2 aprel Beynəlxalq Uşaq Kitabı
Günüdür. Uşaq ədəbiyyatı gününün məhz bu tarixə təsadüf
etməsinin maraqlı bir tarixçəsi vardır. Məşhur nağılçı, uşaq ədəbiyyatının inkişafında əvəzsiz rolu olan yazıçı Hans
Kristian Andersen 1805-ci il aprelin 2-də anadan olub.
Beynəlxalq Uşaq Kitab Gününün məhz bu tarixdə qeyd
olunmasını alman yazıçısı Yella Lepman təklif edib. 1967-ci
ildən etibarən yazıçının doğum günü Uşaq Kitabları üzrə
Beynəlxalq Şuranın təşəbbüsü ilə bütün dünyada Beynəlxalq
Uşaq Kitabı Günü kimi qeyd olunmağa başlayıb. Bu tarix
cəmiyyətin diqqətini uşaq ədəbiyyatına, onun problemlərinə
və kitab mədəniyyətinə cəlb etmək üçün yaranmışdır.
Ümumiyyətlə, uşaq kitablarının tarixi 1477-ci ildən, antik
yunan müəllifi Ezopun mahnılarının yazılı kitab şəklində çap
edilməsi ilə başlayır. 1658-ci ildə çex maarifçisi və
pedaqoqu Y.A.Komenski uşaqlar üçün dünyanı anlatmaq
məqsədilə rəsmlərin yer aldığı kitab nəşr etdirib. Məqsəd
isə uşaqların intellektual inkişafında kitabın rolunu
artırmaq, kitaba sevgi aşılamaq və diqqəti uşaq kitabının
nəşrinə yönəltməkdir. 1953-cü ildə Yella Lepman uşaq
ədəbiyyatı üzrə nobel mükafatı olan “Hans Kristian Andersen” mükafatının təsis edilməsini
təklif edib. Həmin ildə təsis olunan mükafat uşaq
ədəbiyyatının ən maraqlı incilərinin müəlliflərinə və
illüstrasiyaçı – rəssamlarına təqdim olunub. İlk dəfə bu, 1956-cı
ildə ingilis nağılçısı E.Fardkona, 1958-ci ildə isə isveç
yazıçısı A.Lindqrenə verilib. Sonra E.Keçtner, C.Kryuss,
italyan C.Rodari də bu mükafata layiq görülüb. Başqa bir
mükafat isə son illər nəşr olunan uşaq kitablarının
illüstrasiyası və onların dünyanın müxtəlif dillərdə
tərcüməsinə görə təqdim edilən Fəxri Diplomdur. F.Köçərli
adına Respublika Uşaq kitabxanası 2012-ci ildən bu
mötəbər təşkilatın – Beynəlxalq Uşaq Kitabı Şurasının (İBBY)
üzvüdür.
XVIII əsrdə uşaqlara öz zövqlərinə görə kitab
seçmək imkanı yaranmağa başlayıb. D.Defo və C.Sviftin
“böyüklər” üçün yazılmış “Robinzon Kruzo” (1719) və
“Qulliverin səyahəti” romanları ideal formada uşaqların oxu
dairəsinə adaptasiya olunub. Sonralar yazılaraq kitablara
köçürülən xalq nağıllarına da maraq artıb. XIX-XX əsrlər
Azərbaycanda uşaq ədəbiyyatının inkişafı ilə xarakterizə
olunub. Həqiqətən də əgər nağıllar toplusu dərc edilərsə,
Danimarkalı yazıçı Hans Kristian Andersenin nağılları
olmadan o toplu tam olmaz. Bəli, “Çirkin ördək balası”,
“Düyməcik”, “Noxud üstündə yatan şahzadə qız”, “Qalay
əsgərcik”, “Qar Kraliçası”, “Çaxmaq daşı”, “Dəcəl oğlan”,
“Bülbül” və s. digər sehirli nağılları daxil etmədən
nağıllar toplusu tamamlanmamış görünər. Yazıçının nağılları
100-dən çox dilə tərcümə edilmişdir. Maraqlı burasıdır ki,
müəllifin özünün də həyatı sehirli nağıla bənzəyib.
