Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

Yanvar

30-11-2016 10:53

Atmaca A. Xarakteri necə möhkəmləndirməli. - Bakı : Altun kitab, 2013. - 128 s.

Bu kitab, əsasən, xarakterlərini hələ də formalaşdırmaqda olan gənclər üçün yazılsa da, hər kəs üçün əhəmiyyətlidir və  həyatınızın bütün dönəmlərində sizin stolüstü kitabınız ola bilər. Kitabda “Əsl xarakter necə olmalıdır?”, “Başqalarını təqlid etmək xarakterli olmaq deməkdirmi?”, “Cəmiyyətdə xarakterli görünmək üçün edilən bəzi hərəkətlər nə üçün səhv sayılır?”, “İçimizdə lider xarakteri daşıyırıqmı?” kimi bir çox sualların cavabını tapa biləcəksiniz. Bu kitab xarakterlərini zənginləşdirmək istəyənlər üçün yolgöstərici rolunu oynayır.

 

Atmaca A. Mədəni səviyyəni necə yüksəltməli. - Bakı : Altun kitab, 2013. - 128 s.

Mədəni səviyyəsi yüksək olan insanlar həyatda başqalarından seçilirlər. Hətta ətrafda belə insanları təqlid etməyə başlayırlar. Adama elə gəlir ki, bu insanlar hər mövzu haqqında biliyə sahibdirlər. Söhbət nədən gedirsə, getsin, onlar danışmağa söz tapa bilirlər. Ümumiyyətlə, nitqləri gözəldir, hər cəhətdən fərqli, seçilən və xoşagələndirlər. Onlar kimi olmaq üçün kiçik yaşlarımızdan başlayaraq mədəni səviyyəmizi yüksəltməyə səy göstərməliyik. Əgər siz də gələcəkdə mədəni səviyyənizin yüksək olmasını istəyirsinizsə, indidən özünüzü inkişaf etdirməlisiniz. Bu işdə təqdim olunan “Mədəni səviyyəni necə yüksəltməli” kitabı sizin köməyinizə gələcəkdir.

 

Xəlil, Z. Orxan, Vəfa və Bənək : [Romandan parça]. - Bakı, 2015. - 39 s.

“Zolotoy telyonok” mükafatı laureatı Zahid Xəlil şair, nasir  və uşaq ədəbiyyatını tədqiq edən görkəmli alimdir. Onun 1987-ci ildə Moskvada rus dilində nəşr olunmuş povest, hekayə və poemalarından ibarət “Salam, Cırtdan” kitabı SSRİ üzrə ilin ən yaxşı uşaq kitabı müsabiqəsinin qalibi olmuş və elə həmin il Moskvada keçirilən Beynəlxalq kitab yarmarkasında nümayiş etdirilmişdir.Oxuculara təqdim olunan bu kitabda “Orxan və dostları” romanından bitkin bir parça verilmişdir. Həm real, həm də fantastik planda yazılan bu kitab uşaqların çox xoşuna gələcək.

 

Yusifqızı, R. Zamanın əsirləri. - Bakı : Altun kitab, 2014. - 176 s.

Fantastika janrında yazılmış əsərləri ilə oxucuların sevimlisi olan Reyhan Yusifqızının bu əsəri yadplanetli qızın axtarışında olan və zaman maşını ilə uzaq keçmişə düşən iki dostun sərgüzəştlərindən bəhs edir. Əsərin qəhrəmanları ilə birlikdə siz də Daş dövrünün insanları ilə görüşəcək, onların necə yaşamış olduqlarını biləcəksiniz.

 

 

 

Yusifqızı R. İki gül : Nağıl. - Bakı: Altun kitab, 2015. - 11 s. - (Mənim ilk kitabım)

Kiçik yaşlı uşaqlar üçün yazıçı Reyhan Yusifqızının qələmə aldığı bu hekayədə iki gülün başına gələnlər təsvir olunur. Yoldan keçən bir oğlanın yolun kənarında bitmiş iki güldən birini ayaqqabısı ilə əzməsi, bununla barışmayan digər gülün öz rəfiqəsini əvvəlki halına qaytarmaq üçün etdiyi mübarizədən söhbət açılır. Kitab çox gözəl, rəngarəqng illüstrasiyalarla bəzədilmişdir.

 

 

Yusifqızı R. Ulduz pərisi : Nağıl. - Bakı: Altun kitab, 2015. - 11 s. - (Mənim ilk kitabım)

Yazıçı Reyhan Yusifqızının qələmə aldığı bu hekayədə mavi səmadan, ulduzların arasından dənizə düşən Ulduz Pərisi və onun suların dərinliyində başına gələn əhvalatlardan söhbət açılır. Kitab rəngarəng illüstrasiyalarla zəngindir.



322 Baxış sayı

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79