1863

Firidun bəy Əhməd ağa oğlu Köçərli yanvar ayının 26-da Şuşa şəhərində anadan olmuşdur.

 1872-1876 

Şuşada Mirzə Kərim Münşinin mədrəsə məktəbində oxumuşdur.

1879

Bir il Şuşada rus məktəbində təhsil almışdır. A.O.Çernyayevski (1840-1894) Şuşaya gəlmiş (1879, may), Firidun bəyin adını Qori Müəllimlər Seminariyasında oxuyanların siyahısı­na daxil etmişdir.

 1879-1885

Zaqafqaziya Müəllimlər Seminariyasında təhsil almışdır. Müəllimlərindən A.O.Çernya­yev­ski və M.Kipiani ilə yaxın münasibət saxlamışdır.

1884   

“Təlimi-Sokrat” əsərini yazmışdır.

1885

Seminariyanı bitirib İrəvan gimnaziyasına təyinat almış, İrəvana getmişdir.

1885-1890 

İrəvan gimnaziyasında ana dili, hüsnxətt fənlərini tədris etmiş, pansion mürəbbisinin köməkçisi vəzifəsini daşımışdır. Pedaqoji sahədə müvəffəqiyyətlərinə görə dəfələrlə mükafatlandırılmışdır. Ona “Kollecski sekre­tar”, “Titulyar sovetnik” və “Statski sovetnik” rütbələri verilmişdir. İrəvan gimnaziyasında çalışdığı illərdə Zöhrabzadə ilə birlikdə “Təlimi-lisani-türkü” adlı dərslik tərtib etmişdir.

1886

Teatr tamaşası qoymuşdur.

1890

İrəvanda “Müsyö Jordan və dərviş Məstəli şah” komediyasını tamaşaya qoymuşdur.

1891

“Təlimi-Sokrat” adlı kitabı Baxçasarayda “Tərcüman” mətbəəsində çap olunmuşdur.

1892  

A.S.Puşkindən tərcümə etdiyi “Torçu və balıq” mənzum nağılı İrəvan şəhərində kitab halında çapdan çıxmışdır.

1893-1894

İrəvan Gimnaziyasında Pedaqoji fəaliyyətini davam etdirmişdir.

1895

İrəvanı tərk etmişdir.

M.Y.Lermontovun “Üç xurma ağacı” və A.Koltsovun “A kişi, niyə yatıbsan?” şeirləri­nin tərcüməsindən ibarət kitabı Şuşada çap edilmişdir. “Tatar komediyaları” adlı ilk elmi məqaləsi “Novoye obozreniye” qəzetində dərc olunmuşdur; Qori Müəllimlər Seminariyası “tatar şöbəsi”- nin Azərbaycan dili və şəriət müəllimi təyin edilmişdir.

1895-1918

Qoridə pedaqoji fəaliyyətini davam etdirmişdir.

1897

Badisəba xanım Köçərli (1881-1954) ilə ailə qurmuşdur.

1898

“Ərəb əlifbası və onun qüsurları” silsilə məqaləsi “Qafqaz” qəzetində dərc olunmuşdur.

1899

III dərəcəli “Müqəddəs Anna” ordeni ilə təltif olunmuşdur.

1900

Müəllimlər Seminariyasının Ümumdünya Paris sərgisində Qori Seminariyasından nümayiş etdirilən eksponatlar sırasına F.Köçərlinin kitabları da daxil edilmişdir.

1902

II dərəcəli “Müqəddəs Stanislav” ordeni ilə təltif olunmuşdur.

1903

Tiflisdə “Azərbaycan tatarlarının ədəbiyyatı” kiitabı rus dilində çap edilmişdir.

M.F.Axundovun “Aldanmış kəvakib” povestini rus dilinə çevirmişdir.

1904

A.P.Çexovun “At familiyası” hekayəsini tərcümə edib, kiçik bir müqəddimə ilə “Şərqi-Rus” qəzetində dərc etdirmişdir.

1905

Zaqafqaziya Qori Müəllimlər Seminariyasının Azərbaycan bölməsinin inspektoru vəzifəsinə təyin edilmişdir.

1906

“Molla Nəsrəddin” jurnalının nəşrə başlama­sını təqdir etmiş, jurnalın birinci üç aylıq fəaliyyəti barədə icmal hazırlayıb, “Tiflisskiy listok” qəzetində dərc etdirmişdir;

“İrşad” qəzetində “Bir darülmüəllimin kifayətdir” adlı məqalə ilə çıxış edərək, Azərbaycanda müstəqil Müəllimlər Seminari­yası yaradılması məsələsini qaldırmışdır;.

Cəlil Məmmədquluzadənin “Usta Zeynal” kitabçası haqqında eyniadlı məqaləsi “Znaniye” qəzetində çapdan çıxmışdır

1907-1909

Qori Seminariyasında ana dili və şəriət müəllimi vəzifəsində pedaqoji fəaliyyətini davam etdirmişdir.

1910

Qori Seminariyasının Azərbaycan şöbəsinin müvəqqəti təlimatçısı təyin olunmuşdur. Qori Seminariyasının Azərbaycan şöbəsinin inspek­toru vəzifəsinə təyin olunmuşdur. “Vətən dili” dərsliyi haqqında “Cənab Şirvanskinin rəyi münasibəti ilə” adlı məqaləsində A.O.Çernya­yevskinin adı çəkilən dərsliyini müdafiə etmişdir.

