Abdulla Şaiqin çoxşaxəli fəaliyyətinin  böyük bir qismi Azərbaycanda maarifçiliyin  müxtəlif sahələri ilə bağlı olmuşdur. Ali və orta təhsil məktəbləri üçün  onlarla dərsliyin müəllifi olmuş Abdulla Şaiqin  uzun müddətli pedaqoji fəaliyyəti milli təhsilimizin yeni mərhələyə yüksəlişində mühüm rol oynamışdır

Heydər Əliyev,

Azərbaycan xalqının ümummilli lideri


   Bu qism sadə dildə yazılmış və mənası öz məişətimizdən götürülmüş əsərlər yenicə başlayır meydana gəlməyə və bu yolda Sizin xidmətinizin qədrü qiyməti yoxdur... Xırdaca uşaqlar üçün yazılan nağıl, hekayələr nə qədər asan və sadə olsa, nə qədər açıq dildə yazılsa və uşaqların fəhminə yaxın olsa, bir o qədər məzmunda olan mətləblər artıq dərəcədə hasilə gəlib, yaxşı meyvələr gətirər.

 

Firidun bəy Köçərli,

Görkəmli ədəbiyyatşünas alim,yazıçı


   Abdulla Şaiqin insanpərvərlik təbliğ edən məhşur şeirlərindən biri “Həpimiz bir günəşin zərrəsiyiz” sərlövhəli, bir qədər mahnı ruhunda, oynaq vəzn və müvəffəqiyyətli ifadə vastələri ilə yazılmış şeirdir. 1910-cu ildə yazılmış bu əsərdə insanlığa səmimi bir xitab vardır. Şaiqin fikrincə, bəşər əslən qardaş yaranmışdır. Insanlar hamısı bir günəşin şüasından əmələ gəlmiş, bir ananın, təbiətin qoynunda   böyümüşlər.

 

Mir Cəlal,

ədəbiyyatşünas alim,yazıçı

 

   Gərək Cavadın, Gərəksə Cavidin şeirlərində qullandıqları lisan İstanbulun təkamül etməkdə bulunan ədəbi və sadə lisanıdır. Bu iki şairlə bərabər, şimdi mərhum olan Abbas Səhhət ismini də zikir etməliyiz. Şocuqlara məxsus hekayələri ilə məşhur olan Abdulla Şaiqi də unutmayalım.

 

 Məhəmməd Əmin  Rəsulzadə

ictimai xadim


Doğma vətən torpağına, zəhmətkeş insanlara, Azərbaycanın zəngin təbiətinə sonsuz məhəbbət aşılayan Abdulla Şaiqin uşaq şeirləri qəlbimizdəki Şaiq guşəsinin heç vaxt  unudulmaz ən cazibədar xatirələrindən biridir. Zaman keçdikcə  bu guşə  təzə-təzə lirik şeir, hekayə, poema, povest, roman və pyeslərlə daha da zənginləşmiş,  qəlb sahiblərini də uca bəşəri ideallar, zərif insani hisslər və yüksək duyğularla zənginləşdirmişdir.

 Bəkir Nəbiyev,

AMEA-nın həqiqi üzvü


...Şaiq öz biliyi, insani rəftarı, tələbələrə göstərdiyi atalıq qayğısı ilə müəllimlər içərisində xüsusi yer tuturdu. Bu gün belə tələbəlik günlərinin sönməz bir xatirəsi olaraq Şaiqə dərin ehtiram hissləri yaşayır və yaşayacaqdır.

Yusif Məmmədəliyev

Akademik


Şaiq kimdir? İyirmi ildən bəridir ki, bütün Azərbaycan gəncliyi pək gözəl tanıyır. Əvət, hər kəscə: o çalışqan və tərcübəli bir müəllim, həssas, nazik bir şair, xüluq səmimi bir insandır. Fəqət məncə: O, bir heçdir ki, gözə çarpan bir çox ulduzlu varlıqlardan daha böyük, daha möhtərəmdir.

 

Hüseyn Cavid,

yazıçı-dramaturq

 


Səninlə məktublaşmağı mən özümə fəxr və səadət bilib də qəbr evinədək kağızımın arasını kəsməməyi sənə söz verirəm. Özümü yaddan çıxarsam da, səni unuda bilmərəm. Məndən kənarsan, amma yanımdasan, məndən uzaqsan, amma özümdəsən.

       Mən Şaiq müəllimin tələbəsi olub, onun tərbiyyəsilə böyümüşəm.  Mənim tərcümeyi-halımı ondan soruş.

