Mən, balalara hədiyyə olmaq üçün xalqımızın yaratdığı nağıl və hekayələrdən,
məsəl və tapmacalardan və bir çox mənzumələri toplayıb bu kitabı tərtib etdim ki,
onlar unudulub xatirələrdən çıxmasın.
Nağıllarda həqiqət halı ilə xəyalət aləmi, doğru ilə yalan,
mümkün ilə qeyri-mümkün elə məharətlə bir-biri ilə calaşır ki, insan ağlı heyrətdə qalır.
Əgər bir xalqı məhv etmək, onu adam toplusuna çevirmək istəyirsinizsə, müəllimini savadsız, həkimini isə kəmsavad eləyin.
Biri onun başını, o biri canını zay eləsin.
Əsl gözəllik surətdə deyil, ağıl və kamalda, əxlaq və rəftardadır.
Qəliz, çətin və dolaşıq dildə yazan ədiblərin fikirləri də dolaşıq olur; onların əsərləri çətin və ağır oxunulur
və insana fərəh əvəzinə qəm və kədər gətirir.
Müəllimlik ağırdır, ancaq pak və müqəddəs xidmətdir. Semina¬riyada aldığınız elm
və tərbiyəni elə yüksək və hündür məqamda saxlayın ki, nuru ətrafı da işıqlandıra bilsin.
Hər millətin özünəməxsus ana dili var ki, onun məxsusi malıdır. Ana dili millətin mənəvi diriliyidir,
həyatının mayəsi mənziləsindədir. Ananın südü bədənin mayəsi olduğu kimi,
ananın dili də ruhun qidasıdır, hər kəs öz anasını və Vətənini sevdiyi kimi, ana dilini də sevir.
...Qoy müəllim pozulmuş uşağa məhəbbətlə, hərarətlə və səmimi yanaşsın.
O, ətrafdakı məhəbbəti hiss edəcək, o zaman müəllim uşaq ruhunu belə rəftarı nəticəsində ələ alacaq və
uşaq da əxlaqca yaxşı olacaq. Doğrudur, pozğun uşağı yenidən tərbiyə etmək üçün müəllim tərəfindən
işə çox məhəbbət, səbir, mərifət və uşaq təbiətini anlamaq lazımdır.
İnsanın qəlbi karvansara deyil ki, yol ilə hər ötüb-keçən onda özü üçün
məqam bulsun və onun içində olan yaxşı-yamanı görüb aləmə faş qılsın.
Hər bir xalqın maddi yoxsulluğu, iqtisadi düşkünlüyü onun zehni yoxsulluğunun,
mənəvi düşkünlüyünün nəticəsində meydana çıxır.
Söz yox ki, Vətən şirindir, amma vətən bir anadan olduğu-muz ev,
məhəllə, şəhər və ya kənd deyil. Vətən geniş vüsətli bir diyardır.
Bir ölkə və məmləkətdir ki, onun hər bir nöqtəsi övladı üçün əziz və mübarəkdir.
Qəlbi şad etmək özlüyündə bir xidmətdir.
Çoxumuz müsəlman isək də, insan deyilik, çoxumuz insanıq-sa da,
həqiqi müsəlmanlıqdan çox uzaq və kənarıq.
Əsl ədəbiyyat həyati həqiqətləri əks etdirməklə yanaşı cəmiyyəti,
xalqı qabaqcıl ideyalarla silahlandırmalıdır, onun azadlıq mübarizəsinə kömək etməlidir:
həqiqi şair millət və Vətən yolunda canlar fəda etmək lazım isə
vətən oğlanlarının ürəyinə yandırıcı od salıb, onları hər qisim
fədakarlığa və cannisarlığa şövqmənd etməlidir.
Sabirin təbində bir o qədər zəriflik və dilində öylə bir
lətafət var ki, güldürə-güldürə ağladır və ağlada-ağlada güldürür.
Türk dilində neçə min hikmətamiz məsələlər var ki, təmamisi təcrübə yolu ilə deyilibdir.
Azərbaycan türklərinin məşhur və müqtədir şairi Molla Pənah hesab olunur ki,
bizim ədəbiyyatımızın banisi və müəssisi adlanmağa onun haqqı vardır...