1911

M.F.Axundzadənin anadan olmasının 100 illik yubileyi münasibətilə Tiflisdə keçirilən təntənəli yığıncaqda məruzə ilə çıxış etmişdir. “Mirzə Fətəli Axundov” adlı kitabı çap olunmuşdur.

1912

“Balalara hədiyyə” kitabı Bakıda “Kaspi” mətbəəsində çap olunmuşdur;

-M.Ə.Sabirin xəstəliyi, ona maddi kömək göstərilməsi barədə “Bəradərim Cəlildən çap olunmasını iltimas edirəm” adlı məqaləsini “Molla Nəsrəddin” jurnalında, “Vəfatı-şair” məqaləsini “Məlumat” qəzetində dərc etdirmişdir.

1913

“Azərbaycan ədəbiyyatı tarixi” adlı üçcildlik əsərini tamamlamışdır. Əsərin Bakıda çapı üçün göstərilən səylər baş tutmamışdır;

“Molla Nəsrəddin” jurnalında “Ana dili” məqaləsi dərc olunmuşdur (16 sentyabr, 12 oktyabr, №22-23).

1914

Qoridən Bakıya Abdulla Şaiqə məktub yazmış, “Azərbaycan ədəbiyyatı tarixi materi­allar”ı çap etdirmək səylərini davam etdirmişdir.

1915

Seminariyada pedaqoji fəaliyyətlə məşğul olmuş, “Dost və müəllim N.O.Lomourinin xatirəsi” adlı məqaləsi Bakıda “Kaspi” qəzetində dərc edilmişdir.

1916-1917

Qori Seminariyasında müəllimlik etmiş, Azərbaycan şöbəsinin inspektoru vəzifəsini daşımış, şöbənin Azərbaycana köçürülməsi üçün təşəbbüs göstərmiş, təkliflər irəli sürmüşdür;

Siyasi proseslərə qoşulmuş, “Musavat” partiyasına üzv olmuşdur.

1918

Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsini tədris ləvazimatı və avadanlığı ilə birlikdə öz xərcinə Qazax şəhərinə köçürmüş, bunun əsasında Azərbaycan Müəllimlər Seminariyası yaradılmışdır. Firidun bəy Köçərli Seminariyanın direktoru təyin olunmuşdur. Qazax Müəllimlər Seminariyasın­da ilk dərslər başlamışdır (17 sentyabr).

Qazaxda ilk dəfə olaraq uşaq evi açmış­dır;

 Mayın 28-də Azərbaycan Milli Şuranın üzvü seçilmiş, “İstiqlal bəyannaməsi”ni imzalamış­dır.

1918-1920

Qazax müəllimlər Seminariyasının müdiri işləmişdir.

1919

Fevral ayının 1-də “Musavat” partiyasının səyyar bürosunun Mərkəzi Komitəsinin təşəbbüsü ilə təşkil edilmiş Qazax şöbəsinə sədr seçilmişdir.

1920 

“Vətən dili”nin I hissəsinin yenidən işlən­məsində xidmətləri olmuşdur. 300-dən artıq dərsliyə düzəliş etmiş, nəzəri materialı, hekayələri artırmış, metodika və stilistikasını zənginləşdirmişdir;

1920-ci ilin mayında Qazax kommu­nistləri Köçərli və digər “Musavat” üzvlərini “xalqa xəyanətdə”, “milli nifaq” törətməkdə ittiham etmişdir.Qazax İnqilab Komitəsinin Gəncə Fövqəladə Komitəsinin təqdimatına əsasən ədib həbs edilmişdir.

Gəncə üsyanı yatırıldıqdan sonra erməni daşnaklarının təşəbbüsü ilə XI Ordunun xüsusi şöbəsi tərəfindən ədib bolşeviklərə qarşı etirazların iştirakçısı kimi, 58 yaşında faciəli şəkildə qətlə yetirilmişdir.

1925

“Azərbaycan ədəbiyyatı tarixi materialla­rı” kitabının I hissəsi nəşr edilmişdir.

1926

-“Azərbaycan ədəbiyyatı tarixi materialla­rı” kitabının II hissəsi nəşr edilmişdir.

1963

“Seçilmiş əsərləri” kitabı çap olunmuşdur.

1967

“Balalara hədiyyə” kitabı nəşr edilmişdir.

1972

“Balalara hədiyyə” kitabı təkrarən nəşr edilmişdir.

1978

“Araz” romanını, “Qocpolad” poemasını tamamlayır

“Azərbaycan ədəbiyyatı” kitabının I cildi təkrar nəşr edilmişdir.

1981

“Azərbaycan ədəbiyyatı” kitabının II cildi təkrar nəşr edilmişdir.

1987

“Balalara hədiyyə” kitabı təkrar nəşr edilmişdir.

1992

“XIX əsr Azərbaycan ədəbiyyatı müntəxə­batı” kitabında F.B.Köçərli haqqında geniş məlumat verilmişdir.

2005

“Azərbaycan ədəbiyyatı” kitabı təkrar nəşr edilmişdir.

2007

“Müqəddəs tarix” kitabı təkrar nəşr edilmişdir.

2013

-“Balalara hədiyyə” kitabı təkrar nəşr edilmişdir.

 

<< Geri