 

Cəfər Cabbarlı,

yazıçı-dramaturq


Azərbaycanda Şaiq qədər çoxlu ədəbiyyat dərsliyi tərtib edən ikinci bir müəllif yoxdur.O, müxtəlif zamanlarda on bir ədəbiyyat dərsliyi tərtib etmişdir.Məktəblərimizdə ana dili və ədəbiyyat uzun müddət əsasən Şaiqin dərslikləri üzrə öyrənilmişdir.Bu dərslikləri ədib sadəcə olaraq tərtib etmirdi, onlarda gedən hekayələrin və şeirlərin çoxunu özü yazırdı.

 

Abbas Zamanov

ədəbiyyatşünas, alim


Abdulla Şaiq uşaqlar üçün müntəzəm bədii əsərlər yazan ilk qoca sənətkardır. Bir uşaq yazıçısı kimi Şaiq müəllimliyə borcludur. Onu bu şərəfli yola sövq edən balalarımızın ana dilində bədii əsərlərə böyük ehtiyac hiss etməsi olmuşdur. Abdulla Şaiq bütün bir seriya təşkil edən əsərləri ilə məktəb kitabxanası yaratmışdır. “Tıq-tıq xanım”, “Yaxşı arxa”, “Tülkü həccə gedir”, “Murad”, “Şələquyruq” və bir çox başqaları gənclərimizə ilk dəfə bədii ədəbiyyatı dərk etdirmiş, bədii dili sevdirmişdir.

 

Məmməd Arif

                        akademik


Abdulla Şaiqin üslubu vahid bir istiqamətdə inkişaf etmir; o həm realistdir, həm romantik; onun sənətkar xəyalı gah soyuq və dumanlı fəzalara dikilib qalır, gah da konkret tarixi şəraitlə, canlı real varlıqla bağlanır.

 

Əli Sultanlı,

ədəbiyyatşünas, alim


 Abdulla Şaiqi bir müəllim və bir tərbiyəçi kimi sevdirən səbəblərdən biri də məktəbli gənclərin yaradıcılıq meyllərinə qol-qanad vermək, onların bədii zövqünü və istedadının inkişafına kömək etmək üçün böyük səy göstərməsi idi. Təkcə sinifdə dərs və tərbiyə vermək onu qane etmirdi.Zəkalı və istedadlı uşaqları bir-bir tapıb, onlara göz olmaq, daim qayğı ilə əhatə etmək, yazıçılıq həvəsində olanlara, səhnə eşqilə yaşayanlara,  musiqiyə meyl edənlərə ağıllı məsləhətlər vermək müəllim Şaiq üçün dünyada ən xoş məşğələ idi.

 

Əziz Mirəhmədov,

ədəbiyyatşünas, alim


Sadəlik, təvazökarlıq Şaiqdə daimi nəzərə çarpan səciyyəvi xüsusiyyətlərdən biri idi... yüksək sadəlik onun təbiəti kimi görünürdü və ya sadəlik, təvazökarlıq onda ikinci təbiət olmuşdu. Görüşlərdə “Böyük xalq müəllimi və şair Abdulla Şaiq” haqqında çox tərif eşidəndə özünü yaxşı hiss etmirdi.

 

Məmməd Cəfər,

akademik


Yeni ədəbiyyatın təməl daşını qoyanlardan  biri Abdulla Şaiqdir.

Abdulla Şaiq...daxili bir atəş və ilhamla bütün sinfi ələ alırdı.Dərs saatının tez qurtarmağı bizim hamımızda təəssüf hissi oyadırdı. O, hər bir mövzudan bəhs edərkən, az qala bizə sinifdə olduğunu unutdurur, özünün inam və etiqadını bizə də aşılamağı bacarırdı.

 

Seyid Hüseyn,

yazıçı

 


İyirmi il ərzində yorulmadan müəllimlik vəzifəsini ifa edən Abdulla Şaiq ustadımız Azərbaycan hökumətinə bir cox mədəni qüvvələr verməyə müvəffəq olmuşdur.

 

Tağı Şahbazi(Simurğ),

yazıçı


...Abdulla Şaiq Azərbaycanda uşaq ədəbiyyatının əsasını qoymuşdur.  O, uşaq əsərləri ilə yeni nəsillərə dil açmağı, göz açmağı, həyatı, insanları tanımağı, sevməyi öyrədirdi...

                                                   

Mikayıl Rzaquluzadə,

nasir-şair

 


Əziz Abdulla Şaiq, anadan olmanızın  75 illiyi  münasibətilə Sizi ürəkdən təbrik edir və Azərbaycanın  ən hörmətli qocaman yazıçısına möhkəm can sağlığı və yaradıcılıq nailiyyətləri arzulayırıq.

