14 mart 2012-ci ildə F.Köçərli adına Respublika Uşaq Kitabxanası Yasamal rayonu 53 saylı orta məktəblə birlikdə “Teatr-Problem-Tamaşa” mövzusunda Əli Əmirlinin “Mən səni sevirəm” tamaşasının müzakirəsini keçirdi. Tədbirdə müəllif, rejissor və teatr truppası iştirak edirdi. Məktəbin direktoru Firəngiz müəllimə tədbiri açaraq tamaşa haqqında məlumat verdi və qonaqları təqdim etdi. Qonaqlar-tamaşanın müəllifi, yazıçı-dramaturq Əli Əmirli, rejissor xalq artisti Cənnət Səlimova, aktrisa Leyli Vəliyeva, əməkdar artist Nübar Novruzova, Almaz Mustafayeva, Mehriban Hüseynova, Gülər Nəbiyeva, Roza İbadova, Asya Atakişiyeva və başqaları.
Əli Əmirlinin ölkə teatrlarında tamaşaya qoyulan pyeslərini müasir teatrın uğurları kimi dəyərləndirmək olar. Əli Əmirli şagirdlərin teatr, ədəbiyyat, sənət haqqındakı çoxsaylı suallarını cavablandırdı, yaradıcılığı haqqında ətraflı məlumat verdi. Müzakirə olunan əsər ilk dəfə 1990-cı ildə “Ərizə” adı ilə səhnələşdirilmiş, sonra isə bəzi dəyişikliklər edilərək “Mən səni sevirəm” adı ilə 2011-ci ildə yenidən Gənc Tamaşaçılar Teatrında səhnəyə qoyulmuşdur. Tamaşanın rejissoru Cənnət xanım, Sabah rolunun ifaçısı Leyli xanım, Zümrüd rolunun ifaçısı Almaz xanım da teatrla bağlı öz fikirlərini söylədilər.
Şagirdlər tamaşadan bir parçanı təqdim etdilər. Bu qonaqların çox xoşuna gəldi. 7-ci sinif şagirdi “Mənim ilk müəllimim” şeirini söylədi. Şagirdlər qonaqlara çoxlu suallar ünvanladılar (“Şair və yazıçılar əsər yazarkən öz həyatlarını qələmə alırlar. Siz də belə etmisinizmi?”, “Siz öz sinif rəhbərinizin adını xatırlayırsınızmı? ”, “Ən çox sevdiyiniz müəlliminizə bənzəməyə çalışmısınızmı?”, “Sevdiyiniz qızın anası rəqqasə olsaydı onunla evlənərdinizmi?” və s.)
Tədbirin sonunda kitabxananın şöbə müdürü Nazilə xanım qonaqlara , məktəbin şagird və müəllim kollektivinə öz minnətdarlığını bildirdi, kitabxananın nəşr etdiyi “Göy qurşağı” jurnalının son nüsxələrini hədiyyə etdi.

<Tədbirin şəkilləri

Bütün xəbərlər