Yazmısan tazə nə şeylər?deyə sordun məndən,
Ruhumun tarına mizrabçən oldun, qardaş!
Sabir ilə belə məktubu çox aldıq səndən,
Hər nə yazdıqsa ona bani sən oldun, qardaş!
Bir zaman Nasehü Tərrah ilə Sabir, bəndə,
Yaşayırdıq hamımız qəflət ilə fərxəndə.
Birimiz mərsiyəguluqda böyük şair idi,
Birimiz sağərə mail, birimiz cananə.
Birimiz həcvdə Yəğma kimi çox mahir idi,
Laübalı keçinirdi günümüz rindanə.
O pərişan yuxudan sən bizi bidar etdin,
Doğru, düz yolda çalışmaqlığa vadar etdin.
Leyk çox keçmədi dövran bizə bidad etdi.
Ax, o cəmiyyətimiz tezcə pərişan oldu.
Müvti-Tərrah o səfa bəzmini bərbad etdi,
Sabir öldü- demirəm şeir evi viran oldu.
Yazmağa mane olur təfriqə düşdüklərimiz,
Ağlaram yadıma gəldikcə gülüşdüklərimiz.
Yazamam, məndən olubdur daha bizar qələm,
Mən təfəkkürdə, o sakitliyə məcbur olmuş.
Yazamam, boğmadadır ruhumu böhranü ələm,
Xələcanlarla könül çarpmada rəncur olmuş.
Boş kağızlarda qələm cızsa da göz yaşlarımı,
Qıymaram heç unudam sevgili yoldaşlarımı.
Ah, o gözlər ki, nigahilə dilü didələrim -
Açılırdı, daha bir də məni şad etməyəcək.
O dodaqlar ki, gülümsənməyi ilə kədərim -
Qaçılırdı, məni Səhhət deyə yad etməyəcək.
Ah, o gözlər, yumulub tozlar ilə dolmuşdur.
O dodaqlar bürüşüb qönçə kimi solmuşdur.
İştə bundan acı, bundan əzici qəm ki, bəşər
Ağlamaqdan da yenə dərdinə tapmaz çarə,
Zədələndikcə, zəhərləndikcə bir də sevər
Ki, sürünsün yenə, çox ömr eləsin biçarə,
Uşacıqlar kimi baziçələrə aldanaraq,
Mütəsəlli olar, istər daha artıq yaşamaq.
Abbas Səhhət.
1911
|