Milli şairlərimizdən onun kimi sadə və açıq lisanda və ana dilimizin
şivəsində şeir və qəzəl yazan az olubdur. Müasirləri ona nəzirə yazmağa səy və təlaş ediblərsə də,
onun kimi mühəssənatlı, gözəl və açıq kəlam söyləməkdə aciz qalıblar...
Vaqif ziyadə zövqü-səfa əhli olduğu üçün gözəl mədhində xeyli
mərğubırəğbət olunan, bəyənilən və nazik şeirlər yazmışdır ki,
onların cümləsi qəlbdən nəşət edən hissiyyatdır ki, oxuyanlara
dəxi sirayət edib, onları şövqü həvəsə gətirir.
Nə qədər bir qövm və tayfa elmsiz və mərifətsiz olsa, bir
o qədər onun ədəbiyyatı zəif və biməzmun olacaqdır. Hətta çox tayfalar vardır ki...
ədəbiyyat nə olduğunu bilməzlər... Bunlar dünya üzündə çox müddət
yaşamayıb puç və zay olurlar. Tərəqqi və səadət fikrində olan və ədəbi zindəganlıq arzusuna düşən
qövm və millət gərəkdir ən əvvəl öz ana dilinin vüssət və qüvvət
tapmağına səy və himmət göstərsin və ədəbiyyati-milliyəsinin
asari-nəfisə və təsnifati-məmduhə ilə zənginləşdirsin.
Ədəbiyyat millətin ayineyi-həqiqətnümasıdır ki, onun maddi
və mənəvi tərəqqisi və istiqbalı üçün nicat və
səadət yollarını eynilə göstərir. Ədibi-fazil və
şairi-qabil millətin maarif xadimləridir. Milləti haqq və səvaba irşad edən, şöhrət
və hörmətə yetirən onlardır. Öz asar və əşarı ilə onlar millətin cisminə şəfa,
ruhuna səfa, fikrinə cila,
ağlına və tamami mənəvi və ruhani
qüvvələrinə balü pər verib uca məqama çatdırır.
Ey qardaşlar, həyatın qədrini biliniz,... oyanınız, hərəkət ediniz,
qapı-bacalarınızı açınız, evinizə işıq düşsün, üfunətli
və ağır havası dəyişilsin. Gözlərinizin tozunu silib diqqət ilə ətrafa baxınız,
hər kəs işləyir, çalışır, həyatdan nəfbərdar olur.
Təkcə simaca gözəl olan qadını gözəl hesab etmək olmaz.
Bu gözəllik zahiri gözəllikdir. Zahirən gözəl qadın
o zaman tam gözəlliyə malik olar ki, onun məzmunu da,
yəni əqli də, kamalı da, idrakı da gözəlliyə uyğun gəlsin.
İnsanın gözəlliyi zahiri məlahət və hüsn-lətafətdən
ibarət olmayıb, onda əql və fərasətin mövcud olmağı dəxi əvvəlinci
şərtlərdəndir. Zahiri gözəlliyi və hüsn-camalı
kamala yetirən, əqlin nuru və mərifətin ziyasıdır.
Əqilsiz və mərifətsiz gözəl məqbul və müstəhsən deyildir.
Millətini sevən, onun mənəvi dirriyinə çalışan, tərəqqisi yolunda əmək sərf edən yazıçılarımızdan,
ədiblərimizdən və şairlərimizdən çox-çox təvəqqi edirik ki, dillərini asanlaşdırsınlar,
ana dilindən uzaq düşməsinlər, meymunluqdan əl çəksinlər, fikirlərini açıq və sadə dillə yazsınlar,
ta ki, onların yazdıqlarını oxuyan anlasın, düşünsün və ayılsın. Ancaq bu yolla yazan
və oxuyanın arasında dostluq, ittifaq və birlik əmələ gələ bilər.
Biz dilimizi bilmirik və bunda təqsir bizdədir, dilimizdə deyil.
