Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

Firidun bəy Köçərli

16-11-2016 10:04

Firidun bəy Köçərli Azərbaycan ədəbiyyatının tarixi inkişaf yoluna dair qiymətli mənbə təşkil edən əsərlər yaratmış və çox cəhətli zəngin fəaliyyəti ilə ictimai-mədəni fikrin təşəkkülünə mühüm töhfələr vermişdir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

Firidun bəy Köçərli Azərbaycan mədəniyyəti tarixində böyük rol oynamış bir şəxsiyyətdir.  O, müasir filologiya elmimizin simasını, istiqamətini, gələcək inkişaf perspektivlərini, ədəbi meyar və prinsiplərini müəyyənləşdirən ədəbi şəxsiyyətdir. Azərbaycan ədəbiyyatı tarixinin yorulmaz və vətənpərvər tədqiqatçısı olan F.Köçərli ədəbiyyatşünas kimi araşdırmalarına folklor nümunələrini yazıya almaqla başlamış, el sənətini dərin vətəndaşlıq hissi ilə sevərək qədrini bilmiş, şifahi ədəbiyyatı itib-batmaqdan, unudulmaqdan qorumağı vacib saymışdır. XX əsrin əvvəllərində realist bədii nəsrdə, dramaturgiyada, satirik publisistikada Cəlil Məmmədquluzadə, şeir aləmində Mirzə Ələkbər Sabir, milli musiqinin inkişafında Üzeyir bəy Hacıbəyli hansı zirvədə dayanırsa, gördüyü mühüm işlər sahəsində ədəbiyyatşünaslıq elmində də Firidun bəy Köçərli həmin ucalıqda qərar tutur.   Ömrünün 40 ilini millətinin maariflənməsinə, mədəni tərəqqisinə həsr edən, çoxcəhətli yaradıcılığa malik olan Firidun bəy Köçərli ədəbiyyat tarixçisi, nəzəriyyəçisi, tənqidçisi, tərcüməçi, mətbuat və teatr qurucusu, pedaqoq, maarifçi, ən başlıcası isə milli duyğulara sahib bir fədai kimi adını tarixə qızıl hərflərlə yazmışdır. Məhz onun xidmətidir ki, xalqımızın bu gözəl folklor nümunələrini toplayaraq “Balalara hədiyyə”si ilə ərməğan etmişdir.Şifahi xalq ədəbiyyatının toplanması və nəşri elmi-nəzəri ümumiləşdirilməsi Firidun bəyin diqqətindən yayınmırdı. Elə bunun nəticə və səmərəsidir ki, onun hazırladığı "Balalara hədiyyə" folklor toplusu kiçik oxucuların bədii zövqünə uyğun gəlirdi. Filologiya elmləri doktoru, görkəmli Azərbaycan yazıçısı Mir Cəlal yazırdı: "Zəngin və əlvan xalq ədəbiyyatı inciləri barədə müəyyən elmi-nəzəri mülahizələr yürüdən Firidun bəy Köçərlinin topladığı bayatı, nağıl, tapmaca, atalar sözü və məsəllər, sayaçı sözləri ən zəngin xəzinədir. Firidun bəy Köçərli çox gözəl bilirdi ki, uşaqların və gənc nəslin tərbiyəsində folklorun müstəsna rolu var".  Bu səbəbdən də Firidun bəy Köçərli şifahi ədəbiyyat nümunələrini göz-bəbəyi kimi qoruyub saxlayan, nəsildən-nəslə, zamandan-zamana ötürən öz xalqını qonşu xalqlara nümunə göstərərək yazırdı: "Mənim millətim öz tarixini, dolanacağını, vətənini və dilini sevir, bu qism əsərləri kəmali-zövq və diqqətlə cəm edib qiymətli sərmayə kimi saxlayıb və balalarının ilk təlim və tərbiyəsini onları öyrənməklə başlayır".XIX əsrin əvvəllərindən başlayaraq Azərbaycanda maarif və mədəniyyətin inkişafı ilə əlaqədar olaraq bir çox ziyalılar – M.Ş.Vazeh, M.Mahmudbəyov, S.Ə.Şirvani, A.Şaiq, F.Köçərli və başqaları uşaq folkloru adı altında xüsusi nümunələr, o cümlədən xalq oyunları seçmiş, onların bəzilərini dərsliklərə daxil eləmiş və təbliğ etmişlər. Bu dərsliklərə ən yaxşı nümunə isə F.Köçərlinin 1912-ci ildə çap etdirdiyi “Balalara hədiyyə” kitabı olmuşdur. Bu kitaba bir çox uşaq folkloru nümunələri, o cümlədən xalq oyunları daxil edilmişdir.

 



331 Baxış sayı

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79