 

Surkov, Leonov, Simonov, Smirnov, Tixonov, Fadeev və Fedinin SSRİ Yazıçıları İttifaqı idarə heyəti adından

 


Abdulla Şaiqdən tək bir yazıçı, pedaqoq, maarif xadimi, yalnız tənqidçi, ədəbiyyatşünas və dilşünas kimi, yaxud dərsliklər müəllifi, yüksək əxlaqi-mənəvi keyfiyyətlərə malik vətəndaş və şəxsiyyət kimi ayrı-ayrılıqda danışmaq onun haqqında tam təsəvvür oyada bilməz, buna ancaq ədibin çoxşaxəli fəaliyyətini tam halda əhatə etmək və mənalaşdırmaqla nail olmaq olar.

 

Kamal Talıbzadə

akademik


 Ey azəri şairi, sən çox çalışdın,

 Kəndi şeirin ilə haqqa alışdın.

 Cəhd adilə daim hərbə qalxışdın,

 Yazıq Şaiqləri olmayanlar

 

Məmməd Səid Ordubadi

xalq yazıçısı

 


Şaiqdə nadir bir müəllimlik xüsusuiyyəti vardı. O, hər tələbənin qəlbinə nüfuz etməyi bacarırdı. O, öz tələbələrinin hansı ailədə nə kimi şəraitdə yaşadıqlarını yaxından öyrənir və hər tələbəyə onun xasiyyətinə görə yanaşmağı bacarırdı. O , həm də çox tələbkar bir müəllim idi... Demək olar ki, ədəbiyyatı bizə çox sevdirənlərdən, ədəbi zövqümüzü tərbiyyə edənlərdən biri sevimli ədibimiz Abdulla Şaiq olmuşdu.

 

Süleyman Rüstəm,

 xalq şairi 


Abdulla Şaiq yazıçı, maarif xadimi və insan olaraq bizim ədəbiyyat tarixində nadir şəxsiyyətlərdən biridir. Onun adı indi də işıq saçır, indi də böyük hörmətlə yad edilir. Uşaqlarımız onun əsərlərini indi də maraqla oxuyub fərəhli xəyallara dalırlar.

        

İlyas Əfəndiyev,

 xalq yazıçısı 


   Abdulla Şaiqin yaradıcılığı xalqımızın həyatının yarıməsirlik bir dövrünün ədəbi salnaməsidir.Abdulla Şaiqin əsərləri Azərbaycan klassik ədəbiyyatı və xalq yaradıcılığının ən yaxşı ənənələri əsasında yaranmışdır.

Mirzə İbrahimov,

akademik


XX əsr Azərbaycan mədəniyyəti tarixində görkəmli yer tutan  Abdulla Şaiq Talıbzadə xalq müəllimi, şair, nasir, dramaturq kimi şöhrət qazanmışdır.

Qara Namazov,

professor


Abdulla Şaiq inqilabdan əvvəlki uşaq ədəbiyyatının görkəmli nümayəndəsi və sovet uşaq ədəbiyyatının əsasını qoyanlardandır.

 

Zahid Xəlil

professor


Abdulla Şaiq kimi böyük bir simanın teatrımıza gəlməsini xüsusi qeyd etməliyik. Bu qocaman yazıcımız və müəllimimizin Gənc Tamaşaçılar teatrına gəlməsi, nəyinki teatrın repertuarında böyük dönüş yaratdı hətta istedadlı bəstəkar və rəssamların teatrımıza cəlb edilməsi işinə səbəb oldu.

 

Kazım Ziya

SSR Xalq Artisti


Abdulla Şaiq böyük yazıçı olmaqla bərabər, təvazökar ,alicənab,səmimi bir insan, qayğıkeş və tələbkar bir müəllim idi. O adamı hec zaman kollektiv qarşısında utandırmazdı. Əgər kollektivdən və ya tamaşaçılardan bir nəfər pis hərəkət etmiş olsaydı A.Şaiq dolayı yollarla özünə məxsus sakit, mülayim bir tərzdə onu başa salar və düzgün yol  göstərərdi.

 

Zəfər Neymətov,

əməkdar incəsənət xadimi

 


Əgər Şaiq olmasaydı, “Milli qiraətimiz” yox idi. “Müntəxabat” nəşr olunmamışdı, “Ədəbiyyat” dərsliyindən məhrum idik. Türk çələngini görməmiş, Türk ədəbiyyatını eşitməmişdik. Əgər bu kitablar olmasaydı, məktəblərimiz yoxsul ,müəllimlərimiz yalavac qalmışdı. Sözün qısası: onun varlığındakı əhəmiyyəti layiqiylə idrak edə bilmək üçün bircə dəqiqəlik yoxluğunu düşünməli!