Fars və ərəbə meyil və rəğbətimiz o qədər çox olubdur ki, öz dilimizdə olan sözləri atıb əvəzinə əcnəbi dillərin qəliz
ibarələrini və sözlərini götürmüşük və götürdüyümüz sözləri və ibarələri öz dilimizin şivəsinə yudurmayıb eyni halı
ilə dilimizə qarışdırmışıq və nəqabil pinəçilər kimi əlimizə hər nə düşübsə, paltarımıza yamamışıq...
Bizim qəzetlərdə çap olunan məqalələr, teleqram tərcümələri, hətta elanlar o qədər dolaşıq və çətin dildə yazılır ki,
oxuyanlar başa düşməyir və başa düşmədikləri halda qəzetə oxumaqdan rəğbətləri kəsilir...
Dilin şivəsini itirmək və üslubunu pozmaq böyük fəsaddır...
Mərhum Həsən bəy Məlikovun “Əkinçi” qəzetinin nömrələri əlinizə düşsə, oxuyub bu mətləbin barəsində bir az fikir eləyin.
Həyat “allah-taalanın ətiyəsidir”. Sənət, söz, dil “allah-taalanın vergisidir.”
M.P.Vaqif sadə, xalqın başa düşdüyü bir dildə yazıb-yaratmış, fars və ərəb sözlərinin köməyinə qaçmamışdır.
Təbiilik,sadəlik və səmimi hisslər onun bütün əsərlərinin əsas ruhunu təşkil edir;onların çoxu öz sadəliyi
və bədiiliyinə görə xalq şeirinin nümunələri hesab edilir.Onun bütün əsərləri öz ahəngdarlığı,məlahəti
və son dərəcə mənalı olması ilə insanı məftun edir.
Q.B.Zakir asan, sadə və incə şeirlərində öz xalqının ruhunu,
onun düşüncələrini, dünyagörüşünü, vərdişlərini, dini əqidəsini,
xeyirxah və qüsurlu cəhətlərini, onun xarakterindəki nəcib və mənfi cəhətləri
fövqaladə məharət və doğruluqla əks etdirmişdir...
Şairi-kamal və ədibi-fazil həqiqətdə ol ədib bə şairdir ki,
öz millətinin dili ilə danışa,ürəyi ilə hiss və əqli ilə fikir edə.
“Milli ədiblərimizin atası, dram yazanlarımızın ustadi-kamili,
ədəbiyyatımızın fəxri”, “azərbaycanlıların dolanacağının, adət və ada¬bının həqiqət göstərici bir ayinəsi”ni yaradan,
“zahirimizi və batinimizi də eynilə göstərən” M.F.Axundov olmuşdur.
Axundovun dramnəvis müsənniflərə və həqiqi ədibə məxsus olan istedad və qabiliyyətlərindən
birisi də budur ki, öz təmsilat və hekayələrində əhvalat və güzarişatı söyləyən əşxasın hər
birini öz dililə danışdırır. Əkinçidən tutmuş şaha kimi hər hansı sinfin dilindən söz söyləyir
isə, elə bir sayaqda söyləyir ki, guya mərhum həman o sinfin özündədir və yainki onların
sözlərini eşitdikcə bir-bir sinəsinə yığıbdır.
Bu qabiliyyətdən əlavə, Mirzə Fətəlinin dilində elə bir nəməkrizlik,
məlahət və zərafət var ki, hər kəs onun kəlamını oxuyur isə könlü açılır və dodağı altında gülür.
...Axundovun komediyalarını oxuyan bəsirət əhli bir tərəfdən gülürsə, bir tərəfdən ağlayıb göz yaşı tökür.
Gülmək görünür, amma ağlamaq görünməyir, onun ağır damcıları ürəyin üstünə düşüb onu yaralayır, dəlir...
...Onun (M.F.Axundovun) sayəsində bir neçə müqtədir ədiblər vücuda gəlibdir.
O cümlədən Nəcəf bəy Vəzirov və Əbdürrəhim bəy Haqverdiyev, Nəriman bəy Nərimanov və
Mirzə Cəlil Məmmədquluzadə cənablarıdır ki, hər birinin bir neçə komediyaları və dramaya məxsus əsərləri vardır,
indiki məişətimizin bəzi övza və əhvalını və əhli-zəmanənın fikrü xəyalatını və nə yolda çalışdıqlarını eyni ilə yazıb öz əsərlərində göstərirlər.
