Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

Milli Matəm gününə həsr olunmuş “Dörd qərənfil” adlı anım gecəsi keçirildi.

19-01-2018 17:13

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının 1 saylı filialı 176 saylı məktəbin V-VIII-IX sinif şagirdləri ilə birgə 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş tədbir keçirmişdir. Milli Matəm gününə həsr olunmuş “Dörd qərənfil” başlığı altıda keçirilən anım gecəsində öncə  Vətənin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbir məktəbin akt zalında keçirilmiş, giriş sözü ilə məktəbin direktoru Məhəbbət xanım çıxış edərək 20 yanvar hadisələri ilə bağlı faktlar əsasında çox maraqlı məlumatları tədbir iştirakçılarına çatdırmışdır. Bildirmişdir ki, 20 yanvar faciəsi Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur. 1990-cı ilin 19-20 yanvar tarixlərində irticaya xidmət edən silahlı birləşmələrin qeyri-qanuni olaraq Bakıya yeridilməsi nəticəsində dinc əhaliyə qarşı görünməmiş vəhşiliklər törədilmiş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış, itkin düşmüşlər. Sonra Məhəbbət xanım tədbirə gələn qonaqları təqdim etmişdir. Tədbirdə əməkdar artist Elxan Quliyev, Xalq artisti Eldost Bayram, əməkdar artist Əlvida Cəfərov, əməkdar artist Əlibala Nur iştirak edirdi. Tədbirdə uşaqlar “İlhamın vidası”, “İlhamın ölümü”, “Şəhidlər”, “Ana fəryadı”, “Şəhidlərin son mənzilə yola salınması”, “Şəhid məzarlarının harayı” adlı səhnəciklər göstərmişdir. Məmməd Aslanın “Ağla, qərənfil, ağla”, Bəxtiyar Vahabzadənin “Şəhidlər” poeması qiraətçi məktəblilər tərəfindən yüksək səviyyədə ifa olunmuşdur. Tədbirin sonunda 20 Yanvar hadisələrinə həsr olunmuş “Qanlı yanvar” sənədli filmi nümayiş etdirilmiş, məktəbin foyesində kitabxana əməkdaşları tərəfindən təşkil olunmuş kitab, foto və rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilmişdir. 

Qeyd: Tədbirdə matəm gününə həsr olunmuş səhnələrin uşaqlar tərəfindən çox məharətlə göstərilməsində Azərbaycan Akademik Dram Teatrının artisti Ənvər Məmmədovun böyük köməyi olmuşdur. 



91 Baxış sayı

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79