 

Qafur Əfəndizadə,

ədəbiyyatşünas, alim


Azərbaycanda olan bu intibah dövrünün ən böyük qəhramanı sayılan Abdulla Şaiqin namı dünya durduqca tarixi-ədəbiyyatımızda baqi olacaq.

 

Şəfiqə Əfəndizadə,

ədəbiyyatşünas, alim


Şaiq -əvvəla ruhundakı inciklik  və heysiyyat etibarı ilə ən yüksək bir insandır.. Şaiq cəmiyyətimizin yetişdirdiyi əxlaqi bəndlər üzərində bir şəhiqədir ki, çıxılması ancaq Şaiq kimi ictimai iradə və fəaliyyətə malik adamlara mübaliğəyə gəlməzsə, dahilərə məxsusdur        

                  

Atababa Musaxanlı,

ədəbiyyatşünas -tənqidçi


Mərhum Şaiq bizim hamımızı özünün kölgəsində saxlayan qocaman bir dağ  idi. Mehriban, səmimi və ürəyi məhz yumşaqlıqla dolu həqiqi ata və müəllim idi. Əvəz edilməz dost və yoldaş ömrünün son dəqiqələrinə qədər xalqına xidmətdən əl götürmədi. Unudulmaz bir insan, müəllim və şair Şaiqin heykəli daima gözümüz qarşısındadır...Xalqımızın ona olan məhəbbəti böyük rəhmətdir.

 

Camo Cəbrayılbəyli,

ictimai xadim


Cəfər Cabbarlı, Hüseyn Cavid, Seyid Hüseyn, Abdulla Şaiq, M.Müşfiq kimi yoldaşların hal-hazırda öz məharətli qələmləri ilə sosializm quruluşuna xidmətə çalışmaları axırıncı ildən ən görkəmli müvəffəqiyyətlərdən sayılmalıdır....

 

Əlisəttar İbrahimov,

yazıçı


Abdulla Şaiq, demək olar ki, ədəbi fəaliyyətə başladığı gündən son illərədək şeir yazmışdır. Lakin o, öz istedadını daha parlaq şəkildə nəsr, dramaturgiya janrında, uşaqlar və gənclər üçün müxtəlif əsərlər yazmaq sahəsində göstərdiyi üçün diqqətini də, gücünü də daha çox bu işə vermiş, fərəhli nəticələr əldə etmişdir.

 

Yaqub İsmayılov,

ədəbiyyatşünas, alim


Şaiq müəllim özü pak ,təmiz, vicdanlı, sadə, sərvətdən , şöhrətdən yuxarıda duran, ürəyi xalq məhəbbəti ilə dolu insan,  müəllim, yazıçı idi.

 

Yaqut Dilbazi,

ədəbiyyatşünas


Firudin Köçərli ilə başlayan çocuqlara məxsus ədəbiyyat, ağır tempo ilə iləriləməsinə rəğmən Abdulla Şaiqdə ən iyi bir hamisini bulmuşdur.

 

 Əhməd Cəfəroğlu

ədəbiyyatşünas


Şaiq məfkurə baxımından təmamən milliyətçi, türkçü, hətta turançı bir münəvvərdi. Sovet hökumətinin ilk sənələrində qələmə alınmış bulunduğu mütəəddid dərs kitablarından belə bu türkçülüyü və turançılığı gözə çarpmaqdadır.

 

Əbdülvəhab Yurdsevər

türk yazıçısı


Biz bütün müəllimlər ruhən Şaiqə bənzəyə bilsək, nə mutlu!

 

Xəlil Fikrət,

türk yazıçısı və pedaqoqu


  Nə diyorlar, bəşərlə firdovsə

  Dönəcəkmiş, deyilmi dünyamız?!

  Biri: İnsan mələk olurmu desə

  Bən derim: Bir misalı var bakınız,

  Bu təbii şüari- munisinə,

  Bəncə: Şaiq nümunədir mələkə!...

 

 İsmayıl Hikmət

 türk alimi


Шаиг-яркий, самобытный писатель, внесший в развитие азербайджанской педагогики, литературы болшой вклад. Его чудесные сказки, басни, замечательные рассказы составляют золотой фонд классической азербайджанской детской литературы. В них- глубокое знание  писателем возрастных особенностей детей, любовь к детьям, умение развить в детях высокие  нравственные качества.

 

Касимова Н.Ф.


<< Geri