Bəşəriyyətin mədəni hissəsinin həyatında iştirak
etməyə başlayan xalq heç bir ümumi fikri hərəkata
yad ola bilməz.
Rusların milli ədəbiyyatının binasını qoyan Puşkin və Qoqol olubdur.
Bu iki müqtədir ədibin qələmi sayəsində rusların ədəbiyyatı təbii halına,
təbii rənginə düşüb... Qoqol və Puşkin milli ədəbiyyatlarını, məişətlərinin ayinəyi-həqiqətnüması edib,
özlərindən sonra gələn üdəba və şüəraya səlamət bir məslək, müstəqim bir yol açıb.
Müəllim ağlı, biliyi, zəhmətsevərliyi, yüksək
məharəti, mədəni davranışı, işdə dəqiqliyi, səadəti
və s. keyfiyyətləri ilə yanaşı, həm də uşaqlara
məhəbbət və qayğı ilə döyünən ürəyə malik olmalıdır.
Molla Nəsrəddin xalq müdrikliyinin və hazırcavablığının ifadəçisidir.
Onun lətifələri o qədər həyati və məzəlidir ki, bu lətifələrdə o qədər səmimi bir yumor vardır ki,
hamı onlarla maraqlanır və azərbaycanlıların arasında həmin lətifələri bilməyən və yeri gələndə bu
və ya digər bir lətifəni danışmayan adam çox nadir tapılır. Hətta Azərbaycan dilində danışa bilən
ermənilər və gürcülər də Molla Nəsrəddinin lətifələri ilə maraqlanırlar.
Qorxuya ümdə səbəb bilməməzlik, elmsizlik və avamlıqdır.
Bir millətin malını, dövlətini və hətta vətənini əlindən alsan ölüb itməz, amma dilini alsan fot olar, ondan bir nişan qalmaz.
Azərbaycan türklərinin Sədisi, Hafizi, Şekspiri yoxdur, ancaq onun Vaqif, Vidadi,
Nəbati, S.Ə.Şirvani kimi əvəzsiz şairləri var. Həmin şairlərin min bir əziyyətlə yazdığı
əsərlər itib-batmaqdadır. Bunları toplayıb nəslə çatdırmaq lazımdır.
Sadəlik, təbiilik və real həyata yaxınlıq Məmmədquluzadə hekayələrinin əsas
məziyyətidir. Hər şeydən görünür ki, müəllif öz xalqının həyatını və dünyagörüşünü yaxşı bilir
və incə müşahidə qabiliyyətinə malikdir. Onun bilavasitə həyatdan götürülmüş hekayələri boş
fantaziyanın məhsulu deyildir. Məmmədquluzadənin başqa bir məziyyəti də onun müşahidə etdiyi
həyatı canlı və anlaşıqlı dil ilə Şərq yumorunun aydın xüsusiyyətləri ilə verə bilməsidir ki,
bu da oxucunun nəzərini hər şeydən çox cəlb edir.
F.B.Köçərli M.Füzulinin “Leyli və Məcnun” əsəri haqqında yazır...Füzuli özü türk (azərbaycanlı
– A.A.) oğlu olmağina görə öz ana dilini artıq sevib də ona rövnəq verməyi baş vəzifələrdən birisi hesab edərmiş...
və həqiqətdə demək olar ki, türk dilinə rövnəq verən, onu xar və xasakdan təmizləyib bir göyçək və səfalı çəmənə bənzədən
Füzuli olubdur və bununla biz türklərin üstündə sərfi-himmət və qeyrət göstərdiyini şair özü bir məqamda belə bəyan edir:
Ol səbəbdən farisi ləfzilə çoxdur nəzm kim,
Həzmi-nazik türkü ləfzilə ikən dişvar olur.
Ləhceyn-türkü qəbuli-nəzm tərkib eyləsə,
Əksərən əlfazi, namərbut,nahəmvar olur.
Bəndə tofiq olsa bu dişvari asan eylərəm,
Novbəhər olğac dikəndən bərgi-gül izhar olur.
|