Bəradərim Firidun bəy Köçərli cənablarına

 

Möhtərəm qardaşım, Firidun bəy!

Yenə şəfqətlə halımı sordun,

“Yeni şeylər nə yazmısan?”- deyərək

Könlümü duyğularla doldurdun.

Qoy deyim şərhi-halımı, dinlə,

Dərdimə sən də ortaq ol, inlə.

 

Nə yazım mən bu qəmli zülmətdə?

Nurdan heç əsər, nişan yoxdur.

Vətənim adlanan bu qürbətdə,

Nə də əfqanımı duyan yoxdur.

Getmiş əldən rəfiqi-sadiqlər,

Dövrəmi çulğamış münafiqlər.

 

Bu qaranlıq mühitin içrə mənim

Qulağım həbs, gözlərim düstaq.

Yumruqla möhürlənib dəhənim,

Olmuş ağzımda sözlərim dustaq.

Qalmışam matü acizi məbhut,

Etmişəm labüd ixtiyari-sükut.

 

Yoxluq uçrumna el yürüdükcə,

Çox bağırdım, axırda batdı səsim.

Bu müsibətli halı gördükcə,

Ağlamaqdan kəsildi lap nəfəsim.

Keçdi mazi, bitir əzad ilə hal,

Üzümə gülməyir həm istiqbal.

 

Fərz ediz çox uzun, geniş bir otaq,

Orda iskamyalar qoyulmuş ola.

Üzərində beş-on dəcəl, kür uşaq,

Qara lövh, ağ təbaşir olmuş ola.

Bunların mən bu halda həmdəmiyəm,

Deməli, zahirən müəllimiyəm.

 

Nə deyim, lakin əlaman, qardaş,

Hər gün onlar sorur mənim qanımı.

Bağrım odlandı, yandı, can qardaş!

Bu tifillər çürütdülər canımı.

Heç bir dərsə etina etmir,

Heç kəs öz təklifini əda etmir.

 

Türklük, islamlıq iddiası ilə

Öz dilin bilmək istəyən yoxdur.

Əcnəbi ruhunun havası ilə,

Vətənin, millətin sevən yoxdur.

Atalar verməyib heç əhəmiyyət,

Sönmüş onlarda hissi-milliyyət.

 

Burda dərs beş-on ildir,

Deyirəm hər zaman ki: “Qeyrət edin,

Türk dili bir gözəl, şirin dildir,

Onu öyrənməyə həmiyyət edin”.

Etməyir kimsəyə sözüm təsir,

Oluram gündə bir sayar dilgir.

 

Dürlü manelər olmasa sözümə,

Odlu bir nəğmə yazmaq istəyirəm.

Gələcək əsrlərdə mən özümə

Şanlı bir qəbir qazmaq istəyirəm

Lakin övzai-haldan məyus -

Olub etməkdəyəm müdam “əfsus...”

1914

 

<< Geri