Ömrünü millətinin maariflənməsi
və tərəqqisinə
sərf edən ədib
Firidun bəy Köçərlinin anadan
olmasından 155 il ötür
Ömrünün 40 ilini millətinin
maariflənməsi və
tərəqqisi yolunda
xərcləyən Firidun
bəy Köçərli
ədəbi fikir tariximizdə ən ali məqam
sahibi kimi xatırlanır.
AZƏRTAC
xəbər verir ki, bu gün
Azərbaycan ədəbi
tənqidi və ədəbiyyatşünaslığının
görkəmli simalarından
biri, ictimai xadim Firidun bəy
Köçərlinin anadan
olmasının 155-ci ili tamam olur. Ötən əsr ədəbiyyatşünaslığının
inkişafında müstəsna
xidmət sahibi Firidun bəy Köçərli bu gün mənsub olduğu xalqının yaddaşında ölümsüzləşən
ziyalılardandır. O, tarixdə nəzəriyyəçi,
tərcüməçi, mətbuat
və teatr qurucusu, habelə pedaqoq, maarifçi, ən başlıcası
da böyük vətəndaş
və milli duyğulara sahib fədai kimi anılır.
1863-cü
il yanvarın
26-da Şuşa şəhərində
dünyaya göz açan Firidun bəy Əhməd bəy oğlu Köçərli ibtidai təhsilini Mirzə Kərim Münşizadənin
məktəbində alıb.
Atası
Əhməd bəyin elmə, maarifə, böyük marağı və həvəsi oğlunun dövrünün
ən yaxşı məktəblərində oxutmasına
təkan verib. Atasının arzularına rəğmən
Firidun bəy Köçərli doğma
şəhərdə fəaliyyət
göstərən rus
məktəbinə daxil
olub. O dövrdə
məşhur rus pedaqoqu A.Çernyayevski Qafqazı dolaşaraq Qori Müəllimlər Seminariyası üçün
ümidverən gənclər
toplayırdı. Firidun bəy
Köçərli onun
diqqətini çəkib.
O, 1879-1885-ci illər ərzində
burada təhsil alır. Seminariyanı bitirən ili
bir müddət İrəvan gimnaziyasında
dərs deyib. Onu İrəvanda təkcə
pedaqoq kimi tanımırdılar. Qori Müəllimlər
Seminariyasının məzunu
Firidun bəy Köçərli 23 yasında
ikən İrəvanda
teatr tamaşası təşkil edir. On ilə yaxın bir müddət ərzində İrəvanda
həm pedaqoq, həm də bir mədəniyyət xadimi kimi fəaliyyət
göstərən Firidun
bəy Köçərli
yerli ziyalılardan Mirzə Məhəmməd
Qəmərli ilə birlikdə ədəbi gecələr təşkil
edir, poeziyaya, ədəbiyyata marağı
olan gəncləri bir araya gətirərək
onların formalaşmasında
böyük zəhmət
çəkir. Hələ İrəvan
gimnaziyasında müəllim
işlədiyi illərdə
tərcüməçiliklə məşğul olan Firidun bəy rus ədəbiyyatının
tanınmış nümayəndələrindən
Puşkinin, Lermontovun,
Koltsovun və başqalarının əsərlərini
ana dilimizə çevirməyə başlayır.
Mirzə
Fətəli Axundzadənin
“Aldanmış kəvakib”
povestini də ilk dəfə rus dilinə məhz Firidun bəy Köçərli çevirib.
Bu da faktdır ki, Azərbaycan və rus ədəbiyyatlarının
əlaqələri haqqında
ilk qeydlər Firidun bəyə məxsusdur.
İrəvanı tərk etdikdən sonra yenidən təhsil aldığı
məktəbə qayıdan
Firidun bəy Köçərli 1895-ci ildən
1918-ci ilə qədər
məzunu olduğu seminariyada dərs deyib. Hətta onu 1910-cu ildə
Qori Müəllimlər
Seminariyasının Azərbaycan
şöbəsinin müvəqqəti
təlimatçısı təyin
ediblər. Burada çalışdığı
illərdə həmvətənlərinin
seminariyada təhsil almasına yardımçı
olan Firidun bəy Köçərlinin
uzun sürən səylərindən sonra Qazaxda Müəllimlər
Seminariyası açılıb.
O, klassik Azərbaycan
ədəbiyyatı haqqında
geniş məlumata, dərin elmi-nəzəri biliyə, incə zövqə malik olduğu üçün
hər bir qələm sahibinin yaradıcılığını özünəməxsus şəkildə
təhlil etmək qüdrətində olub.
O, Məhəmməd Füzuli,
Molla Pənah Vaqif, Qasım bəy Zakir, Seyid Əzim Şirvani kimi şairlər haqqında çox dəyərli oçerklərin müəllifidir.
Onun Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə,
Yusif Vəzir Çəmənzəminli, Mirzə
Ələkbər Sabir
barəsində ədəbi-tənqidi,
realist fikirlərini əks etdirən maraqlı əsərləri
var.
Görkəmli ədəbiyyatşünas alimin
elmi fəaliyyəti Azərbaycan tarixinin qiymətli səhifələrindən
sayılır. Unudulmaz
millət aşiqinin “Azərbaycan ədəbiyyatı”
əsəri isə ədəbiyyatşünaslığımızın
inkişafında böyük
rol oynayan və bu gün
də aktuallığını
itirməyən əsərlərindəndir.
Firidun bəy Köçərli millətinin
təəssübkeş ziyalılarından
idi. O, xalqının
gənc və yeniyetmə övladlarının
maarifləndirilməsi, təhsil
alması və mədəni inkişafında
gecə-gündüz məşəl
kimi alovlanırdı.
Firidun bəyin nəcibliyi millətinin taleyinə xidmət etsə də, düşmənləri də
rahat buraxmırdı.
O, millətimizin uzaqgörən
ziyalılarının
olmasını heç
vaxt gözü götürməyən ermənilərin
məkrli əməllərinin
qurbanına çevrildi.
Düşmən 57 yaşlı
aydının ömür
çırağını söndürsə də, onun arzuları və əməllərinin
nurunu söndürə
bilmədi. Bəli, o nurun işığından
Firidun bəyin mənsub olduğu millətinin övladları
bu gün də faydalanır.
Üç
nöqtə.- 2018.- 27 yanvar.- S.12.