F. Köçərli adına Respublika Uşaq Kitabxanası 1965-ci il yanvarın 1-də Azərbaycan Respublikası Nazirlər Sovetinin qərarı ilə
M.Qorki adına kütləvi kitabxana fondunun bazası əsasında yaradılmışdır. 12 sentyabr 1967-ci ildən Azərbaycan Respublikası
Mərkəzi Komitəsinin 25 saylı (§22) sərəncamına əsasən uşaq ədəbiyyatının inkişafında mühüm xidmətləri olan, Azərbaycan ədəbi
dilinin saflığı uğrunda daim mübarizə aparmış Azərbaycan ədəbiyyatşünası, pedaqoq, maarifpərvər, uşaq folklor antologiyasının
banisi
Firidun bəy Köçərlinin
adını daşıyır.
Respublika Uşaq Kitabxanasının yaradılması uşaqlara kitabxana xidmətinin və onun metodik təminat sisteminin formalaşmasında
irəliyə atılmış ciddi addım oldu. Belə ki, görkəmli alim və maarifçi F. Köçərlinin adını daşıyan Respublika Uşaq Kitabxanasının
yaradılması nəticəsində uşaqlara kitabxana xidmətinin ümumrespublika metodik mərkəzi meydana gəldi, uşaqlara xidmət edən digər
kitabxanalara, o cümlədən, 3 mindən çox məktəb kitabxanasına metodik rəhbərlik təmin edildi. Nəhayət, uşaq kitabxanaları üçün metodik
mərkəzin yaradılması ölkədə uşaqlara kitabxana xidmətinin inkişaf perspektivlərinin elmi konsepsiyasının yaradılmasına, bu işə xidmət
bütün kitabxanaların fəaliyyətinin əlaqələndirilməsinə və tam bir sistem kimi fəaliyyət göstərməsinə hüquqi, nəzəri, metodik və təşkilati
zəmin yaratdı. Respublika Uşaq Kitabxanasının elmi-metodik fəaliyyətini kitabxanaşünaslıq elminin son nailiyyətləri zəminində təşkil etmək
məqsədilə 60-cı illərin sonu və 70-ci illərin əvvəlində zəngin metodik nəşrlər fondu yaradıldı. Fondda uşaqlara kitabxana xidmətinin bütün nəzəri,
metodik və təcrübi nailiyyətlərini və qabaqcıl təcrübəni əks etdirən zəngin ədəbiyyat toplandı. 60-cı illərin əvvəllərində Azərbaycanda 88,
Bakı şəhərində 22 müstəqil uşaq kitabxanası fəaliyyət göstərirdi. Bu illərdə uşaq kitabxanalarına metodik rəhbərlik mahiyyət etibarı ilə
vahid və bütöv sistem kimi təşəkkül tapmamışdı. Respublikada uşaq kitabxanalarının fəaliyyətini metodik cəhətdən tənzimləyən mərkəzin yaradılması
uşaqlara xidmət edən kitabxanaların təşkilati metodik problemlərinin vahid qaydada həllini təmin etməkdən, eyni zamanda ayrı- ayrı kitabxanaların
qabaqcıllar səviyyəsinə qaldırılmasına kömək etməkdən ibarət idi. Kitabxana yarandığı dövrdə fondunda cəmi 43.000 nüsxə ədəbiyyat var idi ki,
onun da 27337 nüsxəsini uşaq ədəbiyyatı təşkil edirdi.1999-cu ildə qüvvəyə minmiş “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanunu,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı 2004-cü il 12 yanvar tarixli “Azərbaycan dilində latın qrafikası ilə
kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, 2004-cü il 27 dekabr tarixli “2005-2006-cı illərdə Azərbaycan dilində latın qrafikası ilə çapı
nəzərdə tutulan əsərlərin siyahısının təsdiq edilməsi haqqında” sərəncamları və 6 oktyabr 2008-ci il tarixli “Azərbaycan Respublikasında
kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkışafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə Sərəncamı kitabxana işinin
inkişafında yeni bir mərhələ olmuşdur.Kitabxana 1999-cu ildən Azərbaycan Kitabxanaçılar Cəmiyyətinin üzvüdür.2010-cu ildə kitabxananın müasir
tələblərə cavab verən yeni kitabxana binasına köçməsi həm uşaqları, həm də valideynləri razı saldı. Belə ki, uşaqlar ən müasir texnologiya və
metodlardan istifadə edir, Nağıl otağında təşkil olunan Nağıl saatlarında təkcə öz nağıllarımızı deyil, dünya nağıllarını dinləyir, müzakirə edir,
dünyagörüşlərini təkmilləşdirirlər. Milli dəyərlərimizin qorunması və təbliği işində kitabxana bir sıra tədbirlər həyata keçirir. Hər il kitabxanada
2 aprel Beynəlxalq Uşaq Kitabı günü ilə əlaqədar Milli Uşaq Kitabı Sərgisi təşkil olunur.Hazırda kitabxananın 9 şöbəsi, 5 bölməsi, 2 oxu zalı var.
3 filialı isə Bakının müxtəlif rayonlarında (Yasamal, Binəqədi və Yeni Günəşli) fəaliyyət göstərir..
|