-ci illərində möhtərəm
Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə başlanmışdır.
Naxçıvan XX əsrin 80-ci illərinin sonlarında Ermənistanın
Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti nəticəsində
blokadaya düşmüş, 1991-ci ildən qaz xətti kəsilmiş, 1992-ci
ildən dəmir yolu bağlanmışdır. Müstəqillik əldə etdikdən
sonra Naxçıvanda Şahmat məktəbi, Olimpiya İdman Kompleksi,
Üzgüçülük Mərkəzi, Naxçıvan Dövlət Universitetinin yeni
beşmərtəbəli korpusu, Elektron kitabxana, Hüquq və Sosial
idarəetmə fakültəsi üçün korpus, Gömrük Komitəsi üçün yeni
bina, Milli Bank, Əlillərin Reabilitasiya Mərkəzi, Heydər
Əliyev adına məktəb və bir sıra digər məktəblər, əlillər
üçün yeni yaşayış binası tikilmişdir. Naxçıvanda Hüseyn
Cavidin məqbərəsi ucaldılmış, onlarla inzibati binalar
əsaslı təmir edilmiş, Heydər Əliyev parkı, Əcəmi, Dədə
Qorqud seyrəngahları salınmış, Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyevin büstü və Heydər Əliyev adına məktəbin
həyətində heykəli, Babəkin, Koroğlunun, Cəlil
Məmmədquluzadənin, Əcəmi Naxçıvaninin heykəlləri, sənaye-istehsal
kompleksləri yaradılmış, müasir tələblərə cavab verən «Qrand
otel» və digər mehmanxanalar, restoranlar tikilmiş,
beynəlxalq standartlara cavab verən hava limanı
naxçıvanlıların istifadəsinə verilmiş, bir çox quruculuq
işləri aparılmışdır. Bütün bunlar Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin adı, şəxsiyyəti və siyasi
fəaliyyəti ilə bağlıdır.
Naxçıvanda radio 1932-ci ildə qovşaq kimi fəaliyyət
göstərmiş, 1936-cı ildən isə muxtar respublikanın ərazisində
tam yayımlanmağa başlanmışdır.
Televiziya 1963-cü ildən müstəqil kanal kimi Muxtar
Respublika ərazisində və ondan kənarda yayımlanır.
Naxçıvan şəhərində Dövlət Radio və Televiziya Verilişləri
Komitəsi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin
Radio-televiziya Ötürücüsü Mərkəzinin nəzdində isə
«Kanal-35» televiziyası fəaliyyət göstərir.
2004-cü il iyulun 14-də yaradılmış «Kanal-35» televiziyası
öz verilişlərini səkkiz saat elmi-publisist proqramla muxtar
respublika ərazisinə yayımlayır.
2001-ci il sentyabr ayının 19-dan fəaliyyətə başlayan «Naxçıvanın
səsi» radiosu 100.6 FM dalğasında on altı saat ərzində
Muxtar Respublikanın bütün bölgələrində yayımlanır.
«Şərq qapısı» 1921-ci ildən ictimai-siyasi qəzet kimi dərc
olunur. Təsisçisi Naxçıvan Muxtar Respublikasının Ali
Məclisi və Nazirlər Kabinetidir.
Naxçıvan şəhər İcra Hakimiyyətinin orqanı olan «Nuh yurdu»
qəzeti 1996-cı ildən nəşr olunur. Qəzet öz növbəsində
Naxçıvan şəhərinin ictimai-siyasi həyatında özünəməxsus rol
oynayır.
Naxçıvan şəhərinin ərazisindən keçən avtomobil yolu birinci
dərəcəli yol olmaqla uzunluğu 7 kilometrdir. Dəmir yolunun
uzunluğu isə 1,6 kilometr olmaqla ikinci dərəcəli yoldur.
Beynəlxalq Hava Limanı vardır.
İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət
nazirlərinin 2009-cu ilin oktyabr ayında Bakı şəhərində
keçirilən VI konfransında Naxçıvan şəhəri 2018-ci il üçün
İslam mədəniyyətinin paytaxtı elan olunmuşdur. Azərbaycan
Respublikasının Prezidenti 2 iyun 2016-cı ildə “Naxçıvan
şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan
edilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması
haqqında” Sərəncam imzalamışdır. Ölkə başçısının imzaladığı
bu sərəncam 2018-ci ildə İslam mədəniyyətinin paytaxtına
çevriləcək Naxçıvan şəhərində, bütövlükdə Naxçıvan Muxtar
Respublikası ərazisində son illərdə geniş meydan verilən
milli-mənəvi dəyərlərin, əsrlərdən bəri qorunub yaşadılan və
yüksək dövlət qayğısı ilə əhatə olunan İslami dəyərlərin,
İslam mədəniyyəti abidələrinin qorunub saxlanması, bərpası,
inkişaf etdirilməsi və təbliği sahəsində aparılan işlərin
daha yüksək səviyyəyə çatdırılmasında mühüm rol oynayacaqdır.
|