Hans Kristian Andersenin həyat və yaradıcılığı
Hans Kristian Andersen aprelin 2-si, 1805-ci ildə
Danimarkanın Odens şəhərində dünyaya göz açmışdır. Andersen
ailənin tək uşağı idi. Atası ayaqqabı ustası, anası isə
paltaryuyan işləyirdi. Atasının savadı olmasa da o, oğlunu
qədim Danimarka nağılları və Min bir gecə nağılları ilə
tanış edə bilmiş, uşaqda nağıla qarşı həvəs oyada,
təxəyyülünü inkişaf etdirə bilmişdi. Lakin Hansın 11 yaşı
olanda atası ölür, anası Anderseni kasıb uşaqlar üçün əsas
biliklər verən orta məktəbə yollayır. Artıq 14 yaşında ikən
anasına daha Odensdə qala bilmədiyini və mütləq məşhur olmaq
üçün Kopenhagenə getmək istədiyini bildirir. Anası onun bu
sözlərinə inanmır və poçtalyona əlavə pul ödəyir ki, uşağın 3 gündən sonra geri
qayıtmasına kömək etsin. Lakin anası uşağın iradəsinə
inanmasa da, Andersen bir də heç vaxt bu şəhərə yaşamaq üçün
geri dönmür. Kopenhagendə aktyorluq üçün iş axtarır, lakin
çirkin xarici görünüşünə görə heç kim onu aktyorluğa qəbul
etmir. Ümumiyyətlə, uşaqlıqdan çirkinliyinə görə təhqirlər
eşitməsi sonralar yazıçının “Çirkin Ördək Balası” nağılını
yazmasına səbəb olmuşdur. O inanırdı ki, ona xarici
görünüşünə görə qiymət verən insanlar bir gün onun daxilinə
də qiymət verəcəklər, əslində o, özü çox gözəldir,
təxəyyüldə gözəlliklər yarada bilər və buna görə də bir gün
mütləq məşhur olacağına inanırdı. Ona inanmayıb lağ edən
insanlar onu ticarətlə məşğul olmağa çağırırdılar, o, isə
heç kimə məhəl qoymadan teatrlara üz tuturdu. Ancaq bir gün
onu Danimarka Kral Teatrına işə götürürlər, aktyor kimi yox,
sadəcə gözəl sofrano səsi olduğu üçün işə qəbul olunur,
lakin tezliklə səsini də itirir. Bu zaman teatr
yoldaşlarından biri ona yazmağı məsləhət bilir. O, bu
məsləhəti ciddi qəbul edir və yazmağa başlayır. Teatrın
direktoru Conas Kollin də ona rəğbət bəsləyirdi və təhsil
alması üçün Hansı qrammatika məktəbinə göndərir. Andersen
1827-ci ildə Elsinor məktəbində də təhsil alır. Andersen
1822-ci ildə artıq “Palnatokun məzarındakı ruh” adlı ilk
hekayəsini nəşr etdirir. Andersen Kopenhagen Universitetinin
məzunu olmuşdur. Yazıçı təhsilini bitirdikdən sonra çox
illərini səyahətlər, şeirlər, dram əsərləri yazmaqla
keçirdi. Onun ilk sehirli nağıllar kitabı sürətlə
məşhurlaşmağa, hətta Danimarka sərhədlərini aşıb, ölkələr
gəzməyə başladı. Əslində bu nağıllar onun özü, öz başına
gələn əhvalatlar idi. Anasının hələ qız uşağı ikən
dilənçilik etməyə məcbur qalması onu “Kibritli Qızcığaz”
nağılı yazmağa səbəb oldu, nağılda dünyada bəxti gətirməyən
insanların yazıqlığından söhbət açırdı. Çirkin ördək balası
isə əlbəttə ki, özü idi. Bir oğlan uşağı ona köhnə qalay
əsgərcik hədiyyə edir, Andersen onu nağıla çevirir və ya qız
uşağının hədiyyə etdiyi gül ləçəkləri, yenə də yazıçının
əsərində öz yerini tapır. Andersen uşaqların ona verdikləri
hədiyyələri atmır, qoruyaraq mücrüdə saxlayırdı.
H.K.Andersenin bu günə kimi bilinməyən 6 səhifədən ibarət
mətnini tarixçi Esben Brage Funen Milli Arxivlərində tapıb.
Əl yazısıyla yazılmış bu günə kimi gizli qalan “The Tallow
Candle” adlı nağılın dul bir qadın olan Mme Bunkefloda ithaf
olunduğu bildirilib. Nağılda daxili gözəlliyi fərq edilənə
qədər laqeydlik göstərilən və çirklənən hörmətli bir şamın
hekayəsi danışılır. Mütəxəssislər əsərin 1820-ci ildə
yazıldığını söyləyiblər. Yazıçı bütün sehirli nağıllarını
1835-1850-ci illər arasında yazmışdı. Andersen ümumilikdə
isə 170 nağıl, 5 roman, bir neçə pyes, şeir və oçerk
müəllifidir. Onun əsərlərinə cizgi filmləri, filmlər
çəkilib, 150-dən çox dilə tərcümə olunub. Andersen 1867-ci
ildə Odens şəhərinə qayıdır, minlərlə insan onu alqışlayır,
yazıçıya fəxri ad təltif olunur, ona Danimarkanın milli
sərvəti adı verilir. 1872-ci ildə çarpayısından yıxılır və
ağır zədələr alır, tezliklə isə qaraciyərində xərçəng
xəstəliyi aşkarlanır və yazıçının ölümünə səbəb olur. Andersen avqustun
4-ü 1875-ci ildə Kopenhagen yaxınlığında vəfat edir.