Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

Oktyabr

01-12-2016 13:12

Moder, A. Mənim azərbaycanca-ingiliscə ilk cümlələr lüğətim : 5 yaşından yuxarı uşaqlar üçün. İspan nəşrindən tərcümə. - Bakı : “TEAS Press” Nəşriyyat evi. “Üç alma uşaq ədəbiyyatı”, 2016. - 128 s.il

Uşaqlar cümlə qurmağı öyrənərkən bunu eyni zamanda iki dildə edə bilərlər. Bu kitab uşaqlara əsas lüğəti öyrədir. Bununla yanaşı iki müxtəlif dildəki sözlərdən cümlələrdə və ya mətnlərdə istifadə etməkdə kömək edir. Mövzulara görə təsnif olunmuş sözlər gündəlik hadisələrdə rəngarəng təsvirlərlə əks olunur. Bu lüğət həm məktəbdə, həm də evdə çox dəyərli metodiki vəsaitdir. Hər iki dildə oxumağa, yazmağa və söz ehtiyatını zənginləşdirməyə yardım edən lüğət tədris baxımından çox unikal materialdır.

 

Dədə Qorqud dastanları: Buğac boyu. 1-ci boy+CD. - Bakı, Hədəf nəşrləri. - 2013. - 16 s. : rəngli il. - (İNCİ uşaq ədəbiyyatı silsiləsi ; 5- 10 yaş).

Bu kitabda “Dədə Qorqud” dastanlarının 1-ci boyu olan “Buğac boyu” oxuculara təqdim olunur. Silsilənin bütün kitablarında olduğu kimi, burada da bir-birindən maraqlı, rəngarəng illüstrasiyalar yer almışdır.Dirsə xanın oğlu Buğac atasının düşmənləri tərəfindən onun gözündən salınır və Dirsə xan oğlunu oxla vurur. Meşədə ölümcül halda huşunu itirən Buğacı ana südü, dağ çiçəyi sağaldır. Namərdlər Dirsə xanın oğlunun sağ olduğunu öyrəndikdə onlara divan tutacağını bildiklərindən, onu tutub dustaq edirlər və sonda Buğac gəlib atasını xilas edir.

 

 

 

Dədə Qorqud dastanları: Salur Qazanla yağılar boyu. 2-ci  boy+CD.– Bakı : Hədəf nəşrləri, 2013. - 15 s. : rəngli il. - (İNCİ uşaq ədəbiyyatı silsiləsi ; 5-10 yaş).

“Salur Qazanla yağılar boyu”, “Dədə Qorqud” dastanlarının 2-ci boyudur. Qazan xan yurdunu oğluna tapşıraraq bəylərlə ova çıxır. Bundan xəbər tutan yağılar Qazan xanın evini yağmalayır, arvadını qırx qız-gəlinlə birgə əsir götürürlər. Bu boyda, Qazan xanın yağılara hücum çəkməsi, Qalın Oğuz bəylərinin onun yardımına çatması və birləşərək düşmənlərə qalib gəlmələrindən bəhs olunur.

 

Dədə Qorqud dastanları: Dəli Domrul boyu. 5-ci boy + CD. - Bakı : Hədəf nəşrləri, 2013. - 15 s. : rəngli il. - (İNCİ uşaq  ədəbiyyatı silsiləsi ; 5-10 yaş).

“Dəli Domrul boyu” Duxa Qoca oğlunun övladı Dəli Domrulun başına gələnlərdən bəhs edir. Əzrayıla meydan oxuyan Dəli Domrulun sözləri Tanrıya xoş gəlmir. Əzrayıla Dəli Domrulun gözünə görünüb canını almasını tapşırır. Əzrayıl Dəli Domrula yaxşıca bir dərs verir, yaşamı, ölümü ona başa salır və bundan sonra Tanrı onu bağışlayır.

 

 

 

Dədə Qorqud dastanları: Bəkil oğlu İmran boyu. 9-cu boy+CD. - Bakı, Hədəf nəşrləri. - 2013. - 15 s. : rəngli il. - (İNCİ uşaq ədəbiyyatı silsiləsi ; 5-10 yaş).

5-10 yaşlı uşaqlar üçün nəzərdə tutulan “Dədə Qorqud” dastanları dəsti 12 boyu əhatə edən 13 kitab və səsləndirilmiş elektron jurnallı CD- dən ibarətdir. “İnci” uşaq ədəbiyyatı silsiləsindən olan bu kitablar maraqlı, rəngarəng illüstrasiyalarla kiçik oxuculara təqdim olunur.“Bəkil oğlu İmran boyu”nda Oğuz igidi Bəkil oğlu İmranın kafirlərlə döyüşərək qalib qəlməsindən söhbət açılır.

 

Ərdoğan, F. Sehrli qlobus: 9 yaşından yuxarı uşaqlar üçün. Türk dilindən tərcümə. - Bakı : “TEAS Press” Nəşriyyat Evi. “Üç alma uşaq ədəbiyyatı”,  2016. - 184 s. : il.  - (Sehrli seriya)

Bu kitab ilk dəfə 2004-cü ildə Türkiyənin “Mavibulut Yayıncılık” nəşriyyatı tərəfindən nəşr olunub. Sizi bir saniyə ərzində istədiyiniz yerə apara bilən sehrli qlobus haqqlnda kitabda Ozanın macəraları ilə tanış olacaqsınız. Ozanın nənəsi Yeni Zelandiyada yaşayır, arabir gəlib qızını, kürəkənini və nəvəsini görürdü. Ozan həmişə Yeni Zelandiyaya getməyi arzulayırdı. Gözləmədiyi bir hadisə nəticəsində o, sehrli qlobusa qovuşur və...

 

 

Ərdoğan, F. Memonun həyat və yaradıcılığı. Belə də tapşırıq olar? : 10 yaşından yuxarı şagirdlər üçün əlavə dərs vəsaiti. Türk dilindən tərcümə. - Bakı : ”Teas Press” Nəşriyyat Evi. “Üç alma uşaq ədəbiyyatı”, 2016. - 192 s. : il.

Fatih Ərdoğanın bu kitabında özündənrazı, yaraşıqlı, superqəhrəman Memoya verilən gülməli tapşırıq, atasının  baş barmağının əzilməsi, dostu Kotletin evinə gələn qorxunc qonaq... Bu kimi maraqlı sərgüzəştlərin yer aldığı kitabın Azərbaycan dilinə tərcüməsi və nəşri hüququ TEAS Press Nəşriyyat Evinə məxsusdur.



179 Baxış sayı

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79